Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1439/2024 03.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və 3 şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı çıxarışın ləğv olunması və mənzilin onun adına rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsi 102 ünvanında yerləşən 9 nömrəli mənzil ona məxsus olmuşdur. Oğlu Cavabdeh1 ona bildirmişdir ki, “sənə bir şey olsa, mən bu mənzili adıma rəsmiləşdirməkdə çətinlik çəkəcəm, gəl razılıq ver, mənzili keçirdim adıma, sən nə qədərki, sağsan səni özüm saxlayacam, sənin bütün problemlərini mən həll edəcəm”. O, razılıq verib, həmin mənzilin 4/5 hissəsini oğlu Cavabdeh1, digər 1/5 hissəsini isə digər oğlu Cavabdeh2 adına rəsmiləşdirmişdir. Xəstəliyi ilə əlaqədar, bir müddət Bakı şəhərində yaşayan oğlunun evində qalmalı olmuş və ara-sıra Şamaxıdakı evinə gəlib baş çəkirmiş. 2024-cü ildə yenidən Şamaxıdakı mənzilinə gəlmək istədikdə, ona bildirilmişdir ki, həmin mənzil kirayəyə verilmiş və onun mənzilə heç bir hüququ yoxdur. Hazırda onun yaşamağa başqa yeri yoxdur. Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında 3 şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X1 şəhəri, N.Nərimanov küçəsi 102 ünvanında yerləşən 9 nömrəli mənzilin özəlləşdirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini və həmin daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv olunması üçün əsaslar olmadığını göstərərək, hazırki iş üzrə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, Cavabdeh1 məhkəməyə ünvanladığı ərizəsində iddia tələbinə etiraz edərək göstərmişdir ki, xx.xx.2012ci il tarixdə Şamaxı şəhəri, N.Nərimanov küçəsi 102 ünvanında yerləşən 9 nömrəli mənzilin 4/5 hissəsi qanunla müəyyən edilmiş qaydada onun xüsusi mülkiyyətinə keçmişdir. Həmin daşınmaz əmlak müvəqqəti olaraq yox, daimi onun xüsusi mülkiyyətinə keçmişdir. O, müddətsiz olaraq həmin daşınmaz əmlakın 4/5 hissəsinin qanuni mülkiyyətçisidir. Odur ki, mülkiyyət hüququ toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1439/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsinin Şamaxı şəhəri, N.Nərimanov küçəsi 102 ünvanında yerləşən 9 nömrəli mənzilin onun adına rəsmiləşdirilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Şamaxı şəhər Mənzil İstismar Sahəsinin arayışından görünür ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsi, 102 saylı evin 9 saylı mənzili Şamaxı rayon Mənzil yaşayış fonduna daxildir. Həmin mənzilin icarədarı İddiaçıdır və mənzildə aşağıdakı şəxslər daimi qeydiyyatdadırlar: İddiaçı, X7, X6, Cavabdeh2 və Cavabdeh1. İş materiallarından görünür ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 102, mənzil 9 yaşayanlar İddiaçı, X6 və X7 həmin mənzilin Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsi 102 ünvanında yerləşən, ümumi sahəsi 36,1 kv.m. olan 9 saylı mənzilin 4/5 hissəsi Cavabdeh1 və 1/5 hissəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil İddiaçı müddətsiz icarəyə verilmiş, İddiaçı, X7, X6, Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə daimi qeydiyyatda olmuşlar və mənzilin icarədarı olan İddiaçı və qeydiyyatda olan X6 və X7 həmin mənzilin Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etməmişdirlər. Şamaxı şəhəri, N.Nərimanov küçəsi 102 ünvanında yerləşən, ümumi sahəsi 36,1 kv.m. olan 9 saylı mənzilin 4/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi isə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda isə İddiaçı həmin daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir”. …“Mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir”. Göründüyü kimi, mübahisə predmeti olan mənzilin icarədarı İddiaçı və həmçinin, həmin mənzildə yaşayanlar X6, X7 öz iradəsini sərbəst şəkildə ifadə edərək, mübahisələndirilən mənzilin Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər və hazırda mənzilin 1/5 hissəsi Cavabdeh2, 4/5 hissəsi isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1 -ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarım pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusu nəzərə alınmaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin təmin olunması üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1439/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1439/2024
03.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver