Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-187/2025 19.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 13 avqust 2024-cü il tarixdə Şamaxı rayonu Qurdtəpə kənd icra nümayəndəliyində 01 nömrə ilə qeydə alınmış nikah qeydinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Qurdtəpə kəndində yaşayır. Cavabdeh isə ünvan 1 ünvanında yaşayır. Onların ataları qardaşdır. Cavabdehlə bir-birilərini dərindən tanımadan, xasiyyətlərini bilmədən valideyinlərinin istəyi və təkidi ilə nişanlanıblar və 13 avqust 2024-cü il tarixdə Şamaxı rayonu Qurdtəpə kənd icra nümayəndəliyində nikahlarını rəsmiləşdiriblər. Onlar nikahlarını rəsmiləşdirsə də heç vaxt ər-arvad olmayıblar. Sadəcə nikahları rəsmiləşib və toyun olacağı vaxtı gözləyiblər. Lakin xasiyyətləri uyğun gəlmədiyindən, aralarında fikir ayrılıqları olduqundan onlarda bir inam yaranıb ki, onlar bir yerdə heç vaxt xoşbəxt ola bilməz. O, atasının evində yaşaya-yaşaya onların xasiyyətləri uyğun gəlmirsə onların ər-arvad olmağı mümkün deyil. Ona görə də fikrini valideynlərinə bildirib və onlar da onunla razılaşıblar ki, nə qədər ki, onlar ailə qurmayıblar, elə bəri başdan ayrılsalar daha doğru olar. Odur ki, nikahın etibarsız hesab edilməsi barədə mediasiya xidmətinə müraciət edib. MSS/MT030/2024-02303 saylı, xx.xx.2024-cü il tarixli Mediasiyda bağlamış Barışıq sazişindən görünür ki, cavabdeh də nikahlarının etibarsız sayılmasına razıdır. Bundan sonra məhkəməyə müraciət etmək qərarına gəlib. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh onun doğma əmisi qızıdır. Nikahları bağlananadək hər ikisinin evlənmək niyyəti olmuşdur. Onların nikah bağlamalarına heç kim tərəfindən təsir və təzyiq olmamışdır. Lakin nikahları bağlandıqdan xasiyyətlərinin uyğun olmadığını görüblər. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul edərək izahat verərək bildirdi ki, o, cavabdehin atasıdır. O, onların evlənməsi üçün hər hansı təzyiq və təsir etməyib. Onlar könüllü olaraq nikaha giriblər. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 428771 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 13 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Şamaxı rayonu Qurdtəpə kənd icra nümayəndəliyində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Şeydazadə”, arvada “Şeydazadə” soyadı verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29-cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 02 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 13 avqust 2024-cü il tarixdə tarixdə nikahlarını müvafiq icra hakimiyyəti orqanında rəsmiləşdirmişlər. Nikahları rəsmiləşdirilərkən hər iki tərəfin ailə qurmaq niyyəti olmuş, nikah rəsmiləşdirildikdən sonra tərəflər arasında münasibətlər pisləşmişdir. Hazırda iddiaçı, cavabdehlə arasında olan anlaşılmazlıq səbəbindən nikahlarının etibarsız hesab olunmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında nikah qanunvericiliyin tələblərinə əməl edilməklə bağlandığından və iddiaçı tərəfindən nikahın etibarsız sayılması üçün qanunla müəyyən edilmiş əsaslardan hər hansı birinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin məhkəmə araşdırması zamanı da nikahın etibarsızlığına dəlalət edən hər hansı halın mövcudluğu öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərcaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsində nikahın etibarsız sayılması üçün əsaslar dəqiq olaraq göstərilmiş və hazırki iş üzrə həmin əsasların mövcudluğu öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə, şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-187/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-187/2025
19.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver