Məhkəmə qərarları › İş №2(074)-560/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-560/2020

26.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-560/2020 26.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh, 3-cü şəxs Şamaxı Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh, 3-cü şəxs Şamaxı şəhər Bələdiyyəsinə qarşı “tikilinin boşaldılaraq, təhvil verilməsinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tikilinin boşaldılaraq, təhvil verilməsinə dair” iddia qaldıraraq, ona məxsus olan iki otaqdan ibarət tövlənin cavabdeh tərəfindən qanunsuz olaraq istifadəsində saxladığı bir otağının boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbin dəqiqləşməsinə dair məhkəməyə ərizə təqdim edərək, ona məxsus olan tövlənin cavabdeh tərəfindən qanunsuz olaraq istifadəsində saxladığı bir otağın ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Şamaxı şəhər Bələdiyyəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, ünvan 1 saylı ünvanda xüsüsi mülkiyyətində evi var. Cavabdeh onun qardaşıdır. Qonşuluqda yaşayır. Hələ atasının sağlığında həyətinin aşağı hissəsində iki otaqdan ibarət bir dam tikmiş, heyvan saxlamaq üçün istifadə etmiş, sonradan heyvan qara saxlaya bilməmişdir. Bir neçə il əvvəl qardaşı xahiş etmişdir ki, damın bir hissəsini versin ona heyvan saxlamaq istəyir. Özü tövlə tikəndən sonra və ya nə vaxt ona lazım olsa onda tövləni tam boşaldaraq təhvil verəcək. Qardaşı olduğu üçün aralarında belə söhbətin yaranmayacağını ümüd edib cavabdehlə razılaşmışdır. Təmənnasız cavabdeh üçün nələr eləmiş, bunu özü də, ailəsi, uşaqları da bilir. Tövlənin bir hissəsini müvəqqəti olaraq cavabdehin istifadəsinə vermişdir. Qaynaqçıdır. Ata evində qardaşı oturur. Həmin həyətdə olan çardağın bütün qaynaq işlərini təmənnasız görmüşdür. Köməkləşib cavabdehin həyətində 30 m uzunluqda tövlə tikmişdir. Son vaxtlara kimi özü demişdir ki, nə vaxt istəyərsə tövləni ona təhvil verə bilər. Uşaqları da dəfələrlə deyib ki, bilirlər ki tövlə onlarındır. Nə vaxt istəsələr qaytara bilərlər. Hazırda arı ilə məşğuldur. Həmin dama ehtiyacı var. Qardaşından tövlədə nəyi var götürməsini açarını ona verməsini istəmişdir. Əvvəl hə demiş, amma verməmişdir. Bir neçə gün gözləmiş, görmşüdür ki, yubadır. Bir də istəmişdir. Elə bil qardaşı birdən-birə tam dəyişmişdir. Ona demişdir ki, atasını yuxuda görmüşdür. Atası yuxuda özünə demişdir ki, tövləni qaytarma. Özü də atasının sözündən çıxa bilməz, odur ki, tövləni ona qaytarmayacaq. Əlbətdə bu yuxu söhbəti uydurma bir işdir. Uşaqları da deyir ki, qaytar. Amma qardaşı birdən-birə niyə inad edir, tövləsi ola-ola damlarını qaytarmaq istəmir. Odur ki, ona məxsus olan bir otaqdan ibarət tövlənin cavabdeh tərəfindən qanunsuz olaraq istifadəsində saxladığı bir otağın ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, atalarından onlara qalan evdə cavabdehin qeyd etdiyi kimi 10 m olan bir tövlə və bir qaraj var, həmin 10 m olan tövlə üçüncü qardaşı olan X4 tikdirib özü Rusiyada yaşadığına görə həmin tövləni ona verib gedib bunuda qardaşı Şərbət öz sözləri ilə təsdiq edə bilər, atalarından qalan qaracdan da hal-hazırda istifadə edir. İddiaçı iddia ərizəsində göstərib ki, guya ona çox köməklik edib əgər edibsə onda qarşılıqlı köməklik göstərmiş, qaldı ki, deyir ata evinin həyətində çardağının qaynaq işlərini görüb bu tamamilə ag yalandır. Onun çardağının qaynaq işlərini qonşu X6 kənd sakini Famil adlı usta görüb və məhkəmə prosesində də iştirak edib sübut ediblər həmin çardaq tikilən vaxt iddiaçı xəstəxanda yataraq müalicə olunurdu. İddiaçının yazdığına görə ondan tövləni istəyib və övladları da deyiblər ki, bilirlər tövlə onundur nə vaxt istəsə qaytararlar. Onların aralarında heç vaxt elə söhbət olmayıb. Fikrətin ondan tövləni istəməsini məhkəməndən bildiriş gələndə bilmişlər. Ailə uşaqları da hətta digər şəxslər də sübut ediblər ki, tövlə qardaşı Şərbətə məxsusdur. Qardaşı Fikrət onun və ailə uşaqlarının adından yalandan yazıb çünki övladları tövləni kimin tikdiyini yaxşı bilirlər hətta məhkəməyə dəvət olunsalar 10 m olan tövlə kimə aid olduğunu diyəcəklər. Odur ki, qardaşı X2 10 m-lik olan tövləsinin onda qalmasına dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs Şamaxı Bələdiyyəsinin nümayəndəsi X5 izahat verib bildirdi ki, mübahisəli sahə Bələdiyyədə zəbt olunmuş sahə kimi gedir. Yəni Bələdiyyə tərəfindən həmin sahə kiməsə rəsmi qaydada verilməyib. Əgər hər hansı bir rəsmiyyət olsaydı onda bələdiyyə tərəfindən torpağın rüsumu alınardı. Hal-hazırda isə mübahisəli sahə ilə bağlı belə bir hal mövcud deyil. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmaldır. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, həqiqətən ünvan 2 və 3 saylı ünvanda yerləşən torpaq sahəsi üzərində tikintialtı sahəsi 100 kv.m ölçüdə 2 hissədən ibarət olmaqla vahid tikinti mövcuddur. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Cəfər Cabarlı küçəsində mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 159.6 kv.m yaşayış, 10.6 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 161 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şamaxı rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki,mübahisəli tikili ünvan 3 ünvanındakı iddiaçının fərdi yaşayış evinin həyətinin sonunda sol istiqamətində yerləşir. Həmin tikiliyə daxil olmaq üçün həyətdən qapı mövcuddur, orada avtomobil saxlanılması üçün şərait var. Eyni zamanda da, həmin sahənin orta hissəsində çuxur var. Bundan əlavə tikilinin tavanı, sol və sağ divarları, düzünə istiqamətdə isə daha bir qapısı var. Həmin qapı dəmirdən olmaqla -gediş-gəliş yoluna açılır. Həmin gediş-gəliş yolu tərəfdən mübahisəli tikiliyə baxan zaman müəyyən olunur ki, mübahisəli tikili vahid tikili olmaqla divarları çay daşından hörülüb. Dam örtüyü vahiddir. Həmin tikilinin gediş-gəliş yolu istiqamətində daha bir qapısı var. Bu qapıdan içəri girən zaman mübahisəli tikilinin ikinci hissəsinin mövcud olduğu müəyyən olunur. Bu sahə hər iki tərəfdən arakəsmə ilə hörülmüşdür və mal-qara saxlanılması üçün tövlə kimi istifadə olunur. Bundan başqa cavabdehin istifadə etdiyi tikilinin bu hissəsinə gediş-gəliş yolu tərəfdən daxil omaq üçün qapı tərəfdən sağa istiqamətdə davam olaraq cavabdehə aid başqa bir daşdan hörülmüş tikili vardır. Həmin tikilinin altında başqa bir qapı vardır. Bu qapı cavabdehə aid başqa bir mal-qara saxlanılması üçün tövlə kimi istifadə olunan tikili olduğu görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbini 10 m uzunluğunda tövlənin ona məxsus olması ilə əsaslandırmış, onun həmin dəlili yanaşı yoxlanılmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* saylı çıxarışla tamamlanmışdır. Cavabdeh iddiaya etiraz edərək həmin 10 m uzunluğunda tövləni üçüncü qardaşı X3 tikdirdiyini və özü Rusiyada yaşadığına görə həmin tövləni ona verdiyini bildirmiş, lakin iddiaya etirazının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla mübahisəli tövlənin X4 tərəfindən tikdirilərək cavabdehin istifadəsinə verilməsi halı təsdiq edilməmişdir. Məhkəmə, qeyd edilənlərə əsasən mübahisəli tövlənin ona məxsus olduğuna dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə eyni zamanda, mübahisəli tövlənin ona məxsus olduğunu nəzərə alaraq, həmin tikilinin onun tərəfindən cavabdehin əvəzsiz istifadəsinə verildiyinə dair də iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı şəhəri, Cəfər Cabarlı küçəsində mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən tövlə tikilisi iddiaçıya məxsusdur. İddiaçı həmin tikilinin bir otağını konkret müddət müəyyənləşdirilmədən və notariat qaydasında təsdiqlənməli olan yazılı müqavilə bağlamadan, şifahi müqavilə əsasında cavabdehin əvəzsiz istifadəsinə vermişdir. Sonradan iddiaçı həmin sahəni geri qaytarmasını tələb etsə də, cavabdeh bundan imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, ünvan 3 ünvanındakı iddiaçının fərdi yaşayış evinin 0.03 ha torpaq sahəsində yerləşən 10 m uzunluğunda tövlənin bir otağının cavabdehin əvəzsiz istifadəsinə verilməsinə dair müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Odur ki,həmin əqd üzrə əvəzsiz istifadəsinə keçirdiyi 10 m uzunluğunda tövlə cavabdeh tərəfindən boşaldılmalı və iddiaçıya təhvil verilməli, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçi İddiaçı məxsus Şamaxı şəhəri, Cəfər Cabarlı küçəsində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 159.6 kv.m yaşayış, 10.6 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evində yerləşən 10 m uzunluğunda tövlə cavabdeh tərəfindən boşaldılsın və İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar