Məhkəmə qərarları › İş №2(074)-3/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-3/2023

31.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-3/2023 31.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəmir darvazanın götürülməsi, tikintilərin sökülməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları: Torpağın mülkiyyətə verilməsinə dair JN-046A seriyalı, KOD 41004018 olan şəhadətnaməyə əsasən, Şamaxı Rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 332 saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi Şamaxı rayonu, Bağırlı kənd sakini İddiaçı Vəlican oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, 0,1642 ha həyətyanı torpaq sahəsi Şamaxı rayonu, Bağırlı kənd sakini Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, 0,20 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 39 kv.m. olan fərdi yaşayış evi Şamaxı rayonu, Bağırlı kənd sakini Cavabdeh mülkiyyətinə verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-176/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/292 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********58 nömrəli mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsindən götürülmüş döngə nöqtələrinin koordinatları elektron kadastr məlumat bazası ilə araşdırılan zaman məlum olmuşdur ki, kompleks yerquruluşu planında mülkiyyətə verilmiş həyətyanı torpaq sahələrinin konfiqurasiyası faktiki naturada istifadə vəziyyətini əks etdirmir və dəqiq yerini (kv.m.) müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-862/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/7009 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, mülki iş materiallarına əlavə edilmiş Cavabdeh qeydiyyat nömrəsi ********* olan Çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-ölçü sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edildi. Cavabdeh evinə, həyətyanı torpaq sahəsinə gedişgəliş yolunun mövcud olduğu və baxış keçirilən zaman, həmin gediş-gəliş yolunda Cavabdeh tərəfindən dəmir darvazanın quraşdırılmadığı müəyyən olundu. İddiaçı tərəfindən evinin arxa hissəsində gediş-gəliş yolu kimi nəzərdə tutulmuş bələdiyyə mülkiyyətinə aid olan torpaqların 18 kv.m. hissəsində çəpərləmə işinin aparıldığı müəyyən olundu. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı dəmir darvazanın götürülməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus evin arxa hissəsindən keçən gediş-gəliş yoluna cavabdeh tərəfindən qoyulmuş dəmir darvazanın oradan götürülməsi və əmlakından sərbəst istifadəyə maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 oktyabr 1998-ci il tarixli 332 saylı qərarı ilə Şamaxı rayonu, Bağırlı kəndində olan 0,12 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi JN-046 saylı 41004018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Kəndin baş planına əsasən, qoyulmuş yol isə onun həyətyanı torpaq sahəsinin yanından keçərək, Cavabdeh həyətinə gedir. Evinin arxa tərəfi həmin yolla həmsərhəddir. 2-3 il olar ki, cavabdeh onun evinin arxa hissəsi ilə həmsərhəd olan gediş-gəliş yoluna darvaza qoymuş, ümumi gediş-gəliş yolunu öz həyətinə daxil etmişdir. Nəticədə evinin arxa hissəsinə keçə bilmir. Bu da mülkiyyətindən sərbəst, maneəsiz istifadəsinə əngəl yaradır. Bu darvaza qoyulan zaman, aralarında mübahisə yaranmışdır. O, cavabdehə bildirmişdir ki, bu yer ümumi gediş-gəliş yoludur, darvazanı oradan götür. Lakin, cavabdeh onun qarşısına şərt qoymuşdur ki, “sən də darvazanı bir-iki metr arxaya çək, mən də darvazanı buradan götürüm”. O, bununla razılaşıb, darvazanı 2 metr həyətinə tərəf çəkmişdir. Cavabdeh isə bundan sonra da, darvazanı həmin yerdən götürmək istəmir. Neçə müddətdir ki, bu barədə aralarında mübahisə gedir. Sonda məcbur olub, məhkəməyə müraciət etməli olmuşdur. Sonradan İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Şamaxı rayonu, Bağırlı kəndində yerləşən ona məxsus evin arxa hissəsindən keçən gediş-gəliş yoluna Cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın oradan götürülməsi, zəbt olunmuş 0,02 ha yaxın torpaq sahəsindəki tikintilərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq, onun istifadəsinə qaytarılması və mülkiyyətindən sərbəst istifadəyə maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh İddiaçı qarşı dəmir setka çəpərin sökülməsi, maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehə qadağan edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş dəmir setka çəpərin sökülməsi, gediş-gəliş yolunun tikinti altına alınaraq zəbt edilməsi, istifadəyə yönəlmiş maneələrin cavabdeh tərəfindən aradan qaldırılması və həmin sahəyə müdaxilənin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddianı qəbul etmir, qarşılıqlı iddianı isə müdafiə edir. Belə ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 332 saylı qərarı ilə Şamaxı rayonu, Bağırlı kəndində ona 0,16 ha torpaq sahəsi, atası X3 0,20 ha torpaq sahəsi verilməklə, həmin topraq sahələri onların mülkiyyətindədir. Kəndin Baş planına əsasən, qoyulmuş gediş-gəliş yolu cavabdeh İddiaçı evinin arxa tərəfindən keçir. Cavabdeh İddiaçı 2017-ci ilin mart ayında gediş-gəliş yoluna 2 metr ölçüdə keçərək, həmin yolu tikinti altına salaraq, dəmir setkadan hörməklə zəbt etmişdir. Bu qanunsuz tikinti gediş-gəliş yolundan rahat istifadə etməkdə maneçilik törədir. Onu da qeyd edir ki, cavabdehin evinin arxasına düşən yolun ona heç bir aidiyyatı yoxdur. Onun gediş-gəliş yolu öz evinin qabağındandır. O, cavabdehə həmin çəpəri sökməyi təklif etməyinə baxmayaraq, sonuncu təklifinə məhəl qoymamışdır. Bu səbəbdən də, cavabdeh tərəfindən qanunsuz edilmiş tikintinin davamlı və daha da, ətrafa çıxmamasının qarşısını almaqdan ötrü, özünə aid olan gediş-gəliş yoluna darvaza qoydurmuşdur. Bundan sonra, cavabdehlə aralarında mübahisələr düşməyə başlamışdır. Belə ki, cavabdeh qanunsuz tikili tikməklə və yolu zəbt etməklə yanaşı, öz şəxsi avtomobilini onun darvazanın qabağında saxlayır. Cavabdehə dəfələrlə bildirmişdir ki, bu yol ümumi gediş-gəliş yoludur, lakin cavabdeh bu iradlarına məhəl qoymamışdır. Bir neçə dəfə Şamaxı Rayon Polis Şöbəsinə həm şifahi və yazılı şikayət etməli olmuşdur. Buna cavab olaraq, ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ilk iddianı əsassız hesab edərək, təmin olunmamasını xahiş etdi. Eyni zamanda, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbindən imtina etməklə, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbindən imtina etməsinin nəticələri ona izah edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh iddiadan imtina etməsi qəbul olunaraq, iddiaçı Cavabdeh İddiaçı qarşı dəmir setka çəpərin sökülməsi, maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehə qadağan edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İş materiallarından müəyyən olunur ki, tərəflərin hər birinin mülkiyyətinə qanunla müəyyən olunmuş qaydada həyətyanı torpaq sahəsi verilmiş və mülkiyyət hüquqlarını təsdiq edən müvafiq sənədlərlə hər birinin torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Eyni zamanda, aparılmış ekspertiza tədqiqatının nəticəsindən göründüyü kimi, Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-ölçü sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmiş və bununla da, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 2(074)- 6/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər arasında mübahisə predmeti olan gediş-gəliş yolunun yerləşdiyi ərazi Şamaxı Rayon Bağırlı Bələdiyyəsinin mülkiyyətindədir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunması müəyyən edilmədiyindən, eləcə də, cavabdehin qanunsuz sahibliyindən tələb olunan əmlak iddiaçıya məxsus olmadığından və bununla da, iddiaçı subyektiv hüquqa malik olmadığından, iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı Şamaxı rayonu, Bağırlı kəndində yerləşən iddiaçıya məxsus evin arxa hissəsindən keçən gediş-gəliş yoluna cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın oradan götürülməsi, zəbt olunmuş 0,02 ha yaxın torpaq sahəsindəki tikintilərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq, onun istifadəsinə qaytarılması və mülkiyyətindən sərbəst istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd olunduğundan, məhkəmə xərcinə daxil olan ekspertiza xərcləri iddiaçıya aid edilməli və buna görə də, İddiaçı cəmi 150 manat pul tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı Şamaxı rayonu, Bağırlı kəndində yerləşən iddiaçıya məxsus evin arxa hissəsindən keçən gediş-gəliş yoluna cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın oradan götürülməsi, zəbt olunmuş 0,02 ha yaxın torpaq sahəsindəki tikintilərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq, onun istifadəsinə qaytarılması və mülkiyyətindən sərbəst istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin olunmasın. İddiaçı cəmi 150 (bir yüz əlli) manat məbləğində ekspetiza xərcləri tutularaq, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar