Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-296/2024 06.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 və Cavabdeh4 nümayəndəsi - Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Daşınar və Daşınmaz Əmlakların Satışı X10, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi və Cavabdeh4 qarşı “icra hərəkətlərinin qanunsuz sayılması, hərracın yekun protokolunun və hərracın nəticələrinin qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mülkiyyət hüquqlarının bərpası haqqında” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı7, İddiaçı3 cavabdehlər Cavabdeh1, Daşınar və Daşınmaz Əmlakların Satışı X10, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi və Cavabdeh4 qarşı “icra hərəkətlərinin qanunsuz sayılması, hərracın yekun protokolunun və hərracın nəticələrinin qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mülkiyyət hüquqlarının bərpası haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon İcra şöbəsinin hərəkətlərinin qanunsuz sayılması, Daşınar və Daşınmaz Əmlakların Satışı X10 tərəfindən keçirilmiş 05 avqust 2019-cu il tarixli hərracın yekun protokolunun və nəticələrinin onlara məxsus pay torpaq sahəsi hissəsində qismən etibarsız hesab edilməsi, Daşınar və Daşınmaz Əmlakların Satışı X10 tərəfindən keçirilmiş 05 avqust 2019-cu il tarixli hərracın yekun protokolu əsasında Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi - **********16, qeydiyyat nömrəsi - ********** olan, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın ləğv olunması, Qobustan rayonunun Təklə kəndində yerləşən 4,0 ha əkin torpaq sahəsinə onların pay torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılara dövlət tərəfindən Aqrar islahat komissiyasının 24 mart 2005-ci il tarixli Z2 nömrəli qərarı ilə JN 0214, Kod 30709018 nömrəsi olan Dövlət Aktı ilə Qobustan rayonu Təklə kəndi ərazisində cəmi 4.0 ha pay torpağı verilmişdir. Onlar da, ailə üzvləri ilə birgə həmin torpağı kənd təsərrüfatı məqsədilə, hər il taxıl əkib-biçmiş, məhsulu və subsidiyanı da, öz aralarında bölmüşlər. Hazırda da, ailə üzvlərindən ibarət olmaqla, bu torpaq sahəsinə sahiblik və istifadə hüququ tam surətdə həyata keçirmişlər. Torpaq sahəsi faktiki olaraq sahibliyindədir. 2023-cü ildə dövlət tərəfindən verilən torpaq kartına ailə üzvlərindən İddiaçı1 adına subsidiya köçürülməmişdir. Aparılmış araşdırmalardan sonra son günlər onlara məlum olmuşdur ki, Dövlət aktı özlərində olduğu halda, heç bir məhkəməyə çağrılmadan, bu torpaq sahəsi başqa şəxsin adına torpaq mülkiyyətinə dair çıxarışla rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 avqust 2023-cü il, **********10 saylı məktubu ilə bildirilmişdir ki, Qobustan rayonu Təklə kəndi ərazisində yerləşən JN 0214, Kod 30709018 nömrəli dövlət aktına əsasən, ailənizə məxsus torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə, 14 saylı Şamaxı Ərazi İdarəsinə daxil olmuş ərizənizə və həmin torpağa aid sənədlərə baxılmışdır. Onlara və ailələrinə məxsus Qobustan rayonunun Təklə kəndində yerləşən 4.0 ha əkin torpaq sahəsi Cavabdeh1 sifarişi əsasında, “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən 05 avqust 2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsində başqa şəxsin adına özgəninkiləşdirilmişdir. Torpaq sahəsi hal-hazırda başqa şəxsin mülkiyyətində olduğu üçün, ərizənizin icrası mümkün olmamışdır. Onlar bu qərardadı mərhum atalarına məxsus elektron kabinetdən bu yaxınlarda çıxararaq, məlumatlı olmuşlar. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Cavabdeh1nə müraciət edərək, Cavabdeh1 sifarişi əsasında “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən 05 avqust 2019-cu il tarixdə keçirilmiş hərracın nəticəsinə dair protokolu götürmüşlər. Şamaxı rayon məhkəməsinin 8(074)-82/2020 nömrəli 04.11,2020-ci il tarixli qərardadında göstərilmişduir ki, 2(074)-40/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, tələbin borclu X2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qobustan rayonu Təklə kəndində yerləşən torpaq sahəsinin üzərinə yönəldilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuş, borclu X5 bildirib ki, ona və ailə üzvlərinə məxsus Qobustan rayonu Təklə kəndində 4,0 ha torpaq sahəsi vardır. Şamaxı rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 8(074)-74/2020 saylı qərardadı ilə torpaq sahəsinin üzərinə ona aid olan hissəsinə həbs qoyulmuşdur. Şamaxı rayon Məhkəməsinin 14 fevral 2012-ci il tarixli 2(074)-40/2012 saylı icra vərəqəsi əsasında Şamaxı rayon İcra şöbəsinin məktubu ilə DSMF-nun Şamaxı şöbəsi atası X2 aldığı pensiyasının 50 %-ni Cavabdeh4 adına köçürmüşdür. 2015-ci ildə atası həbs olunmuş və 2017-ci ildə şikayətçisi olmadığı üçün, həbsdən azad olunmuşdur. Həmin illər ərzində bu iş üzrə şikayətçi olmamış və icra şöbəsi tərəfindən məhkəməyə müraciət daxil olmamışdır. Atası həmin illərdə ağır xəstəliklər keçirmiş, vəziyyəti çox ağır olmuşdur. Atası ev şəraitində yataq xəstəsi olanda dəfələrlə Şamaxı rayon İcra şöbəsinin əməkdaşları evə gəlmiş, Şamaxı Rayon Məhkəməsinə aparmaqlarını təkid etmişlər. Atalarının vəziyyətinin ağır olmasını nəzərə alıb, icra şöbəsinin təkidi ilə onlar ailə üzvlərinə aid 8 nəfərin adına verilmiş birgə mülkiyyətdə olan 4.0 ha sahəsi əmlaklarına tələb yönəldilməsi barədə razılıq vermişlər. Ağır vəziyyətə düşdükləri üçün ailə üzvlərinin 5 nəfəri razılıq ərizəsinə imza atmış, 2 nəfər razılıq ərizəsindən imtina etmişdir. Bu razılıq ərizələrinə məcbur olaraq imza atmışlar. Şamaxı rayon İcra şöbəsi tərəfindən məhkəməyə 7 nəfərin adından müraciət edilərək göstərilmişdir ki, guya 4.0 ha torpaq sahəsinin alqısatqısına etiraz etmirlər, 2 nəfər ailə üzvlərinin imtinası qəti şəkildə məhkəməyə bildirilməmiş, məhkəmə proseslərinə də ailə üzvlərindən heç kimə məhkəmədə iştirak etməsi barədə bildiriş gəlməmiş, heç kim məhkəməyə çağırılmamışdır. Guya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmiş və 4,0 ha torpaq sahəsinin üzərinə həbs qoymuşdur. Həmin məhkəmənin qərarı ilə Qobustan rayonunun Təklə kəndində yerləşən 4.0 ha əkin torpaq sahəsinə Şamaxı rayon İcra şöbəsinin sifarişi əsasında “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən 05 avqust 2019-cu il tarixdə hərrac keçirilmiş, qanunsuz olaraq bütün torpağı başqa şəxsin adına qanunsuz tam özgəninkiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsi tərəfindən, üçüncü şəxs Cavabdeh4 adına reyestr nömrəsi - **********16, qeydiyyat nömrəsi **********. qeydiyyat tarixi xx.xx.2021-ci il olmaqla, çıxarış verilmişdir. Dövlət Aktı JN 0214, Kod 30709018 nömrəli, torpağa mülkiyyət hüququna dair sənədin əslindən görünür ki, X5 və onun ailə üzvlərinə Qobustan rayon Aqrar İslahat Komissiyasının 24 mart 2005-ci il tarixli 02 nömrəli qərarı ilə 4,0 ha kənd təsərrüfatı təyanatlı torpaq sahəsi verilmişdir. Şamaxı rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərardadının surətindən görünür ki, borclu X2, JN 1114, Kod 30709018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Qobustan rayonu Təklə kəndində yerləşən 4,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə ona aid hissədə həbs qoyulmuşdur. Torpağa mülkiyyət hüququna dair JN 0214, Kod 30709018 nömrəsi olan Dövlət Aktı ilə Qobustan rayon Aqrar İslahatı Komissiyasının 24 mart 2005-ci il tarixli 02 nömrəli qərarı ilə verilmiş 4.0 hektar torpaq sahəsi, 8 nəfər ailə üzvü olmaqla, hər adama 0,5 ha pay torpaq sahəsindən ibarətdir. Üzərinə həbs qoyulmuş torpaq aktında göstərilmiş ailə üzvlərinin heç birinə məhkəmənin çıxartdığı qərardad göndərilməmişdir. Heç bir məhkəmə iclasına dəvət olunmamış, ailə üzvlərinin İddiaçı3 və İddiaçı2 heç bir razılığıda olmamışdır. Şamaxı rayon məhkəməsinin xx.xx.2020-ci il, 8(074)-82/2020 nömrəli qərardadına əsasən, Qobustan rayonu Təklə kəndi ərazisində yerləşən 4.0 ha ümumbirgə kənd təsərrüfatlı torpağa, ailə üzvləri Alışov Rafık, İddiaçı4, İddiaçı6, İddiaçı5, Alışov və İddiaçı7 aid JN 0214, Kod 30709018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət Aktına əsasən, onlara aid olan hissəsinə həbs qoyulmuşdur. Şamaxı rayon icra şöbəsi tərəfindən 2021-ci ildə hərrac yolu ilə ümumi 4.0 ha torpaq sahəsini qanunsuz onlara aid olan hissəsində alqı-satqı edib, onların adına olan torpaq mülkiyyətinə dair Akt ləğv edilmiş və çıxarış alınmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, atası X2 adında olan 0,5 hektar pay topağının üzərinə həbs qoyulmalı olduğu halda, cavabdehlərdən Cavabdeh1 İcra haqqında Qanunu pozaraq, bütün əmlakın üzərinə həbs qoymuş və onların ailəsinin düşdüyü ağır vəziyyətdən istifadə edərək, ümumi paylı mülkiyyətin digər mülkiyyətçilərini mülkiyyət hüquqlarından məhrum etmişdir. Göründüyü kimi, Cavabdeh1 qanunsuz sifarişi təmin edilərək, pay torpaqları qanunsuz formada özgəninkiləşdirilmişdir. Cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı X10 bu qanunsuzluqları nəzərə almayıb, onlara məxsus əmlak paylarını satmışdir. Hesab edir ki, atası X3 məxsus pay torpaq sahəsi hissəsi çıxılmaqla, qalan pay torpaq hissəsində iclasın protokolu qismən etibarsız hesab edilməli, hərracın yekunları ləğv edilməklə, Cavabdeh4 adına verilmiş çıxarış ləğv olunaraq, onların mülkiyyət hüquqları bərpa olunmalıdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-296/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıların nümayəndəsi İddiaçı1 iddiadan imtinası qəbul edilərək, iddia ərizəsi üzrə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı7 aid hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək, iddia müddətinin tətbiq olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər Cavabdeh1, Daşınar və Daşınmaz Əmlakların Satışı X10 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə qeyd olunan cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-40/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən, borclu X1 ** GP *** dövlət qeydiyyat nişanlı “X11 Prado” markalı avtomobilinə görə ödədiyi 20.000 manat, vurulmuş maddi zərər olan 6000 manat və ödənilmiş dövlət rüsumu 20 manat pul alınaraq, Cavabdeh4 verilməlidir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0214, kod 30709018 nömrəli Dövlət Aktından görünür ki, Qobustan rayonunun Təklə kənd sakini X6 və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfat məhsulları istehsalı üçün 4,0 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-40/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə və Cavabdeh1 sifariş məktubunun icrasına əsasən, X4 məxsus Qobustan rayonu, Təklə kəndində yerləşən 4,00 ha torpaq sahəsi xx.xx.2019cu il tarixdə keçirilmiş hərracda 6000 manata Cavabdeh4 satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qobustan rayonu, Təklə kəndində yerləşən 4,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1 -ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarım pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin, iş materiallarından göründüyü kimi, Cavabdeh4 nümayəndəsi Vəkil iddia ərizəsi üzrə iddia müddətinin buraxılmasını nəzərə alınmaqla, iddia müddətinin tətbiq olunması ilə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən əqdlərin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına bağlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən, məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçıların üzərinə düşsə də, iddiaçılar öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz. Məhkəmə işdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar tərəfindən hazırki tələb üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Daşınar və Daşınmaz Əmlakların Satışı X10, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi və Cavabdeh4 qarşı “icra hərəkətlərinin qanunsuz sayılması, hərracın yekun protokolunun və hərracın nəticələrinin qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mülkiyyət hüquqlarının bərpası” haqqında iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-296/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-296/2024
06.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver