Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-125/2022 17.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlisa oğlu və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz zəbt olunmuş, Şamaxı rayonu Göylər kəndində yerləşən ona məxsus torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş evin, yardımçı tikililərin onun öz hesabına sökülməsi və ona məxsus torpaq sahəsindən çıxarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şamaxı rayonu Göylər kəndində 0.16 ha həyətyanı torpaq sahəsi var. O, Rusiya Federasiyasında yaşayır. Torpaq sahəsində ev tikmək məqsədilə Göylər kəndinə gəmiş. Amma cavabdehin ona məxsus torpaq sahəsini zəbt edərək orada özü üçün ev və əlavə tikililər tikdiyini görmüşdür. Əvvəl ona təklif etmiş ki, tikmisən yarısından istifadə etsin yarısını boşaltsın, çünki o özü də ev tikmək istəyir. Amma qardaşı razı olmamış, bütün həyətin ona aid olduğunu bildirdi. Bundan sonra ona aydın olmuşdu ki, belə insana hər hansı güzəşt olunmasına dəyməz. Belə olan halda tələb edib ki, evini və digər tikililərini söküb, onun torpağından çıxsın. Lakin cavabdeh imtina etmişdir. Ümumiyyətlə, onu heç həyətinə yaxın buraxmamışdır. Odur ki, qərara almış ki, məhkəməyə müraciət etsin, məhkəmə qaydasında evi, tikililəri sökdürsün, torpaq sahəni boşaltdırsın. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Əlisa oğl iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən heç bir tikili inşa edilməmiş, bütün tikililər caavbdeh tərəfindən inşa edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, torpaq ona məxsusdur və onun istifadəsindədir. Onun həmin torpağa dair plan və ölçü sənədi var. Əgər torpaq ona məxsus olmasaydı Dövlət orqanı ona belə sənədi verməzdi. O, orada tikililər tikmiş və onlardan istifadə edir. Buna görədə iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 1530.78 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X4 kitabında 15.03.2010-cu il tarixdə 1328 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 1530.78 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. X4 kitabında 15.03.2010-cu il tarixdə 1328 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 13 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayonu. Göylər kəndi ərazisindən X4ı kitabında 15.03.2010-cu il tarixli 1328 nömrə ilə uçota alınmış (A225035) həyətyanı torpaq sahəsi kadastr kitabında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin məktubundan görünür ki, Cavabdeh adına Şamaxı rayonunun Göylər kəndində JN-1508 nömrəli dövlət aktına əsasən 1.62 ha ümumbirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin oövlət aktının verilməsinə əsas olmuş sənədlər DƏDRX-in 14 Salı Şamaxı ərazi idarəsinin arxivində saxlanılmır. İş materiallarında olan JN-1508 KOD 41006018 saylı torpağın mülkiyyət hüququna dair dövlət atının surətindən görünür ki, Şamaxı rayonu, Göylər kənd sakini Cavabdeh, X3 və X1 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 saylı qərarı ilə 1.62 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh qanunsuz zəbt etdiyi 1530.78 kv.metr iddiaçının mülkiyyətində olan torpaq sahəsi boşaldılmalı həmin sahələrdə özbaşına tikilmiş ev, yardımçı tikililər cavabdehin hesabına sökülməli həmin torpaq sahəsi iddiaçının əməli istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh qanunsuz zəbt etdiyi Şamaxı rayonu, Göylər kəndində yerləşən 1530,78 kv.metr iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş ev və yardımçı tikililər cavabdehin hesabına sökülsün və həmin torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-125/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-125/2022
17.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver