Məhkəmə qərarları › İş №2(074)-379/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-379/2022

22.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-379/2022 22.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun müəyyən olunması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-də yerləşən Cavabdeh adına olan evə istifadə hüququnun müəyyən olunması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 02 dekabr 1989-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, üç övladları dünyaya gəlmişdir. Hamısı yetkinlik yaşına çatmışlar. Evləndikləri vaxtdan Surxayla münasibətləri normal olmamış, Surxay daima içib sərxoşluq etmişdir. Sərxoş olanda da evi bir birinə qarışdırmış, onu döymüş, söymüş təhqir etmişdir. 2002-ci ildə Surxay sərxoş vəziyyətdə yaşadıqları evi yandırmış və buna görə həbsə düşmüşdür. Həmin vaxtı Surxay məhkəməyə ərizə ilə müraciət edərək evdən heç nə istəmədiyini, evi və əşyaları ona və uşaqlarına verdiyini bildirmişdi. Surxay və onun valideynlərinin köməkliyi ilə evi bərpa etmişlər. Amma Surxay bundan da bir nəticə çıxarmamış, yenə içib sərxoşluq etmişdir. Surxay xalası oğlu, bacısı isə qardaşının yoldaşıdır. Bunları nəzərə alaraq boşanma üçün ərizə vermişdir. 2018-ci ildə isə onu elə bir şəkildə döyüb ki, o, bir tərəfli paralic keçirib. Amma yenə polisə müraciət etməmişdir. 3 ildən çoxdur ki, müalicə olunur. Fikirləşib ki, Surxay da daha yaşlanır, bəlkə içkini tərgidə, ailəsi bir yerə yığıla. Ona görə də ara bir evə gedirmiş, lakin onu içəri buraxmır, qapıdan qovmuşdur. Bütün əmlakları oradadadır. Avadanlıqlarına baxmağına imkan vermir. 2021-ci ildə ona məhkəmədən məktub gəlmişdir ki, Surxay boşanma vermiş, vəziyyətin belə olduğunu görüb o da etiraz etməyib. Şamaxı rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə nikahları ləğv olunmuşdur. Hazırda onun yaşamağa yeri yoxdur. Surxay isə onu 30 il yaşadığı evə buraxmır. Mediasiyaya müraciət etmiş. X2 da gəlməmişdir. Odur ki, qərara almışdır ki,1989-cu ildən həmin evdə yaşamağı nəzərə alınmaqla evdən istifadə hüquqları müəyyən olunması və evə köçürülməyi barədə məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, ev ona məxsus deyil. Ev anası Süleymanova Rəfifənin mülkiyyətindədir. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,5 m2, yaşayış sahəsi 63,1 m2 olan yaşayış evi Cavabdeh məxsusdur. İş materiallarında olan 24.01.2003-cü il tarixli Cavabdeh ərizəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlaklardan və evdən ona çatan payı öz doğma uşaqlarına bağışlayır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Mənzil- Kommunal təssərüffatı komitəsi Azərtexinventarlaşdırma İstehsalat İdarəsinin fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportunun surətindən görünür ki, 5 otaqdan ibarət ümumi sahəsi 98,5 m2, yaşayış sahəsi 63,1 m2 olan ünvan 1 yerləşən yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan 24 avqust 2021-ci il tarixli, 2(074)-476/2021 saylı Şamaxı rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 29.11.1989-cu ildə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 29.11.1989-cu il tarixdə 225 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Qərarına əsasən, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 01 sentyabr 2001-ci il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Qeyd edilən Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçı 1989cu ildə gəlin köçdüyü vaxtdan 2021-ci il tarixədək yaşadığı ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus yaşayış evindən istifadə hüququ əldə etdiyindən və onun həmin evə istifadə hüququ müəyyən olunmaqla həmin evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları tanınmaqla həmin yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar