Məhkəmə qərarları › İş №2(074)-420/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-420/2023

25.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-420/2023 25.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, ilk iddia üzrə Cavabdeh, onun nümayəndəsi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Vəkil2 və tərcüməçi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, Şamaxı rayonu Çuxuryurd kəndində ümumi sahəsi 52 kv.metr, torpaq sahəsinin ölçüsü 0,15 kv.metr olmaqla, xüsusi mülkiyyətində olan evdən Cavabdeh çıxarılması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Notariat ofisində xx.xx.2015-ci il tarixdə bağlanmış 4Ə- 339 nömrə ilə reyestrdə qeydə alınmış onunla İddiaçı arasında Şamaxı rayonu, Çuxuryurd kəndində atasından miras qalmış evə aid bağlanmış evin və həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh İvanovadan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən iki otaqlı evini alq-satqı yolu ilə almışdır. Bu barədə ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin evin ümumi sahəsi 52 kv.metr, torpaq sahəsinin ölçüsü 0,15 kv.metr olmaqla, xüsusi mülkiyyətindədir. Bu barədə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********64-10301 nömrə ilə qeydiyyata alınmaqla, fərdi yaşayış evinə texniki pasport verilmişdir. Ev yaşamaq üçün yararlıdır, hətta daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/155931 saylı arayışından görünür ki, xx.xx.2022-ci il tarixinə bazar dəyəri 60400 manat təşkil edir. Cavabdehlə aralarında heç bir məbləğ mübahisəsi qalmamışdır. Cavabdeh alqı-satqıdan sonra demişdir ki, ona bir-iki ay vaxt versin, sonra evi boşaldacaqdır. Lakin, sözünə əməl etməmişdir. Cavabdehdən evi boşaltmağı tələb edir, sonuncu isə, evi boşaltmaq istəmir. Gah bəhanə gətirir ki, qohumlarının yanına gedəcək, ona bir az vaxt versin, gah deyir ki, tənha qadındır, hara getsin, ona dəfələrlə başa salmışdır ki, evi almışdır, boşaltmalıdır. Özü şəkərli diabet xəstəsidir, Nina bu işi bu gün-sabaha saldıqca, çox əsəbləşir, şəkəri qalxır. O da, bundan istifadə edir, evi boşaltmaq fikri yoxdur. Cavabdeh könüllü olaraq onun evini bu gün sabaha salıb boşaltmır, bu da onun evindən öz iradəsinə uyğun istifadə etməyinə mane olur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıov oğlu aldatma, şantaj və hədə-qorxu yolu ilə zəbt etdiyi evlə bağlı dedikləri ilə razılaşmır. xx.xx.2014-cü il tarixdə İddiaçı aylıq 15 faizlə 9000 manat kredit götürmüş, o, Məhəmmədə 6 dəfə 1350 manat, bir dəfə də 300 manat faiz ödəmişdir. Ümumilikdə Məhəmmədə 8400 manat ödəmiş, 2015-ci ilin sonrakı növbəti 3 ayı ərzində, yəni mart, aprel, may aylarında faizləri ödəyə bilməmişdir. Nə faizi, nə də əsas borcu qaytara bilməmişdir. Əslində o, 9000 manatdan 8400 manatını qaytarıb, Məhəmmədə vermişdir. Cəmi 600 manat borcu qalmışdır. Bir gün Məhəmməd yanındakı 4-5 nəfərlə onun evinə gəlmişdir. Onlar özləri ilə gətirdikləri yeməyi, içməyi istifadə edib, sonra evi boşaltmağını tələb etdilər. Dedilər ki, ona və qızına qarşı zor tətbiq edəcəklər. Onlara faiz ödəyə bilmədiyi üçün, ev onsuz da, onlara məxsusdur, əks halda evi boşaltmasa, çox peşman olacaqdır. O, özü üçün, hətta qızı üçün çox qorxurdu, indi isə Məhəmməddən və onun şirkətindən qorxur, çünki o, tək yaşayır, qohumları Azərbaycanda yaşamır. O vaxt qızı Rusiya Federasiyasında oxuyurdu və Məhəmmədin hədələrindən sonra o, təkid etmişdir ki, oxuduqdan sonra Rusiyada qalsın. Bütün o dəhşətlərin şahidi olan qonşu yaşlı, tənha qadın idi, amma təəssüf ki, dünyasını dəyişdi, və sözlərini təsdiq edə bilməyəcək və dözdüyü bütün dəhşətləri təsvir edə bilməyəcəkdir. Tez-tez Məhəmməd və onun şirkəti gedəndən sonra bir qonşuya getmiş, evdə tək qalmaqdan qorxduğu üçün ondan gecələməsini istəmişdir. Onun haqqında nə edə biləcəklərini bilmir. Onlar çox, o isə təkdir. Məhəmməd özündən məbləğ təyin edərək onu yüklədi ki, 15.000 manat verməlidir. O, pulu vermək imkanı olmadığına görə və onun bu tələbi əsassız olduğuna görə, Məhəmməd ondan yaşayış evinin və şəxsi torpaq sahəsinin sənədlərini verməyini tələb etdi. Məhəmməd də ondan öz adamlarından birinə ümumi etibarnamə verməyimi tələb etdi, ona nəsə edəcəklərindən çox qorxdu, məcburiyyət qarşısında ona notariusda etibarnamə vermişdir. Onun heç kimə evi satmaq niyyəti yox idi. Ancaq Məhəmməd onun rəyi olmadan, onun razılığı olmadan, onun verdiyi etibarnamədən sui-istifadə edərək, onun evini köməkçisi Natiqin vasitəsi ilə adına keçiribdir. Belə çıxır ki, onun minimum 130.000 manat dəyəri olan evini Məhəmməd cəmi 600 manatın müqabilində adına keçiribdir. Onların arasında evin alqı-satqısı ilə bağlı heç bir razılaşma olmayıb. Məhəmməd onun köməksiz vəziyyətindən sui-istifadə edərək, xəbəri olmadan gedib evi öz adına keçiribdir. Yalnız məhkəmədə onun evdən çıxarılmağı barədə iddia qaldıranda bilmişdir ki, ev Məhəmmədin adına keçibdir. O, evini heç kimə satmamış, belə bir niyyəti də olmamış, evin alqı-satqı müqaviləsi onun xəbəri olmadan, iradəsi əleyhinə bağlanıbdır. Bağlanmış müqavilə saxtadır, formal xarakter daşıyır və həmin alqı-satqı müqaviləsinə görə heç kəsdən heç bir məbləğdə pul almamışdır. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilk iddia tələbini müdafiə edərək, ilk iddianın təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqı iddia üzrə iddiaçı Cavabdeh və nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, AR-İ 398685 nömrəli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, Seriya RX ******* nömrəli çıxarışa əsasən, Şamaxı rayonunun Çuxuryurd kəndində 0,15 hektar torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini idarə etməyi, 01 saylı arayışı aldıqdan sonra, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş əqdləri, o cümlədən, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə verməyi, miras əmlakı qəbul etməyi və ya ondan imtina etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X5 etibar etmişdir. İş materiallarında Cavabdeh adından çıxış edən X7 və İddiaçı Şamaxı rayon notariat kontorunun xüsusi notariusuna ünvanladığı ərizəsindən görünür ki, onlar ünvan 2ərdi yaşayış evinin 50000 manat qiymətə satılması barədə razılığa gəlmişlər, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsi “alıcı” öz üzərinə götürür, “alıcı” bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını xahiş edir, “satıcı” həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra, notariusun depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli beh müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş etibarnaməyə əsasən, onun adından çıxış edən X7 aşağıdakı məzmunda müqavilə bağlamışdırlar: İddiaçı Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən yaşayış evinin xx.xx.2015-ci il tarixə kimi rəsmiləşəcək alqı-satqı müqaviləsi üçün verəcəyi 50000 manatdan 10000 manatı X5 beh vermiş, X1 rayonunun Çuxuryurd kəndində yerləşən yaşayış evinin alqı-satqı müqaviləsini bağlamaqdan imtina edərsə və alqı-satqı üçün lazımi sənədləri vaxtında təqdim edə bilməzsə, İddiaçı iki qat, yəni 20000 manat ödəyəcək, müqavilə İddiaçı üzündən bağlanmazsa, 10000 manat məbləğində olan beh X3 qalır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə özünə məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 52 kv.m. olan fərdi yaşayış evini İddiaçı satmışdır. İş materiallarından görünür ki, 40.000 manat vəsait Cavabdeh ilə İddiaçı arasında Şamaxı Rayon Notariat Kontorunda xx.xx.2015-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə- 339 nömrə ilə qeydə alınaraq, təsdiq edilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi üzrə notariusun "xxxx" ASC-də olan hesabına mədaxil edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 52 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Cavabdeh İddiaçı borcu olduğu üçün, Nina evini Məhəmmədin adına rəsmişləşdirmək üçün, onun adına etibarnamə vermiş və həmin etibarnamə əsasında o, Məhəmmədlə alqısatqı müqaviləsi bağlamışdır. Lakin, onun 10000 manat behdən və alqı-satqıya görə 40000 manat puldan xəbəri olmamış və o, kassadan həmin məbləğdə pulu götürməmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh ilə İddiaçı arasında Şamaxı Rayon Notariat Kontorunda xx.xx.2015-ci il tarixdə bağlanmış və reyestrdə 4Ə-339 nömrə ilə qeydə alınaraq, təsdiq edilmiş AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə notariusun "xxxx" ASC-də olan hesabına mədaxil edilmiş 40.000 manat vəsaitin götürülməsi barədə kassa-məxaric orderindəki imzanın X7 adlı şəxsə aid olubolmamasının müəyyən edilməsi üçün, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1641 nömrəli ekspert rəyində qeyd olunur ki, ekspertizaya təqdim edilmiş X4 adına olan xx.xx.2015-ci il tarixli, C091589 nömrəli çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım. İmza” qrafasındakı imza X7 tərəfindən icra olunmuşdur. Məhkəmə bu əsasla məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni inandırıcı hesab etmir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər sərbəst şəkildə öz iradələrini ifadə edərək, ünvan 2ərdi yaşayış evinin 50000 manat qiymətə satılması barədə razılığa gəlib, qanunvericiliyin tələblərinə uyğun olaraq beh və alqı-satqı müqavilələri bağlamış və müqavilə üzrə alıcı qismində çıxış edən İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1 -ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus daşınmaz əmlakda olması iddiaçının əmlak üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 2015-ci ildən hüquqlarının pozulduğunu bilmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əqdlərin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına bağlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən, məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, qarşılıqlı iddia üzrə iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün və təmin olunması üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, qarşılıqlı iddia təmin edilə bilməz. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusu nəzərə alınmaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə təmin olunmamalı, həmçinin, ilk iddia üzrə cavabdehdən ekspertiza tədqiqatının dəyəri tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia təmin edilsin. Cavabdeh Sxivnuşina Nina İvanovna xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış İddiaçı məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 52 kv.m. olan fərdi yaşayış evindən çıxarılsın. Dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat pul Cavabdeh alınıb, İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar