Məhkəmə qərarları › İş №2(074)-276/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-276/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-276/2021 18.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin sədri Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı əmlaka edilən qəsdlərə cavabdehlər tərəfindən son qoyulmasına dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlaka edilən qəsdlərə cavabdehlər tərərindən son qoyulmasına dair iddia qaldıraraq, cavabdehlərin həyətində qardaşına məxsus evin arxasında əkilmiş 15 ədəd qoz ağacının və bir ədəd dəndə ağacının kəsilməsi və cavabdehlər tərəfindən əmlaklarına edilən qəsdlərə son qoyulmasına dair qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərin həyətində ona məxsus evin arxasında əkilmiş 15 ədəd qoz ağacının və bir ədəd dəndə ağacının çıxarılaraq başqa yerə köçürülməsi və cavabdeh tərəfindən əmlakına edilən qəsdlərə son qoyulması, ona dəymiş 2000 manat məbləğində maddi zərərin cavabdehlərdən alınaraq ona verilməsi və evin arxa hissəsində çatlamış divarların üzərinə suvaq çəkilməklə bərpa olunması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X7 izahat verib göstərdi ki, iddiaçı Şamaxı rayonu Əngəxaran kəndində yaşayır. Cavabdehlərlə qonşudur. Ev iddiaçının adınadır, o, Moskva şəhərində yaşayır, arada gəlib gedir, hazırda həmin evdə qardaşı Balaməmməd yaşayır. Balaməmmədin yaşadığı ev 2000-ci ildə tikilmişdir. Ev tikiləndən sonra cavabdehlər evin arxasından 20-30 sm məsafədə ağaclar əkmişlər. Dəfələrlə bunu onlara irad tutmuş, xahiş etmişlər ki, ağacları çıxarıb, bir az aralı əksinlər. Cavabdehlər isə cavab vermişlər ki, “biz əkməmişik qarğa əkib”. Demişdir hər kim əkib özləri bilər, amma onların həyətindədir, çıxarıb bir az aralıda əksinlər. Cavabdehlər demişlər ki, evə heç nə etməz. Nə isə aralarında çox söz söhbət olmuş, demişlər ki, gələcəkdə evə nə isə maneçiliyi olarsa onda kəsərlər. Qonşuluq münasibətlərinə görə dözməyə məcbur olmuşdur. Amma hazırda ağaclar böyüyüb, budaqları evin üstünə çıxır. Yarpaqlar onların evinin novçalarına dolur, su axıb evin fundamentinə tökülür. Ağacın kökləri də divarı çatladıb. Deyir ki, “ay qonşu bax gör bu ağaclar bizim evimizi nə günə salıb. Kəs bu ağacları. İndi də deyir ki, mən ildə bu ağacdan nə qədər qoz yığıram. Niyə kəsirəm, xoşun gəlmir, sən evini sök aralı tik” Hətta deyir ki, “gör hələ sənin evini nə günə qoyacağam, bundan sonra görəcəksən” Cavabdehlərin hərəkətləri nəticəsində evinin arxa divarında çatlar əmələ gəlmiş, evin oboyları, parketi qopararq yararsız hala düşmüş, evin arxa hissəsində döşəmə çökmüşdür. Onun bərpası üçün azı 2000 manat xərc tələb olunur. Evin arxa divarında böyük çatlar əmələ gəlmişdir. Hətta ona imkan vermirlər ki, evin arxasına keçib çatlamış divara suvaq çəkdirsin, nəmişlik içəri vurub divar kağızlarını xarab etməsin. Evinin jolabasını da təmizləməyə, qoz ağacın evin üstünə keçən bir budağını belə qoparıb atmağa imkan vermirlər, dava dalaş salırlar. Deyir ki, kəsiləcək ağacların əvəzinə 15-20 ədəd salxım qoz ağacı alıb versin, hara istəyirlər əksinlər, bir az divardan aralı olsun. Ona da razı deyillər. Qəsdləri ancaq evini uçurmaqdır. Həmin ağacların çıxarılaraq başqa yerə köçülməsini, evə vurulmuş zərərin ödənilməsini və çatlamış divarlara suvaq çəkilməklə bərpa olunmasını istəyir. Məhkəmədən cavabdehlərin həyətində, ona məxsus evin arxasında əkilmiş 15 ədəd qoz ağacının və bir ədəd dəndə ağacının çıxarılaraq başqa yerə köçürülməsi və cavabdeh tərəfindən əmlakına edilən qəsdlərə son qoyulması, ona dəymiş 2000 manat məbləğində maddi zərərin cavabdehlərdən alınaraq ona verilməsi və evin arxa hissəsində çatlamış divarların üzərinə suvaq çəkilməklə bərpa olunması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinni qəbul etməyərək izahat verib göstərdi ki, iddiaçının mübahisələndirdiyi ağac 30-40 sm aralıdadır və iddiaçı tərəfə hər hansı bir maneə və ziyan vermir. Bundan başqa iddia tələbi ona qarşı düzgün irəli sürülməyib, çünki mülkiyyətçi deyil, həyətdəki bir-iki ağacı atası əkimişdir. Ata və anası vəfat edib, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 04/1658 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu Əngəxaran kəndində yerləşən bir mərtəbəli, iki yaşayış otağından, 32,2 kv.metr yaşayış sahəsi, 118 kv.metr ümumi sahədən ibarət yaşayış evi İddiaçı adına 13 iyul 2005-ci il tarixdə 04 nömrə ilə 1658 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2021-ci il tarixli 10/1506 saylı ekspert rəyindən görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Şamaxı rayonu Əngəxaran kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin arxasında yerləşən cavabdehin hətəytanı sahəsində yeddi ədəd qoz acağı vardır. İddiaçının divarının hündürlüyü 4 metr təşkil edir. Həmin qoz ağaclarının 4 ədədi divardan 0,90 metr məsafədə, 3 ədəd isə 0,70 metr məsafədə yerləşir. Şamaxı rayonu Əngəxaran kəndində yerləşən 1 mərtəbədən iki yaşayış otağından 33,2 kv.metr yaşayış sahəsi, 118 kv.metr ümumi sahədən ibarət İddiaçı məxsus fərdi yaşayış evinin arxasında cavabdehin həyəti tərəfində əkilmiş qoz ağaclarının yarpaqları iddiaçının mülkiyyətinə olan fərdi yaşayış evinin dam örtüyü boyunca gedən yağış sularının axıdılması üçün nəzərdə tutulmuş novalçanın içinə dolur. Bundan əlavə qoz ağaclarında paralel divarda çatlar və sarımtıl ləkələr mövcuddur. Bu səbəbdən şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1-in 6.12-ci bəndində müvafiq olaraq, cavabdehin həyətyanı sahəsində olan həmin ağacların yerinin dəyişdirilməsi və iddiaçıya məxsus divardan kənarlaşdırlması zəruridir. Şamaxı rayonu Əngəxaran kəndində yerləşən fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırlması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 804,0 manat məbləğində olduğu müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayonu Əngəxaran kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin arxasında cavabdehlərin həyətində əkilmiş qoz ağaclarının yarpaqları iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin dam örtüyü boyunca gedən yağış sularının axıdılması üçün nəzərdə tutulmuş novalçanın içinə dolur. Qoz ağaclarına paralel yerləşən divarda çatlar və ləkələr əmələ gəlmişdir. Məhkəmə, yarpaqların novalçanın içinə dolmasını, çatların və ləkələrin evin digər hissəsində deyil, yalnız ağaclara paralel divarda əmələ gəlməməsini nəzərə alaraq, yarpaqların evinin novçalarına dolması səbəbindən suyun evinin bünövrəsinə axması, divarın çatlamasının səbəbinin suyun bünövrəyə tökülməsi və uzanmış ağac köklərinin olması barədə iddiaçının, yanaşı yoxlanılmış ekspert rəyi ilə tamamlanan dəlilini işin hallarına uyğun sayır və zərərin ağacların iddiaçıya məxsus fərdi yaşayış evinin divarına paralel əkilməsi səbəbindən əmələ gəldiyini işin hallarına uyğun sayır. İddiaçı, 15 ədəd qoz ağacının və bir ədəd dəndə ağacının çıxarılaraq başqa yerə köçürülməsini tələb etsə də, iş üzrə sübutlarla müəyyən edilmişdir ki, ağaclardan yalnız 7 ədəd qoz ağacı iddiaçıya məxsus fərdi yaşayış evinin divarına paralel şəkildə əkilmişdir. Digər ağaclar iddiaçıya məxsus evdən aralıda yerləşir. Məhkəmə, qeyd edilənlərə əsasən 8 ədəd qoz ağacının və bir ədəd dəndə ağacının da ona məxsus evin zədələnməsinə səbəb olmaları barədə iddiaçının bildirdiklərini inandırıcı saymır və zərərin 7 ədəd ağacının iddiaçıya məxsus fərdi yaşayış evinin divarına paralel əkilməsi səbəbindən əmələ gəldiyini işin hallarına uyğun sayır. İddiaçı eyni zamanda ona 2000 manat məbləğində maddi zərər dəydiyini iddia etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. İddiaçı zərərin əvəzi üzrə həmin vəsaitin tutulması ilə yanaşı evin arxa hissəsində çatlamış divarların üzərinə suvaq çəkilməklə bərpa olunması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını da tələb etmişdir. Yanaşı yoxlanılmış ekspert rəyi ilə evinin zədələnməsi ilə bağlı iddiaçıya 804 manat maddi zərər dəydiyi müəyyən edilmişdir. Məhkəmə, rəyi vermiş ekspertin zərərin miqdarının müəyyən edilməsində zəruri biliyə malik olmasını və işin nəticəsində maraqlarının olmamasını nəzərə alaraq həmin rəylə razılaşır və divarında çatların əmələ gəlməsi də daxil olmaqla, evinin zədələnməsi ilə bağlı iddiaçıya təmir bərpa xərci olaraq 804 manat maddi zərər dəydiyini işin hallarına uyğun sayır. Məhkəmə, cavabdehin mülkiyyətçi olmaması, həyətdəki bir-iki ağacı atasının əkiməsi, ata və anasının vəfat etməsi, iddia tələbinin ona qarşı düzgün irəli sürülməməsi barədə bildirdikləri üzrə onu qeyd etməyi zəruri sayır ki, mərhum valideynlərindən qalan miras onun tərəfindən qəbul edildiyindən, ağacların onun atası tərəfindən əkilib əkilməməsindən asılı olmayaraq, iddia mirası qəbul etmiş vərəsə olaraq cavabdehlərə qarşı düzgün irəli sürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bundan başqa, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi həmin halı sübut edə də bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət şəhərsalma norma və qaydalarının, Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1-in 6.12-ci bəndində göstərilir ki, bina, obyekt və qurğulardan ağacın gövdəsinə qədər olan məsafə 5 metr təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının əmlakına edilən qəsdlərə son qoyulmalı, onların həyətində iddiaçıya məxsus evin arxasında əkilmiş 7 ədəd qoz ağacı çıxarılaraq başqa yerə köçürülməli, maddi zərərin əvəzi üzrə cavabdehlərdən birgə qaydada 804 manat alınaraq iddiaçıya verilməli, iddia tələbi həmin hissədə təmin edilməli, keçirilmiş ekspertiza üzrə xərc cavabdehlərə aid edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, 8 ədəd qoz ağacının və bir ədəd dəndə ağacının da iddiaçıya məxsus evin zədələnməsinə səbəb olması təsdiq edilmədiyindən, maddi zərərin əvəzi üzrə cavabdehlərdən birgə qaydada 804 manatın alınaraq iddiaçıya verilməsi ilə evinin arxa hissəsində çatlamış divarların üzərinə suvaq çəkilməklə bərpa olunması xərci də iddiaçıya ödənildiyindən, iddia tələbi bu işlərin vəzifə olaraq cavabdehlərin üzərinə qoyulması və 8 ədəd qoz ağacının və bir ədəd dəndə ağacının çıxarılaraq başqa yerə köçürülməsi hissəsində təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X5 tərəfindən əmlaka edilən qəsdlərə son qoyulsun, onların həyətində İddiaçı məxsus evin arxasında əkilmiş 7 ədəd qoz ağacları çıxarılaraq başqa yerə köçürülsün. Cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 804 manat maddi ziyanın əvəzi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1 və X1 50 manat ekspertiza xərci alınıb X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar