Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1499/2024 26.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən mülkiyyətində olan torpaq sahəsində cavabdeh "xxxx" ASC-yə məxsus qeyri-qanuni quraşdırılmış transformatorun sökülərək, torpaq sahəsi üzərində mülkiyyət hüququn bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən daşınmaz Əmlakın Dövlət reyestrində adına qeydə alınmış reyestr nömrəsi **********11-12301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, mülkiyyətində olan 1,3996 ha torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində qeyri-qanuni quraşdıırlmış transformatorun sökülərək, ərazidən çıxarılması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Mərzəndiyə kəndində onun mülkiyyətində 1,39 ha torpaq sahəsində yerləşən əmlak kompleksi mövcuddur. Qeyd olunan əmlak onun məhrum atası tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsindən özəlləşdirilmiş və ondan vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Sözügedən əmlak kompleksinin yerləşdiyi 1,39 ha torpaq sahəsinin üzərində onun razılığı olmadan "xxxx" ASC tərəfindən yüksəkgərginlikli transformator quraşdırılmışdır. Qeyd olunan trasformatorun onun torpaq sahəsindən götürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Ona rəsmi bildirilmişdir ki, 2017-ci ildə qeyd olunan ərazidə tender təşkilatı tərəfindən yerli icra və bələdiyyə orqanları tərəfindən təsdiqlənmiş layihə-smeta sənədləri əsasında aparılan yenidənqurma işləri zamanı, ******* kodlu 400 kv.metr gücündə KTM həmin vaxt müraciətdə qeyd olunan ərazi boş olduğuna görə, mövcud yerində quraşdırılmışdır. Qeyd olunan torpaq sahəsi 2012-ci ildən atasının və sonradan onun mülkiiyyətindədir. Torpaq sahəsi dəmir torla hasarlanmış və onun istifadəsində olmuşdur. "xxxx" ASC mülkiyyətində olan torpaq sahəsini zəbt edərək, qeyri-qanuni olaraq onun heç bir icazəsi olmadan transformator quraşdırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Eyni zamanda, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi S.Ağayev məhkəməyə daxil olmuş etiraz ərizəsində göstərmişdir ki, İddiaçı iddiasında qeyd etdiyi Şamaxı rayonu Mərzəndiyyə kəndində yerləşən torpaq sahəsinə və transformator məntəqəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, "xxxx" ASC-nın balansında olan və həmin kəndi elektrik enerjisi ilə təmin edən transformator məntəqəsinin bir hissəsi qeyd olunan torpaq sahəsinin çəpərindən içəri, digər yarısı isə torpaq sahəsinin çəpərindən kənara düşür. Torpaq sahəsinin kənarı setka vasitəsi ilə çəpərlənmişdir. Kənardan baxış zamanı, torpaq sahəsinin ölçülərinin və transformator məntəqəsinin həqiqətəndə həmin torpaq sahəsinin icərisində yerləşməsinin müəyyən edilməsi qeyri-mümkündür. Transformator məntəqəsi xx.xx.2018-ci il tarixdə “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılaraq, istismara verilmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi reyestrdən çıxarışa nəzər saldıqda məlum olur ki, iddiaçıya həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququ transformator məntəqəsi tikilərək istismara verildikdən sonra, yəni xx.xx.2023-cü ildə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ transformator məntəqəsi quraşdırıldıqdan sonra verildiyindən və transformator məntəqəsinin həmin torpaq sahəsinin daxilində olduğu müəyyən edilmədiyindən onun iddiası əsasızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət və qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********13-12301 olan X1 xüsusi mülkiyyətində Şamaxı rayonu Mərzəndiyə kəndində 3,1461 ha torpaq sahəsinin üzərində Əmlak kompleksi kimi müəssisə vardır. İş materiallarında olan Hüquqların dövlət və qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********11- 12301 olan İddiaçı xüsusi mülkiyyətində Şamaxı rayonu Mərzəndiyə kəndində 1,3996 ha torpaq sahəsinin üzərində Əmlak kompleksi vardır. İş materiallarında olan texniki pasportdan görünür ki, Şamaxı rayonu Mərzəndiyə kəndində yerləşən inventar nömrəsi 8924, reyestr nömrəsi **********11-12301 olan torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şamaxı rayonu Mərzəndiyə kəndində iddiaçının mülkiyyətində 1,3996 ha torpaq sahəsində yerləşən əmlak kompleksi mövcuddur. Əmlak kompleksinin yerləşdiyi 1,3996 ha torpaq sahəsinin üzərində onun razılığı olmadan cavabdeh "xxxx" ASC tərəfindən yüksəkgərginlikli transformator quraşdırılmışdır. Qeyd olunan trasformatorun onun torpaq sahəsindən götürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC-nin nümayəndəsi də, ərizəsində qeyd etmişdir ki, "xxxx" ASC-nın balansında olan və həmin kəndi elektrik enerjisi ilə təmin edən transformator məntəqəsinin bir hissəsi qeyd olunan torpaq sahəsinin çəpərindən içəri digər yarısı isə torpaq sahəsinin çəpərindən kənara düşür. Həmçinin, digər bir mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsi ilə cavabdeh "xxxx" ASC-yə məxsus transformatorun iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 6 kv.m. hissəsində yerləşdiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ona məxsus torpaq sahəsində yerləşdirilmiş cavabdehə məxsus transformatorun torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-yə məxsus transformator məntəqəsi İddiaçı Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən daşınmaz Əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********11- 12301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, mülkiyyətində olan 1,3996 ha torpaq sahəsinin 6 kv.m. hissəsindən çıxarılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçıya məxsus 1,3996 ha torpaq sahəsinin yalnız 6 kv.m. hissəsi cavabdeh tərəfindən zəbt olunduğundan və 1,3996 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququ mövcud olduğundan, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-yə məxsus transformator məntəqəsi İddiaçı Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən daşınmaz Əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********11-12301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, mülkiyyətində olan 1,3996 ha torpaq sahəsinin 6 kv.m. hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1499/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1499/2024
26.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver