Məhkəmə qərarları › İş №2(074)-215/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-215/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-215/2022 21.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X9 və Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 44,390 (qırx dörd min üç yüz doxsan) manat məbləğdə pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə 29 dekabr 2020-ci il tarixdə etibarnamə vermişdir. Həyat yoldaşı Niyət Şirəliyev 28 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsində şəhid olmuşdur. Onların nikahlarından 2 (iki) az yaşlı övladı xx.xx.2017-ci ildə X10 və xx.xx.2018-ci il tarixdə X5 doğulmuşdur. Yoldaşı şəhid olduqdan sonra o, bir müddət həyat yoldaşının doğulduğu Şamaxı rayonu Ovçulu kəndində yaşamış, həyat yoldaşının qardaşı Cavabdeh onu aldadaraq adından etibarnamə almış ona və uşaqlarına dövlət tərəfindən ayrılmış birdəfəlik müavinəti 6,600 (altı min alti yüz) manat, X25 tərəfindən verilmiş 10 000 ( on min) manat, həyat yoldaşının 3 aylıq maaşı və mükafat ödənişini cəmi 9000 (doqquz min) manat, hərbi komissarlıq tərəfindən dəfin pulu 3000 ( üç min) manat, yoldaşının əmək pensiyasının 12,640 (on iki min altı yüz qırx) manat, təqaüd pulu 1150 (min yüz əlli) manat, dayısı tərəfindən verilmiş 2000 (iki min manat) uşaqlara xərclik pulu, ümümilikdə 44,390 (qırx dörd min üç yüz doxsan) manat məbləğdə pulu onun etibarından sui istifadə edərək mənimsəmişdir. 17 may 2021-ci il tarixdə qaynanası və qaynı Nəimi ilə aralarında mübahisə yaranmış, onlar ona və ailə üzvlərinə zor tətbiq etmişdir. O, Polisə müraciət etdikdən sonra polis əməkdaşlarının köməkliyi ilə evi tərk etmişdir. Qaynatası, qaynı Cavabdeh ona və uşaqlarına ayrılan güzəştlərin hamısını özünə götürmüşdür. Sonuncu dəfə 17 may 2021-ci il tarixdə kartından 5,100 (beş min yüz manat) götürülmüşdür. O, qaynı Nəimiyə verdiyi etibarnamə üzrə səlahiyyətlərə xitam vermişdir. Hazırda Bakı şəhəri Binəqədi rayonunda atasının evinə 2 az yaşlı uşağı ilə birlikdə sığınmış, qaynatası İmran Şirəliyev öz yaxın qohumları tərəfindən söz göndərərək ona həddə qorxu gəlir. O, bu barədə dəfələrlə Şamaxı rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsindən xüsusatların mülki xarakterli olması müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, tələb etdiyi pullar ona və uşaqlarına düşən pullardır. Belə ki, 6600 manat pul şəhid ailələrinə verilən 11000 manat birdəfəlik ödəmədən ona və uşaqlarına düşən hissədir. X25 tərəfindən verilmiş 10000 manat əlbəəl ona verilmiş o, isə qaynına vermişdir. Həyat yoldaşının 3 aylıq maaşı və mükafat ödənişləri 9000 manat onun adına köçürülmüş, o, isə qaynına vermişdir. Yoldaşının əmək pensiyası 12640 manat adına olan karta köçürülmüş, lakin cavabdeh həmin pulu başqa karta köçürmüşdür. Yoldaşının təqaüd pulu 1150 manat onun adına olan karta köçürülmüş o, isə qaynına vermişdir. Yoldaşının dayısı isə 2000 manat pulu onun uşaqlarına xərclik vermişdir. Yoldaşının adına verilmiş pulları ümumi bir yerə yığmışlar ki, uşaqların adına ev alınsın. Lakin sonradan qaynın adına ev alınmışdır. O, evdən çıxarkən yalnız özünə məxsus olan əmlakları götürmüş, lakin pul götürməmişdir. Qaynatasının və qaynanasının pensiya kartını da səhvliklə götürsə də, elə həmin gün bu barədə onlara məlumat vermişdir. Buna görə iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hamıya məlumdur ki, birdəfəlik pul və dəfn pulu verilsə də yas mərasimləri dövlət tərəfindən təşkil edilmişdir. Ümumiyyətlə yığılan puldan İddiaçı heç bir məbləğdə pul verilməmiş və pulun hara xərclənməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 izahatında bildirdi ki, oğlu şəhid olandan sonra iddiaçı bir müddət onların evində yaşamışdır. Şəhid oğluna nə pul verilsə hamısı bir yerə yığılmış və oradan da oğlunun yas mərasiminə, evində guşə düzəldilməsinə və digər bununla əlaqədar yerlərə xərclənmişdir. Həmin vəziyyətdə hara nə qədər pul xərcləməsini yadında saxlamamışdır. Lakin iddiaçı onun evindən gedərkən seyfdə qalmış ümumilikdə 24 000 manat pulu, həyat yoldaşına aid bir ədəd sep, iki ədəd üzük, ona və həyat yoldaşına şəhid valideyni kimi verilmiş təqaüd kartlarını da aparmışdır. Ümumiyyətlə aralarında iddiaçıya ev alınması barədə heç vaxt danışıq olmamışdır. Bundan başqa onun özü də və üç oğlu da işləyir, onların ev alması qəribə qarşılanmamalıdır. Buna görə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X6 iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin qardaşı X18 Qarabağ müharibəsinin ilk günündə şəhid olmuş, amma onun axtarışları təxminən 3 ay davam etmişdir. Bu müddətdə iddiaçı da cavabdehin atasının evində yaşamış və bütün xərcləri ümumi olmuşdur. İddiaçı özü yasda olduğundan cavabdehə etibarnamə vermişdir ki, lazım olanda cavabdeh onun adından hərəkət edə bilsin. Bəzi hallarda müəyyən pul məbləğlərini cavabdeh alsa da birdəfəlik müavinəti, X25 tərəfindən verilən yardımı iddiaçı şəxsən özü imza edərək götürmüşdür. Cavabdeh aldıqlarını da gətirib onun özünə vermişdir. Sonra həmin puludan xərclik üçün nə qədər lazım olurdu özü götürüb qalanını evdə bufetin rəfində pulları, sənədləri saxlanılan yerə qoyurdu. Əgər cavabdeh hansısa pulu gətirib onun özünə verməsəydi, dərhal gedib etibarnaməni ləğv etdirə bilərdi. Cavabdehin qardaşı şəhid olana kimi də cavabdehin ailəsinin bütün pulları orada olmuş, qardaşı şəhid olandan 2021-ci ilin may ayına kimi olan dövrdə bütün xərcləri cavabdehin atası çəkmişdir. Dəfnlə bağlı 2000-nə yaxın həyətlərinə gələn insanı cavabdehin atası yola salmışdır. 3000 manat pul hansı xərcləri ödəyə bilərdi. Dəfn pulu dəfndən sonra verilsə də buna kimi o xərclər cavabdehin ailəsi tərəfindən çəkilmişdir. İddiaçı isə indi dəfn pulu tələb edir. Cavabdehin ailəsi şəhid üçün lövhə hazırlatmış, ayrıca bir otaq düzəltdirmiş 5500 manat xərc çəkmişdir. Cavabdeh bildirir ki, Səadət evdən çıxıb gedən günü evdə cəmisi 24000 manat pul olub. Həmin evdə şəhid ailəsi statusu 3 nəfərə, iddiaçıya, cavabehin atasına və anasına verilib. 11000 manatın 6600, 10000 manatın 6000 manatı onun olub, 3000 manat isə dəfn pulu olub. Onun iki qatını cavabdehin atası dəfn mərasiminə xərcləyib. O pul əslində cavabdehin ailəsinə çatası pul idi. Yəni bu pulun 12600 manatı iddiaçının qalanı cavabdehin ailəsinin idi. İddiaçı nəyisə tələb edəndə belə xərcləri nəzərə alırmı? Səadət evdən gedən günü evdə olan bütün pulları, hətta cavabdehin atası və anasının da şəhid kartlarını özü ilə aparmış, kartları 2-3 ay sonra qaytarmışdır. Bunu özü də etiraf edir. Evdən çıxan günü polis Elvin də həyətdə olmuş, cavabdeh onun çantasına baxmaq istəyəndə ki, evdən gedir, baxsınlar ki, nə aparır. O isə çantasına baxmağa qoymamış, polis Elvin də demişdir ki, sizin onun çantasına baxmağa hüququnuz yoxdur. Onlar çıxıb gedəndən sonra evə baxmışlar ki, 24000 manat puldan bir manat da olsun qalmayıb. Cavabdehin atası və anasının şəhid kartları da olmamışdır. Buna görə də atası polisə şikayət etmiş və cavabdehə demişdir ki, Səadət onlara çatası pulları da aparıb kartında varsa pul götür qarşıda tədbirlərimiz var. Cavabdeh də karta baxmış, 5100 manat pul olmuş, onu götürmüşdür. Əslində hələ iddiaçıda cavabdehə çatası 5500 manat pul var. Lakin cavabdehin atası cavabdehə deyib ki, aparıb qoy aparsın, o neyləyəcək, nəvələrimə xərcləyəcək eybi yoxdur. İddiaçı sonradan orda burda deyib ki, guya evdən çıxmasının səbəbi budur ki, cavabdehin ailəsi onu sıxışdırır, istədiyi kimi yaşamağa imkan vermirlər. Hətta onları kanala da vermiş, cavabdehin atası kanalda yazı verən şəxsi tapmış, məlum oldu ki, iddiaçı ilə həmin şəxsin bir neçə dəfə telefon danışığı var. Kanalda belə bir yazıların getməsini də iddiaçı sifariş verib. İddiaçının bir manatı da olsun cavabdehdə yoxdur. Evdə olan bütün pulları gedəndə yığışdırıb aparıb. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, iddiaçı bibisi qızıdır. Cavabdehlə də qohumdur. 2014-cü ildə ailə həyatı qurublar və iki övladları olmuşdur. Şəhid xəbərini eşidəndə başsağlığına oda gedib. Bir müddət sonra isə eşidib ki, ailə arasında pulla bağlı söz söhbət var və Səadətdən polisə şikayət ediblər. Səadət və ailəsi polisə gələndən sonra onlara gəlmişlər. Səadətin ailəsindən eşitdiyinə görə Nəimi Səadətin kartdan pul çəkib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə ifadə verib bildirdi ki, nə qədər pul olmasını o hesablamayıb. Valideynlərinə zəng edib, nəvələri ilə birlikdə çıxıb getmişdir. Qızıllarını və pulların hamısını özü ilə aparmış, onun çantalarına baxmağa isə o və polislər imkan verməmişdir. Sonradan oğluna ev alsalar da onun Səadətə heç bir aidiyyəti yoxdur. Məhkəmə prosses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ 918980 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X12 arasındakı nikah xx.xx.2014-cü il tarixdə Şamaxı rayon İHB-nin Ovculu kənd nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 02 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Şirəliyev”, arvada “Şirəliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 140534 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmış zədələnmələr nəticəsində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AR-İİ 185742 saylı etibarnamənin surətidən görünür ki, İddiaçı Cavabdeh etibarnamə vermişdir. Həmin etibarnaməyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, müraciətlə bağlı izahatı alınan X13 izahatında gəlini Səadətin atası, anası və uşaqları ilə birlikdə Bakı şəhərinə getməsini, özləri isə yaşadıqları Şamaxı rayonu Ovçulu kəndinə getmələrini, evə getdikdən sonra əşyaları yoxladıqda evdə rəfdə olan kağıza bükülü şəhidə cənab prezident tərəfindən verilmiş ümumilikdə 24000 (iyirmi dörd min) manat pulun, həyat yoldaşına aid bir sep, iki ədəd üzük, ona və həyat yoldaşına şəhid valideyini kimi verilmiş təqaüd kartları və şəhid oğlu Niyət Şirəliyevə məxsus digər sənədlərin gəlini İddiaçı tərəfindən aparıldığını görmələrini, bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq məlumat verməsini, sonra isə ərizə ilə müraciət etməsini, həmin pullardan 10000 manatı, X25, 11000 manatı qan pulu kimi, 3000 manatı isə dəfin pulu kimi şəhid oğluna görə verilməsini, iki üzük, bir sepin isə həyat yoldaşına aid olmasını, sənədlər isə şəhid oğluna aid sənədlər olmasını, iki ədəd təqaüd kartı isə həyat yoldaşı ilə ona şəhid valideyini olduqları üçün verilməsini göstərmişdir. İzahatı alınan İddiaçı izahatında Şamaxı rayon polis şöbəsində polis əməkdaşları onlarla proflaktiki söhbət apardıqdan sonra onu valideyinləri ilə birlikdə Bakı şəhərinə yola salmalarını, həyat yoldaşı şəhid olaraq dəfin olunduqdan bir neçə gün sonra X25 tərəfindən ona şəhid həyat yoldaşı kimi 10000 manat pul verilməsini, imza edərək həmin pulu qəbul etməsini, pulu ona verən şəxslər getdikdən sonra həmin pulu qayını Nəimiyə verməsini, həmin vaxta kimi həyat yoldaşının aylıq 1800 manat olmaqla 3 ayın pulunu ümümilikdə 5400 manat pulu alıb evə qoymalarını, həmin 10000 manat puluda həmin pulun üstünə qoymalarını, həyat yoldaşının dəfnindən 8 gün sonra qaynatası və qayını ona bizə etbamamə ver sənin adından nə işlər var görək demələrini, birlikdə Şamaxı şəhərində olan Asan xidmətə gedərək qayını Nəmi Şirəliyevin adma 10 illik etibarnamə verməsini, bundan sonra adına olan bütün işlərə qayını Nəiminin imza etməsini, bir dəfə həyat yoldaşına verilən şəhidlik pulunu almaq üçün qaynatası, qaynanası və qayını Nəimi ilə birlikdə Şamaxı şəhərində yerləşən Kapital Banka gələrək 11000 manat şəhidlik pulunu alıb həmin puluda qayını Nəiminin evdə olan pulların üstünə qoymasını, bundan sonra isə həyat yoldaşının şəhid olması ilə bağlı verilən bütün pulları qayını Nəiminin imza edərək götürməsini, həmin pulların hara xərclənməsindən məlumatınm olmamasını, 14 may 2021-ci ildə qaynatası İmran Şirəliyevin Bakı şəhərindən Sulutəpə deyilən yerdən 30000 manata öz adına ev aldığından məlumatının olmasını, hesabına görə ümumilikdə təxminən 45000 manata yaxın həyat yoldaşının şəhid olması ilə bağlı pul yığılmalı olmasını, həmin puldan 30000 manata ev alınmasını, kənddə qaynatasının yeni inşa etdirdiyi evini təmir etdirməsini, həmin evin təmirinə isə təxminən 10-15 min manat xərc çıxmasını, evdə olan söhbətə əsasən həyat yoldaşına verilmiş şəhidlik pulu ilə alman evə qayını köçməli olmasını, evdən gedərkən özünə məxsus olan dəst, sırqa, sep, qolbaq, üzük və nişan üzüyünü aparmasını, birdə qayını ona ad günündə aldığı xarı bülbül qolbağı ilə sepi aparmasını, qaynanasına məxsus hər hansı bir qızıl zinət əşyası aparmamasını, sənədlərə gəldikdə isə özünə və şəhid həyat yoldaşına məxsus sənədlərdən başqa sənəd götürəməməsini, qaynatası və qaynanasına məxsus şəhid valideyini kimi verilmiş təqaüd kartları isə onun sənədlərinin içərisində getməsini, aşkar edən kimi bu barədə onlara məlumat verməsini, əlavə olaraq xx.xx.2021-ci il tarixdə atası və anası ilə Bakı şəhərinə getdikdən sonra saat təxminən 22:39 radələrində ona verilmiş şəhidlik kartından 5100 manat pul çıxarılmasını, həmin pulun 416974****4305 nömrəli kart hesabına köçrülməsini, həmin pulu qayını Nəimi onun kartından çıxarmasını göstərmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 676867******3311 nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il üzrə 1290,69 manat mədaxil olunub, 940 manat məxaric olunub. İş materiallarında olan "xxxx" ASC-nin 676867******4095 nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il üzrə -7,742.43 manat mədaxil olunub, 2580 manat məxaric olunub, 5100 manat birbank vasitəsilə başqa kartın hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 11 saylı Vəkil Bürosuna İddiaçı tərəfindən ünvanlanan ərizənin surətindən görünür ki, həyat yoldaşı ikinci vətən müharibəsi zamanı Kəlbəcər-Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş, 5 və 3 yaşında uşaqları himayəsində qalmışdır. Yoldaşı şəhid olduqdan sonra o, uşaqları ilə Şamaxı rayonu Ovculu kəndində gəlin getdiyi evdə yaşamışdır. O, onlara ayrılan müavinətlərin digər ödənişlərin və mənzil məsələlərinin həll edilməsi üçün qaynına etibarnamə vermiş, lakin o, onlara ayrılan müavinət və birdəflik ödəmələri özünə götürüb, ona və uşaqlarına heçnə verməmişdir. Hüquqlarının müdafiəsi üçün ona vəkil ayrılmasına köməklik göstərməsini xahiş etmişdir. İş materialarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavinin Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanan 28 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş X4 atası X14 şəhidin arvadı İddiaçı razılığına əsasən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 20 aprel 2021-ci il tarixli 76 saylı sərəncamı ilə güzəştli mənzil növbəsinə götürülmüşdür. İddiaçı Bakı şəhərində qeydiyyatda olduğu və yaşadığı üçün sonradan həmin ərazidə mənzillə təmin olunmaq istədiyini bildirmiş, qayınatası İmran Şirəliyevin mənzil növbəsinə götürülməsi barədə sərəncamın ləğv edilməsini xahiş etmişdir. Onun müraciəti nəzərə alınaraq Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 20 aprel 2021-ci il tarixli 76 saylı sərəncamı ləğv edilmişdir. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanan 19 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, Vətən müharibəsi zamanı şəhid olmuş hərbi qulluqçuların dəfn xərcinin ödənilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti isə şəhidlərin yas mərasimlərinin təşkili məqsədi ilə şəhid valideynlərinə müvafiq maddi yardım göstərilmişdir. İş materiallarında olan 27 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X4 vərəsələri X14, X1, İddiaçı, X10 və X5 və onların hər biri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 06 nömrəli arayışa əsasən hərbi qulluqçulara verilən 11 000 (on bir min) manat birdəfəlik ödəmədən ibarətdir. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X4 vərəsələri İddiaçı, X10 və X5 və onların hər biri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə Əşya Xidmətinin xx.xx.2021-ci il tarixli 1213 saylı məktubuna əsasən 2017.55 (iki min on yeddi manat əlli beş qəpik) manat məbləğində pul kompensasiyasından ibarətdir. İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş-X4 vərəsələri X14 və X1 və onların hər biri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə Əşya Xidmətinin xx.xx.2021-ci il tarixli 1213 saylı məktubuna əsasən 2017.55 (iki min on yeddi manat əlli beş qəpik) manat məbləğində pul kompensasiyasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsaən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki iddia qismən təmin edilməli, 39 492,43 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 39 492,43 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar