Məhkəmə qərarları › İş №2(074)-279/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-279/2022

24.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-279/2022 24.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab olunması, evdən çıxarılma” tələbi barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 öz yetkinlik yaşına çatmamış uşaqları Aytac və Nihadla birlikdə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 öz yetkinlik yaşına çatmamış uşaqları Ayla, Fateh və Milayla birlikdə onun evindən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh2 öz yetkinlik yaşına çatmamış uşaqları Ayla, Fateh və Milayla birlikdə onun evindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09.07.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.2-ci maddəsində qeyd edilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər övlət rüsumu ödəməkdən azad olunurlar İddiaçının iddia ərizəsinə əlavə etdiyi vəsiqənin surətindən görünür ki, o, hərbi xidmət vaxtı baş vermiş xəstəliklə bağlı birinci qrup əlildir. Birinci qrup əlillik dövlət rüsumunun ödənilməsindən azad olunmaq üçün əsas deyildir. Qanunvericilik yalnız müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri dövlət rüsumu ödəməkdən azad etmişdir. İddiaçı isə əlilliyinin müharibə ilə əlaqədar müəyyən edilməsinə dair iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Bundan başqa iddiaçının eyni cavabdehlərə qarşı eyni məzmunlu iddia ərizəsi Şamaxı rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli 2(074)-1438/2021 saylı qərardadı ilə eyni əsasla geri qaytarılsa da iddiaçı qərardadda göstərilən nöqsanı aradan qaldırmadan yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməlidir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddiaçı iddia ərizəsində cavabdehlərin öz yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ona məxsus olan evdən çıxarılmasını xahiş etsə də, həmin ünvanı, harada yerləşməsi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, ərizə və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab olunması, evdən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar