Məhkəmə qərarları › İş №2(074)-562/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-562/2025

11.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-562/2025 11.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, Cavabdeh X11 Təhsil İdarəsinin nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Xidmətinin X11 Şöbəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh X11 Təhsil İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X11 Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X11 Təhsil İdarəsi tərəfindən İddiaçı aylıq əmək haqqının 500 manat məbləğində azaldılaraq aşağı salınmasına səbəb olmuş cavabdeh X11 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-37/3-1-376K/2024 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı əvəllki işinə bərpa edilməsi və ya bərabər aylıq əmək haqqlı işlə təmin edilməsi barədə cavabdeh X11 Təhsil İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən işçiyə hər ay 736 manat gross məbləğdə əmək haqqının ödənilməsi müəyyən edilmişdir. İddiaçı ali təhsillidir, “İbtidai sinif müəllimi” ixtisaslıdır. O, 1993-cü ildən Pedaqoji fəaliyyətlə məşğuldur. 2013-cü ildən 2022ci ilə qədər Şamaxı Rayon Təhsil Şöbəsində "Metodist” vəzifəsində işləmişdir. Cavabdeh ilə iddiaçı arasında olan əmək müqaviləsi Şamaxı Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 38 nömrəli əmri ilə ləğv edilmiş və iddiaçı "Metodist” vəzifəsindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən azad edilmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanması barədə cavabdeh X11 Təhsil İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, K-27 nömrəli əmr verilmişdir. Cavabdeh X11 Təhsil İdarəsi tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3-29-37/3-1-04k/2023 nömrəli əmrlə İddiaçı Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X11 Təhsil İdarəsinin 3-29-37/3-1-014k/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən İddiaçı ilə cavabdeh X11 Təhsil İdarəsinin Şamaxı rayon üzrə təhsil sektorunda "metodist” vəzifəsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmasına dair müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı işlədiyi X11 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-37/3-1-376k/2024 nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən pozulmuşdur. İddiaçı cavabdeh X11 Təhsil İdarəsi tərəfindən əmək hüquqlarının pozulması və pozulmuş əmək hüquqlarının bərpa edilməsi barədə köməklik göstərməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X11 Şöbəsinə şikayət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X11 Şöbəsi tərəfindən İddiaçı şikayəti araşdırılaraq bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulduğundan X11 İdarəsinin işə götürəni barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İddiaçı əmək haqqı xx.xx.2025-ci il tarixdən 500 manat məbləğində azaldılaraq aşağı salınmışdır. Hal-hazırda iddiaçı xx.xx.2025-ci il tarixdən Şamaxı Təhsil Sektorunun Avropa Lisseyində 6 saat dərslə təmin olunmaqla 236-280 manat əmək haqqı ilə təmin edilmişdir. İddiaçı tək anadır, himayəsində iki azyaşlı və bir nəfər ödənişli təhsil alan övladı vardır. İddiaçı özünün və himayəsində olan üç uşağının yaşayışını 280 manat aylıq əmək haqqı ilə təmin etmək iqtidarında deyildir. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, cavabdeh X11 Təhsil İdarəsi tərəfindən İddiaçı cavabdeh tərəfindən təsir göstərilərək ondan müddətsiz əmək müqaviləsinin ləğv olunub, müddətli əmək müqaviləsi bağlanması barədə ərizə təqdim etməsi təzyiq altında tələb olunmuş və nəhayətdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin pozulmasına və onun işinin itirilməsinə zəmin yaradılaraq cavabdeh tərəfindən nail olunmuşdur. Nəticədə İddiaçı 500 manat məbləğində aylıq əmək haqqından mərhum olunmaqla ona maddi ziyan dəymişdir. Həmçinin hesab edir ki, cavabdeh X11 Təhsil İdarəsi tərəfindən İddiaçı aylıq əmək haqqının əsassız və qanunsuz olaraq hər ay 500 manat aylıq əmək haqqının azaldılmasına görə cavabdeh onu əvvəlki işinə qaytarmağı və ya bərabər əmək haqqı olan işlə təmin etməyə borcludur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o aldadılıb, müddətli əmək müqaviləsi bağlamışdır. Belə ki, ona deyilmişdir ki, metodist vəzifəsi ləğv ediləcək, lakin nə vaxt ləğv ediləcəyi və sonra onların taleyi necə olacağı bilinmir. Buna görə də o, müddətli əmək müqaviləsini imzalamışdır. Həmin vaxtda aldadıldığını bilmişdir. Belə ki, ərizələr yazılanda ona nümunələr verilmiş, həmin ərizələrdə Şamaxı rayon sakini kimi qeyd edilmiş, lakin o, ərizədə əvvəlki vəzifəsini göstərmişdir. Həmçinin o, bununla bağlı heç bir orqana şikayət etməmişdir. 27 dekabr 2024-cü il tarixdə isə onun əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə ona yalnız bir dəfə bildiriş göndərilmişdir. Əmək kitabçasını isə ya 6 ya 7 yanvar tarixində almışdır. O, bu barədə şikayətlər edəcəyini bildirdikdən sonra ona müəyyən yerlərdə işlər təklif edilmiş, lakin həmin işlərə getmək üçün birbaşa ya marşurutlar yoxdu yaxud çox uzaqdır. Həmçinin ona direktor müavini və digər vəzifəsi təklif edilmiş, direktor vəzifəsi isə təklif edilməmişdir. Məhkəmə iclasında iştirak edən X11 Təhsil İdarəsinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahat verərək bildirdi ki, İddiaçı öz ərizələrinə əsasən onunla bağlanmış müqaviləyə xitam verilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmışır. Müddətli əmək müqaviləsinin müddəti başa çatdığından isə müqaviləyə xitam verilmişdir. Əmək müqviləsinin müddətinin başa çatması və müqaviləyə xitam verilməsi ilə bağlı iddiaçıya bildiriş göndərilmişdir. İddiaçı Əmək Müfəttişliyinə də müraciət etmiş, lakin onlar tərəfindən işlə bağlı sənədlər təqdim edildikdən sonra X11 Təhsil İdarəsinin barəsində inzibati xəta haqqında işə xitam verilmişdir. Əmək kitabçası isə 6 yanvar 2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. Buna görə hesab edirik ki, iddiaçı iddia müddətini də ötürmüşdür. Buna görə də iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, İddiaçı kənd məktəblərində vakant olan vəzifələr təklif olunub, lakin o, imtina edib. İddiaçı ona direktor vəzifəsi təkilf edilərsə qəbul ediləcəyini bildirir. Lakin həmin vəzifə müsahibə yolu ilə tutulan vəzifədir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Xidmətinin X11 Şöbəsinin nümayəndəsi X14 izahat verərək bildirdi ki, İddiaçı müraciəti əsasında onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlər X11 Təhsil İdarəsindən tələb edilib öyrənilmiş və müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsində hər hansı qanun pozuntusu yoxdur. Əmək Məcəlləsinin tələblərinə əsasən tərəflər müddətli əmək müqaviləsi bağlaya bilər. İddiaçı əmək müqaviləsinə xitam verilərkən X11 Təhsil İdarəsi tərəfindən 2 dəfə xəbərdarlıq edilib. Cavabdeh X11 Təhsil İdarəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı X11 Təhsil İdarəsinə qarşı Şamaxı rayon Məhkəməsinə iddia ilə müraciət edərək işə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş edib. Hesab edir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 20 dekabr 2021-ci il tarixli, 3059 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu həmçinin bu strukturun tərkib hissəsi olan qurumların ləğv edilməsi Regional Təhsil İdarələrinin yaradılması və bununla bağlı müvafiq işlərin icra edilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Nazirlər Kabinetinin 29 dekabr 2021-ci il tarixli 758s nömrəli sərəncamı ilə dövlət başçısının xx.xx.2021-ci il tarixli 3059 nömrəli sərəncamının icrası ilə bağlı müəyyən dövr ərzində görülməli olan işlərlə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. "Regional Təhsil İdarələrinin Əsasnaməsini"nin, regional təhsil idarələrinin strukturlarının, işçilərinin say hədlərinin və strukturlarına daxil olmayan tabeliyində olan qurumlarının siyahılarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 11 aprel 2022-ci il tarixli, F-184 nömrəli əmr imzalanmışdır. İddiaçı 04 may 2022-ci il tarixdə ərizəsinə əsasən Şamaxı Rayon Təhsil Şöbəsində metodik kabinetdə tutduğu metodist vəzifəsindən azad edilmişdir. Daha sonra onunla yeni yaradılmış X11 Təhsil İdarəsinin strukturlarına daxil olmayan tabeliyində olan Şamaxı rayonu üzrə metodiki kabinetdə metodist vəzifəsində 16 may 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə müqavilə müddəti bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və yenidən ərizəsi nəzərə alınaraq, həmin vəzifə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə müddəti dəfələrlə əvvəlki müddətə uzadılaraq müddətli əmək müqaviləsi xx.xx.2024 cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixi qeyri-iş gününə təsadüf etdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən İddiaçı müqavilə müddətinin bitməsi səbəbilə xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir. Qeyd edilən proseslər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən aparılmışdır. Əmək müqaviləsinə xitam verilməmişdən əvvəl X11 Təhsil İdarəsi rəhbərliyi və əməkdaşları tərəfindən İddiaçı ümumtəhsil müəssisələrində vakant bir neçə vəzifə (Şamaxı rayonu Quşçu kənd tam orta ümumtəhsil, Mərzəndiyə kənd tam orta, Məlhəm kənd tam orta ümumtəhsil məktəbi və bir neçə təhsil müəssisəsi olmaqla təlimtərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric təşkilatçı vəzifələri) təklif edilmişdir. Digər təkliflərdən imtina edərək, Şamaxı Avropa liseyində dərs saatının az olmasını və artıq dərs bölgüsünün bitməsini bildiyi halda həmin məktəbdə müəllim kimi işləmək istəyi barədə müraciət etmiş və tərəfimizdən təyin olunmağı haqqında həmin liseyə razılıq məktubu ünvanlanmışdır. X11 Təhsil İdarəsinin müvafiq razılığına əsasən Şamaxı Avropa liseyinə ərizəsinə əsasən müəllim təyin edilmişdir. Hazırda İddiaçı Şamaxı Avropa liseyində öz razılıq ərizəsinə əsasən 12 saat dərs tədris edir. Gələcəkdə hər hansı metodik kabinetin yaradılması və işə qəbul qaydalarının necə olacağı barədə heç bir normativ hüquqi akt qəbul edilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X11 Şöbəsinə işə bərpa edilməsinə köməklik edilməsi ilə bağlı müraciəti əsasında X11 Təhsil İdarəsi və X8 Xidmətinin X11 Şöbəsinin əməkdaşları arasında görüş keçirilmişdir. 21 fevral 2025-ci il tarixdə X8 Xidmətinin X11 Şöbəsi tərəfindən X11 Təhsil İdarəsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən heç bir hüquq pozması etmədiyi üçün İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 21 fevral 2025-ci il tarixli, MN ******* nömrəli qərar vermişdir. Məhkəmə prosses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli, 38 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. İş materiallarında olan İddiaçı Şamaxı Rayon Təhsil Şöbəsinə ünvanlanan 04 may 2022-ci il tarixli məktubunun surətindən görünür ki, 04 may 2022-ci il tarixdən İddiaçı metodist vəzifəsindən azad olunmasını xahiş etmişdir. İş materiallarında olan X11 Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, K-27 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 3 ay sınaq müddəti verilməklə onunla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X11 Təhsil İdarəsinin Şamaxı rayonu üzrə təhsil sektorunda metodist vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanılmışdır. İş materiallarında olan X11 Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-37/3-1- 04K/2023 nömrəli əmrinin surətindən görünür ki, Şamaxı rayonu üzrə təhsil sektorunun metodiki kabinetinin metodisti İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 05 yanvar 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı Şamaxı Rayon Təhsil Şöbəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı 13 yanvar 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixə kimi müddətli əmək müqaviləsi ilə metodist işinə təyin olunmasını xahiş etmişdir. İş materiallarında olan X11 Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-37/3-1- 014K/2023 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən İddiaçı ilə X11 Təhsil İdarəsinin Şamaxı rayonu üzrə təhsil sektorunda metodist vəzifəsi üzrə 13 yanvar 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanılmışdır. İş materiallarında olan X11 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-37/3-1- 376K/2024 nömrəli əmrinin surətindən görünür ki, Şamaxı rayonu üzrə təhsil sektorunun metodiki kabinetinin metodisti İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 06 yanvar 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan X11 Təhsil İdarəsinin 27 dekabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 8-ci maddəsinə əsasən bayram tətilindən sonra ilk iş günü 06 yanvar 2025-ci il tarixinə təsadüf etdiyi üçün onunla bağlanmış müddətli əmək müqaviləsinə həmin tarixdə xitam veriləcəkdir. Bununla bağlı elektron informasiya sistemi vasitəsilə də ona bildiriş göndərilmişdir. İş materiallarında olan X7 Xidmətinin X11 Şöbəsinin 04 fevral 2025-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulduğundan X11 Təhsil İdarəsinin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən İnzibati xəta haqqında Protokol tərtib edilməsi üçün bildiriş göndərilmiş və inzibati xəta haqqında protokolun tərtib edilməsi xx.xx.2025-ci il tarixə təyin olunmuşdur. İş materiallarında olan X8 Xidmətinin X11 Şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 11 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” Protokolun surətindən görünür ki, X11 Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan X8 Xidmətinin X11 Şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 21 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” haqqında Qərarın surətindən görünür ki, X11 Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən X5 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan X11 Təhsil İdarəsinin 27 dekabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı hazırda əsas iş yeri olaraq müddətli müqavilə əsasında çalışdığı Şamaxı rayonu üzrə təhsil sektorunda metodist, əlavə iş yeri olaraq isə müddətli müqavilə əsasında işlədiyiniz Şamaxı Avropa liseyində ərizənizdə qeyd etdiyiniz "metodist" vəzifəsi üzrə pedaqoji fəaliyyətinizi davam etdirmək istəyi barədə müraciətinə X11 Təhsil İdarəsində baxılmışdır. X13 liseyində "metodist" vəzifəsi adlı ştat mövcud deyildir. Şamaxı rayonu üzrə təhsil sektorunda metodist vəzifəsində əsas iş yeri kimi onunla müddətli əmək müqaviləsi bağlanmışdır və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq müqaviləyə xitam veriləcəkdir. Əsas iş yeri olmadığı təqdirdə Şamaxı Avropa liseyində müəllim kimi fəaliyyət göstərməyi məqsədəmüvafiq hesab edilmir. Qeyd edilən ümumi təhsil müəssisəsinə daimi əsaslarla, ixtisasına uyğun müəllim kimi təyin edilməyi üçün cari təqvim ilinin sonuna kimi X11 Təhsil İdarəsinə rəsmi qaydada müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli xidmət üçün müraciətlə bağlı bildirişin surətindən görünür ki, bildirilib ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 8-ci maddəsinə əsasən bayram tətilindən sonra ilk iş günü 06 yanvar 2025-ci il tarixinə təsadüf etdiyi üçün onunla bağlanmış müddətli əmək müqaviləsinə həmin tarixdə xitam veriləcəkdir. Bununla bağlı elektron informasiya sistemi vasitəsilə də sizə bildiriş göndərilmişdir. İş materiallarında olan İddiaçı X11 Təhsil İdarəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Şamaxı Avropa liseyində müəllim kimi daimiləşməsinə köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan “əmək kitabçalarının qeydiyyatı kitabı”nın surətindən görünür ki, İddiaçı əmək kitabçasını xx.xx.2025-ci il tarixdə təhvil almışdır. Məhkəmə prosses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Maddənin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Maddənin “a” və “b” bəndlərinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması əsasları ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşin materiallarından müəyyən olunur ki, İddiaçı 04 may 2022-ci il tarixdə öz ərizəsinə əsasən Şamaxı Rayon Təhsil Şöbəsində metodik kabinetdə tutduğu metodist vəzifəsindən azad edilmiş, daha sonra onunla yeni yaradılmış X11 Təhsil İdarəsinin strukturlarına daxil olmayan tabeliyində olan Şamaxı rayonu üzrə metodiki kabinetdə metodist vəzifəsində 16 may 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə müqavilə müddəti bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və yenidən ərizəsi nəzərə alınaraq, həmin vəzifə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə müddəti dəfələrlə əvvəlki müddətə uzadılaraq müddətli əmək müqaviləsi xx.xx.2024 cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixi qeyri-iş gününə təsadüf etdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən İddiaçı müqavilə müddətinin bitməsi səbəbilə xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir. Əmək müqaviləsinə xitam veriləcəyi barədə İddiaçı elektron informasiya sistemi vasitəsi ilə 26 dekabr 2024-cü il tarixdə bildiriş göndərilmişdir. Bundan əlavə cavabdehin məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, cavabdeh iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin materiallarından görünür ki, İddiaçı müqavilə müddətinin bitməsi səbəbilə xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir. Əmək müqaviləsinə xitam veriləcəyi barədə İddiaçı elektron informasiya sistemi vasitəsi ilə 26 dekabr 2024-cü il tarixdə bildiriş göndərilmişdir. İddiaçı daha sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia tələbi ilə bağlı Sumqayıt 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2025-ci il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı isə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, hətta iddiaçı öz hüquqlarının pozulduğunu xx.xx.2025-ci il tarixdən bilməli olması nəzərə alındıqda mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti başa çatdığı üçün onun işdən azad edilməsi ilə bağlı cavabdeh tərəfindəm əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verilmədiyindən və həmçinin iddiaçı tərəfindən mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürüldüyündən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X11 Təhsil İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar