Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-32/2025 29.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən cavabdehlə onun paylı mülkiyyətində olan evin və torpaq sahəsinin qiymətləndirilməsi, açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara uyğun şəkildə cavabdehlə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X1 Şamaxı rayonu, Dəmirçi kəndində miras ev qalmış və vərəsəlik şəhadətnaməsi əsasında evin 3/4 hissəsi, həyətyanı torpaq sahəsinin isə 3/12 hissəsi onun mülkiyyətinə verilmişdir. Evin 1/4 hissəsi və həyətyanı torpaq sahəsinin isə 9/12 hissəsi cavabdehin mülkiyyətinə verilmişdir. Cavabdeh evdən payının az olmasına baxmayaraq, bütün evi zəbt etmişdir. O, həm evdən, həm də, həyətyanı torpaq sahəsindən ona düşən hissənin naturada ayrılmasını istəyir. Hər kəs özünə aid sənədlərini düzəltdirsin və öz əmlakından istifadə etsin. Lakin, aralarındakı danışıqlar bir fayda vermədiyindən, məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə paylı mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada ayrılmasının mümkün olmaması müəyyən olunmuşdur. Belə olan halda, əmlak qiymətləndirilməli və açıq hərracdan satılaraq, tərəflər arasında bölünməlidir. O, kompensasiya ilə bağlı cavabdehə təklif göndərmiş, lakin cavabdeh təklifini alsa da, buna hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsassız hesab edərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Dəmirçi kənində 0,17 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 112,20 kv.m. olan fərdi yaşayış evinə 3/4 hissədə və 3/12 hissədə torpaq sahəsinə dair İddiaçı, 1/4 hissədə fərdi yaşayış evinə və 9/12 hissədə torpaq sahəsinə dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması barədə iddiası rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin, paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə, mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. İş materiallarından görünür ki, hazırki iş üzrə tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin və torpaq sahəsinin hazırki real bazar dəyərinin məbləğinin müəyyən olunması üçün, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilir ki, Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən analoji torpaq sahələrinin və fərdi yaşayış evlərinin satışına və qiymətinə dair məlumat olmadığından, sözügedən torpaq sahəsinin və fərdi yaşayış evinin mövcud orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatında göstərilir ki, fərdi yaşayış evinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, torpaq sahəsi, analoq evlərin müqayisəli satışı, sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla, aparılmış hesablamalara və təhlillərə əsasən, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Şamaxı rayonu, Dəmirçi kəndində olan 0,17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 112,20 kv.m. fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 25000 manat təşkil edir. Qiymətləndirmə hesabatının xidmət haqqı olan 300 manat pul İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə, bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi, hazırkı mübahisə predmeti olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi paylı mülkiyyətdə olmaqla, tərəflərin mülkiyyətindədir. Mübahisəli əmlak olan evin 3/4 hissəsi və torpaq sahəsinin 3/12 hissəsi iddiaçının, evin 1/4 hissəsi və torpaq sahəsinin 9/12 hissəsi isə cavabdehin mülkiyyətindədir. Əvvəlki mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq, əmlakın texniki cəhətdən bölünməsinin mümkün olmadığı müəyyən edilmiş və hazırda iddiaçı paylı mülkiyyətində olan evin və torpaq sahəsinin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara uyğun şəkildə cavabdehlə aralarında bölüşdürülməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin hazırki şəraitdə yaranmış münasibətlərini, onların hər birinin mənafeyini, mübahisəli əmlakın bölünməsi və ya ondan payın ayrılmasının mümkün olmadığını, eləcə də, yuxarıda qeyd olunan qanun normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Şamaxı rayonu, Dəmirçi kəndində 0,17 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 112,20 kv.metr fərdi yaşayış evi açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait tərəflərin paylarına uyğun şəkildə bölüşdürülməli, əmlak hərraca çıxarılarkən, ilkin satış qiyməti 25000 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh 100 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Həmçinin, Cavabdeh digər ekspertiza təhqiqatının dəyəri olan 300 manat pul alınıb, İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Şamaxı rayonu, Dəmirçi kəndində 0,17 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 112,20 kv.metr fərdi yaşayış evi açıq hərracdan satılsın. Satışdan əldə olunmuş vəsait tərəflərin paylarına uyğun şəkildə bölüşdürülsün. Əmlak hərraca çıxarılarkən, ilkin satış qiyməti 25000 manat məbləğində müəyyən edilsin. Cavabdeh 100 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Cavabdeh digər ekspertiza təhqiqatının dəyəri olan 300 manat pul alınıb, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-32/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-32/2025
29.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver