Məhkəmə qərarları › İş №2(074)-14/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-14/2023

06.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-14/2023 06.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Şamaxı rayon Elektrik Şəbəkəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər "xxxx" ASC və Şamaxı rayon Elektrik Şəbəkəsinə qarşı “mülkiyyətdə olan torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, qeyri-qanuni quraşdırılmış transformator sökülərək torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpa olunmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, Şamaxı rayonu, Mərzəndiyə kəndində mülkiyyətində 0,57 ha torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi onun mülkiyyətinə vərəsəlik qaydasında atasından miras qalmışdır. Atasının adına həmin əmlak 2015-ci ildə keçmişdir. Həmin torpaq sahəsini atası Əmlak Komitəsindən özəlləşdirmişdir. Həmin torpaq sahəsinin üzərində razılığı olmadan Azərişıq ASC tərəfindən yüksək gərginlikli transformator quraşdırılmışdır. Qeyd olunan transformatorun torpaq sahəsindən götürülməsi üçün Azərişıq ASCyə rəsmi müraciət etmiş, Azərişıq ASC-nin xx.xx.2021-ci il tarixli 02/11/0-470- 220 nömrəli cavab məktubu ilə ona bildirilmişdir ki, 2017-ci ildə qeyd olunan ərazidə tender təşkilatı tərəfindən yerli icra və bələdiyyə orqanları tərəfindən təsdiqlənmiş layihə smeta sənədləri əsasında aparılan yenidən qurma işləri zamanı ******* kodlu 400 kv.a gücündə KTM həmin vaxt müraciətdə qeyd olunan ərazi boş sahə olduğuna görə mövcud yerində quraşdırılmışdır. Qeyd olunan torpaq sahəsi onun mərhum atasının adına DƏDRX-də qeydiyyata alınmışdır və hal hazırda həmin torpaq sahəsinin onun adınadır. Torpaq sahəsi dəmir torla örtülümş və onların istifadəsində olmuşdur. Azərişıq ASC mülkiyyətində olan torpaq sahəsini zəbt edərək qeyri-qanuni olaraq heç bir icazəsi olmadan orada transformator quraşdırmışdır. Azərişıq ASC mülkiyyətində olan torpaq sahəsini zəbt edərək onun mülkiyyətində olan torpaq sahəsində sahiblik, istifadə və sərəncam hüququndan məhrum etmişdir. Ona görə də buna son qoymaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etiraz ərizəsində bildirmişdir ki, tərəflərindən İddiaçı iddiasında qeyd etdiyi Şamaxı rayonu Mərzəndiyə kəndində yerləşən torpaq sahəsinə və transformator məntəqəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin balansında olan və həmin kəndi elektrik enerjisi ilə təmin edən transformator məntəqəsinin bir hissəsi qeyd olunan torpaq sahəsinin çəpərindən içəri digər yarısı isə torpaq sahəsinin çəpərindən kənara düşür. Torpaq sahəsinin kənarı setka vasitəsi ilə cəpərlənmişdir. Kənardan baxış zamanı torpaq sahəsinin ölçülərinin və transformator məntəqəsinin həqiqətən də həmin torpaq sahəsinin içərsində yerləşməsinin müəyyən edilməsi qeyrimümkündür. Transformator məntəqəsi xx.xx.2018-ci il tarixdə "xxxx" ASC tərəfindən quraşdırılaraq istismara verilmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi reyestrdən çıxarışa nəzər saldıqda məlum oldu ki, iddiaçıya həmin torpaq sahəsinin üzərində mülkiyət hüququ transformator məntəqəsi tikilərək istismara verildikdən sonra, yəni xx.xx.2020-ci ildə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində transformator məntəqəsi quraşdırıldıqdan sonra verildiyindən və transformator məntəqəsinin həmin torpaq sahəsinin daxilində olduğu müəyyən edilmədiyindən onun iddiası əsassızdır. Odur ki, İddiaçı Əlibaba oğlu oğlunun cavabdeh "xxxx" ASC və Şimal-Qərb X1rşı mülkiyyətdə olan torpaq sahəsinin boşaldılması tələbinə dair əsasız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 02/11/Q-470/220 saylı "xxxx" ASC-nin İddiaçı ünvanlanmış məktubundan görünür ki, qeyd olunan ərazidə 2017-ci ildə tender təşkilatı tərəfindən yerli İcra və Bələdiyyə orqanları tərəfindən təsdiqlənmiş layihəsmeta sənədləri əsasında aparılan yenidənqurma işləri zamanı ******* kodlu 400 kVA gücündə həmin vaxt müraciətdə qeyd olunan ərazi boş sahə olduğuna görə mövcud yerində quraşdırılmışdır. Eyni zamanda həmin ərazidə aparılan yenidənqurma işləri zamanı KTM-lərin quraşdırılacağı yerləri yerli Bələdiyyə orqanı müəyyən etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şamaxı rayon Mərzəndiyə kəndində yerləşən 0,57 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 ASC-yə məxsus transformator məntəqəsi mülki iş materiallarında təqdim edilmiş İddiaçı adına olan çıxarışa əlavə edilən plan ölçü sənədində qeyd olunan kordinatlar daxilindəki 0,57 ha torpaq sahəsində yerləşmir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/7634 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********74 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh1 ASC-yə məxsus transformator məntəqəsinin mülki iş materialarında təqdim edilmiş İddiaçı adına olan çıxarışa əlavə oedilən plan ölçü sənədində qeyd olunan koordinatlar daxilində 0,57 ha torpaq sahəsində yerləşmədiyi müəyyən edildi. Ekspertiza xərci 50 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 ASC-yə məxsus transformator məntəqəsinin iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyi sübut edilmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2nə qarşı “torpaqdan qanunsuz istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Eksperyiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza üzrə ekspert xərcini təşkil edən 50 manat İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Şamaxı Rayon Elektrik Şəbəkəsinə qarşı “torpağın zəbtdən azad edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 manat məbləğində ekspertiza xərci alınıb X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar