Məhkəmə qərarları › İş №2(074)-120/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-120/2022

06.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-120/2022 06.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı və cavabdeh Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin sədri X1 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinə qarşı “bir aylıq əmək haqqının və istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 300 manat məbləğində bir aylıq əmək haqqının və 2015- 2019-cu illərin istifadə olunmamış məzuniyyətlərə görə 1775 manat kompensasiyanın Dəmirçi bələdiyyəsindən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin sədri işləmişdir. 2019-cu ildə seçkilər zamanı bələdiyyə üzvü seçilə bilməyib. Hal hazırda bələdiyyənin sədri Ariz Şükürovdur. Onunla qərəzli münasibətdə olduğundan 2020-ci ilin yanvar ayında bir aylıq əmək haqqısın və 5 ilin istifadə olunmamış məzuniyyətlərə görə kompensasiyasını ona vermək istəmir. İşlədiyi vaxtlarda əmək haqqı 300 manat müəyyən olunmuşdur. İstifadə olunmamış məzuniyyətlərə görə də Nazirlər Kabinetinin 1990-cı il tarixli 137 saylı qərarına əsasən hər ilin məzuniyyət haqqı 355 manat miqdarında ona kompensasiya ödənilməlidir. 5 ilin məzuniyyət pulu 1775 manat pul o işdən azad olunan zaman son haqq hesab kimi ona dərhal ödənilməli idi. Bələdiyyə ilə razılaşma əldə etmək üçün ilkin olaraq mediasiya şurasına müraciət etmiş, amma orada aralarında razılıq əldə olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2015-ci ildən 2020-ci ilin yanvar ayının 15-nə kimi Dəmirçi Bələdiyyəsinin sədri vəzifəsində işləmiş 2019-cu ildə keçirilən seçkilərdə bələdiyyə üzvü seçilməmişdir. Bələdiyyə sədri işləyərkən məzuniyyətlərindən istifadə etməmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin sədri X2 iddiaya etiraz edərək izahatında bildirdi ki, İddiaçı daha əvvəl də əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və onun həmin iddiası təmin edilmişdir. Bundan başqa iddiaçı 15 yanvar 2020-ci il tarixdə bələdiyyə sədri vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən iddia müddəti bitmişdir. Cavabdeh yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş edir. İş materiallarında 08.06.2020-ci il tarixli 2(074)-362/2020 saylı Şamaxı rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, 6333,54 manat ödənilməmiş əmək haqqının cavabdeh Şamaxı rayonu Dəmirçi Bələdiyyəsindən alınaraq İddiaçı (Kapitalbankdakı hesabına köçürülsün) verilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinin 15 yanvar 2020-ci il tarixli 01 nömrəli iclas protoklunun surətindən görünür ki, 2019-cu ilin dekabr ayının 23-də keçirilmiş Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinə seçilmiş 7 nəfər bələdiyyə üzvünün səlahiyyətləri tanınmış və X2 bələdiyyə sədri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 11 saylı Regional Ərazi Filialının 07.12.2021-ci il tarixli arayışından görünür ki, 01.01.2015-ci il tarixdən 01.01.2019-cu il tarixədək Dəmirçi kənd Bələdiyyəsinin Dövlət Sosial X3 rayon şöbəsinə təqdim etmiş olduğu hesabatlarına əsasən həmin dövrlərdə Şamaxı rayon Dəmirçi kənd Bələdiyyəsinin sədri işləmiş İddiaçı əmək məzuniyyətindən istifadə etməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə prosses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilən cavabdehin məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, cavabdeh iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən bələdiyyə qulluqçularının iş vaxtı, məzuniyyəti, pensiyaların və başqa müavinətlərin təyin edilməsi və verilməsi qaydası və digər sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin materiallarından görünür ki, iddiaçı 2019-cu ildə keçirilən seçkilərdə bələdiyyə üzvü seçilməmişdir. Bundan sonra o, ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və onun iddiası Şamaxı Rayon Məhkəməsinin 08.06.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, hətta iddiaçı öz hüquqlarının pozulduğunu qətnamə çıxan vaxtdan bilməli olması nəzərə alındıqda belə iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçının mövcud iddia ərizəsi 05.11.2021-ci il tarixdə məhkəməyə verilmişdir. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Şamaxı rayonu Dəmirçi Bələdiyyəsinə qarşı “bir aylıq əmək haqqının və istifadə olunmamış məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar