Məhkəmə qərarları › İş №2(074)-476/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-476/2022

19.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-476/2022 19.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamararova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası X2 direktoru Cavabdeh qarşı “işə bərpa və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli Elmlər Akademiyası X2 direktorunun 14 dekabr 2021-ci il tarixli əmrinin ləğv olunması, Azərbaycan Milli Elmlər X3 Rəsədxanasında əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqlarının cavabdehin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Milli Elmlər Akademiyası X2 direktoru Namiq S.Cəlilov 14 dekabr 2021-ci il tarixli əmri ilə onu əsassız olaraq olaraq işdən çıxarıb (tutduğu vəzifə: aparıcı elmi işçi; elmi rütbə: fizika riyaziyyat elmləri namizədi). Hər şey onun AMEA prezidenti R.Mehdiyevə şikayət ərizəsi ilə üz tutmasından sonra başlamışdır. İş orasındadır ki, qeyd olunan faktlar içərisində narahatlıq doğuranlardan biri rəsədxananın pozğunluq yuvasına çevrilməsi idi. Bu fakt polis tərəfindən qeyd edilmiş, başqa sözlə, suçlular iş başında tutulmuş, sənədləşdirilərək məhkəməyə göndərilmiş və məhkəmə suçlu bilinənlərə qarşı hökm oxumuşdur. Bundan sonra Cavabdeh bu faktı hallandıranlara qarşı vəzifə səlahiyyətlərindən istifadə etməklə terrora başlamışdır. Baxmayaraq pandemiya dövründə 65 yaşdan yuxarı elmi işçilərin işə çıxmaması ölkə və AMEA miqyasında qərarlanmışdı, Cavabdeh onlara qarşı ardıcıl reydlər keçirməklə guya onların işdə olmamağı haqqında ətrafı vasitəsilə akflar bağlamağa başlamışdır. Onun iş yerində olmaqlarını tələb etməsinin səbəbi mənzilə girmək və oğurluq etməkdir. Mənzilindən bahalı gödəkçə oğurlanmış, hələ çapa getməmiş elmi işlərin və elmi proqramların kompüterdən üzü çıxarılmaqla yanaşı, elmi proqramların yerləşdiyi çoxlu sayda flaş - informasiya daşıyıcısı da oğurlanmışdır. Onun bu əməlləri ayrıca araşdırma mövzusudur. Faktı təsdiq edən videokameradan informasiya silinmişdir. Bu, rəsədxanada cinayətin peşəkar səviyyədə təşkil olunmasından xəbər verir. Başlıcası odur ki, o, onların işdən çıxarılmaqları haqqında əmri, o, tibbi bülletendə olduğu vaxt vermişdir. Əmr işçinin bülletendə olduğu müddətdə verilib. 65-yaşdan yuxarı yaşlı işçilərin işə cəlb edilməməməsi ölkə qanunvericiliyində öz əksini tapıb. Bu haqda akademiya prezidentinin əmri var. Heç bir aşağı təşkilat ondan yuxarı təşkilatın əmrindən üstün əmr verə bilməz. Şəxsi maraqlara uyğun olaraq əmrlərin dəyişdirilməsinin, təbiidir ki, cinayət tərkibi var. Onların təqibi institut rəhbərliyindən şikayət edildikdən sonra başlanılıb. Şikayət ŞAR-da pozğunluq yuvasının yaradılması, teleskopların işləməməsi, elmin düzgün təşkil edilməməsi ilə bağlı olub və birinci əsas faktın doğruluğu polisinin olayı yerində tutması, sonradan isə məhkəmənin suçluları cəzalandırması ilə təsdiq edilib. Yəni heç bir böhtan olmayıb. Mediasiya şurasının Şamaxı bölməsinə üz tutmuş. ŞAR direktoru görüşə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əmr 14 dekabr 2021-ci il tarixdə verilməsinə baxmayaraq oan çox gec yəni 23 dekabr 2021-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Milli Elmlər Akademiyası N.Tusi adına X2 keçmiş əməkdaşı, vətəndaş İddiaçı, ŞAR direktorunun 14 dekabr 2021-ci il tarixli 244 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin surəti vətəndaşın tanış olması üçün 15 dekabr 2021-ci il tarixdə saat 18:36-da elektron ünvanına (Elektron ünvan ), həmçinin 16 dekabr 2021-ci il tarixdə Azərpoçt MMC-dən (AZ5600, məxaric qəbzi №350083672, saat 12:51:21) sifarişli məktub göndərilmişdir. Lakin İddiaçı “İşə bərpa və məcburi işburaxmaya görə kompensasiya ödənilməsi”nə dair iddia ərizəsi ilə qanunda nəzərdə tutulmuş bir aylıq müddəti ötürməklə Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki, iddia müddətini tətbiq etməklə İddiaçı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli, 244 nömrəli əmrdən görünür ki, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, ŞAR-ın əmək intizamı qaydalarını və bağladığı əmək müqaviləsində müəyyən edilən tələbləri pozduğuna, əvvəl edilmiş intizam tənbehindən heç bir nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını kobud şəkildə pozduğuna görə ŞAR-ın “Nəzərə Asrofizka və Kosmologiya” şöbəsinin aparıcı elmi işçisi X6 ilə bağlanmış 02.07.2019-cu il tarixli Əmək müqaviləsi 14.12.2021-ci il tarixindən ləğv edilsin və o həmin tarixdən işdən çıxarılsın. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, AMEA Tusi adına X4 işə götürən ŞAR-ın direktoru Cavabdeh işçi İddiaçı “nəzəri astrofizika və kosmologiya” şöbəsində aparıcı elmi işçi vəzifəsinə işə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 nömrəli birləşmiş şəhər xəstəxanasının Poliklinika şöbəsinin Əmək qabiliyyətinin olmaması vərəqsindən görünür ki, İddiaçı 13.12-17.12.2021-ci il tarixlərdə və 18.12-22.12.2021-ci il tarixlərdə işdən azad edilmişdir. İş materiallarında olan 09.09.2021-ci il tarixli 164 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən X1 xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. İş materiallarında olan 21.09.2021-ci il tarixli Tusi adına X2 Baş direktoru AMEA müxbir üzvü Cavabdeh tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, N.Tusi adına ŞAR üzrə 29 fevral 2016-cı il tarixli 25N-li və ona əlavə olunmuş 03.12.2020-ci il tarixli 142N-li əmrləri əsas tutaraq əmək intizamını yoxlanılması üzrə komissiya üzvləri: böyük elmi işçi- Abdullayev B.l ,baş mühasib-Məmmədov R.l kargüzar- Seyidova A.A işə davamiyyəti yoxlamaq məqsədilə növbəti yoxlama keçirmişlər. Yoxlama nəticəsində əməkdaşlar Rəcəbov Balaəli, Hüseynov Şirin, Hüseynov Sədi, İddiaçı, Alışova Zəhra, Həsənova Əzizə, Əliyev Sabir, Hüseynova Təranə, İsmayılova Şəfəq iş yerlərində olmamışlar. İş materiallarında olan Tusi adına X2 Baş direktoru AMEA müxbir üzvü Cavabdeh Kargüzar A.A.Seyidovanın məlumatından görünür ki, 03 sentyabr 2021-ci il tarixində “Nəzəri astrofizika və kosmologiya “şöbəsinin aparıcı elmi işçisi İddiaçı 01 sentyabr 2021ci il tarixində tam iş günündə işə çıxmamasının səbəbi ilə əlaqədar izahat yazılması müraciəti kadrlar şöbəsinin müdiri V.T. Mütəllimova tərəfindən təqdim olunmuş, İddiaçı əvvəl müraciəti qəbul etməkdən imtina etmiş, sonra isə V.T.Mütəllimovanı ağır şəkildə təhqir edərək müraciəti götürərək otağı tərk etmişdir. İş materiallarında olan Tusi adına X2 Həmkərlar Təşkilatına ünvanladığı 29.11.2021ci il tarixli məktubunda qeyd edilir ki, AMEA X2 “Nəzəri Astrofizika və Kosmologiya” şöbəsinin aparıcı elmi işçisi İddiaçı müəssisənin daxili nizam-intizam qaydalarına heç cür tabe olmaq istəmir, istədiyi vaxt istədiyi yerdə işə çıxır, son bir ayda ümiyyətlə yoxa çıxıb və müdiriyyətin yazılı izahat tələbinə heç bir məhəl qoymur, belə hallara son qoymaq üçün ona axırıncı xəbərdarlıqla şiddətli töhmət verilsə də o buna məhəl qoymur, bir elmi işçi kimi son 20 ildə ciddi bir nəaliyyəti və publikasiyaları yoxdur və kollektivdə davranışına görə çox kobuddur (söyüşləri, təhqirləri, əlbəyaxa vuruşları, şər-böhtan məktubları və s.). Bütün bunları nəzərə yaraq ŞAR rəhbərliyi İddiaçılə bağlanmış Əmək müqaviləsinə birtərəfli qaydada xitam verməyə israrlıdır. İş materiallarında olan N.Tusi adına X4 Həmkarlar Təşkilatının 06.12.2021 - ci il tarixli 08 saylı protokolundan çıxarışdan görünür ki, ŞAR rəhbərliyi aparıcı elmi işçi İddiaçılə bağlanmış Əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ ç “ bəndinə əsasən birtərəfli qaydada xitam verə bilər qərarı alınmışdır. Məhkəmə prosses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilən cavabdehin məhkəməyə ünvanladığı məktubdan görünür ki, cavabdeh iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin materiallarından görünür ki, 14 dekabr 2021-ci il tarixdə iddiaçının əmək müqaviləsi ləğv edilmiş və müvafiq əmr ona 23 dekabr 2021-ci il tarixdə təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, hətta iddiaçı öz hüquqlarının pozulduğunu həmin tarixdən bilməli olması nəzərə alındıqda belə iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı 15 fevral 2022-ci il tarixdə Mediasiya şurasına, mövcud iddia ərizəsi ilə 15 mart 2022-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası X2 direktoru Cavabdeh qarşı “işə bərpa və məcburi iş buraxmaya görə kompensasiyanın ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar