Məhkəmə qərarları › İş №2(074)-261/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-261/2022

18.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-261/2022 18.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun müəyyən olunması və evə köçürmə” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi bina 19, mənzil 17-də yerləşən Cavabdeh adına olan evə istifadə hüququnun müəyyən olunması və onun həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09.07.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.2-ci maddəsində qeyd edilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin. Məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat haqqında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İddiaçı tərəfindən mediasiya prosesinə cəlb edilməsi ilə əlaqədar 50 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbzin surəti iddia ərizəsinə əlavə edilsə də qalan 50 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09.07.2021-ci il tarixli Qanunun keçid müddəaları adlanan 2-ci maddəsinə əsasən bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsi 12.01.2022-ci il tarixdə imzalanmışdır ki, bununla da iddia ərizəsinin “Dövlət rüsumu haqqında” Qanunda edilmiş dəyişiklikdən sonra verildiyi müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddiaçı mediasiya prosesinə cəlb edilməsi ilə əlaqədar ödədiyi 50 manat məbləğində dövlət rüsumundan əlavə də 50 manat məbləğində dövlət rüsumu ödəməli idi. Lakin, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun müəyyən olunması və evə köçürmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar