Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1313/2021 28.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evin qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Şamaxı şəhəri N.Nəcəfov küçəsi ev 9 ünvanında yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan evdən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin qeydiyyatından çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun əmisi və əmisi uşaqlarıdır. Hazırkı ev ata baba evləridir və hazırda onun mülkiyyətindədir. Hazırki evdə əmisi uşaq vaxtlarında yaşayıb. Sonra hərbi xidmətə gedib, qayıdandan sonra polisdə işə düzəlib, bir müddət orada işləyib, sonra ərizə verib işdən çıxıb. Evlənib, atası öz adına olan evini ona verib ki, orada yaşasınlar. Bir qədər sonra atasına evi satdırıb pulunu götürmüşdür. 1996-cı ailəsi ilə birlikdə Rusiyaya getmiş, 2003-cü ildə geri qayıdıraq Bakı şəhərində kirayə ev tutub orada yaşamışlar. Həmin vaxtdan onlar Bakı şəhərindədirlər. İki yerdə “Montin”də və “Mərkəzi Univermağ”ın yaxınlığında evi olub, hər ikisini satıb, indi kirayədə qalır. Sadəcə olaraq ataları burada qeydiyyatda olduğundan uşaqlarını da bu evin qeydiyyatına almışlar. Uşaqlar ümumiyyətlə, onun evində yaşamamışlar. Bunu təsdiq edəcək şahidləri də var. Hazırda o istəyir ki, əmisi və əmisi uşaqlarının onun evindən istifadə hüquqlarına xitam verilsin və onlar onun evinin qeydiyyatından çıxsınlar. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdehlərin faktiki olduqları yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən mülki işə onların iştirakları olmadan baxmışdır. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 4 övladı ilə birlikdə müvəqqəti olaraq Bakı şəhərində kirayəşin kimi yaşamaq məcburiyyətindədir. Çünki övladlarının dördü də hazırda universitetlərdə ali təhsil aldıqları və o, günəmuzd (gündəlik çörək pulu qazanmaq üçün) işləmək məcburiyyətində olduğu üçün hələlik Bakı şəhərində yaşamağa məcburdur. Ərizəçi onun qardaşı oğlu olmasına baxmayaraq, bu çətin vaxtlarda onu və övladlarını ata-baba yurdlarından qeydiyyatdan çıxarmaqla bir azərbaycanlı ailəsini küçələrə atmaqla qaçqın həyatı yaşamağa məcbur buraxmaq istəyir. O, anadan olduğu N.Nəcəfov küçəsi ev 9 ünvanında hərbi xirmətə gedənə qədər yaşamış və xidmətdən sonra yenidən öz ata yurduna qayıtmış və orada yaşamışdır. 1995-ci ildə ailə həyatı qurması ilə əlaqədar olaraq, anasının məsləhəti ilə (2 ailinin bir evdə yaşaması ailə münaqişəsinə səbəb olmaması üçün) Şamaxı şəhərində yerləşən atasına məxsus olan 1 otaqlı bina evində yaşamış və təxminən 4 aydan sonra, həyat yoldaşı ilə birlikdə pul qazanmaq məqsədilə RF-na getmək məcburiyyətində qalmışdır. 2003-cü ildə RF-dan geri dönərək öz ata yurdunda yaşamaq istəsə də, qardaşı Çingiz Nəcəfov və onun həyat yoldaşı tərəfindən narazılıqla qarşılanmış və evə buraxılmamışlar. Bundan sonra məcburən 3 ay həyat yoldaşının yaxın qohumlarının evində 3 ay yaşadıqları müddətdə də dəfələrlə qardaşı ilə evdə yaşamağa icazə verməsinə dair söhbət aparsa da onlar buna icazə verməmişlər və hətta qardaşının həyatyoldaşı Siz bu evə ayaq basanız mən benzin töküb özümü yandıracam deməklə onları təhdid etmiş və sonda onlar Bakı şəhərinə qayıtmaq məcburiyyətində qalmışlar. Həmin vaxtdan da Bakı şəhərində kirayənişin yaşayırlar. Onlara ata yurdunda yaşamağa icazə verməyən qardaşı 2012-ci ildə anası rəhmətə getdikdən dərhal sonra həmin evi ayda 100 ABŞ dollarına kirayəyə verərək maddi vəziyyətini yaxşılaşdırmışdır və heç bir vergi ödəməmişdir. Ata yurdunun 2019-cu ildən Moskva şəhərində yaşayan və RF vətəndaşı olan İddiaçı adına kimsə tərəfindən razılıq ərizəsi yazılmadan çıxarışın onun adına necə sənədləşdirilməsi araşdırılmalı faktdır. Amma o, özü və 3 övladı həmin ünvanda qeydiyyatdadırlar. Onlardan fərqli olaraq RF vətəndaşı olan qardaşı oğlu İddiaçı qeydiyyatda olmamış, bəzi hallarda qonaq kimi gəlmiş, hətta şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti 05.02.2021-ci ildə bitməsinə baxmayaq necə iddia ərizəsi verməsi və vəkalətnaməsi də etibarsız sayılmalıdır. Ərizəçinin qeyd etdiyi kimi onların Bakı şəhərində heç bir ünvanda mənzilləri, evləri yaxud torpaq sahələri belə yoxdur. İddiaçı anası Sevinc Nəcəfova bacıları ilə birlikdə RF-da yaşamaqla bərabər, Azərbaycan vətəndaşlığından imtina etmişlər. Onun maddi vəziyyəti çox aşağıdır, sağlamlıq durumu ağırdır (şəkər və gipertonik diaqnozu), 4 nəfər tələbə oxudur. Bunlarla əlaqədar məhkəmədə iştirak etmək üçün onun mütəmadi olaraq 3 nəfər övladı ilə birlikdə Şamaxı şəhərinə gəlmək yaxud da vəkil tutmaq imkanı olmadığına görə bütün iddalara səmimi olaraq yazılı ərizə ilə cavab yazmaq məcburiyyətində qalmışdır. İddiaçı iddiaları heç bir fakta söykənmir və tamaamilə əsassızdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri Niyazi Nəcəfov küçəsi 9, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından görünür ki, X3, X5, Cavabdeh1, İddiaçı, Cavabdeh2, Cavabdeh4, X6 və Cavabdeh3 Şamaxı şəhəri N.Nəcəfov küçəsi ev 9 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Şamaxı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 4 ünvanda yaşamırlar. İş materiallarında olan 27.08.2008-ci il tarixli yaşayış evinin bağışlanmasına dair müqavilənin surətindən görünür ki, X4, Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət reyestrindən 25.08.2008-ci il tarixli ******* nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Şamaxı Rayon Ərazi İdarəsinin 25.08.2008-ci il tarixli 1780 nömrəli arayışına əsasən Şamaxı şəhəri N.Nəcəfov küçəsi ev 9 ünvanda 0.02737 hektar torpaq sahəsindən yerləşən 1900-cu ildə tikilmiş, ümumi sahəsi 99,2 kv.m, əsas yaşayış 59,3 kv.m, köməkçı sahəsi 39,9 kv.m. olan 4 otaqdan ibarət yaşayış evini X2 bağışlamışlar. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 5 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdehlər isə mülkiyyətçinin əmisi və onun uşaqları olmaqla həmin mənzildə qeydiyyata alınmışdır. Cavabdehlər qeyd olunan mənzildə yaşamasalar da, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamır və yaşamaq üçün özünə daimi olaraq başqa yaşayış yeri seçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış evində qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Cavabdeh1 iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə bağışlayarkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüşdür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Hazırkı məhkəmə qətnaməsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1313/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1313/2021
28.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver