Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-212/2023 06.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Vəkil, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması” faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 2001-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1966-cı il tarixdə Gürcüstanın Dmanisi rayonunun Az Gəyliyən kəndində anadan olmuşdur. Elə həmin ildə Dmanisi rayonu Qızılkilsə kənd sovetliyi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Doğum haqqında şəhadətnaməni itirdiyi üçün, xx.xx.1983-cü il tarixdə Dmanisi rayon Qızılkilsə kənd sovetliyi tərəfindən V-Tİ seriyalı, 372472 nömrəli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. 1973-cü ildə Dmanisi rayonu Az Gəyliyən kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1984-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmiş, daha sonra təhsilini davam etdirməmişdir. xx.xx.1983-cü il tarixdə Dmanisi rayon İcraiyyə Komitəsinin X15 tərəfindən Xİİİ-Tİ seriyalı, 503043 nömrəli SSRİ nümunəli pasportla təmin edilmişdir. 1984-cü ildə Dmanisi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Almaniyada (ADR) keçmişdir. 1987-ci ildə hərbi xidməti başa vuraraq, Gürcüstanın Dmanisi rayonunun Az Gəyliyən kəndinə qayıtmışdır. O, hələ uşaq olarkən, yay tətilində ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasına gedirdilər. Atası orada tikintidə mövsümi işlə məşğul olurdu. Atası briqadir idi, o isə, bir müddətdən sonra atasının briqadir kimi çalışdığı tikintidə fəhlə kimi çalışmağa başlamışdır. Onlar Rusiya Federasiyasının Saratov vilayətinə gedirdilər və orada Qarabulaq rayonunun (Базарно- Карабулакский) Aryaş (Аряш) kəndində kirayədə yaşayırdılar. 1991-ci ildə o, Gürcüstandan Rusiya Federasiyasına getmiş və orada yaşayan valideynlərini götürüb, onlarla birlikdə Azərbaycanın Şamaxı şəhərinə gəlmişdir. Valideynləri Şamaxı şəhərində məskunlaşdıqdan sonra, 1991-ci ilin may ayında o, işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Həmin vaxt dayısı Rusiya Federasiyasının Altay diyarında yaşayırdı. 1991-ci ildə Rusiya Federasiyasına getdiyi zaman, orada Altay diyarının Tselinnı rayonunda (Алтайский край. Целинный район) yaşayış yeri üzrə qeydiyyata düşmüş və bir il həmin rayonda yaşamışdır. Bir ildən sonra həmin rayonun Suxaya Çemrovka kəndinə (Алтайский край. Целинный район, село Сухая Чемровка) köçərək, orada yaşayış yeri üzrə qeydiyyata düşmüş və xx.xx.1999-cu il tarixə qədər həmin kənddə yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixə qədər isə Altay diyarının Topçixinski rayonunda (Алтайский край Топчихинский район) Partizanskaya küçəsi, ev 33 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, ancaq həmin rayonda yaşamamışdır. Həmin ünvanda qeydiyyatda olduğu müddətdə də, Suxaya Çemrovka kəndində yaşamışdır. xx.xx.2001-ci il tarixdə yenidən Tselinnı rayonunun Suxaya Çemrovka kəndində yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. 2001-ci ilə kimi Rusiya Federasiyasının Altay diyarının müxtəlif rayonlarında və kəndlərində yaşayaraq, orada işləmiş və onların hamısında da, yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. O, 1991-ci ildən 2001-ci ilə kimi Rusiya Federasiyasında tikintidə usta kimi çalışmışdır. Rusiya Federasiyasında olduğu müddətdə, 2001-ci ildə hərbi biletini itirdiyi üçün, Rusiya Federasiyası Altay diyarının Tselinnı rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2001-ci il tarixdə hərbi biletlə təmin edilmişdir. Eyni zamanda, Gürcüstan dövləti tərəfindən verilmiş pasportunda yaşayış yeri üzrə qeydiyyatla bağlı qeyd aparmaq üçün boş səhifə qalmadığı üçün, Rusiya Federasiyasında olduğu müddətdə, xx.xx.1997-ci il tarixdə Altay diyarının Tselinnı rayon X15 tərəfindən SSRİ nümunəli pasportla təmin edilmişdir. 2001-ci ilin sentyabr ayında Rusiya Federasiyasından birbaşa Azərbaycana, Şamaxı rayonunda yaşayan valideynlərinin yanına gəlmiş və həmin vaxtdan da, daimi olaraq ünvan 1 ünvanında yaşayır. Azərbaycana gəldikdən sonra 2005-ci ilin əvvəllərində X6 ilə ailə qurmuş, xx.xx.2006-cı il tarixdə isə rəsmi nikaha daxil olmuşdur. Nikahı Şamaxı rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 14 nömrəli aktla qeydə alınmışdır. Nikaha daxil olduqdan sonar, arvadına onun soyadına uyğun olaraq “Xəlilova” soyadı verilmişdir. O, 2001-ci ilin sentyabr ayından daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. Gürcüstan Respublikasının vətəndaşı isə hesab edilmir. Bundan başqa, Azərbaycana gəlməzdən əvvəl, bir müddət Rusiya Federasiyasının ərazisində yaşasa da, Rusiya Federasiyasının da vətəndaşlığını əldə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, 08/h-X-144 nömrəli məktubundan görünür ki, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 12/14478 nömrəli məktubda, onun Gürcüstan Respublikasının vətəndaşı olmadığı qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, 08/İ1-X-201 nömrəli məktubundan görünür ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 2070-11 nömrəli məktubda, onun Rusiya Federasiyasının vətəndaşlığını əldə etmədiyi qeyd olunmuşdur. Hazırda 56 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Hazırda, vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün, vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. 2001-ci ilin sentyabr ayından indiyədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağına baxmayaraq, qeydiyyatsız yaşadığı üçün, Azərbaycanda daimi yaşadığını təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də, bu vaxta qədər Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. Eyni zamanda, doğulduğu ölkənin vətəndaşı da hesab olunmur. Bundan əlavə, digər bir ölkənin vətəndaşlığını da əldə etməmişdir. Belə ki, doğulan zaman valideynləri Gürcüstan SSR-nin vətəndaşı olublar, daha sonra isə Azərbaycan Respublikasının vətəndaşlığını əldə ediblər. Hazırda o, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahdadır. Heç vaxt başqa bir ölkənin vətəndaşı ilə nikaha daxil olmamışdır. Bundan başqa, uzun müddət Rusiya Federasiyasının ərazisində yaşamağına baxmayaraq, heç vaxt Rusiya Federasiyasının vətəndaşlığını da əldə etməmişdir. Azərbaycanda daimi yaşamağını və vətəndaşlığı olmayan şəxs olduğunu təsdiq edən sənədi olmadığı üçün, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilmir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamağı və vətəndaşlığı olmayan şəxs olduğu təsdiq edilməlidir. O isə, bu faktları təsdiq edən sənədləri heç bir qaydada ala bilmir. Ona görə də, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək məqsədilə, vəsatət qaldıra bilməsi üçün, onun 2001-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranıbdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X11 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Vəkil ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gürcüstan Respublikasının V-TИ № 372472 saylı doğum haqqında şəhadətnaməsinin Azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonu, AZ- Gəyliyən kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1966-cı il tarixdə, 91 nömrə ilə qeyd edilmiş, atası X2, anası X3r. İş materiallarında olan AZ-İ № 206650 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X6 xx.xx.2006-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Xəlilov”, arvada “Xəlilova” soyadı verilmişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin arayışından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidməti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda, onun Gürcüstan vətəndaşı hesab edilmədiyi qeyd olunmuşdur. Eyni zamanda, iş materiallarında olan Dövlət Miqrasiya Xidməti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda, onun Rusiya Federasiyasının vətəndaşlığını əldə etmədiyi qeyd olunmuşdur. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələri Baş İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd olunur ki, onun Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar bildirilmişdir ki, xx.xx.2018-ci il tarixli 2503/m nömrəli müraciətə əsasən, Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılmış və Azərbaycan Respublikasının vətəndaşı olmadığı nəticəsinə gəlinmişdir. Bu barədə xx.xx.2018-ci il tarixli ******* nömrəli arayış təqdim olunmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq, bu Qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügen Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək, burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 2001-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasına gələrək, burada daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi izah olunmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1966cı il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda, Az Gəyliyən kəndində doğulmuş, X6 ilə xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası, Şamaxı VVADQ şöbəsində rəsmi nikaha daxil olmuşdur. X1 Dövlət Miqrasiya Xidmətində müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Hazırda ərizəçi vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Bundan başqa, üçüncü bir ölkənin vətəndaşlığını da əldə etməmiş və bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. İş materialları ilə sübut olunur ki, ərizəçi X4 heç bir dövlətin vətəndaşı deyil və 2001-ci ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə, göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, xx.xx.1966-cı il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonu, Az Gəyliyən kəndində doğulmuş Ərizəçi 2001-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonu, Az Gəyliyən kəndində doğulmuş Ərizəçi 2001-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-212/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-212/2023
06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver