Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-184/2022 28.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı2 və onun nümayəndəsi və vəkili X2, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6500 manat borc pulun alınıb onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar qaçqındırlar və Şamaxı rayonu Mədrəsə qəsəbəsində məskunlaşmışlar. Şamaxı rayon sakini X3 və onun atası X1 2017-ci ilin yay aylarında yaşadıqları evə gələrək onlardan ümumilikdə 6500 (altı min beş yüz) manat borc pul istəmişlər. Onlardan borc istəməklərini belə əsaslandırmışlar ki, işlətməyə maqazin alırlar. Daha sonra heyvan alveri ilə məşğul olacaqlarını da bildiriblər. Onlar razılaşıblar və cavabdehlər ona söz veriblər ki, təxminən 6 (altı) ay müddətində verdiyi borcu qaytaracaqlar. O, da onların vədinə inanıb istədikləri məbləği borc vermişdir. Həmin vaxt cavabdehlər ona deyiblər ki, burada onların xeyri olacaq və əlavə pul verəcəklər. Dedikləri vaxt tamam olduqdan sonra onlara borcunu qaytarmasını deyərkən ona çoxsaylı bəhanələr gətirməyə başlamışlar, guya onlar pulu qaytardıqlarını və üzərində faiz verdiklərini bildiriblər. Artıq cavabdehlər onu aldadaraq pulunu mənimsəyirlər. Ona görə də 2019-cu ildə ərizə ilə Şamaxı rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsində izahat alınmışdır. Vüqar Eyyubov və onun atası X8 Şöbəsində verdiyi öz izahatlarında onlara verilmiş borcu etiraf etmişdir. Lakin onların uydurmasına görə guya onlara 6500 manat yox, 2500 manat borc pul vermişlər və guya onlar borcunun 2000 manatını ona qaytarmış və ona yalnız 500 manat borcu qalmışdır. Qalan pulun isə oğlunun Rusiyadan göndərəcəyini bildirmişdir. Daha sonra Polis Şöbəsindən çıxarkən bayırda o, səhv etdiyini və 6500 manat pulu qısa müddətdə onlara qaytaracağına söz vermişdir. X4 izahatından belə çıxır ki, guya onlar 6500 manat pulu ümumilikdə toplanmış faiz (sələm) kimi ondan tələb edirlər. Halbuki, borc pul barəsində onun özünün əlyazması vardır və borc pulu faizə çevirərək onlara böhtan atırlar. Hətta pulu istəyərkən onlar ona hədə-qorxu gələrək xüsusilə də İddiaçı2 şərləyəcəklərini bildirmişlər. Beləliklə, onların dediklərinin hamısı yalandır. O, Vüqar Eyyubova və onun atasına sələmə, faizə pul verməmişdir. Bu pul borc olmuşdur və idiyədək qaytarılmamışdır. Şikayəti üzrə Şamaxı Rayon Polis Şöbəsinin 06 noyabr 2019-cu il tarixli, 188-17149Y-3219 saylı cavab məktubunda onlara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Vüqar Eyyubov öz dəsti xətti ilə yazıb onlara vermiş olduğu məktubların surətlərini də əlavə sübutlar kimi bu iddia ərizəsinə daxil etmişlər. Bu əlyazmaların və izahatların əsilləri Şamaxı Rayon Polis Şöbəsində saxlanılır. Beləliklə, cavabdehlər 6500 manat pul borcunu onlara qaytarmalıdır. Dəfələrlə cavabdehlərdən borcu hissə-hissə qaytarmasını tələb etsələr də, o yenə əvvəlki böhtanlarını və hədə-qorxularını davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və onun nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, cavabdehlər borc alanda Vüqar qeyd yazaraq borc aldığını bildirmiş, lakin hələ də borcun 6500 manatını geri qaytarmamışlar. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirdi ki, o, iddiaçılardan əvvəlcə 2000 manat pul almış, 2500 manat qaytarmış, sonra 2500 manat təzədən almış, 4 ay qaytara bilməmiş 2000 manat faiz gəlmiş, sonradan 4000 manat almışdır. Aldığı pulları hissə-hissə geri qaytarmış və cəmi 500 manat borcu qalmışdır. Aldığı pulları qaytarmasına dair heç bir sübut təqdim edə bilmir. Belə ki, o, Mustafaya pulu qaytararkən heç bir qəbz və ya yazılı sənəd almamış və həmin vaxt yanında heç kim olmamışdır. Mustafanın ona hədə qorxu gəlməsi nəticəsində ürək xəstəliyi tapmışdır. Buna görə iddianın rədd olunmasını xahiş edir. Digər iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştraklarını iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.12.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yaşayan İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma üzrə izahatı alınmış Cavabdeh1 izahatında göstərmişdir ki, Mustafa adlı şəxsi o təxminən 3 ildir ki tanıyır. 2018-ci il tarixində qarpız ticarəti ilə məşğul olan şəxslər ona söyləyiblər ki, Mustafa adlı şəxs faiz müqabilində pul verir. Həmin vaxtı o Çuxuryurd kəndindəki maqazində ticarət ilə məşğul olmaq üçün Mədrəsə qəsəbəsində Mustafa adlı şəxsin evinə gedərək ondan faiz müqabilində ilk dəfə oğlu ilə birlikdə 2000(iki min) manat pul istəmiş, həmin şəxs ondan ev dəftərini zamin kimi qoymağını istəmiş. Oda ev dəftərini zamin kimi qoymuş və 2000(iki min) manat pulu ondan almış. Həmin pulu 1 ay sonra faizi ilə birlikdə 2500 manat qaytarıb, yenidən mağazada ticarət ilə məşğul olmaq üçün ondan faiz ilə 4000(dörd min) manat pul götürmüş. O, həmin pulun 3500(üç min beş yüz) manatını ödəmiş, bundan əlavə isə 4 ay müddətinə hər ay 500 manat olmaqla ümumilikdə 2000 manatda faiz ödəmişdir, həmin şəxsə 2000 manat pul qaytarmış. Bundan sonra o ondan həmin 500 manatında faizini istəməyə başladı, lakin ona pul ödəməyəcəyini bildirmişdir. Bu səbəbdən də o başqabaşqa şəxslərlə onun evinə gələrək ona hədə qorxu gəlib ondan 6000 manat pul istəməyə başlayıb. O, həmin vaxtı onun nə isə edəcəyindən qorxub xəstəlik keçirtmiş və üreyindən əməliyyat olmuşdur. Lakin o ondan əl çəkmədiyindən o Şamaxı RPŞ- nə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, “mən X10 Mustafadan pul götürdüm, sənətimi verdim əvəzində, yanvarın axırı pulu qaytarıb, sənətimi götürəcəm. 6000 manat verəcəm” qeyd edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, “mən X10 Mustafadan 3000 manat pul aldım, sentyabrın 20 qaytaracam. Atamın adı Məhəmməd ***-***-**-**” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçının cavabdehlərə borca pul verməsini Cavabdeh1 məhkəməyə ünvanladığı yazılı ərizəsində etiraf etmişdir. Lakin, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan borc kimi alınmış pulun tamamilə ona qaytarıldığını bildirsə də, cavabdeh tərəf bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh tərəfə borcun qaytarılmasına dair sübutlarını təqdim etməsi təklif olunaraq, bununla bağlı məhkəmə iclasları bir neçə dəfə təxirə salınaraq cavabdeh tərəfə sübutlarını təqdim etməsi üçün şərait yaradılsa da, cavabdeh tərəf borcun qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında cavabdehlər iddiaçılardan əvvəlcə 2000 manat pul almış, 2500 manat qaytarmış, sonra 2500 manat təzədən almış, 4 ay qaytara bilməmiş 2000 manat faiz gəlmiş, sonradan 4000 manat aldığını etiraf etməsi ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçılar tərəfindən cavabdehlərə verilmişdir və bu halda cavabdehlər hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehlərə verilməsinə dair yazılı müqavilələr bağlanmış olmasa da, cavabdehin izahatı həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdehlər əsassız varlanmış şəxs kimi iddiaçıların tələbi ilə həmin pul məbləğlərini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pul məbləğlərinin və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 6500 manat məbləğində pul cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6500 (altı min beş yüz) manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-184/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-184/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver