Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-38/2022 27.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “şərikli mülkiyyətdə olan evin qiymətləndirilməsi və açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən ona verilmiş xx.xx.2016-cı il tarixli Seriya RX № ******* saylı Çıxarış əsasında mülkiyyətində olan ünvan 1 ünvanındaki evin məcburi qaydada açıq hərracdan satışa çıxarılaraq əldə olunmuş vəsaitin yarısının ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) ona verdiyi xx.xx.2016-cı il tarixli, Seriya RX № ******* saylı Çıxarışla ünvan 1 ünvanına mülkiyyət hüququ əldə etmişdir. Beləliklə, öz mülkiyyətindən istifadə edə bilmədiyinə görə əvvəlcə məhkəməyə bu mübahisəli mənzilin naturada bölünməsi ilə bağlı müraciət etmiş, lakin məhkəmə iddianı təmin etməmiş, daha sonra sözügedən mübahisəli mənzilin məcburi qaydada açıq hərracda satılaraq əldə olunmuş vəsaitin yarısının ona verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Şamaxı rayon məhkəməsinin 2(074)-252/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, bu mübahisəli mənzilin ilkin satış qiyməti 42000 manat müəyyən edilərək hərraca çıxarılması və satıldıqdan sonra əldə olunmuş məbləğin tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi qət edilmişdir. Lakin Cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ona bildirmişdir ki, o Azərbaycan Respublikası (AR) Mülki Məcəlləsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməmiş. Odur ki, yəni əvvəlcə cavabdeh tərəfindən ona kompensasiya ödənilməsi barədə iddia qaldırmalı və əgər cavabdeh iddiaçını qane edən məbləğdə kompensasiyanı ödəməkdən imtina edərsə, bundan sonra paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi tələbi üzrə iddia ilə yenidən məhkəməyə müraciət etməlidir. O, Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qanuni və əsaslı təklifini qəbul edərək iddiadan imtina etmiş, bu əsasda Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-2627/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadla həmin iş üzrə Şamaxı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)- 252/2020 saylı qətnaməsini ləğv edib iş üzrə icraata xitam vermişdir. O, “paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbi üzrə iddia ərizəsi ilə Şamaxı rayon məhkəməsinə müraciət etmiş, bu iddia tələbi üzrə mübahisəli evin məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış dəyərinin yarısını (21000 manat pul) Cavabdeh tərəfindən ona kompensasiya kimi ödəməsini istəmiş, lakin cavabdeh onunla razılaşmamışdır. Ona görə də Şamaxı rayon məhkəməsi 2(074)-398/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə ilə iddia tələbini təmin etməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Şamaxı rayon məhkəməsinin 2(074)-398/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində bildirilmişdir ki, AR Mülki Məcəlləsinin 215.2-ci maddəsi, 220.3-cü maddəsi, 220.6-cı maddəsi və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarı əsasında o mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib bölünməsi barədə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, sözügedən evə bərabər hüquqlu mülkiyyətçi olsa da evindən istifadə edə bilmir. Buna görə də iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş seriya RX № ******* saylı çıxarışdan görünür ki, Şamaxı şəhəri Məhəmməd Hadi küçəsi ev 19 mənzil 16 da yerləşən mənzilin ümumi sahəsi 73,5 kv.m-dir. Həmin mənzil Cavabdeh və İddiaçı məxsusudur İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli 2(074)- 252/2020 saylı qətnamənin surətindən görünür ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzili ilkin satış qiymət 42000 manat müəyyən edilərək hərraca çıxarılması və Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzili satıldıqdan sonra əldə olunan məbləğ tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-2627/2020 saylı qərardadının surətindən görünür ki, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli, 2(074)-252/2020 saylı qətnaməsi ləğ edilməsi, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətində olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(074)- 398/2021 saylı qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(074)-1185/2021 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdehlər ƏMDRXnin 14 saylı ərazi idarəsi, Şamaxı şəhər Mənzil idarəsi və İddiaçı qarşı Şamaxı şəhəri Məhəmməd Hadi küçəsində yerləşən 19 nömrəli evin 16 saylı mənzilinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 iyun 2016-cı il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbi rədd edimişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə də məhkəmə işin araşdırılmış hallarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli Şamaxı şəhəri Məhəmməd Hadi küçəsi ev 19 mənzil 16 açıq hərracdan satılmalı və əldə edilmiş vəsait İddiaçı və Cavabdeh arasında bərabər paylarda bölünməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Şamaxı şəhəri Məhəmməd Hadi küçəsi ev 19 mənzil 16 açıq hərracdan satılsın və mənzilin satışından əldə edilmiş vəsait İddiaçı və Cavabdeh arasında bərabər paylarda bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-38/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-38/2022
27.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver