Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-48/2024 24.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X17 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evdən çıxarılma, evin boşaldılaraq, iddiaçıya təhvil verilməsi və əmlak tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evdən çıxarılma, evin boşaldılaraq, iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq mərhələsində İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ona məxsus Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən evdən, həyətyanı sahədən və yardımçı tikililərdən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən satılmış ümumi dəyəri 60.000 manatdan artıq olan əmlakların cavabdehlərdən alınaraq, ona verilməsi, bu mümkün olmadıqda isə, həmin əmlakların dəyəri olan 60.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, İmamlı küçəsində yerləşən ümumi sahəsi 67,8 kv.m. olan 54 saylı ev atası vəfat etdikdən sonra, həmin dövrdə həyatda olan bütün vərəsələr - anası X10, qardaşı X11 və həyat yoldaşı X6, qardaşı X8 və həyat yoldaşı X3, qardaşı X14 və həyat yoldaşı Cavabdeh1, bacısı Piriyeva (Babayeva) Mələk Osman qızı və bacısı X1 notarial qaydada təsdiq edilmiş razılığına əsasən, 1999-cu ildə Qanun üzrə vərəsəlik qaydasında onun xüsusi mülkiyyətinə keçmişdir. Qeyd olunan bütün vərəsələr həmin razılıqla miras əmlakdakı paylarından imtina etmişdirlər. Həmin ev xx.xx.1999-cu il tarixdə onun adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Həmin dövrdə qardaşları Rəhim və Mehman Babayevlər və onların ailə üzvləri, bacısı Piriyeva (Babayeva) Mələk Osman qızı artıq həmin evdə yaşamırdılar. Evdə daimi olaraq anası X10, bacısı X4 yaşayırdır. Sonradan anası və bacısı ilə məsləhətləşdikdən sonra, dolanışıqlarının ağır olması səbəbindən, qardaşı X14 həyat yoldaşı və üç uşağı ilə evdə yaşamağa davam etmişdirlər. Əvvəllər qardaşı Azər anası Mədinə və bacısı Zülfiyyə ilə şiddətli keçimsizlik şəraiti yaradır, tez-tez mübahisə və münaqişələri olurdur. Anası vəfat etdikdən sonra, eyni davranış özü və ailə üzvləri tərəfindən bacısına qarşı nümayiş etdirilmişdir. Hətta, aralarında yaranan mübahisə bacısının döyülməsi ilə nəticələnmişdir. Bütün bu hallara son qoyulması üçün o, Azərdən ailəsi ilə birlikdə evi tərk etməsini bildirmişdir. Azər isə könüllü olaraq evi tərk etməsi üçün, yalnız evdən ona düşən payı aldıqdan sonra, evi tərk edəcəyini bildirmişdir. Həmin vaxt onun ödəməyə nağd vəsaiti olmadığı üçün, bu məsələ açıq qalmaqda davam etmişdir. Daha sonra, o, qohum-qonşu arasında rusvayçılıq davam etməməsi xatirinə, qardaşı Azərə təklif etmişdir ki, münaqişə yaranacağı halda ailəsi ilə evi tərk etmək şərti ilə, anası və bacısının da, dolanışığına köməklik göstərməli və o da, hissə-hissə borc şəklində köməklik göstərəcəkdir ki, iş qursun. Razılaşmalarına əsasən, Azər özünə iş qurduqdan sonra, özünə torpaq sahəsi və ya ev almaqla, ailəsi ilə birlikdə evdən çıxmalı idi. Bundan sonra, bir müddət sakit yaşamışdırlar. Həmin dövrdə o, Azərə hissə-hissə olmaqla, ümumilikdə 18.500 manat pul vermişdir ki, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olub ailəsini dolandırsın, maddi vəziyyəti düzələndən sonra, onun pulunu qaytarar. Lakin, əminamanlıq uzun sürmədi və Azər Babayev və ailəsi tərəfindən tez-tez münaqişələr yaşanmağa başlamışdır. Belə olan təqdirdə, şərtləşdikləri kimi, evdə söz-söhbətə son qoya bilmədiyi üçün, Azər Babayevdən ona verdiyi borc pulu tələb etmişdir. Azər isə cavabında həmin vəsaitin miras əmlakdakı payı hesab etdiyini və bu səbəbdən pulu qaytarmayacağını bildirmişdir. Bununla bağlı uzun sürən danışıqlardan sonra, razılaşmalarına görə, 18.500 manat miras əmlakdakı payının əvəzi kimi aldığı üçün, Azərdən ailəsi ilə birlikdə evi tərk etməsini tələb etmişdir. Azər isə bildirmişdir ki, evi yalnız 2015-ci ilin iyun ayının sonunda boşaldacaqdır. Lakin, 2015-ci ildə Azər ağır xəstəliyə tutuldu və o, həmin ərəfədə qardaşının evdən çıxmasını sağalandan sonraya saxlamışdır. 2016-cı ilin fevral ayında Azər Babayev vəfat etdi, ailəsi isə həmin evdə yaşamaqda davam etdi. Azər Babayevin ailə üzvləri hazırda da, onun bacısı ilə şiddətli, keçimsiz şəraiti yaradır, bundan əlavə onun səhhətində ciddi problemlər yaranıb və müalicəsinə maddi vəsait tələb olunur. O, öz mülkiyyətində olan evi satıb müalicəsinə sərf etmək niyyətindədir. Azər Babayevin ailə üzvlərinin həmin evdə yaşaması onun həmin evlə bağlı sərəncam vermək imkanını məhdudlaşdırır və bir mülkiyyətçi kimi əmlakından öz istəyinə uyğun istifadə və sahiblik hüququnu da məhdudlaşdırır. Həmçinin, cavabdehlər ona məxsus Şamaxı şəhəri, İmamlı küçəsində yerləşən 54 saylı evin həyətyanı sahəsindən və yardımçı tikililərdən ümumi dəyəri 60.000 manatdan artıq olan əmlakı satmışdırlar. Belə ki, cavabdehlər 6,5 metr hündürlüyündə, diametri 20 sm, divarlarının qalınlığı 1 sm olan dəmir borulardan, 18 mm-lik armaturdan və dəmir künclükdən ibarət estakadanın üzərinə quraşdırılmış, divarlarının qalınlığı 1,5 sm, tutumu 2,8 ton olan dəmir su çənini, həyətyanı sahədə yerdə quraşdırılmış divarlarının qalınlığı 1,5 sm. tutumu 6 ton olan su çənini, həyətyanı sahədə yerdə quraşdırılmış, hər birinin uzunluğu və eni 3 metr, hündürlüyü 2,5 metr, kub şəklində 144 mm-lik armaturdan hazırlanmış 5x5 sm ölçüdə gözlüklərdən ibarət olan cücə saxlamaq üçün nəzərdə tutulmuş 2 ədəd qəfəsliyi, valideynlərinin məzarlığı üçün tədarük edilmiş dəmir konstruksiyaları, zavod istehsalı olan, hər birinin çəkisi 2 ton olan tökmə dəmirdən hazırlanmış 3 ədəd dəmir altlığı və onların üzərində quraşdırılmış, divarlarının qalınlığı 1,5 sm, tutumu 13 ton olan dəmir su çənini, yardımçı tikilidə yerləşən zavod istehsalı, düraliminiumdan hazırlanmış, öz çəkisi 6 ton, tutumu 7 ton olan yem ambarını, həyətdə yerləşən uzunluğu 10, eni 6 metr olan tövlənin dəmir boru, taxta və şiferdən ibarət dam örtüyünü, həmin dam örtüyünün taxta döşəməsini və evin qarşısında müxtəlif diametrli dəmir boru və 18 mm-lik armaturdan hazırlanmış, uzunluğu 20, eni 10, hündürlüyü 4,5 metr olan dəmir çardağı doğrayaraq satmışdırlar. Bundan əvvəl isə, cavabdehlər həmin həyətdən və yardımçı tikilidən 2 ədəd qızdırıcı qaz sobasını, 2 ədəd zavod istehsalı kanalizasiya quyu qapağını və diametri 30 sm, divarlarının qalınlığı 2,5 sm, hər birinin uzunluğu 6 metr olan 3 ədəd dəmir boruları satmışdırlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, 1987-ci ilədək hazırki iş üzrə mübahisə predmeti olan Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən fərdi yaşayış evində daimi yaşamış, sonrakı vaxtlarda isə yaşayış yerini dəyişdiyindən, həmin evə gediş-gəlişləri olmuşdur. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən evdə doğulmuş və hazırda da ailəsi ilə birlikdə orada yaşayır. Həmin ev mərhum babasına məxsus olmuş, evi dəfələrlə təmir etdirib, müəyyən işlər görmüşdürlər. Onun mübahisəli evdən başqa yaşayış yeri yoxdur. Əmlakdan faktiki olaraq ayrı istifadə edir, kommunal xərcləri ayrıdır və ödəyir. Bundan başqa, onlar həmin ünvanda 60.000 manat dəyərində İddiaçı hər hansı bir əmlakını satmamışlar. Bu barədə iddiaçı dəfələrlə polis şöbəsinə məlumat versə də, bu faktlar sübuta yetirilməmişdir. İddiaçı onlara qarşı qərəzlidir. Hüquqları məhkəmə tərəfindən qorunmalıdır. Odur ki, iddia tələbini əsassız hesab edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 Cavabdeh2 verdiyi izahata oxşar məzmunda izahat verərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək göstərdi ki, o, Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanına gəlin köçmüş və hal-hazıradək övladları ilə birlikdə həmin evdə yaşayır. Övladları da həmin evdə anadan olmuşdurlar. Həmin mübahisəli ev mərhum əri Azər Babayevin atasına məxsus olmuş və həmin evdə yaşamaqla, birgə təsərrüfat aparmışdırlar. Onun oradan başqa yaşayış yeri yoxdur. Əmlakdan faktiki olaraq ayrı istifadə edir, kommunal xərcləri ayrıdır və ödəyir. Bundan əlavə, onlar həmin ünvanda 60.000 manat dəyərində İddiaçı hər hansı bir əmlakını satmamışlar. Hüquqları dövlət tərəfindən qorunmalıdır. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan reyestrdə 2B-01 nömrə ilə qeyd edilmiş xx.xx.1999cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1984-cü ildə ölmüş Cavabdeh2 Bulut oğlunun əmlakının vərəsəsi ünvan 1 evdə yaşayan İddiaçıdur. Vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir: 04/2043 nömrəli qeydəalma vəsiqəsinə və Şamaxı rayonlararası texniki inventarlaşdırma bürosunun xx.xx.1999-cu il tarixli, 254 nömrəli arayışına əsasən, Cavabdeh2 Bulut oğluna məxsus olan ünvan 1 ünvanda 600 kv.m. torpaq sahəsində yerləşən, 1952-ci ildə tikilmiş, ümumi sahəsi 67,8 kv.m. ibarət olan yaşayış evi. İş materiallarında olan reyestrdə 04/2043 nömrə ilə, xx.xx.1999-cu il tarixdə, 778 nömrəli inventar işi ilə qeydə alınmış Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şamaxı şəhəri, İmamlı küçəsində yerləşən bir mərtəbəli, zirzəmili, ümumi sahəsi 67,8 kv.m., yaşayış sahəsi 23,4 kv.m., bir yaşayış otağından ibarət 54 nömrəli yaşayış evi Qobustan rayon Dövlət notariat kontorunda təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şamaxı Rayon Polis X9 tərəfindən qəbul edilmiş qərarlardan görünür ki, hazırki iş üzrə İddiaçı müxtəlif tarixlərdə polis şöbəsinə müraciət edərək, Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən evindən ona məxsus əmlakların hazırki iş üzrə cavabdehlər tərəfindən icazə alınmadan, götürülüb satıldığını göstərmiş və aparılmış araşdırmalar zamanı, İddiaçı müraciətlərində göstərdikləri xüsusatların öz təsdiqini tapmadığı nəticəsinə gəlmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının qardaşı arvadı, digər cavabdehlər isə iddiaçının qardaşı oğullarıdır. Hazırki iş üzrə mübahisə predmeti olan Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında 600 kv.m. torpaq sahəsində yerləşən, ümumi sahəsi 67,8 kv.m. olan fərdi yaşayış evi iddiaçının atası Cavabdeh2 Bulut oğluna məxsus olmuş və həmin şəxs vəfat etdikdən sonra, daşınmaz əmlak Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mərhum X7 övladları olaraq, ailə üzvü kimi mübahisəli evdə anadan olmuş və hal-hazıradək orada yaşayır, digər Cavabdeh1 isə mərhum X7 arvadı olaraq, orada yaşayıb, birgə təsərrüfat aparmış və hal-hazıradək orada yaşayır, cavabdehlərin başqa yaşayış yerləri yoxdur və onların mübahisəli əmlakdan istifadə hüququ yaranmışdır. Məhkəmə tərəflər arasında münasibətlərin 2000-ci ildən əvvəl yarandığını nəzərə alaraq hesab edir ki, hazırki mübahisə tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir, həddi-buluğa catmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara yuxarıda göstərilən qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli evdə anadan olaraq, heç bir qeyd şərt göstərilmədən orada yaşayanlarla birgə təsərrüfat aparmaqla, ailə üzvü kimi yaşadığından, həmin evdən istifadə etmək hüququ əldə etmişdirlər. Eyni zamanda, Cavabdeh1 da ailə üzvü olaraq heç bir qeyd şərt göstərilmədən orada yaşayanlarla birgə təsərrüfat aparmaqla, ailə üzvü kimi yaşadığından, həmin evdən istifadə etmək hüququ əldə etmişdir. Bununla da, cavabdehlərin iradəsinin ziddinə yaşadıqları evdən istifadə etməsinə məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Odur ki, iddiaçı mülkiyyətində olan əmlakdan cavabdehlərin çıxarılması tələbində haqlı deyildir. Həmçinin, məhkəmə iddia tələbinin “Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən evdən, həyətyanı sahədən və yardımçı tikililərdən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən satılmış ümumi dəyəri 60.000 manatdan artıq olan əmlakların cavabdehlərdən alınaraq, ona verilməsi, bu mümkün olmadıqda isə, həmin əmlakların dəyəri olan 60.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq, ona ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İş materiallarından görünür ki, iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən evdən, həyətyanı sahədən və yardımçı tikililərdən ona məxsus ümumi dəyəri 60.000 manatdan artıq olan əmlakların cavabdehlər tərəfindən satıldığını göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusu nəzərə alınmaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılaraq, iddiaçıya təhvil verilməsi, həmin evdən, həyətyanı sahədən və yardımçı tikililərdən satılmış ümumi dəyəri 60.000 manatdan artıq olan əmlakların cavabdehlərdən alınaraq, iddiaçıya verilməsi, bu mümkün olmadıqda isə, həmin əmlakların dəyəri olan 60.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evdən çıxarılma, evin boşaldılaraq, iddiaçıya təhvil verilməsi və əmlak tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-48/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-48/2024
24.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver