Məhkəmə qərarları › İş №2(074)-151/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-151/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-151/2022 28.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1600 manat borc məbləğinin və dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri Sülh küçəsi, 76-ci məhəllədə yerləşən Roomstore mebel mağazasında mebel satışı ilə məşğuldur. Cavabdeh 21.04.2015-cı il tarixində övladına cehiz almaq və pulunu toydan sonra ödəcəyini bildirməklə mebel satışı mağazasından 1600 manat dəyərində yataq dəsti, 1600 manat dəyərində qonaq dəsti və 600 manat dəyərində divan-kreslo ümumu dəyəri 3800 manat olmaqla mebel götürmüşdür. Həmin 3800 manat dəyərində olan mebel dəstlərini İsmayıllı rayonuna aparıb qızının evinə təhvil vermişdir. Həmin pulun 2200 manat qədərini öz aralarında müəyyənləşdirilmiş vaxtdan çox gec olmaq şərti ilə hissə-hissə ödəmiş, lakin ona borclu olduğu 1600 manat pulu dəfələrlə cavabdeh şəxsə zəng etsədə zənglərinə müxtəlif bəhanələr gətirmiş, sonradan isə cavab verməmiş və müxtəlif bəhanələr gətirərək indiyədək ödəməmişdir. Buda onun işdə olan etibarına və həmçinin maddi durumuna çətinlik yaratmış və Cavabdeh ona həm mənəvi həmdə maddi cəhətdən ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə mebel satışını heç bir sənədləşmə aparmadan həyata keçirmiş və ödənişləri də cavabdeh əlbəəl ona təqdim etmişdir. Yəni cavabdehin ödəniş etməsi barədə də heç bir sübut təqdim edə bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsində Cavabdeh mebel satışına görə ona 1600 manat borclu olduğunu və həmin pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin ona 1600 manat pulun borclu olmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı oğlu cavabdeh tərəfindən ona ümumilikdə 1600 manat məbləğində pul borclu olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı oğlunun Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 36 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar