Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-398/2021 29.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi ev 19 mənzil 16 da yerləşən, ümumi sahəsi 73.5 kv m olan 4 otaqlı yaşayış evinin ½ hissəsi əvəzinə cavabdeh tərəfindən iddiaçının xeyrinə 21000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin qoyulması, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestindən RX seriyalı ******* saylı çıxarışa əsasən Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi ev 19 mənzil 16 da yerləşən, ümumi sahəsi 73.5 kv.m. olan 4 otaqlı yaşayış evinin ½ hissəsi İddiaçı məxsusdur. İddiaçı ilə cavabdehin bir evdə yaşaması və mülkiyyətində olan əmlakdan istifadəsi qeyri-mümkün olduğundan iddiaçı Şamaxı rayon Məhkəməsinə müraciət edərək, payın naturada ayrılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2019-cu il tarixli 12075 saylı ekspert rəyinə əsasən, adı çəkilən mənzilin naturada paylara mütənasib şəkildə bölgüsü texniki cəhətdən mümkün deyildir. Şamaxı rayon Məhkəməsinin 2(074)-373/2019 saylı iş üzrə 15.10.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı tərəfindən “payın naturada ayrılması” tələbi üzrə iddiası, payların texniki göstəricilərə uyğun olaraq, bölgüsü mümkün olmadığına görə, rədd edilmişdir. Sonradan tərəflər məhkəmə qətnaməsindən şikayət vermədiklərinə görə, Şamaxı rayon Məhkəməsinin qətnaməsi öz qanuni qüvvəsini almışdır. Mülki qanunvericiliyin normalarına əsasən o, öz qanuni mülkiyyətində olan əmlakından istifadə etmək hüququndan məhrum olur. Çünki istədiyi kimi həmin əmlakdan nə istifadə edə, nə də sərəncam verə bilir. Cavabdeh ilə də razılaşmaq qeyri-mümkündür. Şamaxı rayon Məhkəməsində də cavabdeh bildirir ki, 3000 manat verməyə razıdır. Bu isə o deməkdir ki, o yalnız təklif xətrinə bu məbləği deyir. Reallıqda isə mənzilin dəyəri ən azı 42000 manat məbləğindədir. Şamaxı rayon Məhkəməsi tərəfindən təyin edilən ekspertizanın rəyində qeyd edilib ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi ev 19 mənzil 16 da yerləşən, ümumi sahəsi 73.5 kv.m. olan 4 otaqlı yaşayış evinin qiyməti 42000 manat məbləğindədir. Bu isə o deməkdir ki, qarşı tərəf ilə razılaşmaq qeyri mümkündür və hər hansı razılıq əldə edilmir. Göstərilənlərdən bu nəticəyə gəlinir ki, nə qarşı tərəf ilə razılaşma olacaq, nə də mənzilin naturadan bölünməsi mümkündür. Mənzilin yarısının mülkiyyətçisi kimi mənzilin bazar dəyərinin yarısının ona kompensasiya şəklində ödənilməsinə razıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, beş ildir ki, cavabdehlə ortaq bir qərara gələ bilmirlər. Bir evdə yaşaya bilmirlər. Hal-hazırda oteldə qalır. Sözügedən evdən ona aid olan hissədə payını tələb edir. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı 25 ildir ki, sözügedən evdə yaşamır. Həmin evdə olan pay qardaşına məxsus olmuşdur. O, iddiaçıya onun payına düşən hissə ilə bağlı ödəniləcək pula dair təklif etmiş, lakin hal-hazırda buna maddi imkanı yoxdur. Odur ki, ev dörd otaqlıdır. İddiaçı gəlib yaşaya bilər. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş seriya RX № ******* saylı çıxarışdan görünür ki, Şamaxı şəhəri Məhəmməd Hadi küçəsi ev 19 mənzil 16 da yerləşən mənzilin ümumi sahəsi 73,5 kv.m-dir. Həmin mənzil Cavabdeh və İddiaçı məxsusudur. İş materiallarında olan “xxxx” MMC-nin 01.06.2020-ci il tarixli № 16 saylı ekspert rəyinin surətindən görünür ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzilinin dəyəri 42000 manat təşkil edir. İş materiallarında olan 01/0837 saylı arayışın surətindən görünür ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzilinin 24.09.2016-cı ilə olan bazar dəyəri 27000 manat təşkil edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2(074)-373/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması tələbinə dair” iddia tələbi rədd edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzili hər birinin payı 1/2 hissə olmaqla tərəflərin paylı mülkiyyətindədir. İddiaçı əvvəlki iddia tələbində həmin əmlakdan payının naturada ayrılmasını və ya dəyərinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçının tələb etdiyi pulu verməyə maddi imkanının olmamasını, iddiaçıya yalnız 3000 manat pul verməyə razı olduğunu bildirsə də, iddiaçı təklif edilən məbləğlə razılaşmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Beləliklə də məhkəmə işin araşdırılmış hallarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya kompensasiya ödəmək istəməməsini və onun üzərinə belə öhdəliyin qoyulması mümkün olmadığından idda tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin qalan iştirakçısı tərəfindən kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-398/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-398/2021
29.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver