Məhkəmə qərarları › İş №2(074)-6/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-6/2023

31.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-6/2023 31.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı Şamaxı Rayon Bağırlı Bələdiyyəsinin sədri X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı Şamaxı Rayon Bağırlı Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi və quraşdırılmış dəmir darvazanın çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları: Torpağın mülkiyyətə verilməsinə dair JN-046A seriyalı, KOD 41004018 olan şəhadətnaməyə əsasən, Şamaxı Rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 332 saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi Şamaxı rayonu, Bağırlı kənd sakini Cavabdeh1 Vəlican oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, 0,1642 ha həyətyanı torpaq sahəsi Şamaxı rayonu, Bağırlı kənd sakini Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, 0,20 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 39 kv.m. olan fərdi yaşayış evi Şamaxı rayonu, Bağırlı kənd sakini Cavabdeh2 mülkiyyətinə verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-846/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/693 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********74 nömrəli mütəxəssis rəyinə əsasən, tərəflərin naturada göstərdikləri və istifadələrində olan torpaq sahələrindən götürülmüş döngə nöqtələrinin koordinatları elektron məlumat bazasında mövcud olan torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə (yaşayış məntəqələri) materialları ilə araşdırılan zaman məlum oldu ki, kompleks yerquruluşu xəritəsi ilə naturadakı faktiki istifadəçilik arasında uyğunsuzluq, konfiqurasiya və sahə fərqi mövcud olduğu müəyyən edilmişdir. Uyğunsuzluq mövcud olduğundan, qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-10/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/7010 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsinə əsasən, mülkiyyətə verilmiş torpaq sahələrinin cizgilərinin faktiki naturada istifadə vəziyyətini əks etdirmədiyinə və dəqiq yerini müəyyən etmək mümkün olmadığına görə, Torpağın mülkiyyətə verilməsinə dair JN-046A KOD 41004018 saylı şəhadətnaməyə əsasən, Cavabdeh1 və onun ailə üzvlərinə məxsus Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 05 oktyabr 1998-ci il tarixli 332 saylı qərarı ilə ayrılmış və Şamaxı rayonunun Bağırlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin Şamaxı rayonu Bağırlı Bələdiyyəsinə məxsus ərazi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Cavabdeh2 məxsus evin arxa hissəsində naturada gediş-gəliş yolunun mövcud olmadığı, Cavabdeh2 tərəfindən naturada mövcud gediş-gəliş yolunda dəmir darvazanın quraşdırılmadığı, Cavabdeh2 tərəfindən naturada mövcud gediş-gəliş yolunun tutulmadığı və hər hansı çəpərləmə işi aparılmadığı müəyyən olundu. Şamaxı rayonu Bağırlı kəndinin uçot xəritəsinə (TEKUİS) əsasən, Cavabdeh1 məxsus evin arxa hissəsində gediş-gəlişin mövcud olduğu, Şamaxı rayon Bağırlı kəndinin uçot xəritəsinə (TEKUİS) əsasən, bələdiyyə mülkiyyətinə aid həmin gediş-gəliş yolunun 18kv.m.(bundan 5kv.m.tikinti altında) hissəsinin Cavabdeh1 tərəfindən çəpərləndiyi müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İddia ərizəsinin dəlilləri: İddiaçı Şamaxı Rayon Bağırlı Bələdiyyəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və quraşdırılmış dəmir darvazanın çıxarılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən Bağırlı Bələdiyyəsinə məxsus ərazidə qanunsuz tikilmiş dəmir setka çəpərin, tikinti altına alınaraq, zəbt edilmiş tikilinin Cavabdeh1 hesabına sökülməsi, Cavabdeh2 tərəfindən Bağırlı Bələdiyyəsinə məxsus ərazidə olan ümumi gediş-gəliş yoluna salınmış dəmir darvazanın Cavabdeh2 hesabına götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bağırlı kənd sakinləri, cavabdehlərdən Məlikov X2 Bələdiyyəsinə məxsus torpaq sahəsində qanunsuz tikinti inşa etməklə, kəndin Baş planına əsasən, qoyulmuş gediş-gəliş yolunu 2 metr ölçüdə keçərək, həmin yolu tikinti altına salmış, dəmir setka hörmüş və bununla da, artıq torpaq sahəsini zəbt etmişdir. Digər Bağırlı kənd sakini, Cavabdeh2 isə Bağırlı Bələdiyyəsinə məxsus torpaq sahəsində olan ümumi gediş-gəliş yoluna dəmir darvaza salaraq yolu bağlamışdır. Hər iki cavabdehin bələdiyyəyə məxsus torpaq sahəsində qanunsuz hərəkətlərinə son qoymaları barədə onlara dəfələrlə şifahi xəbərdarlıq edilsə də, onlar bu hərəkətlərinə son qoymamışlar və bələdiyyənin qanuni tələblərinə tabe olmamışlar. Hətta ƏMDK-nin 16 saylı Şamaxı rayon şöbəsinin əməkdaşları da, xx.xx.2018-ci il tarixdə, daha sonra təkrar olaraq xx.xx.2018-ci il tarixdə həmin mübahisəli ərazidə olan zaman cavabdehlərin sənədləri alınaraq, yerində baxış keçirmişlər, hər iki cavabdehlərdən izahatlar alınmışdır. Nəticə etibarı ilə hər iki cavabdehlər söz vermişlər ki, etmiş olduqları qanunsuzluqlara son qoyacaqlar. Bu barədə yazılı izahatlar vermişlər, lakin hər iki cavabdeh buna əməl etməmişlər və əksinə bələdiyyəyə məxsus torpaq sahəsinə aid torpaq sahəsində etdikləri qanunsuzluqlarla bağlı bir-birilərini ittiham etməklə, məhkəmədə iddia qaldırmışdırlar. Bələdiyyə kimi vəziyyətin belə olmasını nəzərə alaraq, qanun çərçivəsində bu məsələnin həll etməkdən ötrü, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı Şamaxı Rayon Bağırlı Bələdiyyəsinin sədri X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək bildirmişdir ki, mülki iş məhkəmə baxışına təyin edildikdən və müvafiq ekspertiza tədqiqatları aparıldıqdan sonra, məlum olmuşdur ki, Cavabdeh2 tərəfindən Bağırlı Bələdiyyəsinə məxsus ümumi gediş-gəliş yoluna salınmış dəmir darvaza yüngül konstruksiyadan ibarətdir və cavabdeh həmin darvazaya aid dirəkləri yerində saxlamaqla, istədiyi vaxt darvazanı yerindən götürüb, sonradan yerinə quraşdırır. Bu səbəbdən, hazırda iddia tələbinin həcmini artıraraq, Cavabdeh1 tərəfindən Bağırlı Bələdiyyəsinə məxsus ərazidə qanunsuz tikilmiş dəmir setka çəpərin, tikinti altına alınaraq, zəbt edilmiş tikilinin Cavabdeh1 hesabına sökülməsi, Cavabdeh2 tərəfindən Bağırlı Bələdiyyəsinə məxsus ərazidə olan ümumi gediş-gəliş yoluna salınmış dəmir darvazanın və həmin darvazaya aid dirəklərin Cavabdeh2 hesabına götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh1 bildirdi ki, tikinti altına alınaraq, dəmir setka çəpər çəkdiyi ərazinin həqiqətən Bağırlı Bələdiyyəsinə məxsus torpaq sahəsinin olması ona məlum olmamış, həmin ərazi onun mülkiyyətində olan torpaq sahəsinə bitişikdir və bu səbəbdən o, həmin ərazinin özününkü olduğunu düşünmüşdür. O, zəbt etdiyi ərazinin tərəfindən boşaldılmasına və tikililərin sökülməsinə etiraz etmir. Lakin, digər Cavabdeh2 tərəfindən gediş-gəliş yolunda quraşdırılmış dəmir darvaza və dirəkləri götürüldükdən sonra, üzərinə düşən hərəkətləri yerinə yetirəcəkdir. Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, Bağırlı Bələdiyyəsinə məxsus ərazidə olan ümumi gediş-gəliş yolunda quraşdırdığı dəmir darvazanın və həmin darvazaya aid dirəklərin onun tərəfindən çıxardılmasına etiraz etmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.1-ci maddəsinə əsasən, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 156.1-ci maddəsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1-ci və 16.2-ci maddələrinə uyğun olaraq, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçı Şamaxı Rayon Bağırlı Bələdiyyəsinin mülkiyyətindədir, həmin sahə Bağırlı kəndinin gediş-gəliş yolu olmaqla, Cavabdeh1 tərəfindən həmin yolun 18 kv.m. hissəsi zəbt edilib, dəmir setka çəkilmiş, digər Cavabdeh2 tərəfindən isə həmin yolda yüngül konstruksiyadan dəmir darvaza və darvazaya aid dirəklər quraşdırılmışdır. Hazırda iddiaçı torpağın əvvəlki vəziyyətə gətirməklə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir və cavabdehlər iddianı etiraf edərək, iddia tələbinin təmin olunmasına etiraz etmirlər. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməklə haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 tərəfindən Şamaxı Rayon Bağırlı Bələdiyyəsinin mülkiyyətində olan gediş-gəliş yolunda tikilmiş dəmir setka çəpər Cavabdeh1 hesabına sökülməli, Cavabdeh2 tərəfindən Şamaxı Rayon Bağırlı Bələdiyyəsinin mülkiyyətində olan gediş-gəliş yolunda quraşdırılmış dəmir darvaza və həmin darvazaya aid dirəklər Cavabdeh2 hesabına çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan ekspertiza xərcləri cavabdehlərə aid edilməli və buna görə də, cavabdehlərdən müştərək qaydada cəmi 100 manat pul tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 tərəfindən Şamaxı Rayon Bağırlı Bələdiyyəsinin mülkiyyətində olan gediş-gəliş yolunda tikilmiş dəmir setka çəpər Cavabdeh1 hesabına sökülsün. Cavabdeh2 tərəfindən Şamaxı Rayon Bağırlı Bələdiyyəsinin mülkiyyətində olan gediş-gəliş yolunda quraşdırılmış dəmir darvaza və həmin darvazaya aid dirəklər Cavabdeh2 hesabına çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 100 (bir yüz) manat məbləğində ekspetiza xərcləri tutularaq, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar