Məhkəmə qərarları › İş №2(074)-131/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-131/2024

22.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-131/2024 22.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin MH Seriyalı, ******* nömrəli Çıxarışa əsasən, tam mülkiyyətində olan Şamaxı rayonu, Cabanı kəndində 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 31,1 kv.m yaşayış, 8,3 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə, həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmıdşır ki, Şamaxı rayonu, İİ Cabanı kəndində mülkiyyətində evi var. Üç uşağı öz ailələri ilə birlikdə həmin evdə yaşayırlar. Həyat yoldaşı bir neçə ildir ki, vəfat edibdir. Bir qadınla qeyri-rəsmi olaraq ailə həyatı qurmuş və 3 ilə yaxındr ki, onunla yaşayır. Həmin qadınla ailə həyatı qurduqdan sonra, evdə yaşayan uşaqları ilə onun münasibətləri pozulmuşdur. Aralarında tez-tez söz-söhbət olurdur. Münasibətləri o dərəcədə korlandı ki, cavabdehlər onu və həyat yoldaşını evdən çıxarmışlar. Bu hadisə 2021-ci il tarixdə də təkrarlanmışdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1145/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında onun mülkiyyətində olan evə köçürülməsi barədə qətnamə qəbul olunmuşdur. Lakin, həmin qətnamənin də, bir faydası olmadı, cavabdehlər mülkiyyətində olan evdən onu çıxartdılar. İndi yaşamağa yeri yoxdur, həm xəstə, həm də pensiyaçıdır, kirayə pulu verməyə imkanı yoxdur, evinə köçmək istəyir. Oğlu Famil və arvadı Şəfəq onu öz evinə buraxmırlar, ona öz mülkiyyətindən sərbəst şəkildə istifadə etməyə imkan vermirlər. Cavabdehlər, fərdi yaşayış evinin onun mülkiyyətində olmasına və dəfələrlə evi tərk etmələrinə dair tələblərinə əhəmiyyət vermirlər. Belə ki, cavabdehlərin onun evində yaşamaqda davam etmələri onun mülkiyyətində olan evindən sərbəst, maneəsiz istifadə edə bilməyinə maneçilik törədir. Əmlakının üzərində sərəncam vermək hüququndan faktiki olaraq məhrum olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək göstərdi ki, iddiaçı onun atasıdır. O, 1987-ci ildə sözügedən Şamaxı rayonu, Cabanı kəndində yerləşən fərdi yaşayış evində anadan olmuş, daima həmin evdə yaşamış və 2013-cü ildə Cavabdeh2 ilə ailə həyatı quraraq, birlikdə orada yaşamışdırlar. Hazırda da, onlar azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. Anası vəfat etdikdən sonra, atası İddiaçı başqa qadınla ailə qurmuşdur. Atası həmin qadının sözü ilə onları evdən çıxarmaq istəyir. O, atasının onlarla birlikdə yaşamasına etiraz etmir. Onun yaşayış üçün başqa yeri yoxdur. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə qeyd olunan cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH Seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayonu, Cabanı kəndində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 31,1 kv.m. yaşayış, 8,3 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyat alınmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 1145/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Şamaxı rayonu, 2-ci Cabanı kəndində yerləşən mülkiyyətində olan yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının İkinci Cabanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-75-31/2-12/2024 saylı arayışında göstərilir ki, Şamaxı rayonu, İkinci Cabanı kəndində yerləşən İddiaçı məxsus bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evində faktiki Cavabdeh1 və ailə üzvləri arvadı Cavabdeh2 və uşaqları - X6, X7, X3, X8 yaşayırlar. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 iddiaçının oğlu və Cavabdeh2 iddiaçının gəlinidir. Onlar Şamaxı rayonu, İkinci Cabanı kəndində yerləşən İddiaçı məxsus bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evində yaşayırlar. Cavabdehlər iddiaçının ailə üzvləridir, onların başqa yaşayış yerləri yoxdur və onların mübahisəli əmlakdan istifadə hüququ yaranmışdır. Məhkəmə tərəflər arasında münasibətlərin 2000-ci ildən əvvəl yarandığını nəzərə alaraq hesab edir ki, hazırki mübahisə tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hisəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir, həddi-buluğa catmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara yuxarıda göstərilən qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdehlərdən Cavabdeh1 1987-ci ildə mübahisəli evdə anadan olaraq, heç bir qeyd şərt göstərilmədən orada yaşayanlarla birgə təsərrüfat aparmaqla, ailə üzvü kimi yaşadığından, həmin evdən istifadə etmək hüququ əldə etmişdir. Eyni zamanda, Cavabdeh2 da ailə üzvü olaraq heç bir qeyd şərt göstərilmədən orada yaşayanlarla birgə təsərrüfat aparmaqla, ailə üzvü kimi yaşadığından, həmin evdən istifadə etmək hüququ əldə etmişdir. Bununla da, cavabdehlərin iradəsinin ziddinə yaşadıqları evdən istifadə etməsinə məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Odur ki, iddiaçı mülkiyyətində olan əmlakdan cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə, evdən çıxarılması tələbində haqlı deyildir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusu nəzərə alınmaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, idda tələbi əsassız olduğundan, təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar