Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-214/2022 29.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 və üçüncü şəxs X10 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 və üçüncü şəxs X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Şamaxı rayonu, Qurdtəpə kəndində yerləşən evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Qurdtəpə kəndində atasına məxsus olan fərdi yaşayış evi 07 yanvar 1988-ci il tarixində qanuni əsaslarla (alqısatqı müqaviləsi) adına keçmiş və xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin vaxtlar bir müddət Gəncə şahərində yaşamış, sonradan isə 2001-ci ilə qədər müvəqqəti işləmək üçün Rusiya Federasiyasına getmiş, həmin ərəfədə qardaşı Əlişah ona bildirmişdir ki, ev boş qalmasın deyə evə müvəqqəti tanıdığı adamları yerləşdirib. Lakin bir müddət əvvəl artıq o, evə köçüb yaşamaq istədiyini bildirəndə qardaşı Əlişah ona deyib ki, kənddəki ona məxsus evin başın boş burax, Şamaxıda başqa ev al. O, etiraz etməyib. Qardaşı öz vədinə əməl etmədiyi üçün məcbur olub xüsusi mülkiyyət hüququ əsasında ona məxsus evdə yaşayan cavabdehlərə evinin boşaldılmasını tələb etmiş, onlar isə evi qeyri-rəsmi Əlişahdan almışlar. Halbuki, ondan başqa bu evə heç kim sərancam verə bilməz. Şamaxı rayonu, Qurdtəpə kəndində yerləşən evin üzərində mülkiyyəti dövlət tərəfindən tanınmışdır, o ona məxsus mülkiyyət hüquqlarından uzun müddətdir ki, maneəsiz istifadə edə bilmir. Cavabdehlər ona məxsus evdə yaşadıqları üçün o, mülkiyyətindən maneəsiz istifadəsini məhdudlaşdırılır. Artıq vəziyyət o hala çatmış ki, onların evdən çıxarılmalarına zərurət yaranmışdır. Mənzilin boşaldılması ilə bağlı cavabdehlərə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdehlər bu günə kimi mənzilini boşaltmayıblar. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlərin ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, ev X20 tərəfindən ona satılmışdır. Kənddə hər kəs də bilir ki, evi onun yoldaşı Əlişahdan almışdır. Onlar evi alarkən Əlişah evin özünə məxsus olduğunu bildirmiş, lakin evin sənədlərini müxtəlif bəhanələrlə onlara verməmişdir. Daha əvvəldə iddiaçı ilə aralarında belə bir mübahisə olmuş, lakin sonradan məhkəmə iclasına gəlmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X24 məhkəməyə ifadə verib bildirdi ki, Ədilovlara evi Əlişah satıb. Bundan sonra Ömürşah ailəsi ilə birlikdə orada yaşayıb. Alqı-satqı olan zaman orada olmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə ifadə verib bildirdi ki, onda olan məlumata görə Ədilov Ömərşad evi Əlişahdan alınıb. Rəsmi qaydada alqı-satqı olunub. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şamaxı rayonu Nova Dmitrovka kəndində yerləşən iki otaqlı ümumi sahəsi 47,4 m2 olan yaşayıv evi X13 məxsusdur. İş materiallarında olan 07 yanvar 1988-ci il tarixli müqavilənamənin surətindən görünür ki, X25 0,23 sot olan torpaq sahəsində yerləşən kubik daşından tikilmiş üstü qara dəmir taxta materialdan ümumi yararlı sahəsi 52 m2 evi İddiaçı 6235 manata satmışdır. İş materiallarında olan 26.01.2022-ci il tarixli Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Qurdtəpə kənd İƏD-si üzrə nümayəndiliyinin arayışından görünür ki, Cavabdeh2 xx.xx.1970-ci ildə Şamaxı rayonu, Qurdtəpə kəndində anadan olmuşdur və orada qeydiyyatdadır. İş materiallarında olan 09.02.2022-ci il tarixli Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Qurdtəpə kənd İƏD-si üzrə nümayəndiliyinin arayışından görünür ki, Şamaxı rayonu, Qurdtəpə kən İƏD-si üzrə nümayəndiliyinin 01 saylı ev təsərüfatlarının uçotu kitabında şəxsi hesab 70, səhifə 83-də 1970-ci ildə mişar daşından inşa edilmiş ümumi sahəsi 110 km, həyətyanı sahəsi 0,12 ha olan özünə məxsus yaşayış evi vardır. Halhazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. İş materiallarında olan aktdan görünür ki, Cavabdeh2 2001-ci ilin Noyabr ayında Şamaxı rayonu, Qurdtəpə kəndində hal-hazırda yaşadığı evi X5 pul müqabilində almışdır. Şamaxı rayonu, Qurdtəpə kənd sakinləri imzaları ilə şahidlik etmişlər: X3, X36, X11, X4, X1, X33, X14, X15, X26, X21, X7, X6, X8, X27, X16, X28, X29, X22, X43, X51, X34, X2. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Şamaxı rayonu Qurdtəpə kəndində yerləşən fərdi yaşayış evini iddiaçı 07 yanvar 1988-ci il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin ona məxsus fərdi yaşayış evində olmaları onun iradəsinə ziddir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, cavabdehlər həmin fərdi yaşayış evini iddiaçının qardaşı X9 qeyri-rəsmi qaydada almışlar. Buna görə də onların həmin evin alınması və təmiri üçün çəkdikləri xərclərin əvəzini X9 tələb etmək hüquqları vardır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlər iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Ədilov X30 rayonu, Qurdtəpə kəndində yerləşən İddiaçı məxsus fərdi yaşyış evindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-214/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-214/2022
29.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver