Məhkəmə qərarları › İş №2(074)-149/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-149/2023

23.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-149/2023 23.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “yüksək gərginlikli transformatorun torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Göylər kəndində yerləşən mülkiyyətində olan 0,18 ha torpaq sahəsinin boşaldılması, qeyri-qanuni quraşdırılmış transformatorun sökülərək torpaq sahəsinin üzərində mülkiyyət hüququnun bərpa olunmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göylər Bələdiyyəsinin 05 iyul 2004-cü il tarixli, 05 saylı protokolundan çıxarışa əsasən 0,8 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,3 hektar dövlət qeydiyyatından keçmiş və fəaliyyətinə icazə verilmiş digər torpaq sahəsi vardır. Daimi yaşayış və fəaliyyət yeri Bakı şəhəri olduğundan Göylər kəndinə vaxtaşırı gəlir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edib. Ərazidə koordinatlar müəyyən olunarkən orada yüksək gərginlikli transformatorun olması səbəbindən ona çıxarış verilməsindən imtina olunub. O, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət edib. Amma müsbət cavab ala blməyib. Həmin transformatorun orada qalması ona öz əmlaklarını, torpaq sahəsi üzərində sərbəst sərəncam verməyinə dair hüquqlarını həyata keçirməyə mane olur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsində əvvəllər yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərmiş, lakin hazırda torpaq sahəsi boşdur. Torpaq sahəsinə çıxarış alınmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahatı Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı Şamaxı rayon Göylər kəndində 1799,01 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınması məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsində ölçü işləri aparılmış, müəyyən olunmuşdur ki, faktiki və sənəd üzrə istifadənizdə olan sahənin üzərində elektrik xəttinin transformatoru yerləşir. Bundan əlavə torpaq sahəsindən yüksək təzyiqli qaz xətti keçir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 6-02/06/İ-351/7521 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlanmış məktubundan görünür ki, Şamaxı rayonu Göylər kəndində layihə əsasında elektrik təsərrüfatının yenidənqurulması işləri aparılmışdır. Aparılan yenidənqurma işləri yerli İcra və Bələdiyyə orqanları tərəfindən təsdiqlənmiş layihə əsasında ayrılmış ərazilər üzrə aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şamaxı rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, İddiaçı iddiasında qeyd etdiyi Şamaxı rayonu Göylər kəndində yerləşən torpaq sahəsinə və transformator məntəqəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan və həmin kəndi elektrik enerjisi ilə təmin edən transformator məntəqəsinin 1 metr hissəsi qeyd olunan torpaq sahəsinin hasarından içəri digər yarısı isə torpaq sahəsinin hasarından kənara düşür. Torpaq sahəsinin kənarı dəmir barmaqlıqlar vasitəsi ilə hasarlanmışdır. Kənardan baxış zamanı torpaq sahəsinin ölçülərinin və transformator məntəqəsinin həqiqətəndə həmin torpaq sahəsinin içərisində yerləşməsinin müəyyən edilməsi qeyri-mümkündür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, **********08 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı naturada faktiki istifadəsində olan torpaq sahəsi ilə mülki işə əlavə edilmiş A 223046 nömrəli plan ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahəsinin coğrafi yerləşməsində fərq vardır. Belə ki, Şamaxı rayonu Göylər kəndində vətəndaşların həyətyanı torpaq sahələrinə verilmiş plan ölçü sanədlərində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahələri ilə faktiki istifadələrində olan torpaq sahələri arasında uyğunsuzluq vardır. Bu səbəbdən "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus yüksək gərginlikli transformatorun İddiaçı məxsus Şamaxı rayonu Göylər kəndində yerləşən 1799.01 kv.m həyətyanı torpaq sahəsində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmadı. Əlavə olaraq bildiririk ki, İddiaçı məxsus 0.18 ha torpaq sahəsi əvəllər onun özünə məxsus yanacaq doldurma məntəqəsinə aid olan torpaq sahəsidir. Mülki işə alavə olunmuş yanacaq doldurma məntəqəsinə aid baş planda göstərilən cizgilərə əsasən yanacaq doldurulma məntəqəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Aparılmış çöl ölçmə işləri nəticəsində məlum olmuşdur ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus yüksək gərginlikli transformator, mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin üzərində qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/3877 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, **********08 nömrəli mütəxəssis rəyinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus yüksək gərginlikli transformatorun, mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinə əvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin üzərində qoyulduğu müəyyən olundu. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsininin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olmuş sənədlər idarənin arxivində saxlanılmır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsininin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus 1799.01 kv.m torpaq sahəsi əvvəllər onun özünə məxsus olmuş yanacaq doldurma məntəqəsinə aid olan torpaq sahəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı ona məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış transformatorun sökülərək torpaq sahəsinin torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023cü il tarixli, 10/3877 saylı ekspert rəyinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus yüksək gərginlikli transformatorun, mülki işə əlavə olunmuş yanacaq doldurma məntəqəsinə əvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin üzərində qoyulduğu müəyyən olunmuşdur. Göründüyü kimi iş üzrə olan sübutlarla "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış transformatorun iddiaçıya məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsində yerləşməsi halı təsdiq edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertizaları tədqiqatının dəyəri 50 manat da iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “yüksək gərginlikli transformatorun torpaq sahəsindən çıxarılması” tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. İddiaçı 50 manat məbləğində ekspert xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar