Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1222/2024 04.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (Maraqlı şəxs) “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi2 01 dekabr 2012-ci il tarixdə Oktay adlı uşağı tibb müəssisəsindən kənarda doğması faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Ərizəçi2 və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi məhkəməyə gəlməmiş, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə digər Ərizəçi2 və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (Maraqlı şəxs) “doğum faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 30 oktyabr 2024-cü il tarixli, 18-1-72/2-1696/2024 saylı məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Ərizəçi2 xx.xx.2012-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində ev şəraitində bir oğlan uşağı dünyaya gətirmiş və Quşçu kənd həkim məntəqəsinə aid olan qeydiyyat dəftərində uşağın doğum tarixi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.5-ci və 2.5.4-cü bəndlərinə əsasən doğumun qeydə alınması üçün uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Məhkəmə qeyd edir ki, həkim məntəqəsinə aid olan qeydiyyat dəftərində uşağın doğulması ilə əlaqədar məlumatlar qeyd olunduğundan hazırki ərizə üzrə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda uşaq tibb müəssisəsindən kənarda doğulduqda və bu barədə həkimin verdiyi sənəd olduqda doğumun hansı qaydada qeydə alınması müəyyən edildiyindən hazırki ərizəyə məhkəmədə baxılmalı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi uşağın doğumuna dair məlumatlar olan həkimin verdiyi sənədləri qeydiyyat şöbəsinə təqdim etməli, doğum haqqında şəhadətnamənin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan orqana qarşı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilidyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da Ərizəçi1 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, Ərizəçi1 tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 22345, əməliyyat İD 5********) olan 100 manat dövlət rüsumu Ərizəçi1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (Maraqlı şəxs) “doğum faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçi1 tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi 22345, əməliyyat İD 5********) olan 100 manat dövlət rüsumu Ərizəçi1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1222/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1222/2024
04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver