Məhkəmə qərarları › İş №2(074)-252/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-252/2020

22.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-252/2020 22.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DƏDRX-nin RX seriyalı ******* nömrəli Çıxarışına əsasən mülkiyyətində olan, ünvan 1 mən 16 ünvanında yerləşən evin məcburi qaydada açıq hərracda satılaraq əldə olunmuş vəsaitin 1/2 hissəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdırı ki, 24.09.2016-cı il tarixdə Şamaxı şəhəri M.Hadi küçəsi 19 saylı evin 16-cı mənzilinin 1/2 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq öz mülkiyyətindən istifadə edə bilmir. Odur ki, evin naturada bölünməsi barədə məhkəmədə iddia qaldırmışdır ki, məhkəmə payını naturada müəyyən edər və bir birlərinə maneə yaratmadan mülkiyətlərindən sərbəst şəkildə istifadə edə bilərlər. Lakin bu da mümkün olmamışdır. Şamaxı rayon məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiası rədd olunmuşdur. Yəni, məhkəmə hesab etmişdir ki, evin naturada bölünməsi mümkün deyil. Belə olan halda cavabdehə təklif etmişdir ki, onda bu evi satıb pulunu bölsünlər. Ev 4 il bundan əvvəl 27000 manat dəyərində qiymətləndirilsə də bu gün onun bazar qiyməti 45-50 min manat civarndadır. Oktay isə ona cəmisi 3000 manat pul təklif etmişdir, bu isə ona çatası məbləğin 1/15 hissəsindən də az bir məbləğdir və təbii ki, buna razı ola bilməz və belə hesab edir ki, cavabdeh onun öz əmlakından istifadə etməyinə razı deyil. Bunu başa düşür. Bir mənzildə iki ailə yaşaya bilmir. Təklif etmişdir ki, mənzili satıb pulunu bölsünlər, buna da razı deyil. Buradan belə çıxır ki, cavabdeh onun mənzilindən özü əvəzsiz istifadə etmək istəyir. Bu isə maraqlarına uyğun deyil. Odur ki, mənzilin açıq hərracdan satılmasını və əldə olunmuş vəsaitin 1/2 hissəsinin ona verilməsini istəyir. Odur ki, DƏDRX-nin RX seriyalı ******* nömrəli Çıxarışına əsasən mülkiyyətində olan, ünvan 1 mən 16 ünvanında yerləşən evin məcburi qaydada açıq hərracda satılaraq əldə olunmuş vəsaitin 1/2 hissəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, Şamaxı şəhəri Məhəmməd Hadi küçəsi ev 19 mənzil 16 da yerləşən fərdi yaşayış evində anası, bacısı və ailəsi ilə birlikdə yaşayır. İddiaçının tələb etdiyi pulu verməyə maddi imkanı yoxdur. İddianın rədd olunmasını bildirərək, iddiaçıya 3000 manat pul verməyə razı olduğunu bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş seriya RX № ******* saylı çıxarışdan görünür ki, Şamaxı şəhəri Məhəmməd Hadi küçəsi ev l9 mənzil 16 da yerləşən mənzilin ümumi sahəsi 73,5 kv.m-dir. Həmin mənzil Cavabdeh və İddiaçı məxsusudur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-373/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması tələbinə dair” iddia tələbi rədd edilməsi, İddiaçı keçirilmiş ekspertizanın dəyəri 100 manat alınıb Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınar Daşınmaz Əmlakların qiymətləndirilməsi xidməti MMC-nin 01 iyun 2020-ci il tarixli 16 saylı ekspert rəyindən görünür ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 42000 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzili hər birinin payı 1/2 hissə olmaqla tərəflərin paylı mülkiyyətindədir. İddiaçı həmin əmlakdan payının naturada ayrılmasını və ya dəyərinin ona ödənilməsini istəsə də, cavabdeh buna razı olmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının tərəflərin paylı mülkiyyətində olan əmlakdan payının naturada ayrılması mümkün olmadığından onun iddiası Şamaxı rayon Məhkəməsinin 2(074)-373/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Daşınar Daşınmaz Əmlakların qiymətləndirilməsi xidməti MMC-nin 01 iyun 2020-ci il tarixli 16 saylı ekspert rəyinə əsasən Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 42000 manat təşkil edir. Məhkəmə, qeyd edilənlərə əsasən hesab edir ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzilin paylara uyğun şəkildə naturada bölünməsi mümkün olmadığından, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzili ilkin qiymət 42000 manat müəyyən edilərək hərraca çıxarılmalı, həmin mənzil satıldıqdan sonra əldə olunan məbləğ tərəflər arasında paylara mütənasib şəkildə bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə işin araşdırılmış hallarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, əmlakın naturada bölünməsi mümkün olmadığından və iddiaçı evin hərracda satılaraq əldə olunan məbləğin paylara uyğun bölünməsini tələb etdiyindən Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzili ilkin satış qiymət 42000 manat müəyyən edilərək hərraca çıxarılmalı, həmin mənzil satıldıqdan sonra əldə olunan məbləğ tərəflər arasında paylara mütənasib şəkildə bölünməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzili ilkin satış qiymət 42000 manat müəyyən edilərək hərraca çıxarılsın. Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzili satıldıqdan sonra əldə olunan məbləğ tərəflər arasında paylara mütənasib şəkildə bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar