Məhkəmə qərarları › İş №2(074)-127/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-127/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-127/2022 01.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat pulun və iddia üçün ödədiyi 40 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehi uzun illərdir ki, tanıyır. Cvaabdehin həyat yoldaşı X2 qohumdur. Əvvəllər münasibətləri çox yaxşı olmuş, son vaxtlar münasibətləri pislənmişdir. 2021-ci ilin yanvar ayında Aqil Əmralıyev qarpız əkmək üçün həmin ilin avqust ayına kimi borcunu qaytarmaq şərti ilə ondan 3000 manat borc pul istəmişdir. O, Aqilə istədiyi 3000 manatı vermiş, sonra o, da qarpız əkmək qərarına gəlmiş, buna görə də Aqildən xahiş etmişdir ki, onlar üçün də torpaq tapsın. Aqil onlar üçün də torpaq sahəsi tapmış, o, da yoldaşı ilə qarpız əkmək üçün Salyan rayonuna getmişdir. Lakin yerləri yaxşı olmadığından məhsulları zəif olmuşdur. Ümumi məhsulun zəif olmasını bəhanə edərək Aqil onun pulunu dediyi vaxtda qaytarmamışdır. O, Salyan polis şöbəsinə müraciət etmiş, lakin orada pulunu ala bilməmişdir. Sonra Aqilə dəfələrlə zəng edib pulunu istəmiş. o Salyan Polis şöbəsinə şikayət etdiyinə görə pulunu verməyəcəyini bildirmişdir. O, pulunu almaq üçün cavabdehin evinə getmiş, o, isə qəsdən hay-küy salıb ondan Şamaxı rayon polis şöbəsinə şikayət etmişdir. Orada o, borcunun 2500 manatını etiraf etmiş, lakin yalandan izahat vermişdir ki, guya onun pulunu qaytarıb. Polisdə son olaraq ona məhkəməyə müraciət olunmalı olduğunu deyiblər. Polisdə iş qurtarandan sonra,oktyabr ayının əvvəlində Aqil ona gəlib pulunu aparmasını bildirmiş, yoldaşı Validə, qızı Şəbinə və baçısı Şəfiqə ilə birlikdə onlara getmiş, Aqilin arvadı Fəxriyyə borclarının 1000 manatını qaytarmış, qalan 2000 manatını isə gələn il qarpız mövsümündə qaytaracağını demişdir. O, borcunun tam qaytarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, cavabdeh borcunu verecəyinə dair vəd vermiş, lakin hələ də borcunu qaytarmamışdır. Aqilə ümumilikdə 3000 manat pul vermişlər və ondan cəmi 1000 manatı cavabdeh tərəfindən qaytarılmışdır. Aqilin sonradan onun həyətinə gələrkən onu videoya çəkməsindən xəbəri olmamışdır. Aqilin məqsədi borcunu qaytardığı təəssüratı yaratmaq olmuş, lakin o, həmin vaxtda Aqildən pulunun qaytarılmasını tələb etmişdir. Əgər Aqil onun pulunu qaytarmışdırsa o, onların evinə gedəndə borcunu qaytaracağına söz verməzdi. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, iddiaçıdan ümumilikdə 2000 manat borc almış və üzərində 500 manat faiz olmaqla borcunu tam qaytarmışdır. Bunu məhkəməyə təqdim etdiyi video görüntü də sübut edir. İddiaçının evində olarkən video çəkməsindən iddiaçının xəbəri olmamış, fikirləşmişdir ki, borcunu qaytarmasını yalnız bu yolla sübut edə bilər. Şamaxı RPŞ-də araşdırılma aparılarkən Rahimdən ümumilikdə 2500 manat, hazırda isə 2000 manat borc almasına dair dedikləri arasında olan ziddiyyətləri hazırda izah edə bilmir. Buna görə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan, Şamaxı şəhəri, V.Məmmədov küçəsi ev 54-də yaşayan X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma üzrə izahatı alınmış X4 izahatında göstərmişdir ki, 2019-cu il tarixdə İddiaçı borc kimi 2000 manat, 2021-ci ilin yanvar ayında isə 500 manat borc pul almışdır. 2000 manat pulu alarkən Rahimə aldığı məbləğin qarşılığında əlavə pulda verəcəyini demiş, lakin nə qədər əlavə pul verəcəyini deməmişdir. Rahimdən aldığı 2000 manat borc pulu 2021-ci ilin təxminən avqust ayında üzərində əlavə 500 manat olmaqla, 2500 manat pulu Rahimə qaytarmışdır. Rahimdən aldığı 500 manat pulu isə 2021-ci ilin yanvar ayında Salyan rayonunda qarpız əkmək üçün pulu olmadığı üçün borc almış, lakin həmin vaxt Rahimə 500 manat pulu üzərində hər hansı məbləğ verəcəyini deməmiş, sadəcə borc kimi verdiyini demişdir. Rahimdən aldığı 500 manat borcun əvəzində sonuncu üçün 260 manat gübrə almış, həmin vaxt Rahimə aldığı 500 manatdan gübrəyə verdiyi 260 manat pulu çıxacağını, 240 manat borcunun olduğunu demişdir. Həmin vaxt Rahim onunla razılaşmışdır. 2021-ci ilin avqust ayında Salyan rayonunda qarpız sahəsində olanda Rahimlə Validə olduqları yerə gedərək mübahisələr edib, aldığı 2000 manat pulun qarşılığında verdiyi 500 manat puldan əlavə yenidən 500 manat verməsini və 2021-ci ilin yanvar ayında aldığı 500 manat pulu tam geri qaytarmasını tələb etmiş, 260 manat gübrəyə verdiyi pulu saymadığını demişdir. İş materiallarında olan X3 ərizəsindən göürünür ki, o, Rahimdən 2000 manat pul aldığını, 2019-2020-ci ildə borcunu 2500 manat faizi ilə qaytardığını qeyd etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş “DVD-R” diskdə olan “**********263” adı ilə qeyd edilmiş video görüntüdən müəyyən olunur ki, cavabdeh və ailəsi iddiaçının ailəsinin yaşadığı həyətə gedərək cavabdeh dəfələrlə iddiaçıdan aldığı pulu qaytardığını bildirir, lakin iddiaçı tərəf pulunun verilməsini istəyir və cavabdehə pulu qaytarmışdırsa niyə pulunu Şamaxıda qaytaracağını dediyini soruşduqda cavabdeh onların üstünə hücüm etdiyi üçün belə dediyini bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Məhkəmə iclasında iddiçının nümayəndəsi və cavabdehin izahatlarından eyni zamanda təqdim edilmiş video yazılardan görünür ki, həmin yazı gizli yolla qeydə alınmışdır. Buna görə də məhkəmə həmin video yazıları sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı cavabdehə 3000 (üç min) manat pul veridiyini bildirsədə buna dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh iddiaçıdan borc aldığını etiraf edərək məhkəmə iclasında 2000 (iki min) manat, Şamaxı RPŞ-də aparılan araşdırma zamanı isə 2500 (iki min beş yüz) manat borc aldığını etiraf etmiş həmin borcunu tam qaytardığını bildirsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə iddiaçı iddia ərizəsində verilmiş borcun 1000 manatının cavabdeh tərəfindən qaytarıldığını qeyd etmişdir. Belə olan vəziyyətdə məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd edir ki, cavabdeh 2500 manat pulun ona verilməsini etiraf etdiyindən və iddiaçı həmin borcdan 1000 manat qaytarıldığını bildirdiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçıdan aldığını bildirdiyi və qaytarmasına dair heç bir sübut təqdim edə bilmədiyi 1500 manat pul məbləğini iddiaçıya qaytarmalıdır. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat pul və dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar