Məhkəmə qərarları › İş №2(074)-33/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-33/2023

28.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-33/2023 28.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, cavabdeh eyni zamanda Cavabdeh4 nümayəndəsi Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaqdan qanunsuz istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon İcra Hakimiyyətinin 25 iyul 2017-ci il tarixli 76 saylı sərəncamı və 25 iyul 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi ilə istifadəsinə verilmiş Şamaxı rayonu Qabırlı qış otlaq sahəsində yerləşən 290 ha qış otlaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri 30 ha sahədən, Cavabdeh3 isə zəbt etdiyi 20 ha qış otlaq sahəsindən çıxarılmaları, onların həmin sahədən istifadələrinə son qoyulması, həmin torpaqların onun istifadəsinə qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon İHB-nın 25 iyul 2017-ci il tarixli 76 saylı sərəncamı ilə ona heyvandarlıq məqsədilə Şamaxı rayonu 21 nömrəli Qabırlı qış otlaq sahəsindən 290 ha qış otlaq sahəsi ayrılmışdır. Müvafiq olaraq həmin tarixdə Şamaxı rayon İcra Hakimiyyəti ilə 04 saylı icarə müqaviləsi bağlanmış, həmin torpaq sahəsi 15 il müddətinə icarəsinə verilmişdir. 2019-cu ilə kimi torpaq sahəsindən tam şəkildə istifadə etmiş, son üç ilədə isə cavabdehlər torpaq sahəsinin müəyyən hissəsini zəbt edərək ona qanuni istifadəsində olan torpaq sahəsində tam istifadə etməyə maneəçilik yaradırlar. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 ha örüş sahəsini, Cavabdeh3 isə 20 ha örüş sahəsini zəbt edərək onun heyvan qarasının həmin sahələrə keçməsinə imkan vermirlər. Düzdür hazırda cavabdehlər yaylaqdadır, lakin yaylaqdan qayıdan kimi hər ilki vəziyyət yenidən təkrar olunacaq. Belə ki, özbaşına olaraq mərz nişanlarını onun sahəsinin içərilərinə doğru çəkib deyirlər ki, guya istifadə etdiyi torpağın sərhədləri buradan başlayır. Bu səbəbdən də ötən illərdə onlarla çobanları arasında tez-tez söz-söhbət olurdu. Yusifin ümumiyyətlə heyvan qarası yoxdur. Həmin yeri müxtəlif şəxsləri icarəyə verir. Özünün qoyduğu nişanlara əsasən otlaq sahəsini onlara göstərib gedir. Bundan sonra o şəxslərlə arada münaqişə yaranır. Cavabdehlərin ümumiyyətlə torpaq sahəsində istifadə olunması ilə bağlı heç bir qanuni sənədləri yoxdur. Onunsa bütün sənədləri var. Cavabdehlərə dəfələrlə başa salınsa da cavabdehlər torpağını boşaltmır, 3 ildir ki, öz torpağından istifadə edə bilmir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh4 cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsində icarəsində olan torpaq sahəsinin 20 ha hissəsinin Cavabdeh3 tərəfindən qanunsuz zəbt olunmasını göstərmiş və onun bu sahədən çıxarılmasını xahiş etmişdir. İş üzrə keçirilmiş ekspertizanın nəticəsinə görə ona məlum olmuşdur ki, Cavabdeh3 tərəfindən 28 ha torpaq sahəsi zəbt olunmuşdur. Odur ki, iddianı dəqiqləşdirərək Cavabdeh3 tərəfindən icarəsində olan torpaq sahəsindən zəbt olunmuş 28 ha torpaq sahəsinin boşaldılması, onun həmin sahədən çıxarılması və həmin torpaq sahəsinin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaqdan qanunsuz istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Cavabdeh4 cavabdeh qismində, Şamaxı rayon İcra Hakimiyyəti isə üçüncü şəxs qismində mülki işə cəlb edilmiş və iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, onun Qabırlı qış otlaq sahəsi ilə bağlı qüvvədə olan icarə müqaviləsi yoxdur. 36 yatağın əvvəlki 36 icarədarının heç biri ilə müqavilə bağlanmayıb. Sadəcə iddiaçıya verilib sənədlər. Köhnə şəhadətnaməsi var lakin, ləğv olunub. Hazırda qış otlaq sahəsindən istifadə edir və onunla da icarə müqavilə bağlanması üçün müraciət edəcəkdir. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh eyni zamanda Cavabdeh4 nümayəndəsi Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, onun tərəfindən iddiaçının torpağı zəbt olunmayıb. Əvvəl Qabırlı qış otlaq sahəsinə dair onun da icarə müqaviləsi olmuş, lakin sonradan səhhəti ilə bağlı həmin sahə arvadı Cavabdeh4 icarəyə verilmişdir. Lakin sonradan həmin müqaviləyə xitam verilmişdir. Onunla yenidən müqavilə bağlanılması üçün sənədləri hazırlanıb göndərilmiş, pandemiya olduğundan gecikdirilmişdir. Hazırda onun və arvadının Qabırlı qış otlaq sahəsinə dair icarə müqaviləsi yoxdur. Lakin özlərinə aid hissədən arvadı ilə birlikdə istifadə edirlər. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh1 və üçüncü şəxs Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon İcra Hakmiyyəti Başçısının 07 dekabr 2016-cı il tarixli № Ş-03-1466 saylı İddiaçı ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2014 cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasi regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nda uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata, keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi, ilə əlaqədar təyinatının dəyişdirələrək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunmuşdur. Qeyd olunanlara əsasən qış otlaq sahəsinin icarəyə verilməsinə dair Şamaxı rayon icra hakimiyyətinin Sizinlə bağlamış olduğu müqavilə 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncama əsasən qüvvədən düşmüş hesab olunur. İş materiallarında olan Şamaxı rayon İcra Hakmiyyəti Başçısının 25 iyul 2017-ci il tarixli, 76 saylı sərəncamından görünür ki, Şamaxı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 66 saylı sərəncamına əsasən Şamaxı şəhər sakini İddiaçı istifadəsində olmuş 400 ha 21 nömrəli Qabırlı adlı qış otlaq sahəsindən 110 hektarı əkinçilik dövriyəsinə cəlb olunduğu üçün qalan 290 hektar torpaq sahəsinə və “Padar yazdaq” adlı yay otlağından təhkim olunmuş 220 ha sahəyə yenidən icarə müqaviləsinin bağlanılması, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları” haqqında 15 mart 2000-ci il tarixli 42 saylı qərarına uyğun olaraq Şamaxı şəhər sakini İddiaçı istifadəsində olan 290 ha 21 nömrəli “Qabırlı”adlı qış və 220 ha “Padar yazdaq” adlı yay otlağından təhkim olunmuş sahənin müqavilə müddəti 15 il artırılması qərara alınmışdır. İş materiallarında olan 25 iyul 2017-ci il tarixli 04 nömrəli müqavilənin surətindən görünür ki, Şamaxı rayonu İcra Hakimiyyəti başçısının 25 iyul 2017-ci il tarixli, 76 saylı sərəncamına əsasən 290 ha “Qabırlı”adlı qış və 220 ha “Padar yazdaq” adlı yay otlaq sahəsi 15 (on beş) il müddətinə İddiaçı icarəsinə verilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra Hakmiyyəti Başçısının 01 aprel 2016-cı il tarixli 29 saylı sərəncamından görünür ki, Bakı şəhəri, 4 MR, M,Cəlal küçəsi ev 8, mənzil 64 də yaşayan Yusif Yoiçuyevin ərizəsi nəzərə alınaraq Şamaxı Rayonu icra Hakimiyyəti başçısının 03 iyul 2001-ci il tarixli 78 saylı sərəncamına əsasən bağlanılmış icarə müqaviləsinə xitam verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları” haqqında 15 mart 2000-ci ıl tarixli 42 saylı qərarını nəzərə alaraq Yusif Yoiçuyevin icarəsindən geri alınmış “Qabırlı” adlı 150 hektar qış otlaq sahəsi 15 il müddətinə arvadı X1 icarəsinə verilmişdir. İş materiallarında olan Şamaxı Rayon İHB-nın aparatının 07 aprel 2023-cü il tarixli, 5- 75-3/2-292/2023 saylı məktubundan görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2016-ci il tarixli 29 nömrəli sərəncamı ilə Cavabdeh4 150 hektar qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Prizdentinin 27 fevral 2014-cü il tarixli 118 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Resbublikası regionlarının 2014- 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Resblikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890,42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş, buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunmuşdur. Şamaxı Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinin 23 sentyabr 2016-ci il tarixli 516s saylı Sərəncamını əsas götürərək qış otlaq sahələrinə aid icarə müqavilələrinə, o cümlədən “Qabırlı” qış-otlaq sahəsində yerləşən icarə müqavilələrinə də xitam vermişdir. May ayı 2021-ci il Ağsu Lahiyə- Tədqiqat İdarəsi tərəfindən ərazidə elektron xəritələşmə işinin aparılması üçün rayon icra hakimiyyəti ilə birlikdə keçirilən monitorinq zamanı müəyyən olunmuşdur ki, 150 hektar qış otlaq sahəsindən əkin dövriyyəsinə cəlb olunmayan 85 hektarını Cavabdeh4 müqavilə və sərəncam olmadan istifadə edir. İş materiallarında olan Şamaxı Rayon İHB-nın aparatının 13 aprel 2023-cü il tarixli, 5- 75-3/2-312/2023 saylı məktubundan görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 25 iyul 2017-ci il tarixli 76 nömrəli sərəncamına və həmin sərəncam əsasında icarədar İddiaçı ilə bağlanmış 25 iyul 2017-ci il tarixli 4 nömrəli müqaviləyə xitam verilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı Şamaxı rayonu “Qabırlı” qış otlaq sahəsindən istifadəsinə verilmiş 290 ha torpaq sahəsinin həmin ərazidə yerləşir, lakin yerquruluşu planında göstərilən koordinatlara və elektron baza məlumatlarına əsasən olan torpaq sahəsi ilə, faktiki istifadəsindəki torpaq sahəsi arasında sahə və konfiqurasiya fərqi vardır. İddiaçı Şamaxı rayonu “Qabırlı” qış otlaq sahəsindən istifadəsinə verilmiş 290 ha torpaq sahəsinin yerquruluşu planında göstərilən koordinatlara və elektron baza məlumatlarına əsasən qış otlaq sahəsinin 17 ha hissəsinin Cavabdeh2 tərəfindən, 28 ha hissəsi isə Cavabdeh3 tərəfindən istifadə olunur. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2023-cü il tarixli № 10/462 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 dekabr 2022-ci il tarixli **********03 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı Şamaxı rayonu “Qabırlı” qış otlaq sahəsindən istifadəsinə verilmiş 290 ha torpaq sahəsinin həmin ərazidə” yerləşdiyi, lakin yerquruluşu planında göstərilən koordinatlara və elektron baza məlumatlarına əsasən olan torpaq sahəsi ilə, faktiki istifadəsindəki torpaq sahəsi arasında sahə və konfiqurasiya fərqi olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, İddiaçı Şamaxı rayonu “Qabırlı” qış otlaq sahəsindən istifadəsinə verilmiş 290 ha torpaq sahəsinin yerquruluşu planında göstərilən koordinatlara və elektron baza məlumatlarına əsasən qış otlaq sahəsinin 17 ha hissəsinin Cavabdeh2 tərəfindən, 28 ha hissəsinin isə Cavabdeh3 tərəfindən istifadə olunduğu müəyyən olundu. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 2-ci bəndinə əsasən yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin araşdırılmış hallarından müəyyən olunduki, Şamaxı rayon İHB-nın 25 iyul 2017-ci il tarixli 76 saylı sərəncamı ilə İddiaçı Şamaxı rayonu 21 nömrəli Qabırlı qış otlaq sahəsindən 290 ha qış otlaq sahəsi ayrılmışdır. 25 iyul 2017-ci il tarixdə İddiaçılə Şamaxı rayon İcra Hakimiyyəti arasında 04 saylı icarə müqaviləsi bağlanmış, həmin torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdir. İddiaçı Şamaxı rayonu “Qabırlı” qış otlaq sahəsindən istifadəsinə verilmiş 290 ha torpaq sahəsinin yerquruluşu planında göstərilən koordinatlara və elektron baza məlumatlarına əsasən qış otlaq sahəsinin 17 ha hissəsinin Cavabdeh2 tərəfindən, 28 ha hissəsinin isə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Şamaxı rayon icra hakimiyyətinin 25 iyul 2017-ci il tarixli 76 saylı sərəncamı və 25 iyul 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi ilə İddiaçı istifadəsinə verilmiş Şamaxı rayonu Qabırlı qış otlaq sahəsində yerləşən 290 ha qış otlaq sahəsinin 17 hektar hissəsindən Cavabdeh2 və 28 hektar hissəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 çıxarılmalı, onların həmin sahədən istifadələrinə son qoyulmalı və həmin torpaq sahələri iddiaçının istifadəsinə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 1279 manat pul tərəflər arasında bərabər bölüşdürülməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 959,25 (doqquz yüz əlli doqquz manat iyirmi beş qəpik) manat pul alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə keçirilmiş ekspertizanın xərci 50 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şamaxı rayon icra hakimiyyətinin 25 iyul 2017-ci il tarixli 76 saylı sərəncamı və 25 iyul 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi ilə İddiaçı istifadəsinə verilmiş Şamaxı rayonu Qabırlı qış otlaq sahəsində yerləşən 290 hektar qış otlaq sahəsinin 17 hektar hissəsindən Cavabdeh2 və 28 hektar hissəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 çıxarılsın, onların həmin sahədən istifadələrinə son qoyulsun və həmin torpaq sahələri İddiaçı istifadəsinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 959,25 (doqquz yüz əlli doqquz manat iyirmi beş qəpik) manat pul müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 keçirilmiş ekspertizanın dəyəri 50 manat pul müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar