Məhkəmə qərarları › İş №2(074)-15/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-15/2025

03.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-15/2025 03.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən gediş-gəliş yollarında tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin ümumi istifadəyə qaytarılmaqla gediş-gəliş yolunun açılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli qərarı ilə 0.22 ha torpaq sahəsi onların ailəsinin mülkiyyətinə verilmişdir. Ərazini tor məftillə çəpərləyib. 70 ədəd meyvə ağacı əkib. Cavabdeh bacısının adına olan torpağı çəpərləyərək öz istifadəsinə götürmüş, çəpəri küçəyə sarı çıxararaq yolu zəbt etmiş, 6 metrlik yoldan cəmisi 1,5 metr yol qalıb. Bu səbəbdən o, torpaq sahəsinə avtomaşınla gedə bilmir. Tikinti materialları gətirib torpaq sahəsində hər hansı bir tikili tikə bilmir. Dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq etsə də Mehdi yolu açmır. Nəticədə o, evini tikə bilmir. Polisə də müraciət edib. Amma bir nəticəsi yoxdur. Məcbur olub məhkəməyə müraciət edib. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh yolu zəbt edib. Hazırda həmin yoldan istifadə etmək mümkün deyil. Əvvəllər də kənd sakinləri bu barədə polisə müraciət etmiş, həmin müraciətlə bağlı həmin yola baxış keçirilmiş və müəyyən edilmişdir ki, metrlik yolun 3.5 metrlik hissəsi cavabdeh tərəfindən zəbt edilib. Bununla bağlı ona bildirilmiş, lakin cavabdeh bununla bağlı heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verərək bildirdi ki, həmin yol uzun müddətdir ki, bu vəziyyətdədir. Özünün başqa torpaq sahəsi olsa da, o, atasının torpağında ev tikərək hazırda orada yaşayır. Onun tikdiyi tikililər atasına məxsus torpaq sahəsinin içərisindədir. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN – 241A, Kod 41009048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə Şamaxı rayonu, Çaylı kəndində yerləşən 0.22 hektar torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN – 035A, Kod 41009048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Aqrar İslahat Komissiyasının 05 may 2001-ci il tarixli, 05 saylı qərarı ilə Şamaxı rayonu, Çaylı kəndində yerləşən 0.39 hektar torpaq sahəsi X1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Baxışov X2 Mehdi İsmixan oğluna bağladığı yolu açmağı, yolda tikilmiş tikilini sökməyi və gediş-gəliş yoluna mane olmamaqla bağlı pretenziya məktubu göndərərək 15 gün ərzində rəsmi şəkildə pretenziyaya münasibət bildirməyi təklif etmişdir. İş materiallarında olan 17 may 2021-ciil tarixli aktdan görünür ki, Şamaxı rayon 1-ci Çaylı kənd sakini X5 Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı ərazi şöbəsinə ünvanladığı ərizədə həmkəndliləri Balasən Ağakişiyev, Səməngül Nəbiyeva, Xalıq Manafov və Cavabdeh tərəfindən onun və qonşularının uzun illərdir istifadə etdikləri gediş-gəliş yolunu zıbt edərək metal torla hasarladıqlarının bildirir. Qeyd edilən məsələ ilə bağlı şikayətçi Nəbiyev Namət və şikayət ərizəsində adları çəkilən kənd sakinlərinin iştirakı ilə əraziyə yerində baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həqiqətən də sənəd üzrə (bələdiyyə xəritəsi və DVJ faylında) eni 5 metr olan gediş-gəliş yolunun bir hissəsi (5 metrlik yolun 3.5 metrlik hissəsi) Nəbiyeva Səməngül, Manafov Xalıq, Ağakişiyev Balasən və Cavabdeh tərəfindən zəbt edilmişdir. İş materiallarında olan Birinci Çaylı bələdiyyəsinin məktubundan görünür ki, Cavabdeh Şamaxı rayonu Birinci Çaylı kəndində özünəməxsus torpaq sahəsində yerləşən və mübahisəli yolun yaxınlığında olan evdə yaşayır. Sözü gedən torpaq sahəsində yaşamır, həmin torpaq sahəsinin ətrafında olan gediş-gəliş yolunun eninin əvvəllər neçə metr olması barədə onlarda heç bir məlumat yoxdur. Hal-hazırda həmin yerdə torpaq sahəsinin ən geniş hissəsi 3.5 metr, ən dar hissəsi isə 1,5 metrdir. İş materiallarında olan Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 14 mart 2025-ci il tarixli məktubunun surətindən görünür ki, nümayəndəlik işçilərinin iştirakı ilə əraziyə edilmiş baxış nəticəsində 17 may 2021-ci il tarixli aktda göstərildiyi kimi 5 metrlik yolun 3,5 metri Birinci Çaylı kənd sakini Cavabdeh tərəfindən zəbt edilmişdir. İş materiallarında olan AZ-İ № 536541 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə Şamaxı rayonu, Birinci Çaylı kəndində “Beyinə qansızma” səbəbindən vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2024-cü il tarixli, 10/6429 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-41/2-1659/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Şamaxı rayonu Birinci Çaylı kəndinə aid şəhadətnamələrlər (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin faktiki naturada istifadəçiliyi arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-241A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən İddiaçı və onun ailə üzvlərinə məxsus olan Şamaxı rayonu Birinci Çaylı kəndində yerləşən 0.22 ha torpaq sahəsinin elektron baza xəritəsinə əsasən həmin ərazidə yerləşir, lakin sahə və konfiqurasiya fərqi vardır. Belə ki, JN-241A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsi naturada 0.20 ha təşkil edir. Mütəxəssis əsasən qeyd olunur ki, Şamaxı rayonu Birinci Çaylı kəndinə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin faktiki naturada istifadəçiliyi arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən JN-35A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün olmayıb. X3 və onun ailə üzvlərinə məxsus olan Şamaxı rayonu Çaylı kəndində yerləşən 0.39 ha torpaq sahəsinin elektron baza xəritəsinə əsasən yerləşmə mövqeyi naturada həmin ərazidə yerləşir, lakin sahə və konfiqurasiya fərqi vardır. Belə ki, JN-35A saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsinin naturada 0.38 ha təşkil edir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, DWJ məlumatlarına (torpaq islahatının nəticələrinin özündə əks etdirən xəritə) əsasən naturada mübahisə predmeti olan yolun ən ensiz hissəsi 2,97 metrdir. Naturada həmin hissə 1,50 metr təşkil edir. Şamaxı rayonu Birinci Çaylı kəndinə aid şəhadətnamələrlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinin faktiki naturada istifadəçiliyi arasında konfiqurasiya, sahə uyğunsuzluğu və şəhadətnamələrdə koordinatlar olmaması səbəbindən X3 və onun ailə üzvləri və yaxud digər vətəndaşlar tərəfindən yolun tutulub-tutulmamasını müəyyənləşdirmək mümkün olmadı. Torpaq sahəsinin və ya yolun zəbt olunub-olunmamasını müəyyənləşdirmək mütəxəssisin səlahiyyətləri daxilində deyildir. Bundan əlavə kənd ərazisində ümumi istifadədə olan yollar bələdiyyə mülkiyyətinə aid torpaq sahələridir. Əlavə olaraq bildiririk ki, iddiaçının torpaq sahəsinə mövcud gediş-gəliş yollarının yerquruluşu planı DWJ məlumatlarına (torpaq islahatının nəticələrinin özündə əks etdirən xəritə) nəzərdə tutulan yolları göstərən sxem mütəxəssis rəyinə əlavə olunur. İş materiallarında olan 25 oktyabr 2021-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh hazırda atasının mülkiyyətinə verilmiş torpaq sahəsində ev tikərək orada yaşayır. Mübahisəli yoldan gediş gəliş cavabdehin yaşadığı hissədə məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəlişi üçün nəzərdə tutulan və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikililər tikərək həmin sahəni dəmir torla hasarlamışdır. Mübahisəli yol DWJ məlumatlarına (torpaq islahatının nəticələrinin özündə əks etdirən xəritə) əsasən naturada ən ensiz hissəsi 2,97 metr olduğu halda, naturada həmin hissə 1,50 metr təşkil edir. Bu hal kənd sakinlərinin istifadəsi üçün nəzərdə tutulmuş yoldan gediş-gəlişi mümkünsüz edir, eləcə də iddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlmək ən azından öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüquqlarından məhrum olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli iddiaçıya məxsus torpaq sahəsinə gedən yolda cavabdeh tərəfindən inşa edilmiş tikililər cavabdehin hesabına sökülməli və həmin yol bərpa edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə məhkəmə xərcinə daxil olan 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şamaxı rayonu, Birinci Çaylı kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,22 hektar torpaq sahəsində getmək üçün nəzərdə tutulmuş yolda Cavabdeh tərəfindən inşa edilmiş tikililər Cavabdeh hesabına sökülsün və həmin yol bərpa edilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar