Məhkəmə qərarları › İş №2(074)-443/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-443/2022

21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-443/2022 21.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “doğum faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, valideyn himayəsindən məhrum olmuş nəvəsi X11 oğlunun 28.01.2015-ci ildə Suriya Ərəb Respublikasının Rəqqə şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, valideyn himayəsindən məhrum olmuş nəvəsi X11 oğlu 28.01.2015-ci ildə Suriya Ərəb Respublikasının Rəqqə şəhərində ev şəraitində doğulmuşdur. Nəvəsi bu illər ərzində Azərbaycan Respublikasında olmaması səbəbindən və doğum faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün doğumu dövlət qeydiyyatına alınmamışdır. Şəxsiyyət vəsiqəsinin təsdiq edən sənəd olmadığı üçün ölkəyə səfirlik tərəfindən verilmiş qayıdış şəhadətnaməsinə əsasən qayıtmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatı dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.11.2021-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Şamaxı rayonu İcra Hakimiyyəti başçısının sərəncamından görünür ki, Ərizəçi 11.08.2021-ci il təvəllüdlü X3, 29.01.2013-cü il təvəllüdlü X1 və 28.01.2015-ci il təvəllüdlü X11 oğluna qəyyum təyin edilmişdir. İş materiallarında olan 19.01.2022-ci il tarixli 06 nömrəli Şamaxı rayonu İcra Hakimiyyəti başçısının 01 noyabr 2021-ci il tarixli 171 nömrəli sərəncamına qismən dəyişiklik edilməsi barədə sərəncamının surətindən görünür ki, Şamaxı rayonu İcra Hakimiyyəti başçısının 01 noyabr 2021-ci il tarixli 171 nömrəli sərəncamının 1-ci bəndində qismən dəyişiklik edilərək Ərizəçi 11.08.2021-ci il təvəllüdlü X3, 29.01.2013-cü il təvəllüdlü X1 və 28.01.2015-ci il təvəllüdlü X11 oğluna qəyyum təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində olan SXA-nin ƏOŞ Peşə-əmək Reabilitasiya mərkəzinin direktoru X2, peşə-əmək reabilitasiya şöbəsinin müdiri X4 və təsərrüfat və xidmət şöbə müdiri-X6 tərəfindən tərtib edilmiş aktdan görünür ki, SXA-nin **********6 saylı 27 oktyabr 2021-ci il tarixli əmrinə əsasən İraq Respublikasından gətirilmiş, reabilitasiya məqsədilə ƏOŞ Peşə-əmək Reabilitasiya mərkəzində yerləşdirilən X7, X5 və X11 oğlu sosial-psixolji qiymətləndirilmiş, 7 saylı poliklinikanın həkimləri tərəfindən müayinə olunaraq, qan analizləri müayinələri aparılmış, mərkəz tərəfindən tibbisosial xidmətlər göstərilmiş və Şamaxı rayonu İcra Hakimiyyətinin başçısının 01.11.2021-ci il tarixli 171 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanda yaşayan ana nənəsi Ərizəçi təhvil verilmişdir. İş materiallarında olan Azərbayacan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən görünür ki, 28.01.2015-ci il təvəllüdlü X11 oğlu 06.10.2021-ci il tarixdə Azərbayacan Respublikasına gəlmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 04.03.2022-ci il tarixli 05/Q-277/15 saylı Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Suriya Ərəb Respublikasının Rəqqə şəhərində 28.01.2015-ci il tarixdə doğulmuş valideyn himayəsindən məhrum olmuş nəvəsi X11 oğlunun doğumunun qeydə alınmasına dair müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının tələblərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssəsindən sənəd təqdim edilməli və bu sənəd olmadıqda doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bildiririk ki, doğum faktını təsdiq edən sənəd (doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, X11 oğlunun 28 yanvar 2015-ci ildə Suriya Ərəb Respublikasının Rəqqə şəhərində anadan olmağı faktı ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X11 oğlunun 28 yanvar 2015-ci ildə Suriya Ərəb Respublikasının Rəqqə şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar