Məhkəmə qərarları › İş №2(074)-139/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-139/2022

31.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-139/2022 31.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-ya qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx"xxxx"xxxx" MMC-nin direktorunun onunla bağlı 22.01.2021-ci il tarixli, 04k saylı əmrinin ləğv edilməsini və onun öz işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon "xxxx" MMC-nin direktoru Şıxlar Hacıyev 22.01.2021-ci il tarixdə 04k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi əmək intizamını kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Buna əsas kimi Sahə rəisi Anar Heybətovun təqdimatını və 22.01.2021-ci il tarixli akt və Şamaxı rayon "xxxx" MMC-nin HİK-in 22.01.2021-ci il tarixli 02 saylı protokolunu qeyd etmişdir. 22.01.2021-ci il tarixli, 04k saylı əmr uzun müddət ona verilməmiş, ona sadəcə şifahi qaydada işə gəlməməsi bildirilmişdir. Nəhayət 13 sentyabr 2021-ci il tarixdə bu əmrin adi surətini və 27 sentyabr 2021-ci il tarixdə isə X1 əmək müqaviləsinə xitam verilməsi barədə çıxarışı almışdır. Əmrdə guya əmək intizamını pozmağı barədə göstərilənlər həqiqətə uyğun deyil, hamısı şər-böhtandır. O, həmin "xxxx" MMC-də işləyərkən öz işində həmişə ciddi, nizam-intizamlı olmuş, nə qədər qəribə görünsə də o, işində ciddi və nizam-intizamlı olmağı səbəbindən işdən azad edilmişdir. Həmin idarənin direktorunun yaxın qohumu qoyunlarını X4 yaşıllıqda otararkən o, belə hərəkəti irad tutmuş və birdə heyvanları həmin yaşıllığa gətirməməsi barədə xəbərdarlıq etmişdir. Çünki həmin yer mal-heyvan örüşü deyil. Lakin həmin şəxs xəbərdarlıqdan nəticə çıxarmayıb ertəsi gün qoyunları yenidən sözügedən əraziyə gətirmiş, beləliklə mübahisə böyümüş, çünki onun işi belə hallara yol verməmək olmuşdur. Lakin çoban ona direktor Şıxlar Hacıyevin qohumu olduğunu bildirmişdir. Odur ki, X4 yaşıl zolaqda bu heyvanları otarmağa ona icazə verməsini istəyib, o, isə qanunqayda hamı üçün olduğunu, bura heyvan otarmaq yeri olmadığını bildirmişdir. DVD elektron diskindəki videogörüntülər dediklərinin əyani sübutudur. Beləliklə, bu mübahisə direktor Şıxlar Hacıyevə deyilmiş, o isə nizam-intizama birinci öz qohumundan başlamaq əvəzinə vəzifəsindən sui-istifadə edərək tabeliyində olan şəxslər əleyhinə təqdimat yazdırmış, akt tərtib etdirmiş və həmin MMC-də formal fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsindən naməlum protokol yazdırtmışdır. Şamaxı İHB-nın Kələxana kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən ona verilmiş xasiyyətnamədən görünür ki, həmin ərazidə indiyədək o özünü nümunəvi aparmış, kənd sakinləri arasında heç bir mübahisəsi olmamışdır. Nümayəndəlikdə olan ictimai işlərdə yaxından iştirak etmiş, ailəlidir, heç bir partiyanın üzvü deyil və yaşadığı kəndin bütün ümumi işlərində mütəmadi iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə prosses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.04.2021-ci il tarixli, 01T nömrəli "xxxx" MMC-nin əmrindən görünür ki, İddiaçı-Şəhidlər xiyabanından dekorativ gül kollarını icazəsiz apardığı üçün töhmət elan edilmişdir. İş materiallarında olan 29.12.2020-ci il tarixli "xxxx" MMC-nin sahə rəisi Anar Heybətov, mühasibi Güləmi Hacıyev, sahə ustası Davud Hacıyev, fəhləsi Zaur Qubadov, Tahir İsmayılovun iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, müəssisənin İİİ dərəcəli fəhləsi İddiaçı dəfərlərlə edilən şifahi xəbərdarlıqlara baxmayaraq yenə də işə vaxtıvaxtında gəlməmiş, işə gəldiyi günlərdə digər işçilərin işlədiyini görmüş lakin qıraqda əlini cibinə qoyaraq tamaşa etmişdir. Bu digər işçilərə psixoloji təsir edib, ruh düşgünlüyü yaratmışdır. İş materiallarında olan 29.12.2020-ci il tarixli № 02T saylı "xxxx"xxxx"xxxx" MMC-də fəhlə vəzifəsində çalışan İddiaçı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq 2020-ci ilin dekabr ayı ərizində təkrar əmək intizamını kobud şəkildə pozduğundan, işə davamiyyətə etinasız yanaşdığından və verilən tapşırıqlara əməl etmədiyindən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. İş materiallarında olan 22.01.2021-ci il tarixli № 04 saylı "xxxx" MMC-nin əmrindən görünür ki, müəssisənin fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi əmək intizamını kobud şəkildə pozduqda) 22.01.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 22.01.2021-ci il tarixli 02 saylı "xxxx" MMC-nin X2 protokolundan görünür ki, "xxxx" MMC-nin İİİ dərəcəli fəhləsi İddiaçı işdən azad edilməsi qanuna uyğun hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin 22.01.2021-ci il tarixli 04 nömrəli əmrinə əsasən fəhlə vəzifəsində çalışan İddiaçı ilə 07 yanvar 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a - bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç - bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç - bəndinə əsasən xitam verilməsi əsassız hesab edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon "xxxx" MMC-nin X2 22 yanvar 2021-ci il tarixli 02 saylı protokolundan müəyyən olunur ki, Şamaxı rayon "xxxx" MMC-nin İİİ dərəcəli fəhləsi İddiaçı işə davamiyyəti olmadığından, dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq verilən tapşırıqlara əməl etmədiyindən və işə etinasız yanaşdığından işdən azad edilməsi qanunauyğun hesab edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qeyd edilən hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndində qeyd olunan hallara aid deyildir. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh tərəf məhkəmə iclasında iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulan hüquq pozuntusuna yol verildiyi qeyd olunsa da, bu pozuntunun məhz nədən ibarət olmasını məhkəmə iclasında əsaslandıra bilməmişdir. Həmçinin işdən çıxma əmrində də iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç - bəndində nəzərdə tutulan hansı hüquq pozuntusuna yol verildiyi qeyd olunmamışdır. İşin yuxarıda sadalanan faktiki hallarından da göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç - bəndində nəzərdə tutulan hər hansı bir hüquq pozuntusuna yol verildiyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməli "xxxx" MMC-nin 22.01.2021-ci il tarixli 02 saylı əmri ləğv edilməli və İddiaçı "xxxx" MMC-də öz əvvəlki fəhlə vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. "xxxx" MMC-nin İddiaçı barəsində olan 22.01.2021-ci il tarixli 04K saylı əmri ləğv edilsin və İddiaçı "xxxx" MMC-də fəhlə vəzifəsinə bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar