Məhkəmə qərarları › İş №2(074)-547/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-547/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-547/2021 29.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh verdiyi 1000 (min) manat borc pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılması, hazırki iddia tələbi üzrə ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona dəymiş 5000-6000 maddi və mənəvi zərərin ödənilməsinin təmin olunması üçün ondan 1000 (min) manat pul almışdır. Lakin o, öz vədini yerinə yetirməmiş və pulunu da indiyədək qaytarmamışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh təkcə ona qarşı deyil, Şamaxı rayonunda bir çoxlarına qarşı vətəndaşların ona etibarından sui-istifadə edib dələduzluqla məşğuldur. Ona görə də əvvəlcə Şamaxı rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, rayon prokurorunun ona göndərdiyi 89m-21 saylı, 29 mart 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, guya Cavabdeh ona qarşı törətdiyi əməldə cinayət tərkibi yoxdur. Odur ki, ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. 2017-ci ildə onunla bağlı məhkəmə prosesləri gedərkən o, cavabdeh Aslah Xudaverdiyevə başına gələnləri danışmış, o, isə 1000 manat gətirib ona versə ona dəymiş 5000-6000 manat pul dəyərində maddi və mənəvi zərəri ödətdirəcəyini vəd etmişdir. Seriya ƏLA № 118361 saylı 16 sentyabr 2017-ci il tarixli qəbzin əslindən görünür ki, Cavabdeh maddi və mənəvi ziyan tələbi ilə bağlı ondan 1000 (min) manat pul alması haqda ona rəsmi sənəd vermişdir. Lakin Cavabdeh öz vədini yerinə yetirməmiş, pulunu da özünə qaytarmamışdır. Sonra o, bu kimi dələduzluq əməllərində təqsirləndirilərək həbs olunmuşdur. Odur ki, Cavabdeh 16.09.2017-ci il tarixdə ondan aldığı 1000 (min) manat pulunu qaytarmalıdır. Əslində Cavabdeh ondan aldığı 1000 manat pul onun dələduzluq yolu ilə onu aldatması nəticəsində baş vermişdir. Məhz buna görə də rayon prokuroruna müraciət etmiş, lakin prokurorluq ona mülki qaydada məhkəməyə müraciət etməyi fövsiyyə etdiyindən həmin məbləğdə pulun cavabdehə verməyi ona borc pul verməyi anlamına gəlir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, cavabdeh ondan proseslərdə vəkil kimi onun adından iştirak edəcəyini vəd verərək 1000 manat məbləğində pul almış, lakin onu aldadaraq iclaslarda iştirak etməmişdir. Məhkəməyə təqdim etdiyi qərarlardan da görünür ki, cavabdeh heç bir məhkəmə iclasında onu təmsil etməmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdeh saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o iddia ərizəsinə və və məhkəmə iclasında iştirak etməsinə dair fikrini bildirməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçmiş Cavabdeh məxsus 16 sentyabr 2017-ci il tarixli ƏİA № 118361 saylı qəbzdən görünür ki, Cavabdeh İddiaçı maddi və mənəvi ziyan tələbi ilə bağlı xidmətin göstərilməsi ilə bağlı 1000 manat məbləğində pul almışdır. İş materiallarında olan Şamaxı rayon Prokurorluğunun 29.03.2021-ci il tarixli № 89m- 21 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq Cavabdeh məhkəmə mübahisəsi nəticəsində 5000-6000 manat maddi və mənəvi zərərin alınmasını təmin edəcəyini bildirib ondan 1000 manat pul alması barədə ərizəsinin rayon prokurorluğunda istintaq edildiyi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 289.1 və 315.1 -ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına əlavə edildiyi, müraciətində göstərilmiş xüsusatların hərtərəfli, tam və obyektiv araşdırıldığı, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayətinin tərkib əlamətlərinin olmadığı müəyyən edildiyindən Şamaxı rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Kənan Nəzərovun 10 sentyabr 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə müraciətinə aid hissədə Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edildiyi, pulunun geri alınması ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Şamaxı rayon Məhkəməsinə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında hüquqi xidmətin göstərilməsi ilə bağlı şifahi formada əvəzli tapşırıq müqavilə bağlanılmış və Cavabdeh məxsus qəbz vasitəsilə xidmət haqqı olan 1000 manat cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, xidmət haqqı kimi razılaşdıqları 1000 manat məbləğində pulu cavabdehə vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ödədiyi pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar