Məhkəmə qərarları › İş №2(074)-559/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-559/2021

06.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-559/2021 06.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul və torpaq” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 50000 manat pulun, 4 ha torpaq sahəsinin və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq Şamaxı şəhəri Laləzar küçəsində yaşayır. Şəhriyar qəsəbəsində pay torpaqları var. 2014-cü ilin mart ayının axırlarında, Cavabdeh2 onlara gəlib deyib ki, oradakı torpaqlarına yaxşı pul verirlər. O, torpağını satmadığını bildirib. Ağaqədir deyib ki, torpağına həm pul, həm də əvəzinə başqa yerdən 4 ha torpaq sahəsi verirlər. Sonra Ağaqədir boynuna götürüb ki, ona 0,73 ha torpağa görə 50000 manat pul və başqa sahədən də 4 ha torpaq sahəsi verəcəklər. Qardaşı da onu dilə tutub razılaşdırıb. Amma pulu da, torpağı da nağd istəyib. Ağaqədir and aman edib ki, zamin odu, pulu da, torpağı da, 3-4 günə verəcəklər, Ağaqədir də gətirib ona verəcək. Torpağı da başqa bir adam tapaq, elə bir başa onun adına qeydə alınsın. Yanlarında qardaşı, bir də Ağaqədir olmuşdur. Şamaxı notariusunda ona bir kağız veriblər, qol çəkməyini istəyiblər. O, qol çəkməyib, amma adını yazıb. Bundan sonra ona nə pul veriblər nə də torpaq sahəsi. Ağaqədir də həmin gündən onu get-gələ salıb nə pulunu verib, nə də torpağını alıb verib. Bu yaxında notariusa müraciət edib və öyrənib ki, onun 0,73 ha torpağı satılıb, onun əvəzindən müqaviləni Ağaqədirin oğlu Cavabdeh1 imzalayıb. Torpağı satılıb, onada pul verilməyib. Ağaqədir onu aldadıb. O, Ağaqədirdən və oğlu Cavabdeh1 söz verdiyi 50000 manat pulu və 4 ha əkinə yararlı torpaq sahəsinin alınaraq ona verilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, o, 2014-cü ildə qol çəkib və 4 ha ərazisini, 50000 manata pula satılıb lakin satıldığından xəbəri olmayıb. Həmin vaxtdan indiyədək ona pul və torpaq sahəsi veriləcək deyə gözləmişdir. O, Cavabdeh1 inanmışdır. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, ona üzüm bağının salınması tapşırılmışdır. İddiaçının torpağı alınmış və onun qardaşı Fuada torpaq sahələri verilmişdir. Lakin görünür ki, Fuad bacısına torpaq sahəsi verməyib. Fuad iddiaçıya öz ərazisindən torpaq sahəsi verməlidir. Fuadda 2 ha torpaq var. Torpaq sahəsinin əvəzinə 3 pay torpaq torpaq sahəsi və 500 dollar pul verilməsi razılaşdırılıb və verilib. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, iddiaçı ona notariusda etibarnamə verib, o da iddiaçının adından həmin torpaq sahəsini satıb. Əvvəlcədən razılaşmışlar ki, iddiaçıya və onun qardaşı Fuada birlikdə torpaq sahələri və həmin sahələri sənədləşdirmək üçün pul veriləcək və verilmişdir. Bundan başqa Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim edərək İddiaçı Mədrəsə qəsəbəsi ərazisində olan torpaq sahəsini 27.03.2014-cü il tarixdə Şamaxı rayon Dövlət Notariat Kontorunda şəxsən İddiaçı özü və qardaşı Şahid pullarını alaraq, etibarnaməyə imza etdikdən sonra orjinal dövlət aktlarını təqdim etdiklərini və bir neçə gündən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanıldığını bildirmişdir. İddiaçı 8 ilə yaxın müddət ərzində torpaq sahəsinin başqa şəxsin sahibliyində olduğunu bildiyi halda 31 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair iddia ilə 09.04.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini keçirdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəməyə ifadə verib bildirdi ki, bacısı və ona məxsus torpaq əvəzinə onlara 2500 ABŞ dolları və torpaq sahəsi veriləcəyi bildirilmiş, lakin 2500 ABŞ dolları əvəzinə, 500 ABŞ dolları pul və ümumilikdə 1 ha 95 sot torpaq sahəsi veriblər. 3 pay torpaq torpaq sahəsi veriblər. Keçən il həmin torpaq sahələrinin hamısını öz adına keçırıb. Məhkəmə iddiaçı və cavabdehlərin izahatı və şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 31.03.2014-cü il tarixli AN-İ № ******* saylı saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, DNK-nın 27.03.2014-cü il tarixli 7E-02/1393 nömrəli reyestrlə qeyd edilmiş İddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından çıxış edən Şamaxı rayonunun Şəhriyar qəsəbəsində, qeydiyyatda olan xx.xx.1984-cü ildə doğulmuş Cavabdeh1 gələcəkdə “satıcı” adlanan bir tərəf və Bakı şəhəri 6 saylı notariat kontorunun 29.08.2013-cü il tarixli 7E-59094 nömrəli reyestrlə qeyd edilmiş “Amar Şirvan" MMC-nin təsisçisi X1 tərəfindən verilmiş etibarnaməyə əsasən, onun adından çıxış edən Şamaxı şəhəri, S.Vurğun küçəsi, ev 12-də qeydiyyatda olan 01.10.1960-cı ildə doğulmuş X2 “alıcı” adlanan digər tərəflə aralarında müqavilə bağlanmışdır. Satıcı JN-387 KOD 41002016 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ərazisində yerləşən 7300.00 kv.m. torpaq sahəsi “alıcı”-nın mülkiyyətinə verir. Satıcı torpaq sahəsini 5050 manata satdı, alıcı isə həmin qiymətə aldı. İş materiallarında olan JN-387 KOD 41002016 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi sakini İddiaçı Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə 0,73 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AR- İ №318783 saylı Şahid və İddiaçı tərəfindən Cavabdeh1 verilmiş 27.03.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, DTXK-nın JN 388, JN 387 kod 41002016 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Şamaxı rayonunun Mədrəsə qəsəbəsi ərazisində yerləşən 0.73 hektar, 0.73 hektar torpaq sahələrini idarə etməyi. 01 saylı arayışı aldıqdan sonra onun üzərində sərəncam verməyi buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri o cümlədən, satmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə verməyi, bölgü planını imzalamağı, bu tapşırğın yerinə yetirilməsinə ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişlər. Etibarnamə 5 il müddətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddia ərizəsində isnad etdiyi tərəflər arasında alqə-satqı müqaviləsi 31.03.2014-cü ildə bağlanmışdır. İşin materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi 09.04.2021-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı hazırda öz mülkiyyətində olan torpağı deyil onun əvəzinə ona verilməli olan torpağı tələb etdiyindən və onun tələbi müqavilə münasibətlərindən yarandığından onun tələbinə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul və torpaq” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar