Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1503/2024 07.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh X5 Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X5 Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X5 Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması barədə verilmiş əmrin ləğv edilməsi, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və mediasiya xərci olaraq ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə Bakı Slavyan Universitetinin “Filologiya, rus dili və ədəbiyyatı” ixtisası üzrə Ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi almış, Qobustan rayonu Təklə kənd orta məktəbinə xx.xx.2004-cü ildə 99 nömrəli əmrlə ixtisası üzrə “Rus dili” müəllimi üzrə əmək müqaviləsi bağlanılmış və işə qəbul edilmişdir. Əsas ixtisas fənninin “Rus dili” olmasına baxmayaraq, “Rus dili” dərs saatlarının azalması ilə əlaqədar, 2006-cı ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə yenidənhazırlaşma təhsilinin tam kursunu bitirib, Azərbaycan dili və ədəbiyyat ixtisası diplomu almışdır. Həmin vaxtlardan əsas fənnin “Rus dili” olmasına baxmayaraq, əlavə dərs saatı kimi Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərs demişdir. 2016-cı ildə Azərbaycan dili və ədəbiyyatı üzrə Diaqnostik qiymətləndirməyə cəlb edilmiş, 22 balla imtahandan keçmişdir. 2018-ci ildə yenidən Rus dili fənni üzrə də, Diaqnostik qiymətləndirmədə də, iştirak edib, 24 balla bu imtahandan keçmişdir. "Rus dili" fənnindən imtahandan keçməsinə baxmayaraq, xəbəri olmadan portalda 2023-cü ildə sertifkasiya imtahanında "Azərbaycan dili və ədəbiyyat fənni üzrə qeydiyyata alınmışdır. Dəfələrlə şifahi və yazılı ərizə ilə 26 aprel 2023-cü ildə Regional təhsil idarəsinə və Qobustan təhsil şöbəsinə müraciət edərək bildirib ki, əsas ixtisası "Rus dili" fənni olduğu üçün, onu ixtisasına uyğun sertifikasiya imtahanında iştirak etməsinə köməklik etmələrini xahiş etmişdir. İmtahanda iştirak etməyəcəyini bildirsə də, heç bir tədbir görülməmiş, imtahana getməyəcəyi tədqirdə, imtahandan kəsilmiş sayılacağı bildirilmiş və məcbur qalıb əlavə 5 saat tədris etdiyi fəndən 2023-cü ildə "Azərbaycan dili və ədəbiyyat" fənni üzrə birinci sertifkasiyada iştirak etmiş və 25 bal toplamışdır. 2024-cü il 8 iyun tarixində Şamaxı şəhəri 6 saylı məktəbdə keçirilən sertifikasiyada iştirak etmiş, iştirak zamanı imtahan zalında yanında oturan müəllimin kompüterində problemlərin olması və bütün nəzarətçilərin orada toplanmasından çox həyacanlanması və öz kompüterində texniki problemlərin olması müşahidə etmişdir. Bu səbəbə görə, çox böyük stress və həyacan yarandığı üçün, xarakter etibarı ilə və imtahan həyacanı ilə əlaqədar, bir neçə sualda düzgün cavablar bir-birinə yaxın olduğu üçün, dəqiq araşdıra bilməməsinə görə, subyektiv və obyektiv prosesə tam nəzarət edə bilməmişdir. Çərçivə sənədində metodika, yəni kurikuluma aid materiallar imtahan prosesi zamanı suallarda onun qənaitinə görə tam əhatə olunmadığı üçün, metodik suallarda müəyyən yanlışlıqlara yol verilmişdir. Özü sonda kompüterin bağlandığını hiss etmiş, stres və həyacanlı olması nəticə balının 28 olmasını başqa müəllim bildirmişdir. Elm və Təhsil Nazirliyi 10 iyun 2024-cü il tarixində Apellyasiya komissiyası yaratmış 1-2-3 bal az yığan müəllimlərə guya komissiyada imtahanda olan nöqsanları qiymətləndirəcəkdi. Yuxarıda göstərilən texniki və metodika ilə bağlı məsələnin olmasını qeyd etsə də, Apellyasiya komisiyyası tərəfindən dəqiq araşdırılma aparılmamışdır. Hamıya eyni hazırlanmış cavablar göndərilmişdir. Texniki məsələ ilə əlaqədar bildirilmişdir ki, “müraciətinizin araşdırılması məqsədilə imtahan zalının müvafiq kamera görüntülərinə baxılmış, proqram tarixçəsi və nəzarət qeydləri təhlil edilmişdir. Nəticədə imtahan zamanı qeyd etdiyiniz texniki nasazlığın baş verməsi halı təsdiqini tapmamışdır”. İxtisas və metodika ilə əlaqədar bildirilmişdir ki, Təhsilverənlər sertifkatlaşdırıİması prosesində qeyd olunan məsələ ilə bağlı hər hansı güzəşt tətbiq olunmur. Təkrar imtahanda keçid balını toplamayan təhsilverənlərlə iş üzrə komissiyalar 10 iyun 2024-cü il tarixindən fəaliyyətə başlayıbdır. Yerli təhsili idarəetmə orqanlarında yaradılmış bu komissiyalar tərəfindən təhsilverənlərin alternativ iş imkanlarına baxılır. Bu araşdırma tam əsassızdır, həmin məktəbin imtahan zalının kamera görüntüləri Məhkəmə ekspertizasına təqdim olunub araşdırılmalı idi. Elm və Təhsil Nazirliyinə xx.xx.2024-cü ildə yazılı və qaynar xətt vasitəsilə müraciət edilmiş və bildirilmişdir ki, sertifikasiyada əsas fənn - işə qəbul olunduğu fənnlərdən imtahan verməli idi, dərs zərurətilə verilmiş fənnlərdən sertifkasiya olunmamalıdır. Elm və Təhsil Nazirliyinin qaynar xəttindən bildirilmişdir ki, ikili təhsillilərin müraciətlərinə Regional Təhsil İdarələrində baxılır və onlara X5 Təhsil İdarəsinə yaxınlaşmalarını bildirmişdilər. xx.xx.2024-cü ildə Regional Təhsil İdarəsində olduqda isə, bir rəhbər ilə görüşdürməmiş və 9 saylı məktəbə göndərmişlər. X5 Tahsil İdarəsi Qobustan rayonu üzrə təhsil sektoru Təklə kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli 56 № li Əmrindən çıxarışla, Əmək müqaviləsi ləğv edilmiş, əsas 8 iyun 2024-cü il tarixində keçrilmiş təkrar sertifkatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il 3-29-69/3-2-13F/2024 nömrəli əmri ilə məktəbin direktoru səlahiyyətlərini icra edən tərəfindən Əmək müqaviləsinə xitam verilmişdir. İlkin olaraq 25 iyul 2024-cü il tarixində Şamaxı rayonunda fəaliyyət göstərən Mediasiya qurumuna müraciət etmiş və onun qeyri-qanuni sertifikasiyaya cəlb edib, qanunsuz işdən çıxarılmağı ilə bağlı yenidən işə bərpa olunmasına dair ərizə təqdim edilmişdir. 14 avqust 2024-cü ildə saat 15:00-da Mediasiya qurumundan cavabdeh X5 Təhsil İdarəsinin rəhbər vəzitəli şəxsləri iştirak etməmiş, etibarnamə əsasında idarənin baş mühasibi iştirak etmiş və onunla heç bir razılaşma səlahiyyəti olmadığını bildirmişdir. Buradan da, görünür ki, X5 Təhsil İdarəsi dövlət orqanlarının çağırışlarını qanunu icra edilməsini rəhbər şəxslərinin savadsızlığından, işçilərin əmək müqaviləsinin qanunsuz xitamına gətirib çıxartmışdır. X4 Xidməti bu məsələni araşdırmalı, qanunvericiliyə uyğun şəxsi inzibati qaydada cərimə etməlidir, Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə üraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə bərpa edilməsi haqqında qətnamə qəbul edilərsə, onda işə götürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi dərhal icra edilərək, o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə bərpa olunmalıdır. Bildirir ki, 2004-cü ildə əmək kitabçasında göstərilmiş “Rus dili müəllimi” kimi işə qəbul olmuş, əmək kitabçasında 2016-cı ildə heç bir fənn dəyişmə ilə bağlı qeyd edilməmiş, əmək kitabçasına 2024-cü ildə Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi sertifikasiyadan keçmədiyi üçün, işdən çıxarılmağı barədə qeyd edilmişdir. Bununla da, Təhsil İdarəsi qanunun tələblərini pozmuşdur. Qeyd etmək istəyir ki, X5 Təhsil İdarəsi 500-ə qədər şagirdi olan məktəblərə direktor vəzifəsi üçün boş olan vakant yerlərə sənəd qəbulu elan etmişdir. 26 avqust 2024cü il tarixində sənədlərini qeydiyyatdan keçirmək istəyərkən, bildirmişlər ki, hal-hazırda işdən çıxarılmış müəllimlər vakant olan yerlər üzrə test və müsabiqədə iştirak edə bilməz. Bu səbəbdən də, X5 Təhsil İdarəs onun sənədlərini qeydiyyata almamış geri qaytarmışdır. Məhkəmə iclasında idiaçı İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, İddiaçı təhsilverənlərin sertifikatlaşma imtahanında rus dili fənni üzrə iştirak etməsi barədə nə Qobustan rayonu üzrə təhsil sektoruna, nə də X5 Təhsil İdarəsinə rəsmi olaraq müraciət etməmişdir. Məhkəmə iclasında cavabdeh X5 Təhsil İdarəsinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək göstərdi ki, iddiaçı Alışova X1 rayon Təklə kənd tam orta məktəbinə rus dili fənni üzrə müəllim təyin olunmuşdur. İddiaçının təhsilverənlərin sertifikatlaşma imtahanında rus dili fənni üzrə iştirak etməsi barədə nə məktəb rəhbərliyinə, nə Qobustan rayonu üzrə təhsil sektoruna, nə də X5 Təhsil İdarəsinə heç bir rəsmi müraciəti daxil olmamışdır. Alışova X1 rayon Təklə kənd tam orta məktəbində işlədiyi müddətdə, Azərbaycan dili və ədəbiyyat və rus dili fənləri üzrə dərs tədris etmişdir. İddiaçı 2023-cü ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə təhsilverənlərin sertifikatlaşdırma prosesinin test mərhələsində 30 (otuz) baldan az toplamış və ona 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. İddiaçı 2024-cü ildə təhsilverənlərin təkrar sertifikatlaşdırmada test mərhələsindən uğur qazanmamış və 2024-cü ilin iyun ayının 27-də peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, işdən azad edilmişdir. İkili ixtisas aparan təhsilverənlərin serifikasiyaya cəlb olunması təhsilverənin rəsmi müraciəti əsasında aparılır. Onun bu iddiası barədə məktəb rəhbərliyinə heç bir rəsmi müraciəti olmamışdır. Bundan başqa, iddiaçının məşğulluq alt sistemində əmək müqaviləsi Ana dili və ədəbiyyat müəllimi kimi bağlanmışdır. İddiaçı Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında ilk dəfə olaraq, Azərbaycan dili və ədəbiyyat fənni üzrə könüllü olaraq iştirak etmişdir. Göstərilənlərə əsasən, iddia tələbini əsassız hesab edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Həsənova (Alışova) İradə Sədrəddin qızı 2004cü ildə Bakı Slavyan Universitetini bitirmiş, ona filologiya, rus dili və ədəbiyyatı ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, İddiaçı 2006-cı ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə yenidən hazırlanma təhsilinin tam kursunu bitirmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı ilə işəgötürən X5 Təhsil İdarəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə, İddiaçı Qobustan rayon Təklə kənd tam orta məktəbinə Ana dili və ədəbiyyat fənləri üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarından görünür ki, X5 Təhsil İdarəsi Qobustan rayonu üzrə Təhsil Sektoru Təklə kənd tam orta məktəbin 27 iyun 2024-cü il tarixli 56 nömrəli əmrindən çıxarışda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə verənlərə münasibətdə digər dövlət təhsil müəsissələrində) işləyən təhilverənlərin serfizikatlaşdırma Qaydası” nın 5.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə, 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhslverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Qobustan rayon Təklə kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün, onunla bağlanmış əmək müqaviləsinin 27 iyun 2024-cü ildən ləğv edilməsi əmr edilmişdir. İş materiallarında olan X5 Təhsil idarəsinin hazırki iş üzrə iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətində göstərilir ki, “sizinlə direktor arasında bağlanmış elektron əmək müqaviləsi Ana dili və ədəbiyyat fənnindən olmuş və sizin sertifikatlaşdırma imtahanı ilə bağlı 2023-cü ildə X5 Təhsil idarəsinə heç bir müraciətiniz daxil olmamışdır. Sizin müraciətiniz təhsilverəninlərin təkrar sertivikatlaşdırlması imtahanından sonra olmuşdur”. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Alışova X1 rayon Təklə kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işə qəbul olunmuşdur. O, işlədiyi müddətdə Azərbaycan dili və ədəbiyyat və rus dili fənləri üzrə dərs tədris etmişdir. İddiaçı 2023-cü ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə təhsilverənlərin sertifikatlaşdırma prosesinin test mərhələsində 30 baldan az toplamış və ona 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. İddiaçı 2024-cü ildə təhsilverənlərin təkrar sertifikatlaşdırmada test mərhələsindən uğur qazanmamış və 2024-cü ilin iyun ayının 27-də peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, işdən azad edilmişdir. İkili ixtisas aparan təhsilverənlərin serifikasiyaya cəlb olunması təhsilverənin rəsmi müraciəti əsasında aparılır. Onun bu iddiası barədə məktəb rəhbərliyinə və ya Təhsil İdarəsinə heç bir rəsmi müraciəti olmamışdır. Göründüyü kimi, İddiaçı 2024-cü ildə təhsilverənlərin təkrar sertifikatlaşdırmada test mərhələsindən uğur qazanmamış və 2024-cü ilin iyun ayının 27-də peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə, işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. 43-cü maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 68-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və mövcud qanunvericiliyin normalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, işdən azad olunma barədə əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X5 Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1503/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1503/2024
07.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver