Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-513/2024 03.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, cavabdehlər X4 və Cavabdeh2, tərcüməçi X1 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Şamaxı şəhəri, 26-cı məhəllə, M.P.Vaqif küçəsi 9 ünvanında yerləşən evindən və həyətyanı sahədən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən biri qızı, digəri kürəkənidir. Onlar son iki ilə kimi, kirayədə yaşamışdırlar. Son vaxtlara kimi, münasibətləri yaxşı idi. İki il əvvəl görmüşdür ki, cavabdehlər kirayədə çətinlik çəkirlər. Onun ünvan 1 ünvanda 0,04 ha sahədə hazır tikili evi var. Torpaq sahəsi ona hələ 1995-ci ildə Şamaxı rayon XDS-nin Rəyasət Heyətinin qərarı ilə verilibdir. Orada 4-5 il olar ki, ev tikmişdir. Lakin, hələ dövlət qeydiyyatına alınmamışdır. O, cavabdehlərə icazə vermişdir ki, həmin evə köçüb orada yaşasınlar. Təxminən bir il əvvəl eşitmişdir ki, su sayğacını heç bir əsas olmadan öz adlarına qeydiyyata alıblar. Qaz sayğacını isə, 2023-cü ilin oktyabr ayında öz adlarına qeydə aldırıblar. Bunları ləğv etdirib, öz adına qeydiyyata aldırmaq istədikdə, ondan mülkiyyət sənədi istəmişdirlər. Bununla bağlı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, evini və torpaq sahəsini qeydiyyata aldırmaq istəmiş, lakin cavabdehlər mütəxəssisləri həyətə yaxın buraxmamışdırlar. Bu səbəbdən qərara gəlmişdir ki, cavabdehləri özünə məxsus evdən və torpaq sahəsindən çıxarmalıdır. O, cavabdehlərə xəbərdarlıq məktubu göndərmiş, lakin ona heç bir cavab verilməmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı onun həyat yoldaşı Cavabdeh2 atasıdır. O, Nuranə ilə 2010-cu ildə ailə qurmuşdur. İlk əvvəl onlar Bakı şəhərində yaşamışlar. Sonradan isə İddiaçı onlara Şamaxı şəhərində yerləşən özünə məxsus torpaq sahəsindəki yarımtikili vəziyyətində olan evə köçüb yaşamağı təklif etmişdir. O, bu təkliflə razılaşmış və düşünmüşdür ki, özü müxtəlif yerlərdə usta kimi işləyər, ailəsinə isə iddiaçı köməklik edər. Həmin yarımtikili vəziyyətində olan evin yaşaması halına çatdırılması üçün, o, iddiaçıya tikinti xərclərinə görə 7000 manat pul vermişdir. Sonradan isə əlavə olaraq özü 5000 manat da, evin tikintisinə xərc çəkmiş, həmçinin, həmin evə qaz və su xəttləri çəkdirmişdir. İddiaçı onların həyətində heyvanlarını otarır, xəstə qızı isə heyvanlardan qorxur. Bu səbəbdən, iddiaçı ilə aralarında mübahisələri olubdur. Evin tikintisinə çəkdiyi xərcləri iddiaçı ödədiyi təqdirdə, həmin evdən çıxmağa razı olarlar. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 cavabdeh X4 ilə oxşar məzmunlu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, Şamaxı rayon XDS Rəyasət Heyyətinin qərarı ilə Şamaxı şəhəri, H.Ciddi küçəsi 38 nömrəli evdə yaşayan İddiaçı şəhərin 26 nömrəli məhəlləsindən 400 (dörd yüz) kv.m. həyətyanı torpaq sahəsi təhkim edilmiş və ona 145-42-72s. seriyalı layihə əsasında, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı ünvanladığı 25 dekabr 2023-cü il tarixli məktubunda göstərilir ki, Şamaxı şəhəri, 26 nömrəli məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə, İdarəyə daxil olmuş müraciətinizə və həmin əmlaka aid sənədlərə baxılmışdır. Ərizənizin icrasını təmin etmək məqsədilə, İdarənin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şamaxı şəhəri, 26 nömrəli məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinə dair müayinə baxışının keçirilməsinə şərait yaradılmamışdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, Şamaxı rayon XDS Rəyasət Heyyətinin qərarı ilə İddiaçı Şamaxı şəhərinin 26 nömrəli məhəlləsindən 400 (dörd yüz) kv.m. həyətyanı torpaq sahəsi təhkim edilmiş və ona fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsində ev tikilməklə, müvəqqəti yaşamaq üçün cavabdehlərə verilmişdir. Hazırda iddiaçı cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılmasını tələb edir, cavabdehlər isə evə görə çəkilən xərclərin ödənildiyi təqdirdə, evdən çıxmalarına razı olduqlarını bildirir. Məhkəmə qeyd edir ki, cavabdehlər mübahisə predmeti olan yaşayış sahəsinə köçüb yaşamaları üçün iddiaçıya pul verməsini və həmin evə görə müəyyən xərclər çəkdiklərini göstərərək, iddiaya etiraz etsələr də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək, əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənziltikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı şəhəri, 26 nömrəli məhəllədə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüquqi əsas yarandığından, iddiaçının həmin daşınmaz əmlaka dair gözlənilən mükiyyətçi hüquqları vardır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı 19853/03 saylı şikayət üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 8 və 9-cu bəndlərində qeyd edilmişdir ki, 1997-ci ildə şifahi razılaşmaya əsasən, ərizəçi öz tanışı olan R.-nın həmin mənzildən müvəqqəti və pulsuz olaraq istifadə etməsinə icazə vermişdir. Bir müddətdən sonra mövcud şifahi razılaşmaya zidd olaraq R. Qohumları olan H. və onun ailə üzvlərinin (bundan sonra–H) həmin mənzilə köçmələrinə icazə vermişdir. H. Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi zamanı Ermənistanın hərbi qüvvələrinin nəzarəti altında qalan Ağdam rayonundan olan məcburi köçkündür. Qərarın 39-cu bəndində qeyd edilmişdir ki, “məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər”. Qərarın 40-cı bəndində qeyd edilmişdir ki, “səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” adlanan müqavilə bağlanmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi”. Qərarın 41-ci bəndində qeyd edilir ki, “belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət”in təşkil olunması üçün kifayətdir”. Qərarın 43-ci bəndində qeyd edilir ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbu ki, bu cür sahiblik qanunsuz elan edib. Belə olan halda, məhkəmə hesab edir və tərəflər də buna etiraz etmir ki, ərizəçinin mülkiyyət hüququna müdaxilə baş verib. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyanın 20 mart 1952-ci il tarixli potokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin sahibləndiyi iddiaçıya məxsus yaşayış sahəsinə köçüb yaşaması üçün, hüquqi əsas olmadığından, həmin sahə onların qanunsuz sahibliyindədir və bu hal iddiaçının həmin əmlaka dair gözlənilən mülkiyyət hüququna müdaxilə sayıldığından, onun cavabdehlərdən qanunsuz sahibləndikləri yaşayış sahəsini geri tələb etmək hüququ vardır. Odur ki, iddia təmin edilməli, cavabdehlər X4 və Cavabdeh2 iddiaçıya məxsus yaşayış sahəsindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər X4 və Cavabdeh2 İddiaçı məxsus Şamaxı şəhəri, 26 nömrəli məhəllədə yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin üzərində olan yaşayış sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-513/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-513/2024
03.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver