Məhkəmə qərarları › İş №2(074)-50/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-50/2024

14.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-50/2024 14.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X15 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi - Vəkil, Cavabdeh və 3-cü şəxs Şamaxı Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi, plan-sxemin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi, plan-sxemin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Şamaxı şəhəri, “Yurd Yeri” yaşayış massivində Şamaxı Bələdiyyəsinin 11 may 2005-ci il tarixli, 81 saylı qərarına əsasən Şamaxı şəhərinin şimal-qərb hissəsində ayrılmış 0,06 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, əsassız və qanunsuz zəbt etdiyi sahədə inşa etdiyi tikili-özülün sökülməsi və Şamaxı Bələdiyyəsi tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə verilmiş “verilir Cavabdeh ondan ötrü ki, o, Şamaxı şəhəri, 25 “A” saylı məhəllədə 0,08 ha torpaq sahəsində 110 kv.m. sahəsi olan fərdi yaşayış evi inşa etdirmişdir” məzmunlu arayışın və həmin tikilinin yerləşdiyi yerin cavabdehə ayrılmış sahə kimi Bələdiyyənin möhürü ilə 2023cü ildə təsdiqlənmiş plan-sxeminin Şamaxı rayon İcra Hakimiyyətinin memarlıq və arxitektura şöbəsində qeydə alınmadığından, etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ona fərdi yaşayış evinin tikintisi üçün Şamaxı Bələdiyyəsinə 2005-ci ilin may ayında etdiyi yazılı müraciəti əsasında, Şamaxı Bələdiyyəsinin 11 may 2005-ci il tarixli, 81 saylı qərarına əsasən, Şamaxı şəhərinin şimalqərb hissəsində, “Yurd Yeri” adlanan ərazidə 0,06 kv metr torpaq sahəsi ayrılmış və Bələdiyyənin bu Qərarı ilə birlikdə ona “Bələdiyyə torpaqlarının kadastr məlumatlarının saxlayıcısı” olan Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin möhürü ilə təsdiq edilmiş rəyi, satılması nəzərdə tutulmuş ərazidə 0,06 ha torpaq sahəsinin normativ qiymətinin müəyyən edilməsi üçün Şamaxı Bələdiyyəsinin Azərbaycan Respublikası sabiq Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanladığı xx.xx.2005-ci il tarixli, 163 nömrəli məktubunun surəti; torpağın İddiaçı satılmasına dair Şamaxı Bələdiyyəsinin və Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin müdirinin iştirakı ilə tərtib edilmiş “Torpağın alqı-satqısına dair Akt”ın surəti; həmin torpağa görə İddiaçı tərəfindən 03 may 2005-ci il tarixli, 07 saylı qəbzlə Şamaxı Bələdiyyəsinin Azərbaycan Respublikası Beynəlxalq Bankının Şamaxı filialındakı hesabına ödədiyi 1.500.000 manat pulun mədaxil edilməsinə dair qəbzin surəti; satılmış sahənin Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin və Şamaxı Bələdiyyəsinin möhürləri ilə təsdiq edilmiş Şamaxı şəhər Baş Planından Çıxarışının (xəritənin) və torpağın yerində dəqiq Planı verilmişdir. 2010-cu il onun Azərbaycan Respublikası sabiq Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinə ona satılmış torpaq sahəsinə kadastr planı hazırlanmasına köməklik göstərilməsi barədəki ərizəsinə Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsi tərəfindən 17-3/185 saylı 06 sentyabr 2010-cu il tarixli cavabında göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı Qərarına müvafiq olaraq Şamaxı rayonunun Şamaxı Bələdiyyəsisinin qərarı ilə İddiaçı satılmış 0,06 ha torpaq sahəsinin “Dağ Şirvan” kadastr qiymət rayonuna aiddir. Həmin torpaq sahəsi Şamaxı Bələdiyyəsinin mülkiyyətinə aiddir. Arayış üç (3) nüsxədən ibarət tərtib edilmişdir. Onun bir nüsxəsi torpaq sahəsinin Normativ qiyməti barədə arayış verilməsi üçün müraciət edən Şamaxı Bələdiyyəsinə təqdim etmək üçündür. Arayışın ikinci nüsxəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsində saxlanılır. Üçüncü nüsxəsi Ağsu regional torpaq qeydiyyiat mərkəzinə təqdim edilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin müdiri “imza-möhür” M. Əfəndiyev”. Lakin 2023-cü ilin aprel-may ayında Ağsu rayonu, Suraxanı kənd sakini Cavabdeh Şamaxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 36 saylı Qərarına əsasən, ona satılmış 0,08 ha (800 kv metr) torpaq sahəsinin (lakin onun tərəfindən həmin torpaq sahəsinin dəyərinin Şamaxı Bələdiyyəsinə ödənilməsini təsdiq edən köçürmə sənədi, həmin vəsaitin Bələdiyyənin hesabına mədaxil edilməsini təsdiq edən qəbz, bank sənədi yoxdur) yerləşməsinə dair sxemdə Şamaxı Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri M.Əfəndiyevin imzası olduğu halda, Şamaxı şəhər Baş Planından Çıxarış verilməmiş və yalnız torpağın İddiaçı ayrılmış torpaq sahəsinin plan və sxeminə uyğun gəlməyən yerdə olması barədə cizgisi verilsə də, o özbaşına olaraq İddiaçı məxsus 0,06 ha torpağı və həmin torpağa bitişik, başqasına məxsus torpaq sahəsinin 0,02 ha ərazisini də dəmir üstlərlə hasarlayaraq, orada müvafiq orqanların icazəsi olmadan 110 kv m evin tikintisinin aparılması məqsədilə ilkin özül qoyma işi aparmışdır. Eyni zamanda, Şamaxı Bələdiyyəsinin sədri X2 da, Cavabdeh guya “xx.xx.2023-cü ıl tarixdə 25 “A” saylı məhəllədə 0,08 ha torpaq sahəsində 110 kv.m sahəsi olan fərdi yaşayış evi inşa etdirməsi barədə obyektiv həqiqətə uyğun gəlməyən Arayış və həmçinin həmin tikilinin yerləşdiyi yerin yalnız özü tərəfindən təsdiq edilmiş sxemini vermişdir. Halbuki, xx.xx.2006-cı il tarixdən 2023-cü ilin mart ayına kimi olan dövrə qədər cavabdeh bir dəfə də olsun həmin əraziyə gəiməmiş, həmin torpaq sahəsi ilə bağlı nəinki iddiaçıya, eləcə də, hər hansı bir orqana qarşı tələb irəli sürməmişdir. Cavabdeh ayrılmış torpaq sahəsinin sxemi İddiaçının torpaq sahəsinin sxemi ilə üst-üstə döşməməsinə baxmayaraq, cavabdeh əsassız və qanunsuz olaraq iddiaçıya ayrılmış torpaq sahəsini zəbt edərək onu hasarlamış və ilkin özülqoyma işi aparmışdır.Odur ki, ona məxsus torpaq sahəsinin Cavabdeh qeyri qanuni sahibliyindən alınmalı, o, əsassız və qanunsuz zəbt etdiyi sahədən çıxarılmalı və onun inşa etdiyi tikili sökülməlidir. Cavabdeh Ağsu rayonunda yaşayır. Şamaxı Bələdiyyəsi tərəfindən Cavabdeh “xx.xx.2023-cü il tarixdə verilmiş “Verilir Cavabdeh ondan ötrü ki, o, Şamaxı şəhəri 25 a saylı məhəllədə 0,08 ha torpaq sahəsində 110 kv.m sahəsi olan fərdi yaşayış evi inşa etdirmişdir” məzmunlu arayışın və həmin tikilinin yerləşdiyi yerin cavabdehə ayrılmış sahə kimi Bələdiyyənin möhürü ilə 2023-cü ildə təsdiqlənmiş plan-sxemi də Şamaxı rayonu ərazisində Bələdiyyə torpaqlarının kadastr saxlayıcısı olan Şamaxı rayon İcra Hakimiyyətinin memarlıq və arxitektura şöbəsində qeydə alınmadığından etibarsız sayılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək, izahat verib göstərdi ki, Cavabdeh faktiki olaraq saxta sənədlərlə İddiaçı Hümbətah qızına Şamaxı şəhəri, “Yurd Yeri” yaşayış massivində Şamaxı Bələdiyyəsinin 11 may 2005-ci il tarixli, 81 saylı qərarına əsasən Şamaxı şəhərin şimal-qərb hissəsində ayrılmış 0,06 ha torpaq sahəsini Şamaxı Bələdiyyəsinin hazırki rəhbərliyinin köməyi və iştirakı ilə zəbt etmişdir. İddiaçı İbrahimova X6 Bələdiyyəsindən 11 may 2005-ci il tarixli, 81 saylı Qərara əsasən şəhərin şimal-qərb hissəsində 0,06 ha torpaq sahəsini satın aldığı vaxt həmin ərazi dövlət meşə fondu torpağı olmuşdursa, onda Şamaxı Bələdiyyəsinin Azərbaycan Respublikası sabiq Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanladığı xx.xx.2005-ci il tarixli, 163 nömrəli məktubuna cavab verilərkən Azərbaycan Respublikası sabiq Torpaq və Xəritəçəkmə Komitəsi bu torpağın dövlət meşə fondu torpağı olmasını bildirməmiş və alqı-satqını dayandırmamışdır. İddiaçı 2005-ci ildə torpaq sahəsi aldığı vaxt onun sabiq əri X9 da həmin ərazidə torpaq sahəsi almış və hər iki şəxsə verilmiş torpaq ayırma cizgisində və Şamaxı şəhərinin Baş Planından Çıxarışda həmin sahələr eni boyu bitişik olmaqla sərhədi kimi göstərilmişdir. Nizami İbrahimovun sənədlərinin surətini də məhkəməyə təqdim etmiş və həmin sənəd də, dediklərini sübut edir. Bundan başqa, 2010-cu ildə İddiaçı Azərbaycan Respublikası sabiq Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinə ona satılmış torpaq sahəsinə kadastr planı hazırlanmasına köməklik göstərilməsi barədəki ərizəsinə Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin verdiyi 17-3/185 saylı 06 sentyabr 2010-cu il tarixli cavabında göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı Qərarına müvafiq olaraq Şamaxı rayonunun Şamaxı Bələdiyyəsisinin qərarı ilə İddiaçı satılmış 0,06 ha torpaq sahəsinin “Dağ Şirvan” kadastr qiymət rayonuna aiddir. Həmin torpaq sahəsi Şamaxı Bələdiyyəsinin mülkiyyətinə aiddir. Arayış üç (3) nüsxədən ibarət tərtib edilmişdir. Onun bir nüsxəsi torpaq sahəsinin Normativ qiyməti barədə arayış verilməsi üçün müraciət edən Şamaxı Bələdiyyəsinə təqdim etmək üçündür. Arayışın ikinci nüsxəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsində saxlanılır. Üçüncü nüsxəsi Ağsu regional torpaq qeydiyyiat mərkəzinə təqdim edilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin müdiri “imza-möhür” M. Əfəndiyev”. İddiaçı bu torpaq sahəsini cavabdehdən 9 ay əvvəl almışdır. Bundan başqa, iddiaçının həmin torpaq sahəsinin ona satılmasını təsdiq edən pul ödəmə qəbzi də vardır və bu ödəmə barədə Şamaxı Bələdiyyəsinin hesabına mədaxil olan vəsaitlərin qeydə alındığı Maliyyə kitabında qeyd də vardır. Cavabdeh təqdim etdiyi sənədlərdə torpağın dəyərinin ödənilməsinə dair heç bir qəbz yoxdur və 27 may 2024-cü il tarixdəki məhkəmə iclasında o, bildirmişdir ki, “torpağı aldığı vaxt pulu olmadığından, pulu ödəməyib və torpağın pulunu sonralar hissə-hissə ödəyibdir. Cavabdehin bu izahı çox məntiqsizdir. Əvvəla ona görə ki, Bələdiyyə orqanlarında nisyə torpaq satışı yoxdur. İkincisi də, hətta belə bir hal olmuş olsaydı və cavabdeh pulu hissə-hissə sonradan ödəmişdirsə, onda bəs sonradan ödənilən pullar görəsən hansı hesaba ödənib, ödəmə qəbzləri hanı və görəsən nə qədər pul ödəyib? Bundan başqa, tərəfindən Cavabdeh torpaq sahəsinin satılması və pul ödənişinin həyata keçirilməsi ilə bağlı arayış verilməsi barədə Şamaxı Bələdiyyəsinə ünvanladığı xx.xx.2023cü il tarixli, 07/09 saylı sorğuya Şamaxı Bələdiyyəsinin verdiyi 90 saylı, xx.xx.2023-cü il tarixli arayışda göstərilir ki, “Şamaxı Bələdiyyəsində saxlanılan sənədlərdə Ağsu rayon sakini Cavabdeh 0,08 ha torpaq sahəsi satılmasına dair Bələdiyyənin xx.xx.2006-cı il tarixli Qərarı və həmin torpaq sahəsinə dair ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir”. Bundan başqa, Şamaxı Bələdiyyəsinin mədaxil olan Maliyyə vəsaitlərinin qeydiyyatı kitabında da cavabdehin 2006-cı il, rləcə də sonrakı illət ərzində Bələdiyyəyə pul ödəməsi barədə heç bir qeyd yoxdur. Həmçinin, şikayəti əsasında Şamaxı RPŞ-də aparılan araşdırma zamanı 2006-cı ildə Şamaxı Bələdiyyəsinin sədri vəzifəsində çalışmış M.Zeynalov Şamaxı RPŞ-nin İstintaq Şöbəsində verdiyi izahatında, Şamaxı Bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikilməsi üçün vətəndaşlara yalnız 0,06 ha torpaq sahəsi satıldığım, Cavabdeh adlı şəxsə torpaq sahəsi satılmadığını və Cavabdeh torpaq satılmasına dair Qərardakı imzanın ona məxsus olmadığını göstərmişdir. Həmçinin cavabdehə torpaq ayrılması barədəki ilkin cizgidə torpaq sahəsi yol boyu 20 metr, yola perpendikulyar isə 40 metr olması göstərilməsinə baxmayaraq, 2023-cü ilin əvvəllərində o, Şamaxı Bələdiyyəsinin sədri Rövşən Yolçiyevin himayədarlığı ilə yol boyu 50 metrdən artıq sahə hasarlayıb zəbt etmişdir. Cavabdehə şəhərin ərazisində 2006-cı ildə torpaq ayrılmasına dair X5 sədri kimi M.Zeynalovun adı göstərilir, lakin həmin vaxt ona Şamaxı şəhərinin Baş Planından çıxarış verilməmişdir. Cavabdehə Şamaxı şəhərinin Baş Planından çıxarışı 2022- 2023-cü ilin əvvəllərində Şamaxı Bələdiyyəsinin hazırki sədri Rövşən Yolciyev özü imzalamaqla vermişdir. Bu da bir təzaddır. Məhkəmə iclasında Cavabdeh Şamaxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə ona 0,08 ha torpaq sahəsi satıldığını, həmin torpaq sahəsində ev tikdiyini və iddiaçıya aid torpaq sahəsini zəbt etmədiyini əsas gətirərək, iddianın rədd edilməsini məhkəmədə xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs qismində iştirak edən Şamaxı bələdiyyəsinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək göstərdi ki, vaxtilə iddiaçı ilə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısı baş tutmuş, lakin sonradan məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi meşə fondu torpaqları kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir. Həmçinin, vaxtilə alqı-satqı baş tutarkən, iddiaçıya torpaq sahəsi təhkim edilməmiş, sadəcə torpaq sahəsinin yeri göstərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Bələdiyyəsinin 11 may 2005-ci il tarilxi 81 saylı qərarından görünür ki, Şamaxı rayon sakini İddiaçı şəhərin şimal-qərb hissəsində fərdi yaşayış evi tikmək üçün 30, metr uzunluğunda 20,0 metr enində olmaqla 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin 27 fevral 2006-cı il tarixli 36 saylı qərarından görünür ki, Ağsu rayonu Suraxanı kənd sakini Cavabdeh şəhərin 25a saylı məhəlləsində fərdi yaaşyış evi tikmək üçün 800 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə satılmışdır. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin 09 mart 2023-cü il tarixli 33 saylı arayışından görünür ki, Cavabdeh həqiqətən Şamaxı şəhəri 25 a saylı məhəllədə 800 kv.metr torpaq sahəsində 110 kv.metr fərdi yaaşyış evi inşa etdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarilxi 3-16-16/2-10/467 saylı ekspert rəyindən göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 27 devral 2024-cü il tarixli 3-21-3-41/2-358/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı naturada faktiki istifadəsində torpaq sahəsi yoxdur. Lakin iddiaçının iddia etdiyi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları naturada müəyyənləşdirildi, iddiaçı cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin cənub hissəsinin ona məxsus olduğunu bildirdi. Mülki iş materiallarına əlavə olunmuş Şamaxı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 81 saylı Qərarı ilə İddiaçı veriimiş 0.06 ha torpaq sahəsinə aid sxemlər yerquruluşu qaydasında hazırlanmadığından (miqyas, ayrılmış torpaq sahələrinin ölçüləri, yerləşdiyi ərazi və qonşuluqları, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi) torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün deyildir. Mütəxəssis əsasən qeyd olunur ki, cavabdeh X7 faktiki naturada istifadə etdiyi və ətrafı şiferlə hasara alınmış torpaq sahəsinin koordinatları müəyyənləşdirildi. Cavabdehin faktiki istfadəsındə olan torpaq sahəsi 0.1122 ha təşkil edir. Mülki iş materiallarına əlavə olunmuş Şamaxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 36 saylı Qərarı ilə Cavabdeh verilmiş 0.08 ha torpaq sahəsinə aid sxemlər yerquruluşu qaydasında hazırlanmadığından (miqyas, ayrılmış torpaq sahələrinin ölçüləri, yerləşdiyi ərazi və qonşuluqları, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi) torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün deyildir. Mütəxəssis əsasən qeyd olunur ki, Cavabdeh faktiki naturada istifadə etdiyi torpaq sahəsinin ətrafını şiferlə hasara almış və həmin torpaq sahəsi üzərində tikinti (yarımtikiii) işi aparmışdır. Əlavə olaraq bildiririk ki, elektron baza məlumatlarına əsasən mübahisə predmeti olan torpaq sahəsi meşə fondu torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmçinin, “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyul 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsihər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Göründüyü kimi, hazırda iddiaçı dövlət mülkiyyətində olan, iddia etdiyi torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir, bununla da, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi, plan-sxemin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar