Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-150/2024 18.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil və Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraata qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci ildə vəfat etmiş X4 miras qalmış Şamaxı rayonu, Məlikçobanlı kəndində 0,23 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə mərhum X11 ilə rəsmi nikaha daxil olmuşdur. Bundan sonra birlikdə ərinə məxsus Şamaxı rayonu, Məlikçobanlı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdırlar. Evin yerləşdiyi 0.23 ha torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı ilə X7 verilmişdir. Həmçinin, 1987-ci ildə tərtib edilmiş 21 inventar nömrəli texniki pasportdan görünür ki, həmin sənəd X7 məxsus Şamaxı rayonu, Məlikçobanlı kəndində yerləşən yaşayış evi barəsindədir. X11 xx.xx.2018-ci ildə vəfat edəndən sonra, ev və torpaq sahəsi onun qardaşı oğlu, birinci nikah dövründə övladlığa götürdüyü Maraqlı şəxs2 və onun istifadəsində qalmışdır. Ərinin vəfatından sonra bir ildən artıq müddətdə Maraqlı şəxs2 ilə birlikdə həmin evdə yaşamışdır. Öz xərci ilə ərinin yas mərasimini keçirmişdir. Sonradan Maraqlı şəxs2 onun həmin evdə yaşamasına imkan verməmişdir. Sonuncu evin qıfılını dəyişərək, evə daxil olmağına qadağa qoymuş və o, məcbur olub Şamaxı rayonu, 1-ci Çaylı kəndinə, qardaşının evinə köçmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən onun əri X5 adına reyestr nömrəsi **********66-10301 qeydiyyat nömrəsi ********* olan, xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Bundan sonra, o, xx.xx.2018-ci ildə vəfat etmiş mərhum həyat yoldaşı X8 məxsus Şamaxı rayonu, Məlikçobanlı kəndində yerləşən daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şamaxı Regional ”Asan Xidmət” Mərkəzində Notariat ofisinə rəsmi ərizə ilə müraciət etmişdir. Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfinən verilmiş 1552 saylı, xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, ona mərhum həyat yoldaşı X8 məxsus Şamaxı rayonu, Məlikçobanlı kəndində yerləşən daşınmaz əmlaka dair Qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən imtina olunmuşdur. İmtina üçün əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1246-ci maddələrinin tələbinə əsasən, miras açıldıqdan 6 ay müddətində mirası qəbul etməməsi göstərilmişdir. Ancaq o, mərhum həyat yoldaşı X11 vəfat etdikdən sonra, mirası qəbul edərək, həmin miras əmlakda bir ildən artıq müddətdə yaşamış, həmin evdə mərhumun yas mərasimini vermiş və bundan sonra da, miras əmlak olan həmin evdə bir müddət yaşamışdır. Lakin, Maraqlı şəxs2 onun həmin evdə yaşamağına imkan vermədiyi üçün, o, məcburi surətdə miras əmlak sayılan həmin evdən çıxıb getmişdir. Onun evdən bu vəziyyətdə çıxıb getməsi, mirası qəbul etmədiyi, yaxud ondan imtina etməyi anlamına gəlmir. O, qanunvericilikdə nəzərdə tutulan müddətdə mirası faktiki olaraq qəbil etmiş və onu lazımınca idarə etmişdir. Ona görə onun mirası faktiki olaraq qəbul etməsi faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında Vəkil və Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, X1 miras qalmış Şamaxı rayonu, Məlikçobanlı kəndində torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o, mərhum X5 bacısıdır. Ərizəçi onun qardaşı Arif Qarayevlə rəsmi nikahda olmuşlar və birlikdə Şamaxı rayonu, Məlikçobanlı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdırlar. Həmin ev qardaşı Arifə məxsus olmuşdur. Arif Qarayev 2018-ci ildə vəfat etdikdən sonra, Ərizəçi təxminən bir il həmin evdə yaşamış, onun qardaşının yas mərasimlərini keçirmiş, lakin qardaşının övladlığa götürdüyü Maraqlı şəxs2 yaşamağa imkan vermədiyindən, 2019-cu ildə Ərizəçi məcbur olub həmin evdən çıxmışdır. Şamamaya məxsus əşyalar hazırda da həmin evdə qalmaqdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X2 ilə oxşar məzmunlu ifadə vermişdir. Maraqlı şəxs Şamaxı Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X6 arasında xx.xx.2014-cü il tarixdə Şamaxı RİHB-nın Məlikçobanlı kənd icra nümayəndəliyində nikah bağlanmış, nikah bağlandıqdan sonra, ərə “Qarayev”, arvada “Qarayeva” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, miras qoyan X11 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Məlikçobanlı kəndində 0,23 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 89,20 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materillarında olan Notariat əməliyyatı aparmaqdan imtina haqqında qərardan görünür ki, xx.xx.2018-ci ildə vəfat etmiş mərhum X7 məxsus olan Şamaxı rayonunun Məlikçobanlı kəndi ərazisində yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə əmlakı faktiki qəbul etməməklə, miras əmlakın qəbul müddətini buraxdığına görə imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə Ərizəçi ilə X11 birgə nikahda olmuşlar, Şamaxı rayonu, Məlikçobanlı kəndində həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ərizəçinin əri X7 məxsus olmuş, X11 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, həmin şəxsin ölümündən sonra miras qalmış həmin əmlakı hazırki iş üzrə Ərizəçi faktiki surətdə idarə etməyə başlamış, mirasa yiyələnmiş və qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9 maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktını və vərəsəliyin açılma yerini müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunur ki, Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Qeyd olunanları əsas tutaraq məhkəmə iş üzrə belə nəticəyə gəlir ki, mirasdan imtina etməyən vərəsə Ərizəçi mirası qəbul etmiş vərəsə hesab edilməli və X1 miras qalmış Şamaxı rayonu, Məlikçobanlı kəndində, 0,23 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair Ərizəçi tərəfindən mirası qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 miras qalmış Şamaxı rayonu, Məlikçobanlı kəndində, 0,23 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair Ərizəçi tərəfindən mirası qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-150/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-150/2024
18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver