Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-448/2021 03.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 may 1985-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş X1 ölmüş elan edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı 08 yanvar 2015-ci il tarixdən itkin düşmüşdür. Bu barədə Şamaxı rayon Məhkəməsi 26 aprel 2018-ci il tarixdə qətnamə qəbul etmişdir. Hazırda həmin vaxtdan da üç ilə yaxın bir müddət keçir. İndi də onun barəsində heç bir məlumat yoxdur. Özü işləmir. Üç azyaşlı uşağı var. Valideynləri kömək etsələr də, onların ehtiyaclarını minimum həddə belə ödəyə bilmir. Ünvanlı sosial yardıma müraciət etmiş, ondan həyat yoldaşının nə işlə məşğul olmasına dair məlumat tələb olunsa da, o, buna cavab verə bilmirəm. O, orqana həyat yoldaşının öldüyünü bildirdikdə isə, ondan ölüm barədə sənəd tələb edilir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Həyat yoldaşı X5 həm də onun bibisi oğludur. O, 7-8 ildir ki, itkin düşmüşdür. Bu barədə müvafiq orqanlara müraciət etsələr də, X5 indiyədək tapılmamışdır. Bu halı şahidlər də təsdiq edirlər. Buna görə də ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə ifadə verib bildirdi ki, X5 onun qonşusu olmuşdur. Eyni zamanda onun xalasının oğludur. O, Nadiri 2015-ci ildən bəri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəməyə ifadə verib bildirdi ki, o, X1 dayısıdır. 2015-ci ildən bəri əlaqə saxlamalarına baxmayaraq ondan xəbər yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ifadə verib bildirdi ki, o, X1 qardaşıdır. X5 2014-cü ildə Rusiya Federasiyasına getmiş, 2015-ci ilin yanvar ayından etibarən onunla əlaqə kəsilmişdir. Atası və qardaşı onu axtarmağa getsələr də Nadir tapılmamışdır. Bununla bağlı polisə müraciət etmişlər, polis axtarış aparmış, lakin nəticəsi olmamışdır. Həmçinin qardaşı X1 ərizəçidən başqa ailəsi olmamışdır. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan X-ЖГ № 467328 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23.05.1985-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ № 706330 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 arasındakı nikah 06.09.2011-ci il tarixdə Şamaxı rayon İHB-nin Quşçu kənd nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06.09.2011-ci il tarixdə 42 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Qəniyev”, arvada “Qəniyeva” soyadı verilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(074)- 395/2018 saylı qətnaməsinin surətindən görünür ki, 23 may 1985-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş X5 08 yanvar 2015-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Quşçu kənd nümayəndəliyinin 26.01.2021-ci il tarixli arayışdan görünür ki, X5 08 yanvar 2015-ci il tarixdən Şamaxı rayonu Quşçu kəndində görünməmişdir və barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də məhkəmə hesab edir ki, 23 may 1985-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş X1 barəsində beş il ərzində məlumatın olmaması, ərizəçinin və ailəsinin onun axtarışı üçün müraciət etdiyi müvafiq qurumların apardığı tədbirlərin nəticəsiz qalması ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 may 1985-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş X5 ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-448/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-448/2021
03.05.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver