Məhkəmə qərarları › İş №2(074)-50/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-50/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-50/2022 18.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat borc pulunun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxi şəhəri, ünvan 1 ünvanda yaşayır. Ağakərim qonşuları olub, əvvəllər polisdə işləmişdir. 2020-ci ilin əvvəlləri həyətilərində oturan zaman Ağakərim onun həyətinə gələrək, salamlaşıb sonra da anasının xəstə olduğunu və onun müalicəsi üçün ona 2000 manat pul lazım olduğunu demişdir. O, əvvəlcə ona inanmamış və pul verməmişdir. Ağakərim də ona polisdə işlədiyini, 550 manat maaş aldığını, ayrı qazancının olduğunu, 2 aya qaytaracağını buna görədə narahat olmamasını demişdir. Lakin o, Ağakərimə pul vermədiyi üçün o çıxıb getmiş, sonradan anasının doğrudan da xəstə olduğunu düşünüb, evlərinə getmiş, qapını açan olmamışdır. Səhərisi Ağakərim anasının xəstə olduğunu deyib pul istəmişdir. O, da inanıb cavabdehə 2000 manat borc pul vermişdir. Cavabdehdə maaş kartını və əlavə iki kart vermişdir. Həmin iki kart boş olmuş, onlardan pul götürə bilməmişdir. Ondan sonra dəfələrlə Ağakərimgilə gedib pulunu istəmiş, o, isə bu gün sabaha salıb pulunu verməmiş, sonra da oğurluğa görə tutulmuşdur. O, da ərizə vermiş, amma bunun mülki iş olduğunu bildirmişlər. Sonra cavabdehin bibisi ona şikayətçi olmamasını və borcu hər ay özü 50 manatdan ödəyəcəyini demiş, amma həmin vaxtdan da 3 aya yaxın kemiş, bibisi isə ona heç nə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ümumilkdə cavabdehə 2000 manat pul vemiş, ondan 100 manatını cavabdehin maaş kartından çıxarmış, buna görə cavabdeh 1900 manat borcu olmasına dair qeyd yazmışdır. Cavabdehin verdiyi maaş kartından heç bir pul çıxarmamışdır. Onun "xxxx" ASC-yə məxsus kartı və həmin bankda hesabı və krediti olmamışdır. Buna görədə iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, iddiaçıdan həqiqətən də 2000 manat sələmə pul alıb. Həmin pulun 500 manatı iddiaçıya üzbəüz qaytarmış, qalan 1500 manatı isə iddiaçı onun maaş kartından çıxarmışdır. İddiaçıya 500 manat qaytararkən ondan yazılı heç bir sənəd almamışdır. Onun "xxxx" ASC-yə krediti və əlavə iki kredit kartı var. Onun kartından edilmiş köçürmələr üzrə X1 onun dostu, X2 və X3 isə qohumlarıdır. Buna görə iddianın rədd olunmasını xahiş edir. Məhkəmə prosses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 11.01.2022-ci il tarixli 157000/2-110 saylı "xxxx" ASC-nin sorğuya cavab məktubundan görünür ki, Cavabdeh məxsus bank kartından 07.01.2020-ci il tarixdə 1 manat, 20.02.2020-ci il tarixdə 151 manat, 05.03.2020-ci il tarixdə 59 manat və 17.03.2020-ci il tarixdə 50 manat məxaric edilmişdir. İş materiallarında olan diskdən görünür ki, həmin pullar İddiaçı tərəfindən çıxarılmışdır. Bundan başqa həmin bank kartına müxtəlif məbləğlərdə mədaxil olunmuş, həmin pullar öz kreditə silinmiş və ya müxtəlif şəxslərə köçürmə edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-də onun krediti olduğunu və pul köçürülmüş şəxslərin onun dostu və qohumları olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin iddiaçıya borcunun mövcud olduğunu iddiaçı, borc kimi verilən pulun qaytarılmasını isə cavabdeh sübut etməlidir. Cavabdeh iddiaçıdan həqiqətən də 2000 manat sələmə pul aldığını və onun qaytarıldığını bildirsə də həmin pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsində qeyd olunur ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2.-ci bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı cavabdehə əvvəllər müəyyən məbləğdə pulu borc kimi vermiş, sonradan iddiaçı həmin pulun 261 manatını cavabdeh tərəfindən ona verilmiş maaş kartından çıxarmışdır. Cavabdehin iddiaçıya 1739 manat borcu qalmışdır. Lakin, bir ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh borcunu iddiaçıya qaytarmamışdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1739 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1739 (min yeddi yüz otuz doqquz) manat pul və dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar