Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-286/2021 29.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılılqı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılılqı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılmaya dair” ilkin və iddiaçı Cavabdehlər İddiaçı və Şamaxı Mənzil Tikinti Kooperativinə qarşı “kooperativ binada mənzil tikinti haqqında müqavilənin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia ərizəsinə dair mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarmaya dair iddia qaldıraraq, Cavabdeh Şamaxı Mənzil Tikinti kooperativi tərəfindən 8 saylı orderə əsasən ona verilmiş Şamaxı şəhəri S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən 80,8 kv.metr sahəsi olan mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh Şamaxı Mənzil Tikinti kooperativi tərəfindən 8 saylı orderə əsasən ona verilmiş Şamaxı şəhəri S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən 80,8 kv.metr sahəsi olan mənzildən çıxarılması, onun sahiblik və istifadəsinə qaytarılması, onun mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilıməsinə maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edllməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər İddiaçı və Şamaxı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı iddianın təmin edilməsi, iddiaçı Abdulrazqov Elman Neman oğlu ilə Şamaxı MTK-nın 04 yanvar 2007-ci il tarixli, Şamaxı şəhəri Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişməsində Şamaxı MTK-nın tikilməkdə olan binasının 4 otaqlı 80,8 kv.metr sahəsi olan mənzilinin alınması ilə əlaqədar kooperativ binada mənzil tikinti haqqında müqavilənin etibarsız hesab edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək izahat verib göstərdi ki, 04 yanvar 2007-ci il tarixdə İddiaçı Şamaxı şəhəri, S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi arasında "xxxx" müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MTK-nın inşa etdiyi 5 mərtəbəli binanın, 8 saylı, 80,8 kv.m. sahəsi olan mənzilin pulunu, ödəmə cədvəlinə müvafiq ödəyərək, almışdır. Mənzilin ümumi dəyəri 16000 ABŞ dolları təşkil edirdi. Bu məbləğ İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. 28 yanvar 2011-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bu mənzilə dair ona 08 saylı order təqdim edilmişdir. Mənzil təmirsiz təqdim edilmişdir. Maddi imkanı ilə əlaqədar olaraq mənzildə təmir işlərinin aparılması mümkün olmamışdır. Lakin mütamadi olaraq Elman Abdulrazqov mənzilə baş çəkərək, təmir işlərinin aparılmasını planlaşdıraraq, təmir ücün smeta hazırlamışdır. Təmir işlərini bu il başlamaq istəyirdi. Bu ilin yanvar ayının 11də Elman evin yanından keçəndə, evin eyvanına plastik pəncərə qoyulduğunu görmüşdür. Mənzilə qalxmış, görmüşdür ki, giriş qapısı da yenisi ilə dəyişdirilib. Giriş qapısı bağlı olduğundan mənzilə girə bilməmişdir. MTK-nın rəsmi rəhbərliyi olmadığından həmin binada mənzil alan, ona tanış olan X3 zəng etmiş və soruşmüşdur ki, “Lalə xanım bəlkə siz bilərsiz mənim mənzilimi? kim zəbt edib”. Cavabdeh demişdir ki, o, özü girib və mənzildən çıxmağa da fikri yoxdur, mənzil ona məxsusdur. Bununla bağlı olaraq X11 rayon polis idarəsinə ərizə ilə müraciət etmiş, orada bildirmişlər ki, məhkəməyə müraciət etsin. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 8 saylı orderə əsasən Şamaxı şəhəri, S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən 80,8 kv.m. sahəsi olan mənzil ona məxsusdur. Cavabdeh mənzili zəbt etmişdir. Şamaxı şəhəri, S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsi 5 mərtəbəli binanın, 8 saylı, 80,8 kv.m. sahəsi olan mənzili ilkin iddiaçının iradəsinə zidd olaraq zəbt etməklə, qanunvericiliklə qorunan hüququnu pozmuş və pozmaqda davam edir, mənzilindən sərbəst istifadə etməyə, ona sərəncam verməyə mane olur. Ona görə də Cavabdeh qeyd olunan mənzildən çıxarılması və qarşılıqlı iddia tələbinin rədd edilməsini barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə İddiaçı nümayəndəsi Vəkil1 ilə oxşar izahat verib ilk iddia tələbinin təmin və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı etiraf etməyərək izahat verib göstərdi ki, X7 20 dekabr 2006-cı il tarixdə Şamaxı MTK ilə bağlamış müqaviləyə əsasən Şamaxı şəhəri Şirvani küçəsində MTK-nın tikilməkdə olan binasında 8 nömrəli 2 otaqlı mənzili 16000 (on altı min) ABŞ dolları ödəməklə almışdır. Hazırda İddiaçı Şamaxı rayon məhkəməsində iddia qaldırmışdır ki, guya həmin mənzili, 04 yanvar 2007-ci il tarixdə o almışdır və 14 ildən sonra, nəzərə alınsa ki, ona saxta müqaviləni verən Tələt adlı şəxs vəfat etdikdən sonra bu saxtakarlığı heç kim üzə çıxara bilməyəcək. Eləcə də bu saxtakarlğı sübut edə bilən cavabdeh Şamaxı MTK-nın sədri X13 da vəfat etməsindən suiistifadə edən iddiaçı iddia qaldırmışdır ki, Lalə Hacıbalayevanın tam təmir etdirib yaşadığı mənzildən qanunsuz olaraq çıxarsın. İddiaya baxılarkən iddiaçı sənədlərin əslini məhkəməyə təqdim etmədiyi üçün və təqdim olunan sənədlərin surətlərindən cavabdeh Şamaxı MTK-nın sədri X13 imzasının onun özü tərəfindən imza edilib-edilməməsini görmək mümkün olmadığı üçün o, qarşılılı iddianı təqdim edə bilməmişdir. Lakin halhazırda iddiaçı sənədlərin əslini təqdim edərkən məlum oldu ki, iddiaçının müqaviləsində X13 imzası onun tərəfindən imza edilməmişdir. Onunla bağlanan müqavilələrdən və başqa sənədlərdən də görünür ki, X13 imzası həmin sənədlərdəki imza ilə tam fərqlidir. İlk iddiaçıda olan müqavilə, qohumu Tələt adlı şəxsin X13 adından qanunsuz olaraq sənədləşdirdiyi müqavilədir və ya X13 Şamaxı MTK-nın boş sənədlərinə imza edib, Tələtə etibar etdiyi sənədlərdən ibarətdir. Bu göstərilənlərdən də görünür ki, Şamaxı MTK-nın sədri X13 imzaları onun tərəfindən imza olunmaması, məhkəmə araşdırmasının gedişi zamanı, ona məlum olmuşdur. Məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Şamaxı MTK-nın 04 yanvar 2007-ci il tarixli, Şamaxı şəhəri Şirvani küçəsi ilə H.Məmmədov küçəsini kəsişməsində yerləşən Şamaxı MTK-nın tikilməkdə olan binasının 4 otaqlı 80,8 kv.m. sahəsi olan mənzilinin alınması ilə əlaqədar, kooperativ binada mənizilə tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı etiraf etməyərək izahat verib göstərdi ki, 20 dekabr 2006-cı ildə Şamaxı mənzil tikinti kooperativin tikdiyi S.Ə.Şirvani küçəsində (Hərbi Hissənin yanı) 5 mərtəbəli binanın 2-ci mərtəbəsi 8 saylı mənzilini alaraq 16000 dollar pul ödəmişdir. 27 dekabr 2006-cı il tarixdə həmin tikintidə çalışan Tələt adlı şəxs (Elmanın bacısının əri) gələrək onunla yenidən müqavilə bağlamış və 8 min dollar pulu istəmişdir, o da həmin pulu vermişdir. 2-3 gün keçmiş tikintidə nəzarətçi işləyən Tələtin qardaşı Çingiz onlara gəlib demişdir ki, Tələt ilə Elman biri-biri ilə savaşırlar. Səbəbini soruşmuş, cavabında demişdir ki, Tələtin ona borcu var qaytara bilmir, tikintiyə gələn materialları da Elmanla birlikdə onunla savaşa savaşa oğurlayıb satırlar. O da bir ğözətçi olaraq buna dözə bilmir. Ona demişdir ki, adına yazılmış 2-ci mərtəbədə olan 8 saylı mənzili də, pul yerinə Elmanın təkidi ilə onun adına rəsmiləşdirir, bu barəda Elmira xanıma tez xəbər ver. O, da Elmira ilə görüşüb vəziyyəti ona bildirmiş, hətta 2 qızı üçün də ev götürəcəyini demişdir. Tələtin ona 27.02.2006-cı il tarixdə 2-ci müqavilə yazdığını və 8 min dollar pul verdiyini söyləmişdir. O isə əsəbləşərək “mən bu Tələtin əlindən nə edim bilmirəm, heyif ki, kürəkənimin qardaşıdır ay qız sən ona fikir vermə Tələt öz başınadır bəyəm, ev sənindir get təmir et otur” demişdir. 8 saylı evdən başqa o, 17 saylı mənzili də 05.01.2007-ci tarixdə müqavilə əsasında qızı üçün daha sonra 5-ci mərtəbədə 15 saylı bir otaqlı və 16 saylı 2 otaqlı evi də nəvəsi üçün müqavilə əsasında hissə-hissə ödəməklə götürmüşdür. Qızının evi olmadığı üçün yoldaşının da xəstə olduğunu nəzərə alıb 17 saylı evi tez bir zamanda təmir etdirərək onları orada yaşamaları üçün köçürtmüşdür. Bir gün Tələt gəlib ondan 8 saylı mənzilin müqaviləsini istəmişdir. Soruşmuşdur ki, nə üçün lazımdır, Tələt demişdir ki, gedib baxacaq anlaşılmamazlıq var ödənişlərin qəbizləri və müqavilələri istəmiş o, da vermişdir. Dəfələrlə istəməsinə baxmayaraq Tələt nə qəbizləri nə də müqavilələri qaytarmamışdır. O, bu barədə Elmira xanıma xəbər vermişdir. Elmira xanım həyətdə tikilən 2-ci binanın tikintisi ilə maraqlanmağa gələrkən ondan Tələtin apardığı müqaviləni və qəbizləri istəmiş, o, isə demişdir ki, “sən o müqavilələri ona nə üçün vermisən, bilmirsən ki, o fırıldaqdır mənim başıma oyun açır, mən çox səhf etmişəm ki, möhürlənmiş qəbizləri və müqavilələri ona arxayın olaraq vermişəm indi görəsən o nə edib” Bir dəfə də gələndə ondan soruşmuşdur ki, nə oldu? O isə demişdir ki, “get evini tam təmir et al bu sənin müqavilən buda sənin tam pulu ödəməyin barədə arayış həmin sənədlər 20 dekabr 2006-cı ilə aiddir. Burda işləyən fəhlələrin də evi yoxdur sənin evinin bir otağından istifadə etsinlər”. Üstündən bir neçə gün keçmiş Elmira xanım tikintiyə baş çəkməyə gələrkən Tələtin avtomobil qəzasında öldüyünü bildirmiş və hətta Tələtin qaynı sayılan Elmanın onu məhkəməyə verməsini və ondan pul tələb etməsini də söyləmişdir. Tələt ondan sənədləri alarkən özündə olan möhürlənmiş sənəd və qəbzlərdən istifadə edərək onun evini Elmanın adına 4 yanvar 2007-ci il tarixə müqavilə bağlayıb. Həmin Tələt və Elmanın qeyri qanuni hərəkətlərini onu məhkəməyə verərkən başa düşmüşdür. 5 mərtəbəli binanın 15, bir otaqlı 16 saylı iki otaqlı mənzili 25 min dollar ödəməklə almışdır. Lakin 15 saylı mənzil ikinci bir adama satılıb. Mənzil koperativ tikintisinin sədri olan Elmira xanımın onun işçilərinin qanunsuz hərəkətləri barədə Korrupsiyyada müstəntiq iş aparkən Elmira xanım onu çağırtdırmışdır ki, 15 saylı evin başqa adama satılması barədə heç kəsə məlumat verməsin və həmin evin pulunu yəni 9060 dollar pulu noyabr-dekabr ayına kimi ödəyəcəyinə söz vermişdir. 8 saylı mənzil üçün ona vermiş pulun tam ödənilməsi, heç bir borcunun olmaması barədə müqaviləni və arayışı vermişdir. O, isə demişdir ki, “sən öz xəttin və imzan ilə yenidən mənim müqaviləmi imzala ver. O, da həmin müqaviləni və arayışı öz xətti ilə yazaraq özü şəxsən imzalayaraq ona vermişdir. Sonra ondan 8 min dollar pulu tələb etmiş, o, isə hamısını Tələtin etdiyini, ondan heç bir xəbəri olmadığını bildirmişdir. Tələtin ona qanunsuz olaraq verdiyi müqavilə və qəbzləri notarial qaydada təsdiq etdirən Elman onu məhkəməyə verib güya ki, müqavilədə olan evi istəmir qəbizlərdə olan evin pullarını tələb edir söyləyərək Elmira xanım çox təəsüflənmişdir. O, çox səhv etmişdir ki, Tələtə arxayın olub ona vermişdir, o da borc yerinə Tələtdən bu müqavilə və qəbzləri alıb. O məcbur olub məhkəmədə onun qəbzlərinin əsasında olan məbləği qəbz əsasında Elmana ödəmiş, ödədiyi qəbzi də alqısatqı etdiyi Tələtin qeyd etdiyi qeydiyyat kitabında onun adının üstündən müxtəlif xətlər çəkib pozmuş, qəbzi də həmin vərəqin üstünə qoymuşam. Elmira xanım gileylənərək Elman və Tələtin bu qədər nankor olduğu haqda xeyli söhbət etmişdir. O, Elmandan sənədlərin əslini istəmişdir ki, qeydiyyat kitabına tiksin o isə sənədlərin üzünü itirdiyini demişdir. Həmin binanın sakinləri Elmira xanıma dəfələrlə mənzillərinin çıxarışlarının verilməsi üçün müraciət emişlər. O da daşınmaz əmlakda işləyən Fəxidən torpaq şöbəsində işləyən Nurəddindən dəfələrlə xahiş etmişdir ki, bu mənzillərin çıxarışlarının verilməsinə köməklik etsin. Hətta Elmira xanım evlərin sənədləşdirilməsi ilə əlaqədar Şahnəzər müəllimdən xahiş etmişdir ki ona kömək etsin və ona bir mənzil də hədiyyə etmişdir. Bir neçə vaxt keçdikdən sonra Şahnəzər müəllim Elmira xanımın imzası olmadan bina sakinlərinə order paylamışdır. Ondan soruşanda ki, order nə üçündür sakinlərə çıxarış lazımdır o isə demişdir ki, sakinləri sakitləşdirmək üçündür heç bu orderləri də daşınmaz əmlak qəbul etmir. O, heç bir kəsə böhdan atmaq yalan danışmaq fikrində deyil, əsl həqiqətləri deyir və danışdığı sözün də məhsuliyyətini dərk edir. Bir daha qeyd etmək istəyir ki, Elmira xanımın ona verdiyi 2 otaqlı 8 saylı mənzilin arayışını əl ilə yəni Elmira xanımın öz şəxsi imzası ilə imzaladığını və qeyd olunmuş qeydiyyat kitabında 20 dekabr 2006-cı ildə sənədləşdirilməsini həmin qeydiyyat kitabının heç bir vərəqinin cırılmamasını və heç bir düzəlişlər edilməməsini yoxlanılmasını xahiş edir. Hətta Tələt onun üçün 2-ci dəfə 27 dekabr 2006-cı ildə müqavilə yazdığını və ondan 8 min dollar pul aldığını bildirirdi. 25 fevral 2007-ci il tarixdə Tələt gəlib ondan 20 dekabr 2006-cı ildə müqaviləni və hətta 16 min dollar pulun qəbzini və 27 dekabr 2006-cı ildə 2-ci dəfə müqaviləni ödədiyi 8 min dollar pulun qəbzini istəmiş o, vermiş və soruşmuşdur ki, buları neynirsən o, isə cavabında bir az anlaşılmamazlıq var tez bir zamanda qaytaracaqdır. Lakin ona qəbzlərin əsllərini qaytarmamışdır. Elmanında Elmira xanımı məhkəməyə verməsini ondan qəbzlər əsasında pul alması barədə qəbzləri və məhkəmə sənədlərini araşdırılmasını xahiş etdi. Tikinti kitabında o, qeydiyyatda olduğu üçün, Elmira xanım ona arayış təqdim edib. Hal-hazırda Elmira xanım vəfat edib onun ölümündən sui-istifadə edən 14-15 il görsənməyən tikinti materiallarını Tələt ilə satıb mənimsəyən Elman Elmiranın yoxluğundan istifadə edərək Elmira xanıma sənədlərinin əslini itirilməsini deyən bu adam həmin sənədləri üzə çıxararaq Tələt bu evi onun adına yazıb “sən isə qapını sındırıb orada təmir işləri görmüsən ev mənimdir, mən səni nə yol ilə olur olsun bu evdən çıxardacam deyərək” ona böhtan atır şəxsiyyətini alçaldaraq onu hədələyərək təhqir edir. Əgər ağlını itiribsə, başqasının qapısını sındırıb evinə girib oranı min bir əzab ilə təmir etdirib orada yaşasın? Mənzili təmir etdirmiş, 8-9 ildir ki orda yaşayır. heç bir qapını sındırmamış tikinti təşkilatının qoyduğu qapıdır. Ona verilmiş sənədin əsasında hərəkət etmişdir. Elmandan soruşmaq lazımdır qaynı Tələtdən istifadə edərək müqavilə və qəbzləri əldə edən bu şəxs 04 yanvar 2007-ci ildə sənədlər əldə edib. 14-15 il bu binanın həyətinə ayaq basmayan hər bir lazımsız hərəkətlərə əl atan müxtəlif yollar ilə ona aid olan mənzilə yiyə çıxmaq istəyən Elmanın ona qarşı qaldırdığı idda ərizəsi 10 ildən artıq vaxt keçdiyinə görə və əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmədən qarşılıqlı iddianın təmin və ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia rədd edilməlidir. İş materiallarında olan ünvan 1 ünvanda yaşayan İddiaçı tərəfindən imzalandığı qeyd edilən kooperativ binada mənzil tikintisi haqqında 04 yanvar 2007-ci il tarixli müqavilədən görünür ki, kooperativ Şamaxı şəhəri S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən Şamaxı MTK tikilməkdə olan binasında 8 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabacadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 4 otaqdan ibarət olmaqla, ümumi sahəsi 80,0 kv.metr təşkil edir, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə payçını özünə verilir, göstərilən mənzilin ümumi dəyəri 16000 ABŞ dolları təşkil edir. İş materiallarında olan Şamaxı rayon Mənzil Tikinti kooperativinin 28 yanvar 2011-ci il tarixli 08 saylı orderindən görünür ki, İddiaçı 4 nəfərdən ibarət ailəsi ilə birlikdə S.Ə.Şirvani küçəsində məhəllədə 85 saylı evdə 08 saylı mənzildə 1-ci blokda 3-cü mərtəbədə 2 iki otaqdan ibarət 80,8 kvadrat metr mənzil sahəsi tutmağa ixtiyarı vardır. İş materiallarında olan 03 fevral 2007-ci il tarixli AİT № 743352 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 874 manat pay haqqı ödəmişdir. İş materiallarında olan 17 fevral 2007-ci il tarixli AİT № 743356 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 2622 manat pay haqqı ödəmişdir. İş materiallarında olan 15 yanvar 2007-ci il tarixli AİT № 743340 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 1311 manat pay haqqı ödəmişdir. İş materiallarında olan 04 yanvar 2007-ci il tarixli AİT № 743338 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 6118 manat pay haqqı ödəmişdir. İş materiallarında olan 14 fevral 2007-ci il tarixli AİT № 743353 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı 874 manat pay haqqı ödəmişdir. İş materiallarında olan 03 may 2007-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısıdır. Payçı olduğu sahəyə ödədiyi məbləğ 1500 ABŞ dollarıdır. İş materiallarında olan 16 may 2007-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısıdır. Payçı olduğu sahəyə ödədiyi məbləğ 1000 ABŞ dollarıdır. İş materiallarında olan Şamaxı Mənzil Tikinti Kooperativinin sədri E.Şirinova ilə Şamaxı şəhəri Şirvan küçəsi ev 19, mənzil 29-da yaşayan Cavabdeh tərəfindən imzalandığı qeyd edilən kooperativ binada mənzil tikintisi haqqında 20 dekabr 2006-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, kooperativ Şamaxı şəhəri S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən Şamaxı MTK tikilməkdə olan binasında 8 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabacadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 2 otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 80,8 kv.metr təşkil edir, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə payçını özünə verilir, göstərilən mənzilin ümumi dəyəri 16000 ABŞ dolları təşkil edir. İş materiallarında olan 20 dekabr 2006-cı il tarixli arayışın kserosurətindən görünür ki, Cavabdeh Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısıdır. Payçı olduğu sahəyə ödədiyi məbləğ 16000 ABŞ dollarıdır. İş materiallarında olan Şamaxı Mənzil-Tikinti Kooperativində mənzil alan payçılarla bağlanmış 20 dekabr 2006-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, Şamaxı Mənzil tikinti kooperativi MTK-nın sədri X10 bir tərəfdən, digər tərəfdən payşçı adlandırılan Cavabdeh, kooperativ Şamaxı şəhəri Şamaxı rayonu S.Ə.Şirvani küçəsində MTK-nın tikilməkdə olan binasında 8 nömrəli mənzil payçıya verməyi, payçı isə həmin mənzilin dəyərini, qabaqcadan müəyyənləşdirilmiş məbləğ əsasında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 80,8 m2-dir, mənzilin ümumi dəyəri 16000 ABŞ dollarıdır. İş materiallarında olan 27 dekabr 2006-cı il tarixli arayışın kserosurətindən görünür ki, Cavabdeh Şamaxı MTK-ya məxsus S.Şirvani küçəsində tikilən binanın payçısıdır, payçı olduğu sahəyə ödədiyi məbləğ 8000 ABŞ dollarıdır. İş materiallarında olan 20 dekabr 2006-cı il tarixli arayışın kserosurətindən görünür ki, Cavabdeh Şamaxı şəhəri Ş.Ə.Şirvani küçəsində yerləşən Şamaxı MTK-ya məxsus yaşayış binasının payçısıdır. Payçı olduğu 2 otaqlı 8 saylı mənzilin dəyərini tam ödəyib borc qalığı yoxdur. İş materiallarında olan Şamaxı rayon Şamaxı Mənzil tikinti kooperativinin 30 iyul 2009-cu il tarixli 8 saylı orderdən görünür ki, Cavabdeh Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində 85 saylı evdə 8 saylı mənzildə 1-ci blokda 3-cü mərtəbədə 2 otaqdan ibarət 80,8 kvadratmetr mənzil sahəsi tutmağa ixtiyarı vardır. İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli aktda göstərilir ki, Cavabdeh və qızı Hacıbalayeva Könül S.Ə.Şirvani küçəsi 85 saylı 5 mərtəbəli binanın 8 saylı mənzilində yaşayır. 2008-2009-cu illərdə həmin evi təmir etmiş və göstərilən ildən 8 saylı mənzildə birgə yaşayırlar. Bu vaxta qədər Elman adlı şəxs bu evə və həyətə gəlməmiş və ümumiyyətlə heç kim bu evlə maraqlanmamışdır. Onlar Elman adlı şəxs tanımırlar. İş materiallarında olan Şamaxı Təmiz Şəhər MMC-nin 15 fevral 2021-ci il tarixli 5 saylı arayışından görünür ki, Cavabdeh Şamaxı şəhər S.Ə.Şirvani küçəsi 85 saylı binanın 2-ci mərtəbəsi, 8 saylı mənzilində yaşayır. 22 dekabr 2010-cu ildə Şamaxı Təmiz şəhər MMC ilə məişət tullantılarının daşınması ilə bağlı müqavilə bağlamış, qeydiyyata alınmış və hal-hazırda ödəyicidir. İş materiallarında olan qonşuların tərtib etdikləri 04 fevral 2021-ci il tarxli aktda göstərilir ki, Cavabdeh və qızı Könül ilə 2008-2009-cu ildən bu günə kimi binanın sakinləri olaraq qonşuluq edirlər, onlar 8 saylı mənzildə yaşayırlar. Bu vaxta kimi 8 saylı mənzillə heç kim maraqlanmamışdır. Bu mənzildə Laləxanım və Könüldən başqa heç kim yaşamamışdır. 8 saylı mənzili Laləxanım özü təmir etdirib. İş materiallarında olan su təhcizatı və tullantı sularının axıdılması xidmətələrinə dair əhali qrupuna aid olan fiziki çəxslərlə bağlanan müqavilədən görünür ki, X19 Cəmiyyətinin 2 nömrəli Regional Sukanal idarəsinin Şamaxı sukanal sahəsi ilə Cavabdeh arasında Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi 8 saylı evə göstərilən su-kanal xidməti üçün müqavilə bağlanmışdır. İş materiallarında olan Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən 5 mərtəbəli binanın sakinlərinin 02 noyabr 2021-ci ildə tərtib etdiyi aktdan görünür ki, 2008-2009-cu illərdən bəri bu binanın sakinləri olaraq 8 saylı mənzilin sahibi Lalə müəllimə və Könül müəllimə ilə qonşuluq edirlər. Onlar həmin mənzili təmir etdirərək həmin mənzildə yaşayırlar. 8 saylı mənzildə onlardan başqa heç kim heç vaxt yaşamamışdır. Həmin mənzillə heç kim bu günə qədər onlardan başqa maraqlanmamış və o mənzildə onlardan başqa heç kimi görməmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər idarəsinin 19 aprel 2021-ci il tarixli **********655100 saylı məktubundan göstərilir ki, 21 oktyabr 2004-cü il tarixdən idarədə hüquqi şəxs kimi qeydiyyatda olan Şamaxı Mənzil-Tikinti kooperativi (VÖEN **********) 18 sentyabr 2018-ci il tarixdə fəaliyyətini dayandırmış və 01 yanvar 2016-31.12.2020-ci illər ərzində vergi orqanında mənfəət vergisi, əlavə dəyər vergisi, torpaq vergisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyənnamələrini vergi orqanına təqdim etmişdir. Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən 19 aprel 2021-ci il tarixə cəmiyyətin vergilər üzrə 374,68 manat əsas, 37,62 manat faiz borcu olmaqla ümumilikdə 412,30 manat borcu olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, sənədlərin texniki ekspertizası üzrə; tədqiqata təqdim edilmiş İddiaçı adına 04 yanvar 2007-ci il tarixli müqavilədə olan möhür əksi relyef klişe vasitəsitə sənədə birbaşa vurulmuşdur; İddiaçı adına 04 yanvar 2007-ci il tarixli müqavilədə və mülki işin 28-32 vərəqələrdə olan Cavabdeh adına 20 dekabr 2006-cı il, 27 dekabr 2006-cı il tarixli müqavilələrin surətlərində, 20 dekabr 2006-cı il tarixli və 27 dekabr 2006-cı il tarixli arayışların surətlərində olan möhür əksləri öz aralarında eynilik təşkil edir; İddiaçı adına 04 yanvar 2007-ci il tarixli müqavilənin tarix göstəricisindəki “2007” rəqəmlərindən “7” rəqəminin yerində əvvəlcə “4” çap rəqəmi olub, sonra üzərinə qələmlə indiki rəqəm icra edilmişdir; Cavabdeh adına 20 dekabr 2006-cı il, 27 dekabr 2006-cı il tarixli müqavilələrin surətlərindəki möhür əksinin və “E.Şirinova” sözünün qarşısındakı imzalar olan hissələr, 20 dekabr 2006-cı il tarixli və 27 dekabr 2006-cı il tarixli arayışların surətlərindəki möhür əksi, imzalar və soyadları olan hissələr yerləşməsinə və formasına görə eynidirlər; Məhkəmə-xətşünaslıq ekspertizası üzrə: ekspertizaya təqdim edilmiş, mülki işin 33cü vərəqində olan 20 dekabr 2006-cı il arayışın kserosurətində “"xxxx" MTK-nın sədri:”” qrafasında əks olunmuş imza, 125-ci vərəqində olan 20 dekabr 2006-cı il tarixli arayışda “"xxxx" MTK-nın sədri:”” qrafasında əks olunmuş imza, 126-cı vərəqində olan Şamaxı Mənzil-tikinti kooperativində mənzil alan payçı bağlanmış müqavilədə "xxxx" MTK-nın sədri qrafasındakı imza - X10 tərəfindən icra olunmuşdur; mülki işin 28-ci vərəqində olan 20 dekabr 2006-cı il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində Şamaxı MTK-nın sədri qrafasında əks olunmuş imza mülki işin 30-cu vərəqində olan 20 dekabr 2006-cı il tarixli Şamaxı Mənzil-tikinti kooperativində mənzil alan payçılarla bağlanmış müqavilənin kserosurətində “"xxxx" MTK-nın sədri:”” qrafasında əks olunmuş imza, 31-ci vərəqəsində olan 27 dekabr 2006-cı il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində “"xxxx" MTK-nın sədri:”” qrafasında əks olunmuş imza; 29-cu vərəqində 20 dekabr 2006-cı il tarixli arayışın kserosurətində “E.Şirinova” yazılarından əvvəl yerləşən imza və 32-ci vərəqində olan 27 dekabr 2006-cı il tarixli arayışın kserosurətində E.Şirinova” yazılarından əvvəl əks olunmuş imza - X10 tərəfindən icra olunmuş imzaların əksləridir (təsvirləridir); 04.01.2007-ci il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilədə (Şamaxı MTK-nın sədri E.H.Şirinova ilə X8 arasında 8 nömrəli mənzilin payçıya verilməsinə dair bağlanmış müqavilədə) “Tərəflərin imzaları:” qrafasından aşağıda yerləşən "xxxx" qrafasındakı imza; Azərbaycan Respublikası Şamaxı rayon Şamaxı MTK-nın İddiaçı adına olan 8 saylı 28 yanvar 2011-ci il tarixli Orderdə Şamaxı rayon Şamaxı MTK-nın sədri:” qrafasındakı imza; 03 fevral 2007ci il tarixli AİT № 743352 saylı, AİT №743356 saylı, AİT №743340 saylı, AİT№ 743338 saylı, AİT №743353 saylı kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar (kserosurətləri mülki işin 8-ci, 11-16-cı vərəqlərindədir) - X10 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 250 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2021-ci il tarixli 5/1143-4/1462 saylı ekspert rəyindən görünür ki, Sənədlərin texniki ekspertizası üzrə tədqiqata təqdim edilmiş İddiaçı adına 16 may 2007-ci il tarixli arayışda olan möhür əksi relyef klişe vasitəsitə sənədə birbaşa vurulmuşdur; Cavabdeh adına 20 dekabr 2006-cı il tarixli arayışın çap mətni elektrofotoqrafik çap qurğusunda (lazer printer və s.) icra edilmişdir; Cavabdeh adına 20 dekabr 2006-cı il tarixli arayışda olan əlyazmalar və imza hər hansı qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Cavabdeh adına 20 dekabr 2006-cı il tarixli arayışda olan tarix göstəricisindəki “2006” rəqəmlərindən ikinci 0 rəqəminin yerində əvvəlcə 1 çap rəqəmi olub, sonra üzərinə qələmlə indiki rəqəm icra icra edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizası üzrə: ekspertizaya təqdim edilmiş, 16 may 2007ci il tarixli İddiaçı adına olan arayışda “MTK-nın sədri” qrafasındakı imza - X10 tərəfindən icra olunmuşdur; 3 may 2007-ci il tarixli İddiaçı adına olan arayışda “Baş mühasib” qrafasındakı imza - X4 tərəfindən icra olunmuşdur; mülki işin 29-cu vərəqəsində Cavabdeh adına olan 20 dekabr 2006-cı il tarixli arayışın kserosurətində “Baş mühasib” qrafasında əks olunmuş imza - X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; mülki işin 125-ci vərəqəsində X1 adına olan 20 dekabr 2006-cı il tarixli arayışın əlyazma mətni- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 62 manatdır. İlk iddiaçı tələbini Şamaxı şəhəri S.Şirvani küçəsində yerləşən 85 saylı binanın 8 saylı mənzilinin tikilib ona təhvil verilməsi barədə Şamaxı Mənzil Tikinti Kooperativi ilə kooperativ binada mənzil tikintisi haqqında 04 yanvar 2007-ci il tarixli müqavilə bağlaması, mənzilin dəyərinin onun tərəfindən ödənilməsi ilə əsaslandırmışdır. İlk iddia üzrə cavabdeh mübahisəli mənzilə dair 20 dekabr 2006-cı il tarixli müqavilə bağlaması və bu müqavilələyə əsasən mənzildən istifadə etməsi əsası ilə ilk iddiaya etiraz etmişdir. İlk iddiaçı həmin müqaviləni mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə Dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qarşılıqlı iddiaçı, tələbini ilk iddiaçıda olan müqavilənin, qohumu Tələt adlı şəxsin X13 adından qanunsuz olaraq sənədləşdirdiyi müqavilə olduğunu və ya X13 Şamaxı MTKnın boş sənədlərinə imza edib, Tələtə etibar etdiyi sənədlərdən ibarət olduğunu iddia etsə də, özünün mübahisəli mənzilə dair 27 dekabr 2006-cı il tarixdə həmin tikintidə çalışan Tələt adlı şəxslə (Elmanın bacısının əri) yenidən müqavilə bağladığını sonuncunun ondan 8 min dollar pulu istədiyinini, özünün də, həmin pulu verdiyini bildirmişdir. Yanaşı yoxlanılmış 19 avqust 2021-ci il tarixli ekspert rəyi ilə 04.01.2007-ci il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilənin, İddiaçı adına olan 8 saylı 28 yanvar 2011-ci il tarixli Orderin, 03 fevral 2007-ci il tarixli AİT № 743352 saylı, AİT №743356 saylı, AİT №743340 saylı, AİT№ 743338 saylı, AİT №743353 saylı kassa mədaxil orderlərinin qəbzlərinin Şamaxı Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi olmuş X10 tərəfindən imzalanmadığı təsdiq edilsə də, 01 dekabr 2021-ci il tarixli ekspert rəyi ilə İddiaçı Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısı olması barədə 16 may 2007-ci il tarixli arayışı MTK-nın sədri X5 imzalaması müəyyən edilmişdir. Məhkəmə, rəyi vermiş ekspertin xətşünaslıq sahəsində xüsusi biliyinin olmasını, eləcə də həmin hissədə tədqiqatın əsli təqdim edilmiş sənədlər üzərində aparıldığını nəzərə alaraq, İddiaçı Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısı olması barədə 16 may 2007-ci il tarixli arayışı MTK-nın sədri X5 imzalamasını işin hallarına uyğun sayır və sonuncunun qarşılıqlı iddia üzrə cavabdehlə bağlanmış 04.01.2007-ci il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqaviləni bəyəndiyi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Məhkəmə eyni zamanda onu qeyd etməyi zəruri sayır ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməli olmasına, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materialların isə həqiqiliyini müəyyən etmək mümkün olması halında yazılı sübut kimi qəbul edilməli olmasına baxmayaraq, qarşılıqlı iddiaçı mənzilə dair onunla bağlanmış müqavilələrin və verilmiş arayışların kserosurətlərini təqdim etdiyindən, 19 avqust 2021-ci il tarixli və 01 dekabr 2021-ci il tarixli ekspert rəyləri üzrə tədqiqat da həmin surətlər üzərində icra edildiyindən, həmin rəylərin mübahisəli mənzilə dair qarşılıqlı iddiaçı ilə bağlanmış müqavilələr, verilmiş arayışlarla bağlı gəldiyi nəticələri ilə razılaşmaq olmaz. Bundan başqa, sonuncu rəydən görünür ki, Cavabdeh adına 20 dekabr 2006-cı il tarixli arayışda olan tarix göstəricisindəki “2006” rəqəmlərindən ikinci 0 rəqəminin yerində əvvəlcə 1 çap rəqəmi olub, sonra üzərinə qələmlə indiki rəqəm icra edilmişdir. Bu hal isə həmin sənəd tərtib olunarkən üzərində “2016” rəqəmlərinin icra edildiyini, sonradan “2006” rəqəmlərinə dəyişdirildiyini təsdiq edir. Məhkəmə 2006-cı ildə 2016-cı ilə aid arayış blanklarının tərtib olunmasının ağlabatan olmadığını nəzərə alaraq, 20 dekabr 2006-cı il tarixli arayışın göstərilən tarixdə tərtib olunmadığı nəticəsinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, "xxxx" sübut standartları tətbiq edilir. İş üzrə "xxxx" sübutlarla mübahisəli mənzilə dair qarşılıqlı iddiaçı ilə Şamaxı MTK arasında müqavilənin mövcud olması, bununla da, qarşılıqlı iddia üzrə cavabdehlər arasında bağlanmış mübahisəli müqavilənin qarşılıqlı iddiaçının maraqlarına toxunması halları təsdiq edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə ilk iddia üzrə belə nəticəyə gəlir ki, nə qədər ki, mübahisəli mənzilə dair Şamaxı Mənzil Tikinti Kooperativi ilə ilk iddia üzrə cavabdehin arasında bağlandığı qeyd olunan 20 dekabr 2006-cı il tarixli müqavilə qüvvədədir, ilk iddia üzrə cavabdeh həmin müqaviləyə əsasən sahiblik etdiyi mənzildən çıxarıla, ilk iddia təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia üzrə hesab edir ki, qarşılıqlı iddiaçının Kooperativ binada mənzil tikintisi haqqında 04.01.2007-ci il tarixli müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olması təsdiq edilmədiyindən, həmin müqavilə onun tələbi ilə etibarsız hesab edilə, qarşılıqlı iddia tələbi isə təmin edilə bilməz. Odur ki, hər iki iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, hər iki iddia rədd edildiyindən, ekspertlərə verilməli olan məbləğlər hər iki iddia üzrə iddiaçılardan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı Şamaxı Mənzil Tikinti kooperativi tərəfindən 8 saylı orderə əsasən ona verilmiş Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən 80,8 kv.metr sahəsi olan mənzildən çıxarılması, onun sahiblik və istifadəsinə qaytarılması, onun mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilıməsinə maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi barədə iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və Şamaxı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Şamaxı MTK-nın 04 yanvar 2007-ci il tarixli, Şamaxı şəhəri Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişməsində Şamaxı MTK-nın tikilməkdə olan binasının 4 otaqlı 80,8 kv.metr sahəsi olan mənzilinin alınması ilə əlaqədar kooperativ binada mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. İddiaçı 156 manat və Cavabdeh 156 manat ekspertiza xərci alınıb X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verdildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-286/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-286/2021
29.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver