Məhkəmə qərarları › İş №2(074)-227/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-227/2022

11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-227/2022 11.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “qohumluq faktının müəyyən edilməsinə” dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “qohumluq faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 20.07.1954-cü il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş X1 onun bacısı olması fatının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, ərizəçi ərizəyə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Maddənin mətnindən aydın göründüyü kimi iddia ərizəsinə dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Maddənin mətnindən aydın göründüyü kimi, iddia ərizəsinə dövlət rüsumu ilə bağlı hər hansı sənəd yox, onun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Hazırki halda, ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi 28 dekabr 2021-ci il tarixli qəbz əlavə edilmişdir. Həmin qəbzdən də göründüyü kimi, ödəniş elektron sistemlər vasitəsilə yox, bank vasitəsilə həyata keçirilmişdir. Buna görə də, ərizəyə əlavə edilmiş qəbz “müəyyən edilmiş qaydada” dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab olunmur. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Digər tərəfdən, məhkəmə ərizəçiyə izah edir ki, “qohumluq faktının müəyyən edilməsinə” dair ərizələrə baxılması ilə əlaqədar maraqlı şəxs qismində “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.2-ci bəndində isə göstərilir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçinın (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “qohumluq faktının müəyyən edilməsinə” dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar