Məhkəmə qərarları › İş №2(074)-46/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-46/2023

13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-46/2023 13.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 01 sentyabr 2005-ci il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kənd icra nümayəndəliyində bağlanmış və 15 nömrə ilə qeydə alınmış nikah akt qeydinin etibarsız hesab olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Əslən Şamaxı rayom Qaleybuğurd kəndindədir. 2 il əvvəl əmisi ona zəng edib ki, Qızmeydandan Xatirə zəng edib deyib ki, aralarında nikah olması müəyyən olunub. Bundan sonra o da maraqlanıb görüb ki, onun da iki nikahı var. Biri Xatirə ilə 01 sentyabr 2005-ci il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kənd icra nümayəndəliyində bağlanmış və 15 nömrə ilə qeydə alınmış nikah, digər isə hazırkı həyat yoldaşı Rəna ilə bağlanmış nikah. Deyib ki, onun bu nikahdan xəbəri yoxdur. Xatirə də deyib ki, onun da bu nikahdan xəbəri yoxdur. Düzdür, onların toyu olmuşdu, amma o heç nir nikah sənədinə imza etməmişdir. Belə ki, o 2000-ci illərin əvvəllərində hazırda evli olduğu və birgə yaşadığı Rəna adlı qızla tanış olub. Bir-birlərin istəmişlər. Fikirləri də ciddi imiş. Amma 2005-ci ilin yay aylarında o, Qızmeydan kəndində bir qız görmüş, yaxşı ailədən olub. İstəyəni də olmub. Deyib lər gəl səni onunla evləndirək. Əvvəl razılıq verməyib. Rəna da bu eşidibmiş. Daha onun telefonunuda açmırmış. Sonra fikirləşib ki, Rənanı qisqandırmaq üçün razılıq versin. Razılıq verib, tez bir vaxtda elçi gedib razılıqlarını alıblar. Sonra da toya hazırlaşıbalar. Amma o çox peşman olmuşdur. Rənanı da unuda bilmirmiş. Toy günü qəti qərar verməli olub. O başqasını sevə-sevə sevmədiyi qızla ailə qura bilməzdi. Bu Xatirənin özünə qarşıda haqsızlıq olardı. Ona görə də elə həmin gün hər şeyi Xatirəyə deyib. Xatirədə onu başa düşüb, amma deyib ki, sabah geri qayıtsa camaat pis başa düşər. Bir-iki ay qalıb sonra qayıdar evlərinə. Toyun səhərisi atasına da deyib. Atası hirslənib, hətta onu təhdid edib ki, bu iş əvvəl-axır olacaq. O da deyib ki, olmayacaq və evdən çıxıb. Ondan sonra nə olub-olmayıb bilmir. Bir il sonra isə Rəna ilə evləniblər. Sonra eşidib ki, Xatirə də ailə qurub. İndi isə bu məsələ ortaya çıxıb. Yenə də təkrar olaraq bildirir ki, həmin vaxt onun niyyəti evlənmək olmayıb, sadəcə olaraq Rənanı qısqandırmaq üçün belə edib. Gec də olsa səhvini anlayaraq evlənməyib. Bu nikah etibarsız hesab edilməlidir. Mediasiyaya da müraciət etmişlər. Amma orada bu nikahın etibarsız hesab olması mümkünsüz olub. Odur ki, məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, el adəti ilə toyları olsa da Elnur nikah kağızın imzalamadı. Həmin vaxt o da nikah kağızını imzalamaq istəməsə də, bunu Elnurun atasına deməyə çəkinmişdir. Lakin hazırda imzalayıb imzalamdığını xatırlamır. Buna görə də iddianın təmin edilməsinə etiraz etmir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 iyun 2022-ci il tarixli 05/Q-601/69 saylı arayışdan görünür ki, İddiaçı ilə X4 arasındakı nikah xx.xx.2005-ci il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məcidov”, arvada “Məcidova” soyadı verilmişdir. İş materiallarında olan Az-İ № 284192 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasındakı nikah xx.xx.2006-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayon VVAQ şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2006-ci il tarixdə 1512 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məcidov”, arvada “Məcidova” soyadı verilmişdir. İş materiallarında olan Az-İ № 808203 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X4 arasındakı nikah xx.xx.2012-ci il tarixdə Şamaxı rayonu, Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 245 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Mahmudov”, arvada “Mahmudova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 4/735 saylı ekspert rəyindən görünür ki, 01 sentyabr 2005-ci il tarixli, 15 nömrəli nikah akt qeydinin 13-cü bəndində “Məcidov” soyadının qarşısındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 01 sentyabr 2005-ci il tarixli, 15 nömrəli nikah akt qeydinin 13-cü bəndində “Hümbətova” soyadının qarşısındakı imza X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər 01 sentyabr 2005-ci il tarixdə valideynlərinin təkidi ilə nikaha daxil olmuş, onların ailə qurmaq niyyəti olmamışdır. Tərəflər nikaha daxil olduqdan sonra bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Həmçinin 01 sentyabr 2005-ci il tarixli, 15 nömrəli nikah akt qeydi İddiaçı və X4 tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kənd icra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız sayılmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcinə daxil olan 100 manat məbləğində ekspertiza xərci tərəflərdən bərabər şəkildə tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 01 sentyabr 2005-ci il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kənd icra nümayəndəliyində 15 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlandığı gündən etibarsız sayılsın. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat pulun 50 manatı İddiaçı 50 manatı isə Cavabdeh tndan utularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar