Məhkəmə qərarları › İş №2(074)-220/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-220/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-220/2021 26.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və evin qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan evdən istifadə hüquqlarının itirilmiş hesab edilmələri və həmin mənzilin qeydiyyatından çıxarılmalarına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı şəhəri H.Ciddi küçəsi ev 22- də yaşayır. Cavabdeh Ağgüllə və Günaydan başqa digər cavabdehlər onun yaxın qohumlarıdır. Cavabdehlərin heç bir onun evində yaşamırlar. Hər birinin öz evləri, ailələri var. Ağgül və Günay isə nə onun qohumudur, nə də onun evində yaşamayıblar. Xəbərləri olmadan polis şöbəsində pasport almaq üçün onun evinə qeydiyyata alınmışlar. Öz ailə üzvlərindən başqa, yəni arvadı və uşaqlarından başqa kiminsə evinin qeydiyyatında olmasını istəmir. Cavabdehlər uzun müddətdir ki, daimi yaşamaq üçün onun evindən başqa ünvana köçmüşlər. Həmin vaxtdan da onun evindən istifadə hüquqlarını itirmişlər. Onlar evinin qeydiyatında qaldıqları üçün o, öz mülkiyyətinə üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarından istifadə edə bilmir. Cavabdehləri evinin qeydiyyatından çıxarmaq üçün polis şöbəsinə müraciət etmiş, Lakin ona cavabdehlərin özlərinin ərizə verib qeydiyyatdan çıxmaları, ya da məhkəmə qərarı ilə onların bu mənzildən istifadə hüquqlarına xitam verilməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, Cavabdeh2 onun atasıdır və o, 1982-1997-ci illərdə həmin evdə yaşamışdır. Cavabdeh1 onun anasıdır və o, 1995-1997-ci illərdə həmin evdə yaşamışdır. Cavabdeh3 və Cavabdeh4 onun bacılarıdır. Aynurə 2001-ci, Sevda isə 2013-cü ilədək həmin evdə yaşamışlar. Bacıları evləndikdən sonra o evdən köçmüşlər. Digər cavabdehlər Cavabdeh5 və Cavabdeh6 isə ümumiyyətlə o evdə yaşamamışlar. Onlar polis şöbəsi tərəfindən təsadüfi olaraq onun evinə qeydiyyata salınmışlar. Sözügedən evi ona əmisi bağışlamış, o, 2014-cü ildə evə çıxarış almışdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Lakin Cavabdeh5 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsi 22 saylı fərdi yaşayış evi tam pay üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İddiaçı ünvanlanmış 19.11.2020-ci il tarixli məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının 04.04.1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndində yaşayış sahəsinə istifadə hüququna xitam verdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparıldığı qeyd edilərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün müvafiq məhkəməyə müraciət etməsi İddiaçı tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında X1, 21.01.1950; X14, 08.06.1971; Cavabdeh6, 05.02.1997; Cavabdeh2, 08.08.1960; Cavabdeh1 Məmməd qızı, 20.03.1961; Cavabdeh3, 01.12.1987; X8, 21.09.1979; X9, 04.02.2007; X2, 01.05.2009; X15, 25.11.2015; X16, 25.10.2008; X5, 05.02.2008; X17, 07.09.2006; X6, 12.06.1966; X18, 04.08.2016; X3, 10.05.1986; X24, 13.11.2010; X7, 14.04.1998; X19, 02.11.2002; X10, 15.01.1986 qeydiyyatdadırlar. İş materiallarında olan 01.03.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh6 ünvan 4 ünvanında yerləşən evdən könüllü olaraq qeydiyyatdan çıxmağa razı olduğunu bildirmişdir. İş materiallarında olan 12.03.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh5 ünvan 4 ünvanında yerləşən evdən qeydiyyatdan çıxmağa və istifadə hüququna xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbini Şamaxı şəhəri, H.Ciddi küçəsi 22 saylı fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında özünə məxsus olması, qeyd etdiyi cavabdehlərin hal-hazırda heç birinin o evdə yaşamaması, onların evdə qeydiyyatda olması səbəbindən mülkiyyətindən qanunvericiliyə əsas mövcud olan sahiblik, istifadə və sərəncam hüquqlarından istifadə edə bilməməsi əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehlər Cavabdeh5 və Cavabdeh6 isə məhkəməyə bu barədə öz fikirlərini bildirərək qeydiyyatdan çıxmağa könüllü olaraq razı olduqlarını ifadə etmişlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli, 55-İQ saylı Qanununun şəxsin yaşayış yeri üzrə qeyddiyyatdan çıxarılmasından bəhs edən 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxarılır. Məhkəmə qeyd edir ki, cavabdehlər X4 və Cavabdeh6 Şamaxı şəhəri, H.Ciddi küçəsi 22 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaqlarına könüllü şəkildə razı olduqlarından bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət edə bilərlər. İş üzrə olan sübutlarla digər cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsini könüllü iradəsi ilə tərk etməsi və yaşayış sahəsinə olan ehtiyaclarını iddiaçının evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması halları təsdiq edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin kəsilməsi və birgə yaşayan şəxslərin, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması hüququ əmələ gətirən əsasın aradan qalxması şəxsin mənzildən istifadə hüququnun xitamı ilə nəticələnir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh5 və Cavabdeh6 qeydiyyatdan çıxmağa könüllü olaraq razılıqlarını bildirsələr də, digər cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsinə istifadə hüquqları olduğundan və onların iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyaclarının aradan qalxması təsdiq olunmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və evin qeydiyyatından çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar