Məhkəmə qərarları › İş №2(074)-1500/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1500/2025

28.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1500/2025 28.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı-cavabdeh İddiaçı və nümayəndəsi – Vəkil, İddiaçı-Cavabdeh və onun nümayəndəsi – vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi, əmək haqqı və s. tələbinə” dair, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə” dair iddia ərizələri üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbləri:

1. İddiaçı Cavabdeh qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, ona düzəliş edilməsi, əmək haqqı, son haqq-hesabın, məcburi işburaxmaya görə dəymiş ziyanın və çəkilmiş xərclərin ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, xx.xx.2025-ci il tarixli Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə əsasən verilmiş əmrin ləğv edilməsi, xx.xx.2025-ci il tarixli ləğv edildikdən sonra Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq sistemində” qeydə alınması, son haqq-hesab edilməklə ona ödənilməmiş son ayın əmək haqqının və məcburi işburaxmaya görə dəymiş ziyanın, həmçinin vəkil və mediasiyaya çəkilmiş 560 manat məbləğin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə əsasən verilmiş əmrin ləğv edilməsi, son haqq-hesab edilməklə ona ödənilməmiş son ayın əmək haqqının və məcburi işburaxmaya görə dəymiş ziyanın, həmçinin vəkilə ödənilmiş 500 manat və mediasiyaya ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 12669,13 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,01 manatın, cəmi 12797,14 manatın cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra, iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 12669,13 manatın, qətnamənin çıxarılacağı gün minimal bank faizi dərəcəsi ilə illik 7 faiz olmaqla hesablanmış 886,83 manat məbləğində faizin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130,67 manatın və hüquqi yardım üçün vəkil xərci qismində ödədiyi 320 manatın, cəmi 14006,63 manatın cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-1550/2025 saylı qərardadı ilə, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə” dair e-2(074)-1550/2025 saylı nömrəli mülki işlə İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi, əmrə düzəliş edilməsi, əmək haqqının ödənilməsi və s. tələbinə” dair 2(074)- 1500/2025 nömrəli mülki işin bir icraatda birləşdirilməsi, həmin işlərə eyni vaxtda 2(074)- 1500/2025 qeydiyyat nömrəsi ilə baxılması qərara alınmışdır.

6. İddia tələblərinin əsaslandırıldığı hallar:

7. İddiaçı iddia tələbini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini onunla əsaslandırılmışdır ki, o, “İtalqaz Avtoservis”ə işə qəbul olunmuşdur. Bir müddət işlədikdən sonra avtoservis rəhbərliyi tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirməsinə, daxili nizam-intizam qaydalarına riayət etməsinə baxmayaraq, iş vaxtından artıq saatlaarda işləməyini, əməyinə lazımi qiymət verilmədiyini, əmək haqqının vaxtında ödənilmədiyini görüb, işdən çıxmaq qərarına gəlmişdir. Buna görə xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə öz xahişi ilə işdən azad olunmasını xahiş etmişdir. Buna baxmayaraq, rəhbərlik onu xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad etmişdir. Guya o, öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd edir ki, ona verilən işdən çıxma əmri qanunsuz və əsassızdır, qərəzlidir. İşdən çıxarma əmrinin 70-ci maddənin “ç” bəndinə əsaslanaraq verilməsi üçün onun iş fəaliyyəti ilə bağlı əsaslı səbəb yoxudr və heç bir sübut təqdim edilməmişdir. Məqsəd bilərəkdən onun əmək kitabçasını ləkələməkdir ki, onu başqa yerdə işə götərməsinlər. Həmin vaxt Ramil və Əli Eyvazov qardaşları tərəfindən ona qarşı zor tətbiq olunub, döyülmüşdür. Bundan əlavə, bildirir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada, cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün təklif göndərilsə də, o, mediasiya prosesindən yayınmışdır.

8. İddiaçı Cavabdeh iddia tələbini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində fərdi sahibkar olaraq onunla cavabdeh arasında əmək müqaviləsi bağlanmış, qeyd olunan işçi nəzarətçi vəzifəsinə təyin olunmaqla işə götürülmüşdür. Qeyd edir ki, onun fərdi sahibkar olaraq, əsas funksiyası avtomobillərə texniki-təmir xidmətlərinin göstərilməsidir. Qeyd olunan xidmətlər, ünvan 1 ünvanında yerləşən “Servis”də həyata keçirilir. Cavabdeh xeyli sayda ciddi pozuntulara yol vermiş və hətta azmış kimi işlədiyi iş yerinə və rəhbərinə xəyanət edərək onun fərdi sahibkar kimi iş fəaliyyətini məhv etməyə doğru düşünülmüş addımlar atmışdır. Nəticədə onun sahibkarlıq fəaliyyətinə xeyli miqdarda maddi ziyan vurulmuşdur və o, iflas olmağa doğru gedirdi. Belə ki, cavabdeh servisə gələn müştərilərlə gizli şəkildə əlaqəyə girərək və onlara yalançı vədlər verməklə onları aldadaraq, guya onlara daha ucuz qiymətə müvafiq xidmətləri göstərəcəyini təklif etmiş və onun müştərilərini özünün başqa tanışı ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yaratdığı yeni servisə yönəltməyə başlamışdır. Başqa sözlə desə, cavabdeh açıq-aşkar onun müştərilərini bir növ mənimsəməyə başlamışdır. Cavabdeh hətta müştərilərə onun servisində xidmət göstərilməsinə baxmayaraq, ödənişin iddiaçının hesabına edilməsini təmin etmək əvəzinə müvafiq ödənişlərin müştərilər tərəfindən cavabdehin şəxsi bank kartı hesabına ödənilməsini həyata keçirmişdir və bu yolla xeyli sayda qanunsuz əməllərə yol vermişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin 5.1, 5.2 və 7.6-cı bəndlərində nəzərədə tutulmuş tələblərini də, kobud şəkildə pozmuşdur. 2025ci ilin əvvəlindən – xx.xx.2025-ci il tarixədək o, artıq hiss etməyə başladı ki, müştərilər servisə artıq gəlmirlər və onun gəliri əvvəlki aylarla müqayisədə əhəmiyyətli şəkildə azalmağa doğru gedir. Bununla bağlı daxili araşdırma apardıqdan sonra ona məlum olmuşdur ki, bütün bu hadisələrin əsl səbəbkarı cavabdehdir. Bununla bağlı daxili iclas edərkən də bütün bu faktlar öz təsdiqini tapmışdır. Öncə qeyd edilənləri digər işçilər olan X12, X9 və servisin müştərisi olan X13 tərəfindən verilmiş izahatlar, müştəri tərəfindən cavabdehin şəxsi bank kartına ödənişlərin edilməsinə dair çıxarışlar, xx.xx.2025-ci il tarixli audit rəyi də təsdiq edir. xx.xx.2025-ci il tarixli audit rəyinə əsasən cavabdehin etdiyi qanunsuz hərəkətlər nəticəsində ona 13285 manat məbləğində maddi ziyan vurulmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçıya maddi ziyan vurduğu üçün iddiaçı tərəfindən ona ödənilməli olan son ayın əmək haqqısı olan 364,50 manat əmək haqqı və 251.37 manat məzuniyyət haqqı – cəmi 615,87 manat ödənilməmişdir. Bu səbəbdən həmin məbləğ ona vurulmuş cəmi maddi ziyan məbləği olan 13285 manatdan çıxılmalı və yerdə qalan 12669,13 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmçinin, cavabdeh qəsdən əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmuşdur və işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə maddi ziyan vurulmuşdur. Cavabdeh öncə qeyd olunanlar azmış kimi xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025ci il tarixlərdə işəgötürənə hər hansı yazılı və şifahi qaydada məlumat vermədən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir və bu səbəbdən o, əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin tarixlərə müvafiq işçilərin iştirakı ilə aktlar tərtib edilmiş və həmin aktlar da iddia ərizəsinə əlavə olunmuşdur.

9. Tərəflərin mövqeləri:

10. Məhkəmə iclaslarında iştirak edən iddiaçı-cavabdeh İddiaçı və onun nümayəndəsi – Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdilər ki, İddiaçı işdən çıxarılma əsasları qanunsuzdur. O, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin tələbinə əsasən tutduğu vəzifədən azad olunmalıdır. Ona qarşı zor tətbiq edildiyi və döyülüdüyü üçün işə çıxmamışdır. Döyülməsi faktı isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiqini tapmışdır. Cavabdeh iddiasında qeyd etdiyi halları qəbul etmir, o, işlədiyi müddətdə anbara cavabdehlik daşımamış və qeyd edilən ehtiyyat hissələri ona təhvil verilməmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini, Cavabdeh iddiasının isə təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclaslarında iştirak edən iddiaçı-Cavabdeh və nümayəndəsi - vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdilər ki, İddiaçı əmək müqaviləsi üzrə nəzərdə tutulmuş vəzifə öhdəliləklərini kobud şəkildə pozmuşdur, vəzifəsinin icrasında kobud pozuntulara yol vermişdir, həmçinin avtoservisin gəlirlərinin azalmasına səbəb olmaqla və ehtiyyat hissələrini mənimsəməklə işəgötürənə maddi ziyan vurmuşdur. İddiaçı iddiasında qeyd etdiyi halları qəbul etmir, işlədiyi müddətdə anbarın açarının biri cavabdehdə olmuşdur, anbara daxil olan ehtiyyat hissələri və digər mallara görə cavabdehlik daşıyan şəxsdir. Cavabdeh iddia tələbinin təmin edilməsini, İddiaçı iddiasının isə təmin edilməməsini xahiş etdi.

12. Tədqiq olunan sübutlar:

13. xx.xx.2025-ci il tarixli “Xidmət üçün müraciətlə bağlı” Bildirişdən görünür ki, İddiaçı elektron kabinet vasitəsi ilə işdən azad olunması ilə bağlı Cavabdeh müraciət etmişdir.

14. xx.xx.2025-ci il tarixli Əmək müqaviləsindən görünür ki, İddiaçı fərdi sahibkar olaraq fəaliyyət göstərən Cavabdeh tərəfindən “Nəzarətçi” vəzifəsinə işə qəbul edilmişdir.

15. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, X10 və Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (Döymə) ilə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.

16. xx.xx.2025-ci il tarixli “Maliyyə hesabatları və müstəqil audit” Rəyinin surətindən görünür ki, hesabat dövründə zərər məbləği 13285 manat təşkil etmişdir.

17. xx.xx.2025-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrin surətindən görünür ki, nəzarətçi İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Nəzarətçi İddiaçı tərəfindən mülkiyyətçiyə vurulmuş ziyanın tam məbləği müəyyən edilənədək onun 2025ci ilin yanvar-iyul ayları üzrə əmək haqqı ilə yanaşı istifadə edilməmiş əmək məzuniyyətinə görə ödəniləcək pul əvəzi də fərdi sahibkar Cavabdeh xeyrinə tutulmuşdur.

18. 02.06.2025-ciil tarixli “İzahat”ın surətindən görünür ki, müəssisədə “elektrikçi” vəzifəsində işləyən X12 yazılı izahat verərək, İddiaçı kommersiya sirrinin yayılmasına zidd olaraq və işlədiyi müəssisəyə xəyanət edərək müəssisənin rəhbərliyindən gizli şəkildə eyni xidmətləri göstərən digər müəssisə yaratmış və onun işlədiyi yerdən çıxaraq onun yaratdığı yeni müəssisəyə işə düzəlməsi barədə ona dəfələrlə (daha çox əmək haqqı verəcəyi əsası ilə) təkliflər etdiyini və hətta ona yeni yaratdığı həmin yeri (Babək prospektində yerləşir) də, göstərdiyini bildirmişdir. Verilmiş təklifə cavab olaraq bildirmişdir ki, o, müəssisəyə xəyanət edə bilməz və təklifi rədd etmişdir. Əlavə olaraq bildirir ki, qeyd edilən təklifi müəssisnin digər işçilərinə də etmişdir. Xüsusi ilə bildirir ki, İddiaçı bu hərəkətləri nəticəsində müəssisəyə gələn müştərilən sayı əhəmiyyətli şəkildə azalmışdır.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş müəssisədə “elektrikçi” vəzifəsində işləyən X12 yazılı izahatına qismən uyğun izahat vermiş və məhkəmənin digər müəssisələr tərəfindən daha yüksək əmək haqqı ilə iş təklifi gələrsə həmin təklifi qəbul edərmi sualına, rəhbərlikdən razı olduğu və aralarında el deyimi ilə “düz-çörək” kəsdikləri üçün iş yerini dəyişməzdi. Verilmiş digər suallara cavab olaraq bildirmişdir ki, işlədiyi müddətdə işində yubanma olmamış və tələb etdiyi ehtiyyat hissələri ona vaxtında təhvil verilmişdir. Tələb etdiyi halda hər-hansı ehtiyyat hissəsinin təqdim edilmədiyinin şahidi olmamışdır.

20. 03.06.2025-ciil tarixli “İzahat”ın surətindən görünür ki, müəssisədə “çilingər” vəzifəsində işləyən X9 yazılı izahat verərək, İddiaçı kommersiya sirrinin yayılmasına zidd olaraq və işlədiyi müəssisəyə xəyanət edərək müəssisənin rəhbərliyindən gizli şəkildə eyni xidmətləri göstərən digər müəssisə yaratdığını və onun işlədiyi yerdən çıxaraq onun yaratdığı yeni müəssisəyə işə düzəlməsi barədə ona bir neçə dəfə (daha çox əmək haqqı verəcəyi əsası ilə) təkliflər etdiyini bildirmişdir. Hüseynə bildirmişdir ki, müəssisəyə 400 manat borcu var və buna görə işdən çıxa bilməyəcək, o, həmin vəsaitin bank kartı vasitəsi ilə ona göndərilməsini təmin etmişdir. Bununla bağlı sübut da vardır. Bütün bunlara baxmayaraq o, Hüseynə bildirimişdir ki, o, müəssisəyə xəyanət edə bilməz və bu səbəbdən ona etdiyi yeni iş təklifini rədd etmişdir. Əlavə olaraq bildirir ki, qeyd edilən təklifi müəssisnin əksər işçilərinə də etmişdir. Xüsusi ilə bildirir ki, İddiaçı bu hərəkətləri nəticəsində müəssisəyə gələn müştərilən sayı əhəmiyyətli şəkildə azalmışdır.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş müəssisədə “çilingər” vəzifəsində işləyən X9 yazılı izahatına uyğun izahat vermiş və məhkəmənin digər müəssisələr tərəfindən daha yüksək əmək haqqı ilə iş təklifi gələrsə həmin təklifi qəbul edərmi sualına, cavab olaraq rəhbərliklə müzakirə edəcəyini, əgər əmək haqqı qaldırılsa verilmiş təklifi qəbul etməyəcəyini, əmək haqqı qaldırılmasa təklifi dəyərləndirə biləcəyini bildirmişdir. Məhkəmənin İddiaçı eyni məzmunlu təklifinin hansı səbəbdən rədd edilməsi ilə bağlı sualına, şahid X9 yazılı izahatı ilə ziddiyyət təşkil edən məzmunda cavablar verərək, sonda təklifi məhz İddiaçı şəxsi ilə bağlı mənfi düşüncədə olduğu üçün rədd etdiyini bildirmişdir. Həmçinin, məhkəmənin digər sualına cavab olaraq X9 400 manat pul vəsaitini Hüseyndən almaq məqsədi ilə müəssisəyə borcu olması fikrini uydurduğunu bildirmişdir.

22. 03.06.2025-ciil tarixli “İzahat”ın surətindən görünür ki, X13 yazılı izahat verərək, avtomobilində nasazlıq olduğu üçün avtomobilin təmir etdirmək məqsədi ilə müəssisəyə gəldiyini bildirmişdir. Xidmət haqqı olaraq bildirilmiş cəmi 300 manatın 50 manatını İddiaçı müraciəti əsasında ona ödəmişdir. Bununla bağlı bank çıxarışı da var. Sonradan ona məlum olmuşdur ki, İddiaçı həmin ödənişi aidiyyatı üzrə verməmişdir və mənimsəmişdir.

23. xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli “İşçinin iş vaxtında işdə olmaması barədə” Aktların surətələrindən görünür ki, nəzarətçi İddiaçı göstərilən tarixlərdə bütün iş günü ərzində iş yerində olmaması müəyyən edilmişdir.

24. 21.06.2025-ci il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı bank kartına ardıcıllığa uyğun olaraq 20 manat və 30 manat məbləğində vəsait köçürülmüşdür.

25. xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, "xxxx" MMC-nin baş auditoru Fərman Süleymanov xx.xx.2025-ci il tarixli “Maliyyə hesabatları və müstəqil audit” Rəyini izah verərək, İddiaçı işlədiyi müddətdə müəssisə tərəfindən 465642 manat 72 qəpik dəyərində xaricdən mal idxal olunduğunu, həmin dövr üzrə aparılmış inventarizasiya və audit yoxlamaları nəticəsində 7685 manat 26 qəpik məbləğində maldan azalma və 5599 manat 74 qəpik məbləğində maddi zərər müəyyən edildiyini, ümumi zərər məbləğinin 13285 manat təşkil etdiyini göstərmişdir.

26. xx.xx.2025-ci il tarixli Fərdi Sahibkar Cavabdeh müəssisəsində "xxxx" MMC tərəfindən aparılmış inventarizasiya haqqında Arayışdan görünür ki, aparılmış yoxlama zamanı müəssisəyə idxal olunmuş malın miqdarı 465642 manat 76 qəpik təşkil edir. Satış edilmiş malın məbləği 176586 manat 78 qəpik olmuş, faktiki mal qalığı 289055 manat 97 qəpik olmalıdır, amma anbarda faktiki qalıq 281370 manat 71 qəpik təşkil edir. Beləliklə, anbarda 7685 manat 26 qəpik dəyərində mal əksikliyi müəyyən edilmişdir.

27. xx.xx.2025-ci il tarixli “xx.xx.2025-ci il tarixindən – xx.xx.2025-ci il tarixinə İnventarizasiya”dan görünür ki, 465642 manat 80 qəpik dəyərində 20719 ədəd (adda) mal idxal olunmuş, 176586 manat 78 qəpik qəpik dəyərində 14046 ədəd (adda) mal satılmış, 289055 manat 97 qəpik dəyərində 6673 ədəd (adda) mal qalığı olmalıdır, 7685 manat 26 qəpik dəyərində 320 ədəd (adda) mal əksik gəlmiş, faktiki olaraq 281370 manat 71 qəpik dəyərində 6353 ədəd (adda) mal anbar qalığı mövcuddur.

28. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il dövrü əhatə edən müddət üçün Cavabdeh tərəfindən 238933 ABŞ dolları (təxminən 406186 manat 10 qəpik) invoys dəyərində mal idxal olunmuşdur. Həmin idxalın bir qismi 66128 ABŞ dolları (təxminən 112417 manat 60 qəpik) invoys dəyərində olan hissəsi xx.xx.2025-ci il tarixdə İddiaçı işə qəbul edilməmişdən öncə idxal edilmişdir.

29. 14.11.2025-ci il tarixli “İdxal əməliyyatları haqqında” Hesabatdan görünür ki, xx.xx.2025-dən xx.xx.2025-ci ilədək Cavabdeh Aöakərim oğlu tərəfindən 264490 ABŞ dolları 37 sent (təxminən 449633 manat 62 qəpik) statistik dəyərində mal idxal olunmuşdur.

30. Məhkəmə iclasında şahid qismində dindirilmiş avtoservisdə baş mühasib vəzifəsində işləyən X11 əsasən digər şahidlərin vermiş olduqları izahata oxşar izahat verərək, İddiaçı müəssisənin kommersiya sirrinin yaymasını, müəssisə ilə eyni xidmətləri göstərən digər müəssisə yaratması, daha çox əmək haqqı verəcəyi vədi ilə bir çox işçilərə yeni iş yeri təkliflərinin etməsini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, İddiaçı iyun ayında gödəkçəsinin içinə yerləşdirədərək gizli şəkildə mal çıxardığının şahid olmuş və bu barədə Hüseynə irad tutduğunu bildirmişdir. X17 xidmətin göstərilibgöstərilməməsi, göstərilmiş xidmətin dəyərinin nə qdərə olması barədə suala isə həmin gün qeyd edilən şəxsə xidmətin göstərilməməsi kimi Rəhimli Muradın yazılı izahatı ilə ziddiyyət təşkil edən cavablar vermişdir.

31. Məhkəmə, X4 əlavə olaraq video qeydiyyat aparılmaqla verilmiş izahatını əks etdirən diskə iş materiallarında yazılı izahatının olması səbəbi ilə baxış keçirilməsini zəruri hesab etməmişdir.

32. Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ƏM):

34. Maddə 2, 2-ci hissə - Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

35. Maddə 9, a və b bəndləri - əmək müqaviləsi üzrə işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüququ vardır.

36. Maddə 11, a və b bəndləri - əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır.

37. Maddə 12, a, b və e bəndləri - əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə aiddir.

38. Maddə 43, 2-ci hissə, e və x bəndləri - işçinin əmək funksiyası, tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar əmək müqaviləsində mütləq əsas şərt və məlumat olaraq göstərilməlidir.

39. Maddə 57, 1-ci hissə - işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.

40. Maddə 57, 2-ci hissə - əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir.

41. Maddə 57, 3-cü hissə - əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.

42. Maddə 68, 2-ci hissə, a bəndi - əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir.

43. Maddə 69, 1, 2 və 3-cü hissələr - işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

44. Maddə 70, ç bəndi - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

45. Maddə 71, 2-ci və 3-cü hissə - bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

46. Maddə 72, a, c, d və e bəndləri - özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi

47. Maddə 83, 4-cü hissə - əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

48. Maddə 191, 1-ci hissə - əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

49. Maddə 191, 2-ci hissə - aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

50. Maddə 192, 2-ci hissə - tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

51. Maddə 195, d bəndi - işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.

52. Maddə 199, 1-ci hissə - işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda.

53. Maddə 200, 1-ci hissə - istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

54. Maddə 200, 5-ci hissə - tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

55. Maddə 287 - fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

56. Maddə 288, a, d və ğ bəndləri - əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsinin bu Məcəllə ilə tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.

57. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının "15" noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2” ilə “Menecer” vəzifəsi üçün müəyyən edilmiş vəzifə funksiyalarına daxildir: müəssisənin müəyyən fəaliyyət sahəsi üzrə işləri təşkil edir. İşəgötürənin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işləri yerinə yetirir. İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik edir. Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təşkil edir. Rəhbərlik etdiyi fəaliyyət sahəsinin struktur bölmələri və ya işçiləri arasında iş bölgüsünü aparır. Həmin bölmələrin rəhbərləri ilə birgə sahənin fəaliyyət dairəsinə aid olan məsələləri müzakirə edir, onların həll edilməsi üçün tapşırıqlar verir. Sahənin işinin təşkili üçün zəruri olan kadrları seçir və əmək müqaviləsi bağlanılmaq üçün rəhbərliyə təqdim edir. Struktur bölmələrin işinə nəzarət edir. Onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrini tələb edir. Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb edir. Tabeliyində olan işçilərin əmək haqlarının artırılması və vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar verir.

58. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının "15" noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2” ilə “Anbar müdiri” vəzifəsi üçün müəyyən edilmiş vəzifə funksiyalarına daxildir: Mal-material qiymətlilərinin anbara, kirayə məntəqəsinə qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən, kirayə məntəqəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi. Lazım olan material və inventarın təcili tapılmasının təşkili. Anbara, kirayə məntəqəsinə yığılmış əmtəə-maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsi. Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi. Anbarda, məntəqədə yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi. Anbarda, məntəqədə əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasının və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsi. Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək.

59. 501 saylı X6 (bundan sonra 501 BAS) - mal-material ehtiyatlarının inventarizasiyasında iştirakın planlaşdırılması (və ya bu BAS-ın 4-8-ci maddələrinə uyğun olaraq audit prosedurlarının planlaşdırılması və tətbiqi) ilə bağlı məsələlərə aşağıdakılar daxildir: Mal-material ehtiyatları ilə bağlı əhəmiyyətli təhrif riskləri; Malmaterial ehtiyatları ilə bağlı daxili nəzarətin xüsusiyyəti; Mal-material ehtiyatlarının inventarizasiyası üçün adekvat prosedurların müəyyənləşdirilməsinin nəzərdə tutulubtutulmaması və müvafiq təlimatların verilib-verilməməsi. Mal-material ehtiyatlarının inventarizasiyasının müddəti; Müəssisədə ehtiyatların daimi inventarizasiya uçotu sisteminin mövcudluğu; Mal-material ehtiyatlarının inventarizasiyasının keçirildiyi yerlər, eləcə də iştirakın münasib olduğu yerləri müəyyən edərkən mal-material ehtiyatlarının əhəmiyyətliliyi və müxtəlif yerlərdə əhəmiyyətli təhrif riskləri; Auditorun ekspertinin cəlb edilməsi zərurəti.

60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra MPM):

61. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işidüzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

62. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

63. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

67. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

68. Məhkəmə iddiaçının və cavabdehin, həmçinin onların nümayəndələrinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi, əmək haqqı və s. tələbinə” dair iddia tələbi qismən təmin edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə” dair iddia tələbi təmin edilməməlidir.

69. İddiaçı iddia tələbi üzrə:

70. İş materiallarından müəyyən edilir ki, İddiaçı 28 yanvar 2025-ci il tarixdən fərdi sahibkar Cavabdeh “İtaqlaz” avtotəmir müəssisəsində nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

71. Məhkəmə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini əsassız hesab edir.

72. Belə ki, hazırki qətnamənin 13-cü və 15-ci bəndələrində göstərilən sənədlərlə müəyyən edilir ki, İddiaçı iş yerində X19 və X3 tərəfindən döyüldüyü üçün xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə işəgötürən olaraq Cavabdeh tutduğu vəzifədən azad olunması barədə bildiriş ünvanlamışdır.

73. İş yerində döyülməsi səbəbi ilə İddiaçı işdən azadolma barədə ərizəni yazılı formada kağıc daşıyıcıda işəgötürənə təqdim etməməsi və elektron bildiriş verildikdən sonra işə çıxamaması ƏM-in 69-cu maddəsinin 1-ci hissəsinin və 72-ci maddəsinin “a” bəndinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz.

74. İddiaçı döyülməsi nəticəsində xəsarət alması hazırki qətnamənmin 15-ci bəndində göstərilən sənəddə istinad olunan xx.xx.2025-ci il tarixli, 718 saylı ekspert rəyi ilə təsdiqini tapmışdır.

75. Belə olan halda, İddiaçı işə çıxmamasının üzürlü səbəbi kimi ƏM-in 72-ci maddəsinin “a” bəndində göstərilən özünün xəstəliyi ilə bağlı istisna halın mövcud olması çıxış edir.

76. Məhkəmə, Cavabdeh və onun nümayəndəsinin qeyd edilən iddia tələbinə etirazlarının əsaslarından biri kimi İddiaçı bir ay qabaqcadan xəbərdarlıq etməklə tutduğu vəzifədən azad olunması barədə ərizə vermək hüququnun olması, eləcədə işəgötürən olaraq Cavabdeh İddiaçı ərizəni aldıqdan sonra 1 ay müdətində işdə saxlamaq hüququnun olması ilə bağlı dəlillərini ağlabatan hesab etmir.

77. Belə ki, mübahisələndirilən əmr qəbul edilməmişdən öncə iş yerində işəgötürən tərəfindən döyülmüş, maddi ziyan vurmaqda, müəssisənin kommersiya sirrini yaymaqda, müştərilərin başqa avtotəmir müəssisələrinə yönəltməkdə ittiham olunan işçinin əlavə olaraq bir ay iş yerində saxlanılması istəyinin olması səmimi və məntiqli görünmür.

78. Cavabdeh və onun nümayəndəsinin qeyd edilən iddia tələbinə etirazlarının digər əsaslarından biri kimi İddiaçı əmək müqaviləsinin 5.1, 5.2 və 7.6-cı bəndlərinin tələblərini pozaraq cavabdehə maddi ziyan vurması, kommersiya və istehsal sirrinin yayılması və bu sirrin qorunması üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, göstərilən halları təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmədə tədqiq olunmuş sübutlarla isə öz təsdiqini tapmamışdır.

79. Məhkəmə, Cavabdeh və onun nümayəndəsinin qeyd edilən iddia tələbinə etirazlarının digər əsaslarından biri kimi İddiaçı müəssisənin müştərisi olan X7 göstərilmiş xidmətlərə görə 300 manat xidmət haqqının 50 manat hissəsini öz bank kartı hesabına ödətdirməklə mənimsəməsi ilə bağlı dəlillərini əsaslı hesab etmir.

80. Belə ki, məhkəmə tərəfindən müəssisənin müştərisi X7 21 iyun 2025-ci il tarixdə göstərilmiş xidmətlərin ümumi dəyərinin müəyyən edilməsi və hansı məbləğdə vəsaitin müəssisənin xəzinəsinə daxil edildiyi, hansı məbləğin daxil edilmədiyinin aydınlaşdırılması məqsədi ilə həm şahid qismində dindirilmiş - müəssisənin baş mühasibi vəzifəsində çalışan X5, həm də Cavabdeh ünvanlanmış suallara dəqiqliklə cavab verilməmiş və həmin halları təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Hətta şahid X11 göstərilən tarixdə X7 xidmətin göstərilmədiyini bildirmişdir.

81. Məhkəmə, göstərilənlərə əsasən, qeyd edilən vəsaitin müştəri tərəfindən xidmət haqqı kimi deyil, məhz bəxşiş kimi verildiyini daha ağlabatan hesab edir.

82. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2025-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrin ləğv edilməsini, son haqq-hesab edilməklə ona ödənilməmiş son ayın əmək haqqının ödənilməsi, mediasiyaya ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

83. Məhkəmə iddianın məcburi işburaxmaya görə dəymiş ziyanın, həmçinin vəkilə ödənilmiş 500 manat pulu tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.

84. Belə ki, 500 manat pul vəsaitinin vəkilə ödənilməsini təsdiq edən ödəniş sənədi iddia ərizəsinə əlavə edilməmişdir.

85. İddianın məcburi işburaxmaya görə dəymiş ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunmasının tələb edilməsində əsil hüquqi marağının işə bərpa olunmağa deyil, məhz ƏM-in 70-ci maddəsinin “ç” bəndinə ilə xitam verilməsinin ləğv edilməsinə və bununla da, əmək müqaviləsinə ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsinə nail olmağa yönəldiyindən, eləcə də, İddiaçı məcburi işburaxma halı mövcud olmadığından iddianın həmin hissədə təmin edilməsi üçün əsaslar yaranmışdır.

86. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 07 nömrəli, 04 iyul 2025-ci il tarixli əmr ləğv edilməli, son haqq-hesab aparılmaqla ödənilməmiş əmək haqqı hesablanaraq, İddiaçı ödənilməli, mediasiya xərci olaraq İddiaçı tərəfindən ödənilmiş 50 manat pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir.

87. İddiaçı Cavabdeh iddia tələbi üzrə:

88. İş materiallarından müəyyən edilir ki, İddiaçı 28 yanvar 2025-ci il tarixdən fərdi sahibkar Cavabdeh “İtaqlaz” avtotəmir müəssisəsində nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

89. İddiaçı Cavabdeh tərəfindən iddia olunur ki, cavabdeh İddiaçı əmək müqaviləsinin 5.1, 5.2 və 7.6-cı bəndlərinin tələblərini pozaraq, kommersiya və istehsal sirrinin yaymış, bu sirrin qorunması üzrə öhdəliklərini yerinə yetirməmiş, ehtiyyat hissələrini anbardan çıxararaq mənimsəmiş, müəssisənin müştərilərini başqa avtotəmir müəssisələrinə yönəltmiş və nəticədə iddiaçıya 13285 manat məbləğində maddi ziyan vurulmuşdur.

90. Maddi ziyanın vurulması hazırki qətnamənin 16, 18, 20, 22-29-cu bəndlərində göstərilən sənədlərlə və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə əsaslandırılır.

91. Məhkəmə, iddiaçıya maddi ziyanın vurulması, xüsusəndə həmin ziyanın məhz cavabdeh İddiaçı tərəfindən vurulması ilə bağlı qeyd edir ki, işəgötürənə işçi tərəfindən maddi ziyanın vurulması ilə bağlı işçinin məsuliyyət daşıması üçün əmək qanunvericiliyi ilə bir sıra şərtlərin eyni anda mövcud olması tələbi müəyyən edilmişdir.

92. Həmin şərtlər ƏM-in 191-ci maddəsinin 2-ci hissəsində göstərilmiş və ziyanın həqiqətən vurulduğunun aşkar olması, təqsirkarın əməlinin, yəni hərəkətinin və ya hərəkətsizliyinin qanuna zidd olması və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması şərtlərinin eyni zamanda ödənilməsi halında işçi işəgötürən qarşısında vurulmuş ziyana görə maddi məsuliyyət daşıyır.

93. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, cavabdeh İddiaçı “İtalqaz” avtotəmir müəssisəsində nəzarətçi vəzifəsində işləməklə əmək müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, əmək funksiyası ustalara və sexdə olan iş və proseslərə nəzarət etməkdən ibarət olmuşdur.

94. Məhkəmə araşdırması ilə, cavabdehlə iddiaçı arasında əmək müqaviləsi bağlanan anda və ya iş prosesi dövründə əlavə olaraq vəzifə təlimatının imzalanması və bununla da, əmək müqaviləsində göstərilən əmək funksiyasından əlavə əmək funksiyalarının icra edilməsi öhdəliyinin cavabdeh tərəfindən üzərinə götürməsi halı müəyyən edilməmişdir. İddiaçı və onun nümayəndəsi tərəfindən vəzifə təlimatının imzalanmadığı bildirilmişdir.

95. Bununla da, cavabdehin əmək funksiyasının yalnız ustalara və sexdə olan iş və proseslərə nəzarət etmək olduğu təsdiqini tapmışdır.

96. Həmçinin qeyd edilməlidir ki, cavabdeh İddiaçıun tutduğu vəzifənin adı işəgötürən tərəfindən “Nəzarətçi” olaraq adlandırılsa da, mahiyyət etibarı ilə menecer, idarəedici, administrator, inzibatçı vəzifələrinin əmək funksiyalarını əhatə edir (Qətnamə bənd 57).

97. Məhkəmə araşdırması ilə, İddiaçı əmək funksiyalarına anbarın iş prosesinin təşkil edilməsinin daxil olması öz təsdiqini tapmadığından sonuncunun maddi məsul şəxs olaraq anbara daxil olan (təhvil verilən) mallara görə məsuliyyət daşıması üçün əsaslar müəyyən edilməmişdir.

98. Belə ki, Cavabdeh tərəfindən iş materiallarına anbara daxil olan (təhvil verilən) malların cavabdehə təhvil verilməsinə dair hər-hansı sübut (təhvil-təslim aktı, qaimə-faktura və bu kimi digər sənədlər) təqdim edilməmişdir.

99. Əlavə olaraq, qeyd edilməlidir ki, nəzarətçi (menecer, administrator və s.) vəzifələrinin əmək funksiyası anbardar və ya anbar müdiri vəzifələrinin əmək funksiyalarından fərqlidir (Qətnamə bənd 58).

100. Maddi ziyanın vurulmasını təsdiq edən sübut kimi təqdim edilmiş xx.xx.2025-ci il tarixli “Maliyyə hesabatları və müstəqil audit” Rəyi ilə bağlı məhkəmə qeyd edir ki, həmin rəylə aşkar olunmuş ziyanın məhz cavabdeh tərəfindən vurulması müəyyən edilmir.

101. Üstəlik, qeyd edilən rəyin tərtib edilməsi zamanı müvafiq inventarizasiyanın aparılması ilə bağlı iddiaçı tərəfindən təqdim edilən sənədlə müəyyən edilir ki, audit rəyi 30 iyun 2025-ci il tarixdə tərtib olunsa da, inventarizasiyanın həyata keçirilməsi ilə bağlı sənədləşmə xx.xx.2025-ci il tarixdə aparılmışdır. Bu hal isə, inventarizasiyanın audit rəyinin tərtib olunmasından əvvəl həyata keçirilməsinə əsaslı şübhələr yaradır.

102. Eyni zamanda, qeyd edilməlidir ki, aparılmış audit yoxlaması, xüsusən inventarizasiyanın aparılması qətnamənin 59-cu bəndində istinad olunan audit standartlarına uyğun aparılmamışdır.

103. Belə ki, inventarizasiya aparılarkən mal-material ehtiyatları ilə bağlı əhəmiyyətli təhrif riskləri, mal-material ehtiyatları ilə bağlı daxili nəzarətin xüsusiyyəti, mal-material ehtiyatlarının inventarizasiyası üçün adekvat prosedurların müəyyənləşdirilməsinin nəzərdə tutulub-tutulmaması və müvafiq təlimatların verilibverilməməsi, mal-material ehtiyatlarının inventarizasiyasının müddəti, müəssisədə ehtiyatların daimi inventarizasiya uçotu sisteminin mövcudluğu, mal-material ehtiyatlarının inventarizasiyasının keçirildiyi yerlər, eləcə də iştirakın münasib olduğu yerləri müəyyən edərkən mal-material ehtiyatlarının əhəmiyyətliliyi və müxtəlif yerlərdə əhəmiyyətli təhrif riskləri auditor nəzərə alınmamışdır.

104. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməməli, iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

105. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi, əmək haqqı və s. tələbinə” dair iddiası qismən təmin edilsin. “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 07 nömrəli, 04 iyul 2025-ci il tarixli əmr ləğv edilsin. Son haqq-hesab aparılmaqla ödənilməmiş əmək haqqı hesablanaraq, İddiaçı ödənilsin. Mediasiya xərci olaraq İddiaçı tərəfindən ödənilmiş 50 manat pul Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh cavabbeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin.

Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar