Məhkəmə qərarları › İş №2(074)-28/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-28/2022

18.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-28/2022 18.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun yaşadığı və kirayəçisi olduğu ünvan 1 ünvanıda yerləşən 2 otaqlı mənzildən istifadə hüququna xitam verilməsini və onların həmin mənzildən qeydiyyatdan çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 dekabr 1989-cu il tarixində Şamaxı rayon İcraiyyə Komitəsi tərəfindən mərhum X1nun adına cəmi (dörd) nəfər ailə tərkibi ilə o vaxtdı ki ünvan 2 ünvanıda yerləşən 2 otaqlı mənzilə 314 saylı order verilmişdir. Yaşadığı mənzilin orderində adları qeyd olunmuş X1, anası X6 və qardaşı X10 dünyasını dəyişmişlər. O, yaşadığı mənzili xüsusi mülkiyyət hüququ ilə özəlləşdirmək istəyərkən məlum olmuşdur ki, mənzilə başqa üç nəfər də naməlum şəraitdə qeydiyyata düşüblər. Buna baxmayaraq o yaşadığı mənzilə Çıxarış verilməsi üçün ASAN XİDMƏT-in Şamaxı Filialına rəsmi qaydada müraciət etmişdir. Şamaxı rayon Polis Şöbəsinin rəisi tərəfindən ona verilmiş məktubdan görünür ki, onun yaşadığı ünvan 3 ünvanında cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 adlı şəxslərin qeydiyyata götürüldüyü yazılmışdır. Həmin şəxslərin yaşadığı mənzildən qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdehlər hazırki mübahisəli mənzildə yaşamırlar, hal-hazırda onlar harada yaşayırlar bilmir. Onların hansı yolla onun mənzilinə qeydiyyata götürülmələri də ona naməlumdur. Onlar onun mənzilindən istifadə etməyiblər və indidə etmirlər. Onun yaşadığı mənzil özəlləşdirilməyib və hal-hazırda Dövlət Mənzil Fonduna aiddir. Hazırki cavabdehlər onun yaşadığı mənzilə qanunsuz yollarla qeydiyyata düşüblər. Onlar indiyədək mənzildə onunla birgə yaşamayıblar və birgə təsərrüfat aparmayıblar. Onlar onun mənzilindən istifadə etməyiblər. Ona görə də cavabdehlər onun ailə üzvləri hesab edilə bilməzlər və onların onun mənzilindən istifadə etmə və yaşama hüquqları yoxdur. O, şəhid anasıdır. Həyatda yeganə övladı olan oğlu Mirzəcan 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuşdur. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə verərək cavabdehlərin ona məxsus ünvan 1 ünvanından daimi qeydiyyatdan çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqşləşdirmə barədə ərizə verərək cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən qeydiyyatdan çıxarılmaqla istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqşləşdirmə barədə ərizə verərək cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən istifadə hüuqunun olmamasının müəyyən edilməsi və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər onun mənzilinə qeydiyyata düşsələr də ümumiyyətlə həmin mənzildə yaşamayıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, 1980-cı ildən həmin binada yaşayır. Mənzildə əvvəllər Südabə öz atası ilə yaşamış, atası öləndən sonra isə Südabə tək yaşamışdır. Həmin evdə cavabdehləri heç vaxt görməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə ifadə verib bildirdi ki, 2003-cü ildən həmin binada yaşayır. X1 vəfat etdikdən sonra mənzildə İddiaçı və oğlu yaşayıblar. Atasına Südabə baxıb. Həmin mənzildə başqa kimisə görməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəməyə ifadə verib bildirdi ki, uşaqlıqdan İddiaçı tanıyır. O, həmin evdə anası və atası ilə yaşayıb. Onlar öləndən sonra Südabə oğlu ilə yaşıyıb. Oğlu da şəhid olandan sonra tək yaşayıb. Evdə başqa heç kim yaşamayıb. Məhkəmə iclası barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli 188-4566H-3221 saylı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şamaxı rayon Polis şöbəsinin məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiiyata çıxarılması 04.04.1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndində yaşayış sahəsinə istifadə hüququna xitam verdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparıldığı göstərilmişdir. Cavabdeh1, Cavabdeh3, X9 adlı şəxslərin qeydiiyatdan çıxarılması üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan 14.04.2021-ci il tarixli 132 saylı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 18 dekabr 1989-cu il tarixli 24 saylı iclas protokolundan arxiv çıxarışından görünür ki, Şamaxı rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə ünvan 4 ünvanda yaşayan, 4 nəfər ailə üzvü olan, KMK-da fəhlə işləyən, 26 avqust 1985-ci ildən növbədə olan, 26 Bakı Komissarı küçəsi (indiki Qanlı 20 Yanvar küçəsi) ev 18, 2 otaqlı 1 mərtəbəli, 22.56 kv.m sahəsi olan 3 nömrəli mənzil X7 verilmişdir. İş materiallarında olan 314 saylı orderin surətindən görünür ki, ünvan 5 ünvanıda yerləşən 22,56 kv.metr sahəsi olan 2 otaqlı mənzil X7 verilmişdir. İş materiallarında olan 16.11.2021-ci il tarixli, 17/31-4813 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pretensiar Xidmət 16 saylı Cəzaçəkmə Müəssisəsinin arayışlarından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Nəsimi rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli hökmü ilə AR CM-nin 233-4.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Cavabdeh3 cəza müddətinin sonu 03.03.2023-cü il tarixdə olmaqla hal-hazırda müəssisədə cəza çəkir. İş materiallarında olan 16.11.2021-ci il tarixli, 17/31-4814 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pretensiar Xidmət 16 saylı Cəzaçəkmə Müəssisəsinin arayışlarından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Nəsimi rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli hökmü ilə AR CM-nin 233-4.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Cavabdeh2 cəza müddətinin sonu 03.03.2023-cü il tarixdə olmaqla hal-hazırda müəssisədə cəza çəkir. İş materiallarında olan AZ-İİ 140104 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 12.06.1996-cı ildə tənəffüs yollarının maye ilə tutulması səbəbindən vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 140100 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31.01.2000-ci ildə kəskin ürək damar çatışmazlığı səbəbindən vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 140103 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 13.09.2012-ci ildə qara ciyər çatışmazlığı səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edilməklə qeydiyyatdan çıxarılması yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iclasında və iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanıda yerləşən 2 otaqlı mənzil Şamaxı rayon XDS İcraiyyə Komitəsinin 18.12.1989-cu il tarixli qərarı əsasında X7 verilmişdir. O, dünyasını dəyişdikdən sonra isə o mənzildə İddiaçı öz oğlu ilə yaşamışdır. cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin ünvana qeydiyyata düşsələr də orada yaşamamışlar. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli cavabdehlərin ünvan 1 ünvanına istifadə hüquqlarının olmaması müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanına istifadə hüquqlarının olmaması müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar